Bizə diffamasiyanı diqtə edən ölkələrin çoxunda bu haqda qanun yoxdur

 

Diffamasiya deyəndə nəyi nəzərdə tuturuq: nüfuzun qorunmasını, yoxsa onu ləkələyənlərin məsuliyyətdən azad olmasını?

 

Son vaxtlar Azərbaycanda diffamasiya qanunu ilə bağlı müzakirələr aktuallaşıb. Adətən bu barədə diskussiyalar ən çox siyasi fəaliyyətlərin yoğunlaşdığı dövrdə, özəlliklə də seçkilər prosesi zamanı artırdı. Amma indi diffamasiya diskussiyaları seçki kampaniyasının aktiv olmadığı bir dövrdə meydana çıxıb. Və bu onu iddia etməyə əsas verir ki, ölkə daxilində, yaxud da xaricdə diffamasiya haqqında qanunun qəbulunda maraqlı olan qüvvələr var. Biz diffamasiya zərurətindən bir qədər sonra danışacağıq. Hələlik isə diffamasiya anlayışının yaranması və mənası barədə qısa arayış vermək istəyirik. Diffamasiya sözünün mətni tərcüməsi «bir şəxsi ləkələyən məlumatın mətbuatda dərc edilməsi»dir.

Lakin bu anlayış hüquq müstəvisinə gəldikdə öz mahiyyətini bir qədər dəyişib. Beləliklə də, diffamasiya dərc edilən qeyri-dəqiq, böhtan xarakterli, bir şəxsiyyəti ləkələyən, alçaldan məlumatlara görə məsuliyyət daşımamaq anlamı daşımağa başlayıb. Bu barədə qanun yaratmağı məqsədəuyğun bilən dairələr isə öz şərhlərində ifadə ediblər ki, diffamasiya insanların öz düşüncələrini sərbəst şəkildə ifadə etmək azadlığını məhdudlaşdıran halların aradan qaldırılmasına yardım etmək, onları sözlə ifadə etdikləri hərəkətlərə görə cinayət məsuliyyətindən azad etmək məqsədi güdür. Bu gün Azərbaycanda sözügedən qanunun yaradılmasını lazım bilən dairələr o qənaətdədirlər ki, insanların, o cümlədən də, jurnalistlərin düşüncələrini (fərq etməz bu pozitivdir, yaxud da destruktiv) ifadə etdiklərinə görə həbs olunmalarını əngəlləmək üçün «Diffamasiya haqqında qanun» mütləq qəbul olunmalıdır. Doğrudur, bu gün adıçəkilən qanuna bir çox ölkələrdə rast gəlinir. Həmin ölkələrdə bu qanunun yaradılması tələbi əsasən Avropa İttifaqı qarşısında öhdəlik kimi ortaya çıxıb. Avropa jurnalistlərin və bir sıra müəlliflərin absurd ittihamlarla həbsə atılmasının qarşısını almağın ən optimal yolu kimi bu qanunu düşünüb. Amma Avropa ölkələrinin bəziləri hələ də sözügedən qanunu qəbul etməyiblər və buna ehtiyac görmürlər. Onlar bunu məntiqi cəhətdən belə izah edirlər ki, sözügedən məsələ ilə bağlı hüquqlar və prinsiplər İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsində yüksək səviyyədə əksini tapıb. Çox qəribədir ki, nədənsə, Azərbaycanda diffamasiyadan danışılanda bu termin bizim artıq haqqında bəhs etdiyimiz anlamda qavranılır. Amma biz oxucuların diqqətinə bir də diffamasiyanın digər mənasını da çatdırmaq istəyirik. Diffamasiya bir çox hallarda ingiliscədən nüfuzun qorunması kimi tərcümə edilir. Və elə həmin anlamda da başa düşülür. Nüfuzun qorunması isə o deməkdir ki, hər bir kəs (bu istər mətbuat nümayəndəsi olsun, istərsə də mətbuatın obyekti olan şəxs) digərinin nüfuzuna xələl gətirəcək hərəkət və davranışlara yol verməməli, qarşısındakını alçaldacaq, onun nüfuzunu aşağı salacaq məlumatların yayılmasına imkan tanımamalıdır. Əgər bu gün Azərbaycanda diffamasiya qanununun qəbulunu arzulayanlar diffamasiyaya onun ikinci mənasında yanaşmağın tərəfdarıdırlarsa, onda bu bərədə düşünməyə dəyər. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanda diffamasiya deyiləndə yalnız birtərəfli qaydada başqalarının nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən açıqlamalara, məlumatların yayılmasına yol verən şəxslərin Cinayət Məcəlləsinin müvafiq müddəaları ilə deyil, Mülki Məcəllənin tələbləri ilə cəzalandırılması nəzərdə tutulur. Ən dəqiqi isə, diffamasiya tərəfdarları belə hesab edirlər ki, nüfuzun ləkələnməsinə, şərəf və ləyaqətin alçaldılmasına, böhtanlara görə heç kəs azadlıqdan məhrum edilməməlidir. Bunun hansı hüquqi presedenti yaradacağı barədə şərhləri hüquqşünasların öhdəsinə buraxmaqla kifayətlənirik. Sadəcə onu bilirik ki, bu, ölkədə çox mənfi stereotiplərin formalaşmasına, cəzasızlıqdan istifadə edərək bəzi qüvvələrin alternativlərinə qarşı ölçüsüz təhqirlərə, böhtanlara yol verməsinə, bir sözlə neqativ tendensiyaların yaranmasına gətirib çıxaracaq. Biz əvvəllər də qəzetimizdə bu gün bizə diffamasiyanı diqtə edən Qərb dövlətlərinin bir çoxunda ya diffamasiya haqqında qanunun olmadığı, ya da bu qanuna məhəl qoyulmadığı barədə yazmışdıq. Eyni zamanda faktlarla bildirmişdik ki, dünyanın hansı qabaqcıl ölkələrində əsasən mediaya şamil olunan diffamasiya qanunundan sapmalar hansı həddədir. Qayıdaq diffamasiya zərurətinə...    

   Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ifadə və informasiya azadlığına həsr olunmuş 10-cu maddəsi nüfuzun qorunması məsələsinə necə yanaşır? Gəlin həmin maddəyə bir daha nəzər salaq. 10-cu maddənin 1-ci bəndində deyilir: «Hər kəsin ifadə azadlığı hüququ vardır. Bu hüquq şəxsi fikrə malik olmaqdan və hökumətin müdaxiləsi olmadan, sərhədlər nəzərə alınmadan informasiya qəbul etməkdən, onu başqalarına çatdırmaqdan, fikirlər, ideyalarla tanış olmaqdan, bunları başqalarına çatdırmaqdan ibarətdir. Bu maddə dövlətləri radio, televiziya, kino müəssisələrindən onların fəaliyyəti üçün lisenziya tələb etmək hüququndan məhrum etməyəcəkdir». 10-cu maddəninin 2-ci bəndi isə bizim arqumentlərimizi bir qədər də qüvvətləndirmək üçün yetərlidir: «Bu hüquqlar müəyyən öhdəliklərlə bağlı olduğu üçün, istifadə olunduğu vaxt milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş, iğtişaşların, cinayətlərin qarşısının alınması, sağlamlığın, mənəviyyatın qorunması, başqalarının nüfuz və ləyaqətinin qorunması, alınmış gizli informasiyanın yayılmasının qarşısının alınması, məhkəmənin ədalət prinsipinin, səlahiyyətinin qorunması naminə demokratik cəmiyyətdə zəruri sayılan və qanunda nəzərdə tutulmuş prinsiplər, şərtlər, cəza tədbirləri əsas götürülməlidir.» 2-ci bənddə çox aydın şəkildə ifadə və informasiya azadlığının hansı halda məhdudlaşdırılmasının vacibliyi göstərilib. 10-cu maddəni qəbul edən Avropa ölkələrinin əksəriyyətində artıq müəyyən edilib ki, mətbuatın azadlığı başqalarının nüfuzunun, ləyaqətinin qorunduğu yerdə məhdudlaşmalıdır. Çünki mətbuat azadlığı heç bir halda fərdin azadlığından yüksəkdə dayana bilməz. Mətbuata verilmiş azadlıqlar heç də onu özündə ehtiva etmir ki, bu başqalarının şəxsiyyətinin təhqirinə, böhtana məruz qalmasına, ictimaiyyət qarşısında nüfuzdan salınmasına rəvac verə bilər. Avstriyada «Lingens» məhkəmə işi ilə bağlı Məhkəmə 1986-cı ilin iyulunda mətbuata dair prinsiplərin əhatə dairəsini müəyyən edərkən «Mətbuat başqalarının nüfuzunu, ləyaqətini qorumaqdan ötrü müəyyən olunmuş hədləri aşmamalıdır...» prinsipini əbəs yerə ora daxil etməyib.

İnsan hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə aid presedent hüququna istinad etsək görərik ki, dünyada demokratiyanın beşiyi sayılan ölkələrdə və dünyanın aparıcı qəzetlərinin, bu qəzetlərin müəlliflərinin hüquqları hansı formada pozulub. Burada birbaşa konvensiyada nəzərdə tutulan azadlıqlar KİV-in və jurnalistlərin əlindən məhkəmə yolu ilə alınmışdır. Bu konvensiyanın 10-cu maddəsinə verilən şərhlərdə göstərilir ki, Belçikada «De Becker» adlı məhkəmə prosesi zamanı şikayətçinin tələbinə əsasən jurnalistin jurnalistlik və ya müəlliflik fəaliyyəti ömürlük qadağan edilmişdi.  «Oberschlick» məhkəmə prosesi zamanı isə bir Avstriya siyasətçisinin şikayəti üzrə mətbuatda böhtan xarakterli çıxışlarına görə jurnalistə cinayət işi açılmış və o, həbs olunmuşdu. Böyük Britaniya mətbuatı isə dəfələrlə qeyri-rəsmi senzuralara məruz qalmış və çox zaman jurnalistlər hökumət orqanlarının qadağan etdiyi materialları dərc etdirdiyinə görə həbsxanaya düşməli olmuşdular. The Observer and Guardian Newspapers LTD, “The Sunday”, “Times” və digər media qurumlarının əməkdaşları da bu halla qarşılaşıblar. «Schwabe» məhkəmə prosesi zamanı artıq cəzasını çəkib qurtarmış bir şəxsi əvvəlki cinayətinə görə yenidən rüsvay etdiyinə görə müəllif məhkum olunmuşdur. 1994-cü ildə isə ABŞ-da bir televiziya jurnalisti irqçiliyə dair bəyanatların yayılmasını rəğbətləndirməsinə və buna yardım göstərməsinə görə həbs olunmuşdu.

Yaxud da başqa bir fakt: Almaniyanın nüfuzlu ZDF telekanalının əməkdaşı İraq əleyhinə koalisiyanın hərbi əməliyyatları zamanı reportaj hazırlamaq istəyir. Jurnalistin amerikalı hərbçiləri tərəfindən dağıdılmış Bağdad yaxınlığında qadınlar, uşaqlar və qocaların müvəqqəti sığınacaq yeri olan kampı lentə almaq niyyətini komandanlıqdan biri əngəlləmək istəyir. Bu zaman alman jurnalist bu hərbçi ilə mübahisə edir. Jurnalist hərbçinin zərbəsindən burnundan qan axa-axa kameraların qarşısından keçir. Bu hadisə Avropa telekanallarının jurnalistlərinin gözü qarşısında baş vermişdi. Bilirsinizmi, bu olaya görə məsuliyyəti kim daşıdı? Əlbəttə ki, amerikalı hərbçi deyil, alman jurnalist. O, Berlin məhkəməsinin qərarı ilə koalisiyanı nüfuzdan salacaq hərəkətlərə yol verdiyinə görə, federal hökumətə cərimə ödəməli oldu. Üstəlik, ZDF kanalındakı işini itirdi və 6 ay müddətinə azadlıqdan məhrum edildi. O vaxt avropalı jurnalistlərdən də, beynəlxalq təşkilatların nümayəndələrindən də alman jurnalistə qarşı haqsızlıq edildiyi barədə bəyanatlar eşidildi. Amma geniş anlamda heç kəs Almaniyanı günahlandırmadı. Diffamasiya məsələsi xatırlanmadı. Çünki ZDF-in əməkdaşı «azad söz»ə görə deyil, xuliqanlığa görə ittiham olunmuşdu.     

Yenə də İnsan Hüquqları üzrə Avropa Konvensiyanın müddəalarına qayıdaraq deyək ki, hər bir şəxsin fərdi hüquqları vardır və bu hüquqlar başqalarının hüquqlarının pozulmaması üçün məhdudlaşdırılmağa məhkumdur. Azərbaycanda jurnalistlərin təhqirlərinə, böhtanlarına, şantajlarına məruz qalan dövlət məmurları, sıravi vətəndaşlar, məcburi köçkünlər, Xocalı soyqırımının qurbanları və başqaları da insandırlar və onların da hüquqları yerli və beynəlxalq qanunlarla qorunur. Avropa Konvensiyası mediaya müvafiq hüquq və azadlıqlar tanıyarkən onu «başqalarının nüfuzunu, ləyaqətini qorumaqdan ötrü müəyyən olunmuş hədləri aşmamaq» barədə məlumatlandırmışdır.

Biz diffamasiyanı mətbuatla sıx bağlılıq fonunda ona görə təqdim edirik ki, diffamasiya tələbində bulunan insanların əksəriyyəti mətbuatın maraqlarından çıxış edir. Və yenə də ora qayıtmaq istəyirik ki, diffamasiyanın tam mənada mətbuatla əlaqəsini əsas gətirmək məntiqli deyil. Çünki biz diffamasiyaya məhz nüfuzun qorunması kimi yanaşılmağın tərəfdarıyıq, nüfuzun alçaldılmasına görə məsuliyyət daşıyan insanların bu məsuliyyət yükündən azad olmasının deyil.

 

 

Möhtərəm 

 

Palitra. -2010. – 2 mart. – S.6.