AzərTAc dünyanın ən böyük xəbər agentliklərindən biridir

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın yaranmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə dövlət nümayəndələri, millət vəkilləri, Azərbaycanın xarici ölkələrin media təmsilçiləri iştirak edib.

Bakıya 13 ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin yüksək səviyyəli nümayəndə heyətləri, media nümayəndələri gəliblər. Onlar arasında Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Türkiyənin Anadolu agentliyi idarə heyətinin sədri baş direktoru Hilmi Bengi, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, Ukrinform agentliyinin baş direktoru Viktor Çamara, Xorvatiyanın HİNA agentliyinin baş direktoru xanım Smilyana Hrınkeviç, İtaliyanın ANSA agentliyinin direktor müavini Ciulio Pekora, Yaponiyanın Kyodo agentliyi direktorunun müavini Masaru Savanişi, Çinin Sinxua agentliyinin Asiya-Avropa departamentinin rəhbəri Zhanq Cinha, Qazaxıstanın "Kazinform" agentliyinin prezidenti Dauren Diyarova, Belarusun BELTA agentliyinin baş direktoru Dmitri Juk, baş direktorun birinci müavini İqor Lutski, Moldovanın "Moldpress" agentliyinin baş direktoru Vladimir Darie, Qırğızıstanın "Kabar" agentliyinin baş direktoru Narın Ayıp, Tacikistanın "Xovar" agentliyinin baş direktoru Sadriddin Şamsuddinov, habelə yubiley tədbirləri çərçivəsində AzərTAc-ın ev sahibliyi ilə MDB ölkələri Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 11-ci iclasında iştirak etmək üçün Azərbaycana gələn MDB İcraiyyə Komitəsi analitik informasiya departamentinin direktoru Aleksandr Zavarzinin başçılıq etdiyi nümayəndə heyəti, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, "Moskovski Komsomolets" qəzetinin baş redaktoru Pavel Qusev, MDB məsələləri üzrə Federal Agentliyin direktor müavini Yevgeniy Kojoki, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktorunun müavini Tatyana Bubnova var.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzərTAcn əməkdaşlarına ölkə Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. Ə. Həsənov AzərTAc-ın Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu deyib. Heydər Əliyevin AzərTAc-ın dünyanın ən böyük agentliklərindən birinə çevrilməsi arzusunda olduğunu deyən Ə.Həsənov bu gün həmin arzunun reallaşdığını vurğulayıb: "AzərTAc Azərbaycan tarixinin ən böyük şahididir. Onun bülletenlərində təkcə tarix deyil, tarixin dərslərindən nəticə çıxarmaq tərəfləri var. Biz AzərTAc-ın xarici ölkələrdə olan əməkdaşlarına təkcə jurnalist deyil, həm diplomat kimi baxırıq".

Ə.Həsənov AzərTAcn Azərbaycan tarixinin sənədli xronikasını yaratdığını da bildirib.

Agentliyin baş direktoru Aslan Aslanov isə AzərTAC-ın yaranmasından, sovet dövründəki fəaliyyətindən, inkişaf mərhələlərindən danışıb. Onun sözlərinə görə, SSRİ dövründə agentliyin adı bir neçə dəfə dəyişdirilsə , mahiyyəti dəyişməyib. O, hazırda AzərTAc-ın dünyanın ən aparıcı agentlikləri ilə əməkdaşlıq etdiyini, Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinə (TKA) üzv olduğunu onların bəzilərinin təsisiçisi kimi çıxış etdiyini vurğulayıb.

  A. Aslanov AzərTAcn 90 illik yubileyinə dünyanın 13 ölkəsinin rəsmi dövlət agentliyinin rəhbərinin qatıldığını bildirib.

 Tədbirdə Rusiyanın İTAR-TASS, TürkiyəninAnadoluAgentliyinin rəhbərləri və digər şəxslər çıxış ediblər.

 

 

Cavidan

 

Palitra. -2010. – 2 mart. – S.5.