Boşanmaların sayi niyə
artıb?
Psixoloq hesab edir ki, ən çox ailə düzgün
motivlər əsasında qurulmayanda boşanmalar baş verir
Ailə
institutu tarixən cəmiyyətin əsas təsisatlarından
biri kimi insani dəyərlərin, nəsillərin tarixi
varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni
tarixən hər bir cəmiyyətin əsasını təşkil
edən, insanların ən ali, ülvi və
saf duyğularını, nəcib niyyətlərini
özündə təcəssüm etdirən müqəddəs
ittifaq kimi dəyərləndirib. Qədimdən
bəri ailə Azərbaycan cəmiyyətində də
xüsusi dəyər kəsb edib. Həmçinin
ölkəmizdə ailə dövlət tərəfindən də
qorunur və himayə edilir. Ailə Məcəlləsinə
görə, ər və arvad ailədə öz münasibətlərini
qarşılıqlı yardım, hörmət hissi əsasında
qurmalı, ailənin möhkəmləndirilməsi və
rifahı üçün birgə fəaliyyət göstərməli,
övladlarının inkişafı üçün əlverişli
şərait yaratmalı və onların
sağlamlığının qayğısına
qalmalıdırlar.
Ailə möhkəmliyini saxlayan dəyərlər
unudulubmu?
Ümumiyyətlə,
ailə qurulduğu gündən hər bir insan öz
kiçik "dövlətini" qorumağa
çalışmalıdır. Bəs görəsən,
ailə quran şəxslərin hamısı bu kiçik
"dövləti" daim qoruya bilirmi? Çox
təəssüf ki, bu heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən
biri də boşanmalardır. Son illər
bir çox dünya ölkələrində boşanmaların
sayı getdikcə artmaqdadır. Məsələn,
ABŞ-da evlənən hər iki ailədən biri
ayrılmağa qərar verir. Buna oxşar
vəziyyət Almaniyada da özünü göstərir.
Son illərdə Türkiyədə də
boşanmaların sayı artır. Azərbaycan
hazırda boşanmaların sayının sürətlə
artdığı ölkələr sırasında olmasa da, bu
sahədə problemlər də özünü göstərməkdədir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət
vəkili Hadı Rəcəblinin sözlərinə görə,
2002-ci ildə ölkəmizdə nikaha girənlərin 5 faizi
sonradan boşanırdısa, 2009-cu ildə bu rəqəm 10
faizə çatıb, yəni iki dəfə çoxalıb.
Ümumiyyətlə, bu gün
boşanmaların sayının artma səbəbləri ilə
bağlı müxtəlif fikirlər səslənir.
Azərbaycanda ailə
milli adət-ənənələrə, dəyərlərə
söykənib. Bir vaxtlar əsasən
qohumluq bağı əsasında qurulan böyük ailələr
mövcud idi. Hətta 10 nəfərdən
çox insanın bir evdə yaşadığı ailələr
vardı. Həmin ailələrdə
müxtəlif səbəblərlə bağlı problemlər
olanda belə, hər iki tərəf məhz ailənin
dağılmaması üçün həmin problemləri
qabartmazdılar. Eyni zamanda bu boşanmaya
valideynlər icazə verməz, “ətrafda mənfi fikir
formalaşar, yaxud övladları tək valideynlə qalacaq”
kimi amilləri düşünərdilər. Hətta əvvəllər insanlar sanki boşanmaqdan
belə utanardılar. Ancaq indi hardasa hər
gün çoxlu sayda insan boşanır və artıq
boşanmalar adi hala çevrilib. Bəlkə
də bunlar həmin ailə möhkəmliyini saxlayan dəyərlərin
unudulmasından irəli gəlir. Bu da
faktdır ki, evlilik qərarını verərkən
düşünmək istəyən həmin insanlar
boşanarkən heç çətinlik çəkmirlər.
Sadəcə "bir-birimizi başa
düşmürük" deyib ayrılırlar. Bəs evlənərkən fikirlərinin eyni
olmadığının fərqinə
varmamışdılarmı? Bir
ömrü paylaşmağa hazır olduqları insanı bir
andaca həyatlarından asanlıqla çıxarırlar.
Evlənərkən gözəl bir ailəsinin
olması ümidilə xəyallar quran bu insanlar ayrılarkən
ailəni qorumağa cəhd göstərmirlər. Bu gün artıq evlənmək qədər
boşanmaq da təbii sayılır.
Doğrudur, bir
evdə iki fərqli adamın yaşaması asan deyil və təbii
ki, problemlər də yarana bilər. Lakin ilk olaraq həmin
fərqlilikləri qəbul etmək və həyat
yoldaşına olan hörmət və sevgisi naminə fədakarlıq
etmək lazımdır. Həmin fədakarlıqlar
isə qarşılıqlı olmalıdır. Bir vaxtlar bu fədakarlıqları edən insanlardan
fərqli olaraq hazırda sadəcə
qarşısındakı insanı dəyişdirməyə
çalışırlar və əgər istədiyini ala
bilmirlərsə, boşanmağa qərar verirlər.
Doğrudur, bir sıra problemlər var ki, onlar boşanma
üçün əsas ola bilər. Məsələn,
buna əxlaqsızlıq, kişilərin narkotik, spirtli
içki qəbul edərək qadını döyməsi və
s. kimi halları misal göstərmək olar. Ancaq qısqanclıq,
həyat yoldaşının çalışmasını qəbul
etməmək, kiçik ailədə yaşamaq niyyəti kimi
faktlarla bağlı
boşananlar da var. Bəzən boşanmalara ailədə
uşağın olmaması da səbəb olur. Ailədə
uşağın olmasını yalnız kişi
deyil, qadın da istəsə də, uşaq olmadıqda
boşanma baş verir. Maraqlı fakt odur ki, çox zaman əgər
qadının uşağının olması
imkansızdırsa, kişi ayrılmağa
qərar verir. Əksinə olduqda isə
qadınlar onlarla yaşamaqdan imtina etmir.
Son zamanlar isə
bəzi insanlar Avropa ailə modelini tərcih edərək
boşanmağa qərar verirlər. Belə ki, bir sıra
xarici ölkələrdə insanlar bir müddətdən
sonra həyat yoldaşından ayrılaraq tək, ya da
uşaqla birgə yaşamağa üstünlük verir ki, bu
hal ölkəmizdə, xüsusilə də qadınlar
arasında özünü göstərməkdədir.
Bu barədə müxtəlif
səbəblərdən boşanmış iki ailə
üzvünün isə fikirləri belədir:
R.H - 40 yaş: "Biz
yoldaşımla tanışlıq əsasında ailə
qurmuşduq. İlk illərdə normal həyat
tərzi keçirdik və bir oğlumuz dünyaya gəldi.
Oğlumun 3 yaşı olduqdan sonra
yoldaşım evə gec gəlməyə başladı.
Əvvəllər mən bunu işi ilə əlaqələndirirdim.
Lakin sonralar bu gecikmələr saatları deyil,
günləri əvəz etməyə başladı. İlk vaxtlar yoldaşım bunun səbəbini
açıqlarkən dava-dalaş edərdi. Ancaq sonralar bu səbəbi açıq söylədi
və bizim birgə yaşamamız üçün heç
bir əsas qalmadı. Biz ayrıldıq və
uşağa da özüm baxıram, hazırda onun 13
yaşı var".
T.M - 38 yaş: "Mən
orta məktəbi bitirdikdən sonra həmin il
ali məktəbə daxil ola bilmədim və işləməyə
başladım. Həmin vaxt qonşu kənddən olan bir
oğlan mənə evlənmək təklif etsə də, mənim
ali təhsil almaq niyyətim vardı və bu təklifi rədd
etdiyim üçün məni
qaçırdı. Biz evləndikdən sonra iki
uşağımız dünyaya gəldi. Çox
çətin bir şəraitdə yaşadığım
üçün bir neçə xəstəliklə üzləşməli
oldum. Həmin vaxt yoldaşım məni xəstə
vəziyyətdə qoyaraq Rusiyaya getdi. Sonra
valideynlərim məni müalicə etdirdilər. Mən sağaldım və işləməyə
başladım. Artıq 10 ildir ki,
uşaqlarıma özüm baxıram və bu müddət
onların atası bir dəfə də olsun onlarla
maraqlanmayıb. Nə mən, nə də
uşaqları ilə maraqlanmayan həyat yoldaşı ilə
nikahda qalmağın heç bir mənası
olmadığı üçün boşanmağa qərar
verdim".
Boşanmaların səbəbkarı kimi yalnız bir
cinsi günahlandırmaq düzgün deyil
Regional Psixoloji Mərkəzin
psixoloqu Xatirə Səfərovanın sözlərinə görə,
boşanmalar ən çox ailə düzgün motivlər əsasında
qurulmayanda baş verir: "Belə ki, hər iki tərəfin
evlənmək ərəfəsində qarşı tərəfi
mütləq tanıması lazımdır. Sadəcə,
qısa bir tanışlıq əsasında qurulan ailələrdə
boşanma halları daha çox baş verir. Bundan başqa ailədə müdaxilələri, o
cümlədən qayınanaların gəlinə
qarşı müxtəlif düşüncələrdə
olmasını da göstərmək olar. Bu, bir növ
qısqanclıq xarakteri daşıyır və bu cür qayınanaların belə
münasibəti də onun həyat yoldaşının
olmamasından, yaxud da onunla arasında ciddi problemlərin
olmasından qaynaqlanır. Qayınana öz məsələsi
ilə bağlı obyekt olaraq gəlini seçir və
iradlarını gəlinin üzərində həyata
keçirir". Psixoloq onu da bildirdi ki,
ümumiyyətlə, boşanmaların səbəbkarı
kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil.
Onun fikrincə, ailədə qadınlardan çox şey
asılıdır və onlar ailə düsturunu bilməlidirlər:
"Bu düstura daxil olan amillərə gəldikdə isə
bunlardan biri odur ki, qadın özünə daha çox diqqət
yetirməlidir. Evlənməzdən əvvəl
nişanlı olarkən hər iki tərəf özünə
daha çox diqqət yetirir, ən yaxşı tərəflərini
göstərməyə çalışırlar. Evləndikdən sonra isə bir-biri üçün
adiləşirlər və nəticə etibarilə kişilərin
gözü kənar mühitə daha çox meyil edir. Bunun səbəbkarı yenə də qadın
özü olur. Qadınlar daha çox ev
işləri, uşaqlarla məşğul olur və kişiyə
az vaxt ayırır.
Ailələrin boşanmasında
qayınana, gəlin, yaxud yoldaşın xəyanəti kimi səbəblərin
də olduğunu deyən psixoloqun fikrincə, boşanmalara səbəb
olan amillərdən biri də qısqanmalardır ki, buna
çox yer ayırmaq olmaz və hər şey normal şəkildə
olmalıdır: "Son vaxtlar belə bir dəb
formalaşıb ki, kişilər evə gəldiyi zaman
qadınlar onların telefonlarında axtarışlar
aparırlar. Bununla da qadınlar özlərini təhqir
edirlər. Qadın özünü bu qədər
aşağı səviyyədə dəyərsizləşdirməməlidir".
X.Səfərova onu da bildirdi ki, ailədə bir
neçə ildir ki birlikdə yaşamaları ilə
bağlı bir-biri üçün adiləşdiyindən
qadın yoldaşının ona diqqət yetirmədiyini
gördükdə bu adiləşmənin səbəbini
axtarmalıdır. Bu məqsədlə bir
sıra yeniliklər etməlidir və hətta evin
dizaynını dəyişməlidir. Eyni
yaşam tərzi, dizayn belə ailəyə təsir edir.
Ona görə də qadın ailədə həm
siyasətçi, həm ağıllı olmalı, həm də
aqressiv olmamalıdır. Hətta bu adiləşmə
zamanı qadın öz xarici görünüşünə,
geyindiyi paltara belə diqqət yetirməlidir ki, eyni paltar
yoldaşının gözünü yora bilər. Eləcə də rəng seçiminə diqqət
yetirməlidir. Psixoloq deyir ki, ümumiyyətlə,
qadınlar qayınanalarla, uşaqlarla və bütün həyatla
düzgün davranış modelini qursa, nə boşanmalar, nə
də problemlər olar: "Lakin elə qadınlar var ki, bu
normaların hamısına əməl etsə də,
boşanmalarla üzləşir. Məsələn,
hazırda elə qayınanalar var ki, gəlin maksimum
düzgün davranış modelini həyata keçirsə
belə ona zülm verə bilər və bu
düzgünlüyü görmək istəmir. Nəticə etibarilə əks təsir
alınır və boşanmalar özünü göstərir.
Bundan başqa qadınlar evdə olduqda yemək
hazırlayır, eyni geyimdə qalır. Lakin
bir toy mərasiminə gedərkən həmin qadın gözlənilməz
dərəcədə dəyişir və yoldaşı bu dəyişikliyə
belə təəccüblənir. Çünki
həmin qadınların öz daxilində də
yoldaşına qarşı adiləşmə prosesi gedib.
Yəni bu birtərəfli deyil və qadınların
da gözündə kişilər adiləşir. Başqa bir yerə gedərkən qadının
özünə diqqət yetirməsinə gəldikdə isə
bu, kişiyə görə deyil, onların rəqabəti
qadınladır və başqa bir qadından daha yaxşı
görünməyə çalışırlar".
Psixoloq onu da bildirdi ki,
böyük bir ailə birgə yaşayarkən insanlar bir-biri
ilə dil tapmağa çalışmalıdır: "Əslində
bu, ailəyə bir köməkdir, yəni nənənin ailədə
olması uşaqlar üçün çox yaxşı
haldır. Əgər maddi imkanı varsa, ailənin
ayrı yaşaması təbiidir. İnsan
psixologiyası daha rahat olmağa, komforta üstünlük
verir. Ancaq böyük ailədə
bütün insanlar elə davranış modelləri ortaya
qoymalıdır ki, nəticə etibarilə ailə öz
möhkəmliyini qoruyub saxlasın. Avropa
ailə tərzini tərcih edənlərə gəldikdə
isə bu baxımdan bizdə həmin modeli seçən
qadınlar azdır".
Onu da qeyd edək
ki, mövcud səbəbləri həll etməyə
çalışmayıb, sadəcə ayrılmaqla onun həllinə
qərar verərkən valideynlər düşünməlidirlər
ki, bu boşanmalar yalnız onların ailəsinin
dağılması ilə deyil, həmin ailədə
böyüyən uşağa psixoloji təsirlə də nəticələnir. Gəlin ailələrimizi
qoruyaq!
Nigar
Palitra. -2010. – 2 mart . – S.11.