Konstitusiya Məhkəməsinin yeni hakimləri təsdiqləndi
Milli Məclisin növbədənkənar
sessiyasının daha
bir iclası keçirildi. İclasda Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin yeni hakimləri təsdiq
olundu. Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynov məlumat verdi ki, Kamran Şəfiyev, Ceyhun
Qaracayev, Fikrət Babayev, Rövşən İsmayılov,
Rafael Qvaladze və Sona Salmanovanın namizədliyi irəli
sürülüb. Qeyd edək ki, namizədlərdən ikisi
Milli Məclisin əməkdaşıdır. Kamran Şəfiyev
Milli Məclis Aparatının Kadrlar İdarəsinin
müdiri, Ceyhun Qaracayev isə parlamentin Qanunvericilik şöbəsinin
müdir müavini vəzifəsində
çalışıb.
Əli Hüseynov layihənin
Prezident İlham Əliyev tərəfindən Milli Məclisə
təqdim olunduğunu diqqətə çatdırıb: “Azərbaycanda
Konstitusiya Məhkəməsi qanunun aliliyini və insanların
hüquq və azadlıqlarını təmin edir. Konstitusiya Məhkəməsi
ölkəmizdə 1998-ci ildə fəaliyyyətə
başlayıb. 2000-ci ildə onun fəaliyyəti daha da
genişləndirilib, 2003-cü ildə isə “Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin hakimlərinin
təyin edilməsi haqqında” Qanun qəbul edilib. Qanuna
müvafiq olaraq Konstitusiya Məhkəməsinin 9 hakimi var və
onlar 15 il müddətinə seçilirlər. Konstitusiya Məhkəməsi
bu günədək 176 qərar qəbul edib”.
Daha sonra isə namizədliyi
irəli sürülən hakimlər 103 səs lehinə
olmaqla təsdiq olundular.
Hakimlər Milli Məclisdə
millət vəkilləri qarşısında and içdilər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
Milli Məclisdə çıxış edərək, onlara
göstərilən diqqətə və qayğıya, hakimlər
üçün yaradılmış hərtərəfli
şəraitə görə minnətdarlıq edib, Konstitusiya
Məhkəməsinin bundan sonra da Azərbaycan dövlətinin
və xalqının mənafeyinə xidmət edəcəyini,
qanunun aliliyini hər şeydən uca tutacaqlarını
bildirib. Qeyd edək ki, dünənki iclasda Ali və Apelyasiya məhkəmələrinin
hakimlərinin təsdiq olunması ilə bağlı məsələ
də müzakirə edildi.
Bu məsələ
haqqında da MM-in Hüquq siyasəti və dövlət
quruculuğu Komitəsinin sədri Əli Hüseynov
çıxış etdi. Millət vəkili dedi ki, Ali Məhkəmənin
hakimi vəzifəsinə 22, Apelyasiya Məhkəməsinin
hakimi vəzifəsinə isə 49 nəfərin namizədliyi
irəli sürülüb. O da diqqətə
çatdırıldı ki, son illər ölkədə məhkəmələrin
fəaliyyətində ciddi irəliləyişlər əldə
olunub: “Öz işində qüsurlara yol verən 40 nəfərdən
çox hakimin səlahiyyətinə xitam verilib, 100 nəfərdən
çox hakim isə cəzalandırılıb” .
Müzakirədə millət
vəkili deputat Aydın Mirzəzadə bidirdi ki, Azərbaycanda
yeni məhkəmə və hakimlər korpusu yaranmaqdadır:
“Hakimlərin əmək haqqının artırılması,
avtomobillə təmin olunmasına yenidən
baxılmalıdır”. Müzakirələrdən
sonra sənəd səsə qoyularaq millət vəkilləri
tərəfindən təsdiqləndi.
İlkin Ağayev
Palitra. -2010. – 23 iyun. – S.4.