Çox zillərdən yuxarı bəm

 

Azərbaycan xalqının istedadlı olduğunu təsdiqləyən faktorlardan biri onun dilinin zənginliyidir. Tərkibində elə çevik müqayisə vahidləri var ki! İnkarını da konkret bildirişinin qarşısına yönəldəndə iqrarı gücləndirir. Məsələn, «çox qiymətli» söz birləşməsini «qiymətsiz» ifadəsi ilə əvəzləyərkən, təsir qüvvəsi birə-beş artır. Belə sifətlərdən, təyinlərdən isə necə gəldi istifadə etmək, dolğunlaşsın deyə, bütün isimlərin, mübtədaların əvvəlinə gətirmək yaramaz. Yalnız Tanrıdan aşağı, yaratdığı bir adilərdən yuxarı varlıqlara ismarlayanda yerinə düşür, qədərini ödəyir. O daşlara ki, ardında «qaş»ı da olur, o insanlara ki, ömrünün ziyası ömürlərdən boylanır. Respublikanın xalq artisti, bənzərsiz xanəndə, muğam xiridarı, söz sərrafı, ustadlar ustadı Hacıbaba Hüseynov məhz bu cür sevimli bəndələrdəndir. Onun Azərbaycan musiqi mədəniyyəti tarixindəki xidmətləri o qədər geniş, o qədər məzmunludur ki, barəsində yazıldıqca yazılmağa layiqdir…

Hacıbaba müəllim dərslərini hikmətlə başlayıb, hikmətlə qurtarardı. Amma ustadlardan əxz etdiyi həmin kəlamları gəlişigözəllik xatirinə sağa-sola səpələməz, məqamında işlədər, agah edəcəyi mətləblərlə əlaqələndirib dilinə gətirərdi. Mənalı yaşadığından, mənalı danışdığından keçdiyi ömür yolu da sənətin dəyəri ilə bağlı olan bütün müdrik deyimlərə, ibrətamiz əhvalatlara uyğun gəlir… Nəql edirlər ki, bir şah vilayətindəki ən yaxşı rəssamı hüzuruna gətirdib, şəklini çəkməsini istəyir. Əvəzində nə qədər zəhməthaqqı alacağını soruşanda, heyrətlənir, hiddətlənir və sənətkarı insafsızlıqda günahlandırır: «İki-üç gün çalışmağına xəzinəmin yarısı? Mən onu on il müddətinə qazanmışam». Rəssam görür ki, yalnız əmrlər verməyə öyrəşmiş bu insanın sənət haqqında zərrə qədər anlayışı yoxdur. O, cavab üçün elə sözlər seçir ki, qıcıq yaratmasın, qəzəbə tuş gəlməsin: «Şah sağ olsun, əgər fırçanı ələ götürən kimi şəkil çəkmək mümkün idisə, fəqir təbəənizi arayıb tapmaq və hüzurunuza yetirmək üçün niyə belə böyük əziyyətə qatlaşırdınız? Həndəvərinizdə gəzişməklə yüksək məvacib alan vəzir-vəkillərinizdən hər hansı biri bu işi asanlıqla hasil edərdi. Mən sayəsində iki-üç günə mübarək surətinizi kətan üzərinə köçürəcəyim sənəti nə az, nə çox, düz otuz ilə öyrənmişəm»… Sözsüz ki, həyatda hər bir peşənin mənimsənilməsi gərgin zəhmətdən keçir. Sözsüz ki, incəsənətin bütün növlərində istedadın püxtələşməsinin arxasında nəhayətsiz əmək dayanır. Amma muğam sənətinin öyrənilməsində, uğura doğru aparan yolunda ustad tövsiyəsinin, məktəbin, aramsız məşqlərin, təkmilləşmə naminə ardıcıl işləmənin payı daha çoxdur. Səsinin imkanını hesablamaq, onu cilalamaq, ifanı pardaqlamaq, sözü qəlibinə rahatca yatırmaq təkrar-təkrar cəhdlərlə dolu illər tələb edir. Almazdan brilyant düzəldənə dönməlisən. Nizaminin Fərhadına, Fitnəsinə çevrilməlisən. Nağıllarımızın bir qəhrəmanı kimi, bezməyi - usanmağı xəyalına gətirmədən ələklə-xəlbirlə gecə-gündüz su daşımalısan. Hər gediş-gəlişindən, uzağı, bir damla civarı irəli düşəcəksən. Əbəs yerə demirlər, əsl muğam ustası 15-20 ildən bir, özü də, elə həmin müddət qədər öyrənməyə vaxt sərf etsə yetişər. Əbəs yerə deyildi ki, gənc Seyid Şuşinskiyə, onun sənət yolunda himayədarı olmuş əmisi  Məşədi Seyidəli yalnız Əbülhəsən xan, İqbal Nəvvab və Cabbar Qaryağdı oğlu məktəblərini keçəndən sonra böyük məclislərdə xanəndəlik etməyə rüsxət vermişdi. Xüsusən səsinin imkanı şaqraq zəngulələr vurmağa yetməyən ifaçılar daha çox yaradıcılıq axtarışına çıxır, yaş cəhətcə geniş dinləyici auditoriyasında görünməyə sanki bir az yubanırlar. Bunun səbəbi isə təkcə muğamatın gözəlliyini «çığır-bağırda» gəzən üzdəniraq musiqi mütəxəssislərinin müqaviməti deyil, həm də belə xanəndələrin illər boyu çalışaraq, sənətin sirlərinə yetərincə bələd olmaq inadıdır. Bilikləri, təcrübələri, şirin, yanıqlı avazları və oxularına  seçdikləri şeir parçalarının aydınlığı arasında rezonans əldə edir, qulaqların yox, duyğuların eşitdiyi qeyri-adi bir «zil» yaradırlar. Səsi kökdən düşəndən sonra şaqraqlıqdan enən, ahəstələşən xanəndələr də görmüşük, dinlədikcə «dövranı keçib» deyə, düşünmüşük. Amma anadangəlmə pəsxanlarda belə olmur, geriləmə hiss edilmir. Əksinə, günü-gündən fanatlarının dairəsi genişlənir, şöhrəti artır. Otuz yaşında sənətə gəlmiş Pəsxan Cəlil iyirmi il sərasər məclislərin bəzəyinə çevrildi. Həzin səsini oynada-oynada, xırda xallar işlədə-işlədə, səlis diksiya hesabına musiqi mədəniyyəti tariximizdə çox zilxanların həsəd apardığı zirvəyə qalxdı. Hər dəfə alqışlar altında Malıbəyli Həmiddən əxz etdiyi «Sənə nənəm qurban» ifadəsi ilə bitirdiyi «Yetim segah»a əbədi möhürünü vurdu, olduqca yuxarı səs istəyən «Hicaz»ı, «Bayatı-Qacar»ı öz imkanına elə ustalıqla oturdurdu ki, dinləyicilər ona qulaq asanda aldıqları zövqün təsirindən, zilin bəmə enişinə məhəl qoymurdular. Əbülfət Əliyev, Tələt Qasımov, İldırım Həsənov, Şahmalı Kürdoğlu da belə… Ustadım Nəriman Əliyev «Segah» oxuyanda, adama elə gəlirdi, dünya başdan-başa bir həzinlik libası geyib...

Muğam tariximizdə baş vermiş bu cür olaylar əvəzsiz pəsxan xanəndəmiz Hacıbaba Hüseynovun sənət taleyini təsadüfilikdən, qəribəlikdən çıxarır. Axı o da musiqimizin beşiklərindən, ana meydanlarından biri sayılan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmolniyasının möhtəşəm səhnəsində ilk dəfə 1989-cu ildə, məhz yetmiş yaşında göründü. Axı o da geniş üfüqlərə çıxanda, efir məkanlarına dəvətlər alanda daha saçları şəvə deyildi. Amma ildırım sürəti ilə, çox qısa müddətdə ən görkəmli ifaçıların nail ola biləcəkləri titullar, xoş qismətlər tərcümeyi-halına yazıldı: ard-arda «əməkdar artist» və «xalq artisti» fəxri adları, xarici ölkələrə qastrollar, xüsusən on gün əvəzinə iki ay yarım çəkən İran səfəri. Nəhayət, hər müsəlmanın həsrətini çəkib gedə bilmədiyi Kərbəla ziyarəti. Onu pak niyyəti, təmənnasızlığı, xeyirxahlığı, neçə-neçə gənc xanəndəyə mənəvi bəxşişi aparıb çıxartdı ora… «Gərəkdir xalq arasında muğamatım sədalansın» - deyən xanəndə - şairin ifa etdiyi muğamların sədası xalq arasında yayılmaqla bitib-tükənmədi, disklərdə əksini taparaq ölkəmizin sərhədlərini aşdı, nümunəvi oxular kimi örnəyə - məktəbə döndü… Yazının əvvəlində sənətin neçə öyrənildiyini anlamayan bir şahla bir pirani rəssamın əhvalatını xatırlatmışdıq.  Əlbəttə, söhbətimizdə haçansa məqamı yetişəcək deyə. Hökmdarlar hökmdarı olan zamanı və ustadlar ustadı Hacıbaba Hüseynovu nəzərdə tutmuşduq. Zəhməti müqabilində ikinci birincidən onun xəzinəsinin hamısını aldı. Bu, hər zərrəsi min daş-qaşa dəyən xalq məhəbbəti, xalq ehtiramıdır…

Artıq bütün Azərbaycan xəbərdardır ki, şöhrəti dünyaya yayılmış respublikanın xalq artisti Alim Qasımov tələbəlik çağında Hacıbaba Hüseynovun dərslərindən çox bəhrələnib. Müəllimi, gözəl sənətkarımız Ağaxan Abdullayev bu həqiqəti həmişə ürək genişliyi ilə, ustadanə bir məmnunluqla qarşılayır. Həmin dövrdə Asəf Zeynallı adına Musiqi Texnikumunda xanəndəlik sənəti üzrə ixtisaslaşmayan tələbələr belə, Hacıbaba müəllimin dərslərində əyləşirdilər. Qayım-qədim muğamlarımızla maraqlanan xarici qonaqlar tez-tez yanına gəlir, əllərində qeyd kitabçası tutaraq saatlarla onun söhbətinə qulaq asırdılar. Azərbaycanın bir çox görkəmli alimləri, ictimai xadimləri, qələm sahibləri bu yorulmaz pedaqoqla, söz və musiqi xiridarı ilə vaxtaşırı mükalimədə olurdular. Vasim Məmmədəliyev, Rəfael Hüseynov… Görürdük, tanıyırdıq. Fürsət düşəndə, mən də Hacıbaba müəllimin dərslərində oturur, gənc xanəndələrə tövsiyələrini dinləyirdim. Sözsüz ki, ustadım Nəriman Əliyevin bundan xəbəri olmurdu. Əgər eşidib bilsəydi, mənim üçün yaxşı nəticələnməzdi. Qısqanclıq göstərmirdi. Məktəbin iki nəhəng bilik sütunu kimi daim bir-birlərinə səmimi münasibət, dərin hörmət bəsləyirdilər. Amma tələbəyə öyrətdiklərinin üstünə kiminsə əlavə etməsini qətiyyən xoşlamırdı Nəriman müəllim. Sanki çaşqın düşəcəkdik. Bu xasiyyəti bizə sevgisinin, bizi qorumaq istəyinin təzahürü idi. Düşünürəm ki, bütün böyük ustadlarda belə olur. Bu iki şəxsiyyət Azərbaycan muğam sənəti təliminin qoşa qanadları, bir cüt canlı məktəbi idi. Bəlkə ona görə birindən danışanda, yazanda, o birinin zəhmindən qurtulmaq olmur. Hazırda bizim məqsədimiz isə Hacıbaba Hüseynovun şəxsiyyəti və sənətkarlıq xüsusiyyətləri ilə bağlı deyilənlərə kiçicik əlavəmizdir.  «Muğamat nədir - soruşanda, o, «Sonu olmayan dəryadır» - söyləyərdi. Həmin aləmdə xidmətlərindən söhbət düşəndə, xəfif təbəssümlə «Bircə damla əxz etmişəm» - deyə bildirərdi. Ulu sənətimizin əzəmətini yaradıcılığında yaşadan bu azman musiqi bilicisinin haqqında hər kəlməni işlədəndə belə gərək özü kimi belə ehtiyatlı olasan, fikrini pəsdən pıçıldayasan. Axı təvazökar insanların ruhu da həssas olur, yersiz ifadəni şəninə yaraşdırmır, yaxınına buraxmır: 

 

Musiqi şövti çəkib, ruhu gətirmiş bədənə,

Deyilib Hacıya bu söz, onu, billah, bilir…

 

 Hacıbaba Hüseynovun böyüklüyü onda oldu ki, fəaliyyətində musiqini sözdən, sözü musiqidən ayırmadı. Muğam sənətində kəlamlarla melodiya arasında paritet yaratdı. «Ustad» deyəndə Nizami, Füzuli və Vahidlə, Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski və Xan Şuşinski arasında ögey-doğmalıq qoymadı. Hansının birinci olması sualına hər ikisnin birinci olması cavabını verdi. Sübuta yetirdi ki, sözlə səs əl-ələ tutub gəliblər insanlığın xidmətinə. Toyda-mağarda sümüyə düşən bir oyun havasında qardaş qardaşı, bacı bacını ortalığa çəkən kimi. Ona qədər, ondan sonra Azərbaycanda məlahətli səsə malik xanəndələrin böyük sırası var. Hacıbaba Hüseynovun müvəffəqiyyətlərinin sirri məhz ondaydı ki, əruzu, bu klassik şeir janrının bəhrlərini, bölgülərini gözəl bilirdi. O, qəzəli dinləyicilərə ifa boyu öyrədirdi, az qala, əzbərlədirdi. Məzmunu-mətləbi özündə cəmləşdirmiş beyti təkrar oxuyur, eyham vururdu ki,  şairin fikrinin canı yazdığının burasındadır. Hər mərkəz ifadəni vurğulayırdı ki, eşitdiyinin mahiyyətini  anlayasan, əliboş qalmayasan, qulaq asmağa vaxt sərf etməyinə dəysin. Ədəbiyyat xəzinəmizə üç yüzdən artıq şeirini yadigar qoyub getdi və hamısı millətin bədii sənəti dərindən başa düşməsi naminə yazılıb.

Hacıbaba müəllim xislətcə əyilməz, bütöv kişi idi. Muğamatımızı sağa-sola çəkənlərə öz dönməz iradəsi ilə düşmən kəsilmişdi. İran, İraq Fransa, Belçika, Hollandiya, İsveçrə səhnələrində həzin səsini Azərbacyan bayrağı tək dalğalandırırdı. İfasında diskə yazılan «Humayun» dəstgahı YUNESKO-da adını xalqın əbədiyaşar təmsilçisi kimi yaşadacaq…

O, çoxillik pedaqoji fəaliyyətində həmin bölünməz milli hisslərlə çalışdığını isbat elədi, «Hacıbaba Hüseynovçular» yetişdirmədi. Tələbələri arasında özü kimi pəsxanlar da olub, zilxanlar da. Nəzakət Məmmədova, Zaur Rzayev, Zabit Nəbizadə, Aqil Məlikov, Sabir Əliyev… Hamısına bir nəzərlə baxıb, hamısını doğma balası kimi sevib, inkişaflarına himayədarlıq edib. Tam məsuliyyətlə deyə bilərəm ki, bugünkü ifaçıların hamısının oxusunda onun dəsti-xəttinin izləri var. Nə qədər müşayiətçilər onun tövsiyələri ilə çalğı imkanlarını günü-gündən zənginləşdiriblər. Gözəl tarzənlərimiz Hacı Ağasəlim Abdullayev və Firuz Əliyev Hacıbaba müəllimdən söhbət düşəndə həmişə kövrələ-kövrələ danışırlar. Respublikanın əməkdar artisti kamançaçalan Mir Nazim Əsədullayev onu mənəvi ata kimi xatırlayır. Heç kim unutmur, heç kim unutmayacaq! Nə şəxsiyyətini, nə müəllimliyini, nə də xanəndəliyini! Ömrünün bu üç güclü tərəfi birləşərək ulu ustadların nəfəsi kimi böyük muğamatımızdan keçdi, muğam və təsniflərimizə qədimliyə qıpçanmış orijinallıq gətirdi…

Fonotekamızda bir lent yazısı saxlanılır. Elə ona diqqətlə qulaq asmaq bəs edər ki, ustadın qeyri-adi fəhminin şahidi olasan. «Şur»da geniş şöbə olmayan «Sarənc» adətən inkişafını «Segah»da tapır. Hacıbaba müəllim isə həmin qısa bölməni müstəqil muğam kimi oxuyub. «Qəməngiz»in reçitatirli variantından istifadə edib. Onun hər ifasında belə yenilikləri, belə məqamına düşən impravizələri duymaq mümkündür. Hacıbaba Hüseynovu təkrar-təkrar dinlədikcə, xanəndəlik sənətinin qüdrətinə, onun heç nə ilə əvəz oluna bilməməsinə inamım daha da artır,  muğam sahəsində etdiyi hər kəşf mənə yeganə doğru yol təsirini bağışlayır. Bu yolla getmək hər istedadlı sənətçiyə uğur gətirər.

 

 

Palitra. – 2010. – 23 iyun. – S.13.