«Hotelçilikdə xidmətlərin səviyyəsi lazımi standartlara cavab vermir”

 

Bahadur Bilalov: “Turizm sektorunda çoxlu sayda əcnəbilər çalışır, elə etmək lazımdır ki, həmin əcnəbilər Azərbaycan vətəndaşları ilə əvəz olunsun”

 

Ölkədə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi ölkə başçısı tərəfindən təsdiq edilən “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramında turizmin inkişafına təkan verə biləcək bəndlər yer alıb. Proqramın əhəmiyyəti və bu istiqamətdə həyata keçirilməsi vacib olan tədbirlərlə bağlı suallarımızı Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov cavablandırdı:

 - Turizmlə bağlı ümumilikdə qəbul olunmuş bu tipli dövlət proqramları həmin sektorun inkişafına təkan verir. Biz çoxdan belə bir proqramın təsdiqini gözləyirdik. Hələ ümummilli lider Heydər Əliyev tərəfindən “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub və yerinə yetirilib. 2005-ci ildən sonra keçən müddətdə ABŞ-ın qrantı ilə proqramın konturları cızılıb və belə bir proqram təsdiq olunub. Bir turizm mütəxəssisi kimi bu  proqramı təsdiq etdiyi üçün ölkə başçısı İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Bu proqram turizm mütəxəssislərinin əlində bir fəaliyyət proqramı olacaq. Təbii ki, proqramla tanış olanda orda bir neçə məsələnin qabardılması diqqətimizi cəlb edir. Məsələn, proqramda dörd vəzifə qarşıya qoyulub ki, o vəzifələr yerinə yetirilməlidir. Əsas ölkə turizminin dünya standartları səviyyəsinə çatdırılması və beynəlxalq standartların ölkəyə gətirilməsi, bu işə daxili və xarici investorların cəlb olunmasıdır. Turizm elə bir sahədir ki, orada əlavə investisiyalar olmadan, dövlətin maliyyəsi ilə bu işləri yerinə yetirmək mümkün deyil. Ona görə də mütləq əlavə investisiyalara ehtiyac var.

Bundan başqa dövlət tənzimlənməsinin yeni mexanizmlərinin hazırlanması çox önəmli məsələdir. Mədəniyyət və turizm nazirinin başçılığı ilə digər əlaqədar nazirliklərin, komitələrin, birinci müavinlərin daxil olduğu bir turizm şurasının yaradılması vacibdir. Yəni turizm geniş bir sahə olduğundan, bir çox  nazirliklərin, komitələrin sahəsinə daxil olan məsələlərə toxunduğundan bu məsələləri operativ həll etmək üçün şuraya ehtiyac var. Ayda bir dəfədən gec olmayaraq həmin  şura toplantı keçirməlidir və orada bu və ya digər məsələnin həlli üçün nələri etmək lazım olması haqda operativ qərar qəbul olunmalıdır. Düşünürəm ki, bu məsələ də dövlət proqramı çərçivəsində öz həllini tapacaq. Nəhayət, sonuncu bir məsələ ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin dünya standartları səviyyəsinə çatdırılmasıdır. Bunun üçün yenə də Dövlət Proqramı ilə tanışlıqdan sonra məlum olur ki, burada 12 istiqamət müəyyənləşib. Bu istiqamətlərin içərisində kadr təminatına da xüsusi diqqət ayrılıb. Məlumdur ki, kadr olmadan bütün bu işləri yerinə yetirmək mümkün deyil. Bu gün dünya standartlarına cavab verən xidmətlər göstərə bilən kadrlara ehtiyac var. Azərbaycanda müxtəlif ali məktəblərdə turizm yönümlü kadrlar hazırlanır və proqramda da qeyd olunduğu kimi, Turizm İnstitutu fəaliyyət göstərir. Mən deyərdim ki, digər ali məktəblər də öz işlərini Turizm İnstitutundakı kimi qurmalıdır. Məsələn, bu təhsil ocağı beynəlxalq standartları bura gətirib. Biz Avstriyanın Krems Universitetinin lisenziyası əsasında burada menecmentlik sahəsində proqram həyata keçiririk. Bu layihədə oxuyan uşaqlar iki - həm Azərbaycan, həm də Avstriyanın diplomunu alacaqlar. Gələcək tələbələr artıq dünya praktikasını öyrənəcəklər. Digər ali məktəblərdə də bu cür işin tətbiq  edilməsi vacibdir. Bundan əlavə biz praktiki semestr müəyyən etmişik. Çünki dünya mütəxəssisləri də etiraf edirlər ki, gələcək turizm mütəxəssisləri uzunmüddətli praktikada olmalıdırlar. Ona görə ki, auditoriya səviyyəsində gələcəyin mütəxəssislərinə hər şeyi başa salmaq mümkün deyil. Onlar gedib bunları gələcək iş yerlərində özləri görməlidirlər. Biz çalışırıq ki, tələbələrimiz ölkədə fəaliyyət göstərən qabaqcıl turizm obyektlərində, eyni zamanda dünya praktikasını öyrənmək üçün xarici ölkələrdə praktika keçsinlər. Əvvəlki illərdə   tələbələrimiz Yunanıstanda, Türkiyədə, Kiprdə və sair ölkələrdə praktika keçiblər.

- Nazir bildirmişdi ki, üç dəfə imtahan verib kəsilən tələbələrə diplom verilməsin. Bu il ATİ-ni bitirən tələbələrin diplom alması istiqamətində vəziyyət necədir?

- İndiyə qədər Azərbaycan təhsil sistemində belə bir fikir formalaşmışdı ki, nə qədər tələbə universitetə qəbul olunursa, onların hamısı diplom almalıdır. Amma bu gün ölkə artıq Bolonya prosesinə qoşulub. Bu prosesdə də əsas şərt o deyil ki,  universitetə qəbul olunan bütün tələbələr bakalavriat pilləsini başa vurduqdan sonra  diplom alsın. Burada əsas məsələ kreditlərdir. Yəni hər bir fənnin özünün krediti var. Bolonya prosesində sovet təhsil sistemindən fərqli olaraq kursda qalmaq yoxdur. Tələbə hər hansı bir fənnin kreditini toplamayıbsa, növbəti ildə mütləq o fənni yenidən dinləməli və krediti yığmalıdır. Bu gün 4-cü kursda oxuyan elə tələbələrimiz var ki, 1-ci və 2-ci kursdan kredit borcları qalır. Yəni nə qədər ki o borcları ödəməyiblər, onlara diplom verə bilməyəcəyik. Tələbənin borcudur ki, oxusun, kreditləri toplasın və yekunda da Dövlət Attestasiya Komissiyası qərar verəcək ki, bu tələbəyə diplom verilsin və ya verilməsin. Cənab nazirin qeyd etdiyi kimi, bizdə doğrudan da 4-cü kursda oxuyan elə tələbələr var ki, onların müəyyən bir qisminin kredit borcu var. Bu səbəbdən də bu il diplom almayacaqlar. Ancaq bu o demək deyil ki, onlar diplomsuz qalacaqlar, bu tələbələr gələn il həmin kreditləri toplayıb, borclarını ödəyib diplom alacaqlar.

- Hazırda ölkədə turizm üçün vacib amil olan bir sıra hotellər fəaliyyət göstərir. Oradakı xidmətin səviyyəsi sizi qane edirmi?

- Ümumilikdə Azərbaycan turizm sektorunda, o cümlədən hotelçilikdə xidmətlərin səviyyəsi lazımi standartlara cavab vermir. Bu nöqteyi-nəzərdən də dövlət proqramında dünya standartlarının ölkəyə gətirilməsi məsələsi kəskin qoyulub. O cümlədən biz düşünürük ki, hazırladığımız mütəxəssislər gedib xarici təcrübəni görsün. Təsəvvür edin ki, tələbələrin bir qismi gedib xarici hotellərdə işləyir. Bizim hazırladığımız mütəxəssislər diplom alanda yerli hotellərdə, digər turizm obyektlərində tələb olunan standartlara cavab verəcəklər. Mədəniyyət və turizm   nazirinin bir fikri də var ki, bu gün ölkədə turizm sektorunda və mehmanxana sənayesində çoxlu sayda əcnəbilər çalışır. Gələcəkdə elə etmək lazımdır ki, həmin əcnəbilər Azərbaycan vətəndaşları ilə əvəz olunsun. Bu məsələ də bizim qarşımızda bir vəzifə kimi qoyulub və işimizi bu istiqamətə yönəldirik.

- Sağlamlıq imkanları məhdud şəxslərin, əlillərin, aztəminatlı əhalinin, uşaq və  tələbələrin sosial turizmdən istifadəsinin təmin edilməsi istiqamətində ölkədə vəziyyət necədir?

- Bu, çox maraqlı bir məsələdir. Digər ölkələrdə, xüsusən sovet dönəmində sosial turizm deyilən bir məsələ vardı. Çox sevindirici haldır ki, aztəminatlı ailələr üçün sosial turizmlə bağlı dövlət başçısının imzaladığı bu dövlət proqramında artıq xüsusi bir bənd var. Sosial turizm dövlət büdcəsindən aztəminatlı təbəqələrin səfərlərinin, səyahətlərinin, turizm xidmətlərinin ödənilməsinə aid olan bir məsələdir. Bu bəndin özü belə ölkədaxili turizmin inkişafına təkan ola bilər.

- Hazırda turizm sahəsinə xarici və yerli investorların cəlb edilməsi hansı səviyyədədir?

- Ölkəmizdə xarici investorların cəlb edilməsi üçün münbit şərait mövcuddur. Digər sahələrdə olduğu kimi, turizm sahəsində də dövlət proqramında bu məsələnin qabardılması onu göstərir ki, artıq dövlət turizm sahəsinə də xarici investorların cəlb edilməsində maraqlıdır. Bu istiqamətdə bir sıra layihələr var. Məsələn, Nargin adasının turizm bazasına çevrilməsi xarici investisiya hesabına olacaq. Sonra dənizsahili zonalarda yeni istirahət mərkəzlərinin yaradılmasını, Nardaran və digər sahələrdə də yeni, eyni zamanda dünya standartlarına cavab verə biləcək turizm obyektlərinin yaradılmasını göstərmək olar. Eyni zamanda daxili investorlar da bu istiqamətdə fəallıq göstərir. Belə ki, 2002-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 94 idisə, artıq bu gün bu say 370-dir. Bunun özü onu göstərir ki, artıq daxili investorlar bu sahəyə pul qoyur. Amma turizm sahəsi bu gün xarici investorların da marağındadır. Əminəm ki, yaxın beş il ərzində, yəni bu proqramın başa çatmasına biz şahid olacağıq ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bəzi ölkələr var ki, büdcəsinin xeyli hissəsini turizmin hesabına formalaşdırır. Düşünürəm  ki, gələcəkdə bizdə də belə ola bilər. Sözügedən proqramda bir məsələ - ölkəyə gələn və ölkədən gedən turistlərin sayı, məqsədləri, xərcləri barədə statistik məlumatların əldə edilməsi xüsusi olaraq vurğulanıb. Bizdə bu məlumatların hazırlanması Ümumdünya Turizm Təşkilatının tövsiyələrindən xaricdədir. Bu gün statistika aparılmır. Biz turizm mütəxəssisi olaraq bu halı dönə-dönə tənqid etmişik. Bu məsələ Dövlət Proqramına salınandan sonra Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri birgə dünya turizm təşkilatının tövsiyələrinə uyğun bir statistik metodika işləyib hazırlayacaqlar.

- Bu gün tələbələrin turizm ixtisası üzrə dərsliklər əldə etməsində vəziyyət necədir?

- ATİ yarandığı gündən bu məsələ Mədəniyyət və Turizm Nazirliyinin və şəxsən nazirin bilavasitə şəxsi nəzarətindədir. Nazirin təşəbbüsü ilə Moskvadan çoxlu sayda turizmlə bağlı dərsliklər alınıb və nəticədə bizim institutun kitabxanası formalaşıb. Bundan başqa nazir öz şəxsi kitabxanasından xeyli sayda, təxminən 3 mindən artıq bizim kitabxanaya kitab hədiyyə edib. Bundan başqa müəllimlərimiz və bizimlə əməkdaşlıq edən partnyorlarımızın bu sahədə bizə dəstəyi var. Artıq normal kitabxanamız formalaşıb. Respublikada olan hər hansı bir kitabxanada   bizim kitabxanada olduğu qədər turizmlə bağlı vəsait yoxdur. Sadəcə problem ondan ibarətdir ki, Azərbaycan dilində kitablarımız azdır. Təbii ki, bizim kitabxanada olan kitabların çoxu xarici ölkələrdən alındığı üçün rus və ingilis dillərində kitablar çoxdur. Biz çalışırıq ki, Azərbaycan dilində çoxlu sayda dərs vəsaitləri hazırlayaq.

 

 

Nigar

 

Palitra. -2010. – 30 iyun. – S.6.