2010-cu il “Ekologiya ili”dir

 

XX əsrin sonu XXI əsrin əvvəllərində ən kəskin ziddiyyətləri özündə əks etdirən problemlərdən biri ekoloji problemlərdir. Təkamül və yaxud ekoloji əsaslar, insanla təbiət arasında ən kəskin qarşıdurma ümumplanetar sabitliyi pozub fəlakətli nəticələrə gətirib çıxara bilər. Bütün bunlar isə yaxın onilliklərdə ən təhlükəli ziddiyyətlərin yaranmasına və dünya xəritəsində mühüm dəyişikliklər etməyə qadirdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: «Yer üzərindəki təbii sərvətlər təbiət, ilahi tərəfindən yaradılıbdır. Ancaq torpağın, yerin, kürreyi-ərzin üzərində yüz illərlə, min illərlə qurulanlar insanların zəhməti, iradəsi, zəkası, onların əlləri ilə yaradılıbdır».

 Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın pozulmasının qarşısının alınması, təbii sərvətlərin qorunması mühüm problem kimi qarşıya çıxır. Müsahibimiz Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayevdir. O ekoloji problemlər haqqında bunları söylədi: ”Ekoloji problem öz mahiyyətinə görə həm sosial, həm də mədəni problemdir. Çünki ictimai münasibətlərin məcmusu olan insanın bütün fəaliyyəti onun mənafeyi və tələbatları ilə sıx surətdə bağlıdır. Təbiətlə cəmiyyətin qarşılıqlı münasibətində böyük dəyişikliklərin əmələ gəlməsi, həmçinin bu qarşılıqlı münasibət üzərində nəzarətin qoyulması zəminində onun idarə edilməsi ən mühüm sosial, mədəni vəzifələr hesab edilir. Bu baxımdan son illərdə bütün dünyanı əhatə edən qloballaşma prosesi özünün müsbət cəhətləri ilə yanaşı, bəşəriyyətin gələcəyini təhlükə altına qoyan bir hadisə kimi dəyərləndirilir. Qlobal ekoloji problemlərə dair son dövrlərdə aparılan tədqiqatların əksəriyyətində ümumi miqyasda baş verən dağıntılara, ümumplanet komplekslərinin viranedici vəziyyətə düşməsinə, ayrı-ayrı ölkələrin və ya regionların həll edə bilmədiyi məsələlərə daha çox fikir verilir. Əlbəttə, həyatın inkişafı, eləcə də ümumi tərəqqinin indiki səviyyədə stress vəziyyəti və onunla bağlı əsəb-psixi xəstəliklərin güclənməsi heç vaxt belə sürətlə olmayıb. Son 100 ildə insan fəaliyyəti planetar miqyasa çıxa bilib. Fasiləsiz olaraq ətraf mühitə yüklənən antropogen yükün çəkisi artmaqdadır. İnsan təbiəti özünə tabe edərək onu özünün maraqlarına xidmət etməyə məcbur etsə də, nəticədə təbiətdə planlaşdırılmamış keyfiyyət dəyişiklikləri baş verərək, su, hava, yerin təki, flora, fauna, insanların sağlamlığı təhlükə altına düşüb.

- Sizin fikrinizcə yeni kommunikasiya sistemləri, xüsusilə kütləvi informasiya vasitələri bu prosesə öz təsirini göstərirmi?

- Bəli, onların yaratdığı informasiya sahəsi birbaşa beyinə təsir edərək insana onun maddi vəziyyətindən artıq təsir etmək qüdrətinə malik olduğunu sübut edilib. Biosferdəki tarazlığın pozulması, təbii ehtiyatların tarixən şərtlənmiş tükənməsi nəticəsində meydana çıxır. İndiyə qədər ictimai əməyin məhsuldarlığı təbiətdən qeyri səmərəli istifadəyə, xüsusilə bərpa oluna bilməyən ehtiyatların düzgün olmayan istismarına əsaslanmış, güclü neft, qaz, daş kömür və s. itkilərinə yol verilib. Bununla yanaşı insanlar bu sahədəki istehsalı dayandıra da bilməz. Cəmiyyət öz məqsədi üçün insanın fəal münasibəti nəticəsində təbiəti ona xidmət etməyə məcbur edir. Ona görə də bütün planet miqyasında fəaliyyət ümumiliyi lazımdır. Bu o deməkdir ki, ekoloji problemi həll etmədən digər problem haqqında danışmaq mənasızdır. Keçmişdə öz ehtiyacını ödəmək üçün insan kənd təsərrüfatında ekstensiv metodlardan istifadə edirdi. Əgər təbii - texniki sistemdə böhran yaranırdısa, həmin yeri başlı-başına buraxıb yenisinə keçirdilər. Hər vaxt köhnə texnologiyanın tətbiq edilə biləcəyi yeni sahə tapmaq mümkün idi. Bu gün isə təbii-texniki sistemin qlobal səviyyə əldə etməsi nəticəsində biz hər şeyin tükənən olduğunu aydın başa düşürük.

- Müasir dövrdə  texniki nailiyyətlərin  kəmiyyəti sürətlə artır. Bu təbiət və cəmiyyətin qarşılıqlı münasibəti məsələsinin həllində müəyyən tarazlıq saxlamağa şərait yaradırmı?

- XX əsrdə insanın təsərrüfat fəaliyyətinin planetə təsiri lokal xarakter daşıyırdı. Hazırda isə bu təsir bütün planeti əhatə edərək qlobal xarakter daşıyır. Sənayeləşdirmənin texniki tərəqqinin inkişafı təsərrüfat dövriyyəsinə yeni-yeni üsullar daxil edir, bu isə çirklənməyə mühüm təsir göstərir. Hazırda ekoloji böhranı aradan qaldırmağın yeganə yolu təbiətlə cəmiyyətin qarşılıqlı münasibətində dinamik ehtimallaşdırma istiqamətində axtarışların aparılması yoludur. Hər şeydən əvvəl ətraf mühitin işlənmiş maddələrdən və enerjidən çirklənməsi prosesini saxlamaq üçün bütün dünya təsərrüfatının təzədən təşkilinin konkret ekoloji proqramı zəruridir. Artıq cəmiyyətin biosferin obyektiv qanunları ilə texniki-iqtisadi inkişafa uyğunlaşması imkanlarını reallaşdıra bilən texnoloji inqilaba ictimai tələbatı yetişməkdədir. Məhsuldar qüvvələrin sürətli inkişafı ilə əlaqədar olaraq insanın təbiətə təsiri güclənir. Bu isə şübhəsiz, bütövlükdə cəmiyyəti əhatə edən beynəlxalq miqyasda əlaqələndirilən kompleks planlaşdırma tələb edir.

- Bu baxımdan sosial ekologiya bir elm kimi formalaşıbmı?

- Sosial ekologiya təkcə cəmiyyət-təbiət sistemi haqqında  elm deyil, eyni zamanda mürəkkəb insan cəmiyyət-texniki mühit, təbiət və onun fəaliyyəti və inkişaf qanunları sistemi haqqında elm kimi başa düşülür. Sosial ekologiyanın predmetinə insanın həyat fəaliyyətinin ahəngdarlığı da aiddir. Buraya, şübhəsiz, adamların irsi genetik sabitliyi, dəyişkənliyi, həmçinin bioloji və sosial- psixoloji keyfiyyətləri də daxildir. Bu baxımdan insan-cəmiyyət-təbiət probleminin qarşılıqlı proseslərinin öyrənilməsində yalnız kompleks və sistemli yanaşmaq lazımi nəticələr verə bilər. Hazırda intensiv olaraq insan ekologiyası (antropologiya) və sosial ekologiya inkişaf etməkdədir. Sosial ekologiya şəxsiyyətin ekologiyası, mədəniyyətin ekologiyası, etnoekologiyanı və sairini özünə birləşdirib. Sosial ekologiyaya ən çox mədəniyyət ekologiyası qohumdur. Ona görə də ekologiyanın struktur xüsusiyyətlərini nəzərə almaqla təbiətdən səmərəli istifadə və ətraf mühitin mühafizəsi problemlərinin həlli və planetimizdə bəşər sivilizasiyasının mövcudluğu üçün əlverişli şərait yaradılması sahələrində uğurlar qazanmaq olar.

-  İnsan-cəmiyyət-təbiət üçlüyünün vəhdəti ümumi inkişafda hansı  imkanları açır?

- XXI əsrin indiki mərhələsi insanla biosferin, təbiətlə cəmiyyətin qarşılıqlı münasibətini o qədər aktual edib ki, bu məsələlərə nəzər yetirməmək mümkün deyil. İnsanla təbiət arasında mübadilənin inkişafının müasir mərhələsi bir sıra xüsusiyyətlərlə səciyyələnir. Hər şeydən əvvəl praktiki olaraq Yer kürəsinin bütün üst qatı insan fəaliyyətinin təsiri altına düşüb. İkincisi, insan yerin hüdudlarından kənara çıxıb, kosmosu öyrənir ki, o da bura daxildir. Nəhayət üçüncüsü, özünün genişliyi və xarakterinə görə insan fəaliyyəti təbii proseslərlə müqayisə edilə bilər, bəzi hallarda isə təbii prosesləri ötüb keçə bilər. Qeyd etdiyimiz kimi, insan, cəmiyyət və təbiətin bir-birinə münasibəti dedikdə bütün mümkün olan təbii ehtiyatlardan insan həyatı və bütövlükdə maddi istehsal üçün istifadə edilməsi başa düşülür. Cəmiyyətin təbiətlə münasibətinin çoxtərəfli olması, ətraf mühitin insanın ictimai fəaliyyətinə və fiziki vəziyyətinə rəngarəng təsirini şərtləndirir. Ümumiyyətlə, təbiətlə əlaqəyə girmədən maddi istehsal mümkün olmadığı kimi, insanın öz mövcudluğu da mümkün deyildir.Təbiətə qarşı insani münasibətlər tarixən formalaşıb. Humanizm, xeyirxahlıq, genişürəklilik və digər əxlaqi keyfiyyətlər, bir gündə, bir ildə formalaşmır. Min illər boyu bütöv xalqlar, millətlər bu keyfiyyətlərin formalaşması üçün mübarizə aparıb. Kollektivlər, qruplar, ayrı-ayrı fərdlər təbiətə hər insana xas olan müsbət keyfiyyətlər mövqeyindən yanaşmağı vərdiş halına keçirməyə çalışıb. Təbiətə münasibətdə mənasız amansızlıq, yırtıcılıq, hərislik daim pislənib, gənc nəsildə təbii sərvətlərə məhəbbət hissi tərbiyə edilməsi ön plana çəkilib. 

 

 

Nüşabə

 

Palitra. -2010. – 18 iyun. – S.7.