“O, çox tələbkar, yaradıcı zəhmətkeş bir alimdir

 

Bu gün Azərbaycan elmi yenə də inkişafdadır. Elm adamlarımız öz tədqiqatları  üzərində yorulmadan çalışırlar. Ölkəmizdə alimlər elmi fəaliyyətlə yalnız mərkəzdə,  yəni Bakıda deyil, ondan uzaqda da məşğul olurlar. Azərbaycan elminə tanış olan görkəmli şəxsiyyətlərdən bir çoxu Gəncə Dövlət Aqrar Universitetinin yetirmələridir. Bu təhsil ocağı 80 ildir ki, Azərbaycan elmi üçün kadrlar yetişdirir. Universitet əvvəllər Kənd Təsərrüfatı İnstitutu, sonralar Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası (AKTA) adlandırılıb. Hazırda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ölkəmizdə alimlər ordusunun, xüsusilə dünya şöhrətli alimlərin təhsil aldığı bir ali məktəb olub. Bu universitetdə dünya şöhrətli akademiklər Sirus Məlikov, Ağaxan Ağabəyli, dünyada botanika üzrə ilk akademik  qadın Validə Tutayuk, İmam Mustafayev və digər görkəmli şəxslər təhsil alıb və elm adamları olaraq formalaşıblar.

 Bu universitetin kənd təsərrüfatı aqrar sahə üzrə kadrların hazırlanmasında müstəsna xidmətləri olub. Hazırda bu universitetin boya-başa çatdırdığı alimlərin bir çoxu dünyasını dəyişsə də, bu təhsil ocağı yeni kadrlar hazırlayır və Azərbaycan elminin dinamikasını təmsil edir.

 Bu gün isə biz bu qocaman universitetin müəllimi, Əməkdar elm xadimi, professor Ələddin Əsgərov haqqında məlumat verəcəyik. Bu il cəfakeş alimin 85 yaşı tamam olur. Ə.Əsgərov tədrisin elmi-nəzəri səviyyəsini yüksəltmək üçün dərin məzmunlu  mühazirələri, konfrans və seminarlarda maraqlı məruzələri, gənc müəllimlərə dəyərli məsləhətləri ilə çox iş görüb. Geniş mütaliə sahibi olan Ə.Əsgərov daim axtarışda olan tədqiqatçıdır. O, 1926-cı ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1942-ci ildə Gəncədə 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq  təbabəti fakültəsinə daxil olub. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq keçmiş Səfərəliyev rayonunda (indiki Samux) baş həkim işləyib. 1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olub. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Həmin ildən professor elmi adını alıb. 1965-ci ildən yaxın dövrədək kafedra müdiri vəzifəsində işləyib. Rusiya Aqrar Təhsil Akademiyasının həqiqi üzvüdür. 600-dən artıq müxtəlif istiqamətli elmi, ictimai-siyasi məqalə və digər əsərlərin, 60-dan çox kitabın, dərslik, dərs vəsaiti, monoqrafiya, bədii elmi kitabın, 10 ixtiranın, 12 təsərrüfata tətbiq edilən tövsiyənin müəllifidir. Onun elmi rəhbərliyi altında 14 nəfər elmlər namizədi və doktoru hazırlanıb. Ə.Əsgərov dünya üzrə insan ekologiyası, kainatın anatomiyası, insanın mənşəyi, təkamül təliminə yeni baxış, həyatın yaranma taixinə dair, ölməzlik kimi təlimlərin ilk müəllifidir. Ə.Əsgərovun təbiətin və ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena kimi sahələrlə bağlı dərslikləri 4 dəfə təkrar çap olunub.  Elmi fəaliyyətinə mikrobiologiya və kənd təsərrüfatı heyvanlarının sanitariya və gigiyenası  problemi üzərində araşdırma ilə başlayıb. O, ilk dəfə 1948-ci ildə Azərbaycanda quşçuluğun inkişafına böyük ziyan vuran vəba xəstəliyini öyrənib, ona qarşı spesifik profilaktika üzrə vaksin ixtira edərək Azərbaycan quşçuluğunu bu bəladan xilas edib.  Ə.Əsgərov ilk dəfə kənd təsərrüfatı heyvanları üçün texniki-layihə zoogigiyenik normalar hazırlayıb və bu tövsiyələr kimi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilib. Ələddin müəllim müxtəlif istiqamətli (tarix, biologiya, ədəbiyyat, ictimai-siyasi, sosioloji tədqiqat və s.) sahələr üzrə qələmini sınayıb. O, gigiyena, ekologiya, bədii, elmi-kütləvi kitabların - “Bilirsinizmi?”, “Nələr olmur bu dünyada?”, “Təbiətin mühafizəsi”, “Ətraf mühitin qorunması”, “İnsan ekologiyası”, “Ekologiyapoeziya”, “Ovçuluğun əsasları” və s. dərsliklərin və digər əsərlərin müəllifidir. Onun  kitabları Azərbaycanın ali məktəblərində istifadə edilir. Elmi əsərləri və ixtiraları, habelə müxtəlif mövzularda olan ictimai-siyasi yazıları mətbuat  səhifələrində ilk dəfə səslənən, həm də hamının diqqətini cəlb edən, oxunan  məqalələr olub. Professor Ə.Əsgərov ən maraqlı kitablarından biri - “Gəncənin tarixi  yaddaşından” kitabını bu diyarın ən görkəmli şəxsiyyətlərinə, alimlərinə və bu  yurddan bəhrələnənlərin elm-yaradıcı irsinin öyrənilməsinə həsr edib. Bu kitabla o,  regionların tarixinin yazılması məsələsini qaldırıb. Ələddin müəllimin araşdırdığı  elmi problemlərdən biri də təkamül təlimi və insan ekologiyasıdır. O, biologiya elmində hökm sürən təkamül təlimini, Darvinin insanın mənşəyinə dair baxışlarını, insanın yaranma tarixis. məsələləri araşdırıb, öz fikirlərini irəli sürüb. Onun elmi araşdırmalarına görə, təkamül təliminin nə elmi, nə də dini baxımdan həqiqətə uyğunluğu var. Elmin yeni nailiyyətlərinə əsaslanaraq o, darvinizm təlimi ilə bağlı  fənnin tədrisdən çıxarılmasını, təkamül təliminin əsassız olduğunu qeyd edir. Müəllif insan nəslinin meymun mənşəli olması fikrinin əleyhinə olub  insanları bu cəfəng  təlimdən xilas  etməyə çalışıb. Qocaman alim Azərbaycan təhsilinə də öz töhfələrini verib. Məhz o, 1995-ci ildə ekologiya üzrə tədris planına ilk dəfə olaraqİnsan ekologiyası” mövzusunu daxil edib. Tədqiqatçı alim son illər şəxsiyyətlərin orta ömür  müddətlərini, iqlimin doğum baxımından insanlara təsirini  öyrənir, qalaktikalarda gedən proseslərə (toqquşmalar, partlayışlar), iqlim dəyişikliklərinə və təbii fəlakətlərə diqqət yetirir,  elmi yeniliklərə əsaslanaraq bir çox möcüzənin həqiqətə çevrilməsi, Yer kürəsində kəskin dəyişikliklərin baş verməsi, həyatın sönməsi və yeni həyat  formalarının yaranması, insan ömrünün uzadılması və s. kimi maraqlı, düşündürücü, gələcəyə proqnoz verən mülahizələr üzərində işləyir. O, keçmiş ittifaq üzrə keçirilən konqreslərin  və konfransların, Avropa Assosiasiyasının, beynəlxalq müşavirələrin  iştirakçısı olub, ekologiya, baytarlıq və heyvandarlıq sahələri üzrə məruzələrlə çıxış edib. Ə.Əsgərov Azərbaycanda təbii mühitin korlanmasına qarşı çıxış edən, ekologiya sahəsində ixtisaslı kadrların hazırlanmasının vacibliyini önə çəkən ilk alimlərdən biri olub. O, hazırda 45 ildən artıqdır ki, ADAU-nun  Elmi Şurasının üzvüdür. Qeyd etdiyimiz kimi, Ələddin müəllim elmimiz üçün ixtisaslı kadrlar yetişdirib. Onun ekologiya tələbələrindən biri, professor Eldar Hüseynov görkəmli alim barədə bunları söylədi: “Aqrar Universitet məşhur alimlərin təhsil aldığı, çalışdığı bir tədris ocağıdır. Bizim bu tədris müəssisəsində görkəmli elm adamları çalışıb və bu ənənə davam edir.  Mənim ekoloq-alimpedaqoq kimi formalaşmağımda və inkişafımda Ələddin müəllimin misilsiz xidmətləri olub. O, çox tələbkar, yaradıcı və zəhmətkeş bir alimdir. “Müasir ekologiya” dərsliyinin növbəti hissələrini, “Davamlı insan inkişafı” kitabını yenidən nəşrə hazırlamalıyıq. Hazırda “İnsan ekologiyası” dərsliyinin üzərində işləyirik. Hələlik səhhətimdə yaranan bəzi problemlər məni bu işdə bir qədər ləngidir. Ancaq düşünürəm ki, tezliklə hər iki kitab çapa hazır olacaq. Ələddin müəllimin tədqiqat sahəsi olduqca genişdir. Ələddin müəllim məni ekologiya, ətraf mühit, təbiətşünaslıq üzrə ixtisaslaşdırıb. Mənim bir bu gün bir ekoloq kimi formalaşmağımda  və fəaliyyət göstərməyimdə Ələddin müəllimin rolu var. Çünki onun təkidi ilə mən baytarlıq təbabəti sahəsindən qismən uzaqlaşaraq ekologiya sahəsi üzrə dərsliklər yazmağa başladım”.

 

 

 Nüşabə Zövqət

 

Palitra. – 2010. – 30 iyun. – S.8.