Almaniyada Azərbaycan mədəniyyəti
gecəsi
“İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndəliyi, Almaniyanın Leypsiq Universiteti və azərbaycanlı tələbələrlə birlikdə ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Leypsiq!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edib. 1994 -cü ildən indiyədək təşkil olunan bu tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olundu.
Gecənin təşkil olunmasında “İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndəliyinə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Leypsiq Universiteti və Leypsiq şəhərində təhsil alan və yaşayan azərbaycanlılar dəstək gostərmişdilər.
Tədbiri Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birinci katibi Fikrət Axundov açıb.O, çıxışında Azərbaycan Respublikasının yaranması, keçdiyi inkişaf yolları, Azərbaycan-Almaniya əlaqələri haqqında dinləyicilərə geniş məlumat verib. Öz nitqində birinci katib Dağlıq Qarabağ probleminə toxunub və bu münaqişənin həqiqətlərini dinləyicilərin nəzərinə çatdırıb.
Daha sonra Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə xanım Patzer-İsmayılova Azərbaycanın çoxəsrlik tarixə malik mədəniyyəti, zəngin təbiəti və turizmin inkişafı barədə məlumat verib.
Rəsmi hissədən sonra gecənin iştirakçılarına Azərbaycan haqqında film təqdim olunub və tədbirin fəxri qonağı, Amerika Muğam Cəmiyyətinin sədri Cefriy Verbok Azərbaycan musiqisi, xüsusilə də muğam haqqında təqdimat edib. C.Verbok tərəfindən muğamın tarixi kökləri və əsasları haqqında verilən məlumatlar, tar və kamançanın təqdimatı xüsusi maraq doğurub. Amerikalı qonaq muğamın beşiyi olan Qarabağın erməni işğalçıları tərəfindən zəbt olunmasını xüsusi vurğulayıb.
Tədbirin ikinci hissəsində təqdim olunan Azərbaycanın ləziz yeməkləri və şirniyyatları, plov, dolma, dovğa, şəkərbura, paxlava və sair iştirakçıların mətbəximizlə yaxından tanış olmasına şərait yaradıb. Səfirlik tərəfindən təqdim olunan, Qarabağ həqiqətlərini əks etdirən kitablar və videolar paylanıb. Gecə Azərbaycan musiqiləri və rəqslərilə başa çatıb.
Mədəniyyət gününün təşkil olunmasında Leypsiq Universitetinin doktoru Polad Poladlı və magistrantı Anar Bayramov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, diaspor təmsilçisi Anar Bayramov, Leypsiq şəhərində Mədəniyyətlərarası Dialoq Cəmiyyətinin azərbaycanlı təmsilçisi Rafiq Abbasov və Leypsiq Universitetində təhsil alan azərbaycanlı tələbələrin əvəzsiz rolu olub.
İlkin
Palitra. – 2010. – 30 iyun. – S.13.