Yeni arxeoloji tədqiqatlar

 

Azərbaycanda 2009-cu ildə aparılmış arxeoloji tədqiqatlarla bağlı olaraq AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu tərəfindən “Azərbaycanda arxeoloji tədqiqatlar 2009” adlı yeni kitab nəşr edilib. Kitabda ötən il aparılmış müxtəlif arxeoloji tədqiqatlara və digər elmi məsələlərə həsr edilmiş müxtəlif məqalələr toplanıb.  Kitabda institutun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova tərəfindən  qeyd edilir ki, Azərbaycanın 2 milyon illik böyük tarixinin son bir neçə əsri istisna olunmaqla bütün mərhələləri arxeoloji qazıntılar nəticəsində öyrənilir: “Bu baxımdan 2009-cu ildə institut tərəfindən aparılmış arxeoloji qazıntıların böyük elmi əhəmiyyəti var”.

Qeyd edək ki, 2009-cu ildə aparılmış arxeoloji qazıntılar qədim daş dövründən  - Paleolit dövründən başlayaraq Orta əsrlərə qədərki dövrləri əhatə edib. Bunlar qədim insan düşərgələri, erkən oturaq əkinçi mədəniyyətlərinə aid yaşayış məskənləri və qəbir abidələri, Tunc dövrünün yaşayış məskənləri və qəbir abidələri, Antik dövr və erkən orta əsrlər dövrünün şəhər mədəniyyəti və müxtəlif tip qəbir abidələri, orta əsrlərin möhtəşəm şəhərləridir.

Qeyd edildiyi kimi, qədim Daş dövrü də ötən il tədqiq edilib. Belə ki, Naxçıvan Muxtar Respublikasında Şərur rayonundakı Qazma Mustye düşərgəsində və Gəncə-Qazax bölgəsindəki Ceyrançöl zonasında aparılan arxeoloji tədqiqatlar Paleolit dövrü insanlarının yaşayış tərzi, qidalanması, daşdan əmək alətlərinin hazırlanması üsullarının öyrənilməsi üçün zəngin material verib.

Ceyrançöldəki Saqqızlı Alt Paleolit yaşayış yerindən aşkar edilmiş vulkan mənşəli andezit daşından hazırlanmış çox iri və ağır çopper tipli alət maraq doğurur. Ağstafa rayonundakı Həsənsu, Tovuz rayonundakı Göytəpə neolit dövrü yaşayış məskənlərində(miladdan öncə 7-6-cı əsrlər) aparılan qazıntılar Azərbaycanda, o cümlədən bütövlükdə Cənubi Qafqazda əkinçilik mədəniyyətinin meydana çıxma tarixinin əvvəllər hesab edildiyindən 1000 il qədim olduğunuyerli zəmin əsasında daha erkən mərhələdən başlandığını söyləməyə əsas verir.

Bu dövrə aid qazıntıların daha mühüm bir göstəricisi odur ki, Qafqaz arxeologiya elmində mübahisə doğuran Kür-Araz Mədəniyyətinin ilkin vətəni məsələsinə xeyli aydınlıq gətirilib və Naxçıvan bölgəsinin bu mədəniyyətin yaranma mərkəzinə aid olması maddi faktlarla sübuta yetirilib. Qeyd edilir ki, bu baxımdan Naxçıvan MR ərazisindəki Ovçulartəpəsi və Xələc yaşayış yerlərində aparılan arxeoloji qazıntıların bu baxımdan ciddi önəmi var. Məhz bu abidələrdən aşkar edilmiş arxeoloji materiallar, xüsusilə də keramika məmulatı son eneolit dövründən erkən tunc dövrünün Kür-Araz mədəniyyəti mərhələsinə keçidi özündə əks etdirir.

 Tədqiqatlar nəticəsində İlk Tunc dövrünə aid Xaçmazda (Sərkərtəpə), Şərurda(1-ci Maxta), Abşeronda arxeoloji qazıntı işləri aparılıb. Nəticədə İlk Tunc dövrü insanlarının məişəti, maddi və mənəvi mədəniyyətini, dini inanclarını əks etdirən tapıntılar əldə edilib. Naxçıvanda erkən şəhər mədəniyyətinə aid Orta Tunc dövrü 2-ci Kültəpə yaşayış məskənində aparılan qazıntılar bu qədim şəhərdəki istehsal emalatxanalarının aşkar edilməsi ilə nəticələnmişdi. Oğuz rayonundakı Orta Tunc dövrünə aid kurqanların qazıntısı olduqca zəngin keramikametal məmulatların aşkarlanması, maraqlı dəfn adətinin izlənməsi ilə müşayiət edilib. Oğuzdakı bütöv bir kurqan nekropolunun aşkar edilməsi və buradakı kurqanların qazıntısı bu mədəniyyətin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayıldığını sübut edir.

Son Tunc-Erkən Dəmir dövründə iqtisadiyyatın sürətli inkişafı, cəmiyyətdə baş verən sosial, iqtisadi və siyasi yüksəliş prosesləri tarixi Azərbaycan ərazisindəki bu dövrə aid müxtəlif növ abidələrin qazıntısı ilə tədqiq edilir.

Şərur rayonundakı miladdan öncə 1-ci minilliyin birinci yarısına aid şəhər tipli Oğlanqala yaşayış məskənində beynəlxalq tərkibli ekspedisiyanın apardığı qazıntılar Azərbaycanda qədim şəhər mədəniyyəti tarixinin tədqiqi üçün mühüm önəm kəsb edir. Oğlanqala, Şahtaxtı və sair bu cür qədim yaşayış məskənlərinin erkən şəhər mədəniyyətinə aid olması barədə elmi ədəbiyyatda fikirlər öz əksini tapıb. Oğlanqalada arxeoloji qazıntılar isə bu fikirləri bir daha təsdiq edən, erkən şəhər mədəniyyətinə xas olan bütün strukturların aşkar edilməsi ilə nəticələnib. Bundan başqa Şəmkir rayonunda miladdan öncə 1-ci minilliyin ortalarına aid Qaracəmirli şəhər tipli yaşayış məskənində beynəlxalq ekspedisiyanın qazıntıları nəticəsində bölgədə o dövrün ən böyük şəhərinin qalıqları aşkara çıxarılıb. Burada şəhərin strukturunu, tikinti texnikasını və sair məsələləri izləmək mümkündür. Qazıntılar göstərir ki, burada qeydedilən dövrdə qaynar şəhər həyatı mövcud olub.

Antik dövrə aid olan qazıntılar sırasında Qaqfaz Albaniyasının paytaxtı Qəbələ şəhərində aparılan qazıntıları xüsusilə qeyd etmək lazımdır. Burada antik Qəbələ şəhərinin ictimai binalarının qalıqları, zəngin şəhər həyatını əks etdirən maddi-mədəniyyət nümunələri, o cümlədən iqtisadi ticarət əlaqələrinin yüksək inkişaf səviyyəsində olduğunu göstərən numizmatik materiallar aşkar edilib.

Ağcabədidəki Qalatəpədə antik və erkən orta əsrlərə aid möhtəşəm şəhər qalıqları aşkara çıxarılıb. Bu ərazidə şəhər tipli yaşayış məskəni olması hələ antik müəlliflərin əsərlərində qeyd edilir. Arxeoloji qazıntılar bu qədim müəlliflərin yazdıqlarını bir daha sübut edirQafqaz Albaniyasının bu vaxtadək məlum olmayan şəhərinin qalıqlarını üzə çıxarıb.

Orta əsrlər dövrünə aid Şəmkir, Şamaxı şəhərində, Kürdəmir rayonundakı Şəhərgah adlı şəhər tipli yaşayış məskənində geniş arxeoloji qazıntılar aparılıb. Şəmkirdə qazıntılar daha da genişləndirilib, şəhərin narınqala hissəsində bir sıra yeni strukturlar aşkara çıxarılıb. Şamaxının orta əsr memarlıq strukturunun bir hissəsi aşkara çıxarılıb və bu memarlıq qalıqlarının Şirvanşahların iqamətgahlarından biri olması ehtimalı irəli sürülüb. Şəhərgahda aparılan qazıntılar isə Şirvan bölgəsində orta əsrlərə aid bir iri şəhər məskəninin olduğunu sübut edir.

Qeyd edək ki, bu arxeoloji tədqiqatlar qədim dövr tariximizin bir sıra qaranlıq məqamlarına işıq salır və bir çox naməlum faktları ortaya qoyur. Azərbaycan elmitarixi üçün bu faktların çox böyük önəmi var. Bütün bunlar isə dövlətin arxeologiya elminə son dövrlərdə göstərdiyi daha böyük qayğı və diqqətdən irəli gəlir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2008-ci ilin fevralında verdiyi sərəncamla təkcə 2008-2009-cu illərdə arxeoloji tədqiqatların maliyyələşdirilməsi üçün 1 milyon manat ayrıldı. Bu cür böyük miqdarda vəsaitin ayrılması isə şübhəsiz ki, arxeologiya elmimizin inkişafında ciddi dönüşün əsasını qoyub. Bunun nəticəsidir ki, Azərbaycan arxeologiyasında ciddi, əhatəli, effektli və planlaşdırılmış tədqiqatlar dönəminə start verilib.

 

 

İlkin Ağayev

 

Palitra. -2010. – 22 iyun. – S.6.