«Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq təmiz suya çevrilməsi çox faydalı olacaq”

 

Biologiya elmləri namizədi Tubuxanım Qasımova: “Gənc alimlər, ya da gənclər bir qrup şəklində yığışaraq sadəcə küçələrə çıxıb yaşıl patrul kimi əhali ilə təlimlər aparmalıdır”

 

Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Bu sahədə mövcud problemlər və onların həlli yolları ilə bağlı alimlərin, mütəxəssislərin fikirləri, təklifləri mühüm önəm daşıyır. Müsahibimiz AMEA-nın Botanika İnstitutunun böyük elmi işçisi, biologiya elmləri namizədi Tubuxanım Qasımovadır: -

Bugünlərdə ölkə başçısının ekoloji problemlərə həsr edilən müşavirəsi keçirildi və burada mühüm məqamlara toxunuldu. İlk növbədə bütün vəzifəli şəxslər öz sahələrində ekoloji tədbirlərin gücləndirilməsi işində praktiki addımlar atmalıdırlar və bu, çox vacib faktordur. İkinci mühüm amil ağaclarin əkilməsi və yaşıllıqların yaradılması istiqamətində əlavə tədbirlərin görülməsidir. 2010-cu ildə həm büdcə vəsaiti nəzərdə tutulub, həm də eyni zamanda digər mənbələrdən də istifadə ediləcək. Ölkə başçısının qeyd etdiyi kimi, ictimaiyyət geniş mənada bu işlərə çox fəal qoşulub. Əlbəttə ki, ən ilkin vəzifələrdən biri  Bakıda və Abşeronda üç milyon ağacın əkilməsi proqramıdır. Bunun həyata keçirilməsi nəticəsində doğma şəhərimiz, ümumiyyətlə, Abşeron daha da gözəlləşəcək, yaşıllıq artacaq, şəhərin havası təmizlənəcək. Əminəm ki, bu proqram gələcəkdə Azərbaycanın bütün ərazisi üçün yaradılacaq. Amma təəssüf, biz elə hallarla da rastlaşırıq ki, ağaclar əkilir, amma sonra onların qayğısına qalan, qulluq edən olmur. Bu, çox acınacaqlı haldır. Məni xüsusilə sevindirən o oldu ki, möhtərəm Prezidentimiz müşavirənin yekun nitqində bunu xüsusilə vurğuladı: "Biz bütün imkanlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Biz damcılı suvarma sisteminə keçməliyik. Çünki bizim işimiz ağacların əkilməsi ilə bitmir. Əsas məsələ ağaclara qulluq etmək, onları vaxtlı-vaxtında suvarmaq və onlara xidmət göstərməkdir. Mən istəmirəm ki, bu ağacəkmə məsələləri ancaq ağacların əkilməsi ilə məhdudlaşsın və ondan sonra ağacların gələcək taleyi diqqətdən kənarda qalsın. Yox, bir halda ki, bu ağaclar əkilir, ağaclara qulluq edilməlidir və bütün lazımi tədbirlər görülməlidir. Kanalizasiya sularından təkrar istifadə layihəsi işlənilməlidir. Yaxın Şərq ölkələrində və digər ölkələrdə bu təcrübə vardır". Bu, bir tərəfdən yaşıllıqlara düzgün aqrokimyəvi qulluğun təmin edilməsi üçün suvarma şəbəkəsinin yaradılması məqsədilə kanalizasiya sularının ən müasir texnologiyalara uyğun təmizlənərək istifadə edilməsi, həm də Xəzərin təmizlənməsi işində əvəzedilməz müsbət amil olacaq. Xəzər dənizinin sularının təmizlənməsi və duzsuzlaşdırılaraq təmiz suya çevrilməsi çox faydalı olacaq. Başqa bir mühüm problem - əhalini içməli su ilə təmin etmək istiqamətində qeyd olunduğu kimi, kompleks tədbirlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi sürətlənsə, bu il kəmər istifadəyə verilər və bu çox sevindirici hal olar. Çünki su qıtlığı ölkəmizdə hər zaman böyük problemlərdən biri olub. Kanalizasiya sisteminin yeniləşməsi və yaradılması istiqamətində vacib addımlar atılmasının zəruri olması qeyd olundu. Bu əlbəttə ki, Xəzər dənizinin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına xidmət göstərəcək. Neçə illər əhali çimərliklərdən istifadə edə bilmirdi. Amma son iki il ərzində bu problem qismən həll olunub və bu başlanğıcdır. Ən vacib məqamlardan biri də Bakı buxtasının təmizlənməsidir. Bir ekoloq kimi deyil, adi vətəndaş kimi deyə bilərəm ki, bu, mənim uşaqlıq arzumdur. Valideynlərim danışardılar ki, bu gün gəzdiyimiz Dənizkənarı Parkda, bulvarımızda vaxtilə çimərliklər olub. Nə vaxtsa o təmizliyi, o imkanları qaytara bilsək, yəqin ki, bütün əhali üçün sevindirici hal olar. Bizim Bakımız heç də dünya kurort şəhərlərindən gözəlliyinə və təbiətinə görə geridə qalmır. Bakının Rio-de-Janeyrodan nəyi əskikdir? İndiki tikililərə baxsaq, sahil kənarında tikilən gözəl binaları, otelləri görəndə, niyə də onların yaxınlığında çimərliklər bərpa olunmasın. Növbəti, çox böyük əhəmiyyət daşıyan məsələlərdən biri də meşələrin qorunması oldu.  

- “Ekologiya ili” mövcud ekoloji problemlərin həllində hansı rolu oynayacaq?  

- Bu gün bir sıra ekoloji problemlər mövcuddur. Onların həllinə həsr olunmuş bu il də davamlı olmalıdır. Təəssüflə olsa da, deməliyəm ki, bəzi mənbələrdə Bakı çirkli şəhərlərin siyahısına salınıb. Amma mən bununla heç də razı ola bilmərəm. Bu gün Bakımız gözəlləşir. Bu sırada aparılan tikinti və bərpa işləri ilə bu problemdən qaçmaq mümkün deyil. Amma bu məsələnin başqa tərəfi də məişət tullantıları məsələsidir. Bu gün ətrafımıza baxsaq, səhər küçələri təmiz görsək də, artıq axşam əksini müşahidə edirik. Bunu yenə də əhali özü edir. Təqsiri özümüzdə axtarmalıyıq. Məncə, ekoloji təlimat aparılmalıdır. Mən hüquqşünas ixtisası üzrə ikinci ali təhsil alıram və təkcə ekoloq kimi deyil, həmçinin ekologiya hüququ sahəsində formalaşan bir mütəxəssis kimi nümunə olaraq İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə istinad edə bilərəm, düzdür, bu maddə xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması ilə bağlı olsa da,  84.1 - Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulması nəticəsində olan cərimələrin cüzi miqdarda olmasını qeyd etmək istərdim. Yaxud maddə 86-da torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması öz əksini tapıb. Bütün bunlar bizim qanunvericilikdə var. Amma bir mütəxəssis kimi təklif edərdim ki, daha sərt cərimələr və cəzalar tətbiq olunsun. Demək olar ki, bizim Cinayət Məcəlləsində olan cəzalarla, törədilmiş ekoloji cinayətlərə görə və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində olan cəzaların fərqi çox da böyük deyil. Bizim ölkədə praktiki olaraq bu sahədə cinayət işləri tərtib olunmur. Amma olunsaydı, yaxşı olardı. Fəlsəfi baxımdan, bir ağacı məhv etmək onu əkən, qulluq edən insana zərər yetirməklə eyni hal deyilmi? Bilirsiniz, o insan ki, heç olmasa həyatda bir dəfə ağac əkib, məni başa düşər. Maddə 110-da göstərilir ki, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək, vəzifəli şəxslər şərti maliyyə vahidinin 40 mislindən 60 mislinədək, hüquqi şəxslər şərti maliyyə vahidinin 130 mislindən 160 mislinədək miqdarda cərimə edilir. Düzdür, bu xətaların törədilməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin müvafiq strukturları bu sahələrdə aktiv çalışırlar. Lakin bütövlükdə IX fəsilə yenidən baxılmalıdır və cərimələr, cəzalar daha da sərtləşməlidir.    

- Ekoloji problemlərdə əhalinin maarifçiliyinin aşağı olması da özünü göstərir ki, bu sahədə nəşrlərin az olması da bir faktdır. Həm ekologiya sahəsində tədqiqatlar aparan, həm də ekologiya huququ sahəsində bir mütəxəssis kimi deyə bilərsinizmi, ölkəmizdə bu sahədə yeniliklər varmı?

- Sözsüz, ekologiyaya indi çox maraq göstərilir və bu, günün məsələsinə çevrilib. Bu sahədə akademik Həsən Əliyevin "Həyəcan siqnalı" əsəri ilk qaranquşdur. O kitabda göstərilən ekoloji problemlər, təhlükələr bu gün də mövcuddur. Ətraf mühitin mühafizəsi sahəsində ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi artıq öz müsbət nəticələrini verməyə başlayıb. Buna görə də həyata keçirilən uğurlu ekoloji siyasətin nəticələrini əks etdirmək üçün "İlham Əliyevin uğurlu ekoloji siyasəti" adlı 400 səhifəlik hesabat xarakterli kitabın nəşr olunmasına zərurət yaranmışdı. Bu nəşr həm mütəxəssislər üçün, həm də adi oxucular üçün böyük maraq kəsb edir.

Azərbaycanda ilk dəfə MDB məkanında analoqu olmayan "Ekoloji Atlas" nəşr olunub. Atlas AMEA-nın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, BDU və ATU-nun tədqiqatçı alimləri tərəfindən hazırlanıb və akademik Q.Ş.Məmmədov, professor M.Y.Xəlilov və biologiya elmləri doktoru S.Z.Məmmədova tərəfindən tərtib edilib, akademik B.Ə.Budaqovun redaktorluğu ilə çap olunub. Hazırlanmış atlasın xüsusi tematik məzmunu 11 bölmədən ibarətdir. Bunu bir tədris vəsaiti hesab etmək olar və bioloqların, coğrafiyaşünasların, torpaqşünasların, ekoloqların və digər mütəxəssislərin stolüstü kitabına çevrilməlidir. Ən əsası odur ki, atlas nəinki dünya və Azərbaycan ekologiyası ilə bir tanışlıq xarakteri daşıyır, həm də maarifləndirici əhəmiyyət kəsb edir. Bütün ekoloqların adından bir gənc alim kimi, atlasın üzərində zəhməti olan hər bir mütəxəssisə, əsasən də atlasın müəlliflərinə öz dərin minnətdarlığımı bildirirəm.   

- Müşavirədə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, məişət tullantıları zavodunun fəaliyyəti, bəzi göllərin qurudulması kimi məsələlərə toxunuldu. Bununla bağlı fikirlərinizi bildirərdiniz.

- Bakıda məişət tullantıları zavodunun tikintisi çox lazımlıdır. Təbii ki, bu böyük maliyyə vəsaiti tələb edən layihə olsa da, şəhərimizin təmizlənməsi üçün mühüm rolu olar. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Çünki buna təkcə Bakının yox, respublikamızın başqa şəhərlərinin də ehtiyacı var. Neftlə çirklənmiş ərazilərdə təmizlənmə işləri geniş xarakter daşımalıdır. Abşeron yarımadasını neftlə çirklənmiş yerlərdən, gölməçələrdən təmizləmək zəruridir. Təkcə göllər məsələsi yox, mənim üçün apardığım tədqiqatlarımla bağlı olaraq maraqlı olan torpaqların bərpası məsələləri də öz həllini tapıb. Göllərin təmizlənməsi lazımlı amildir. Mütəxəssislərin rəyinə əsasən, onlardan bəziləri qurudulmalı, bir qismi isə bərpa olunmalıdır.   

- Bir mütəxəssis kimi hansı təklifləri irəli sürərdiniz?

- Mən hüquqşünas kimi problemlərə və onların hüquqi baxımdan həllinə toxundum. Amma indi ekoloq kimi məsələni müzakirə etmək istərdim. Mən Şirvan torpaq-bitki örtüyünün ekoloji qiymətləndirilməsi və monitorinqi ilə məşğulam. Azərbaycan dünyanın torpaq ehtiyatları ilə az təmin olunmuş ölkələrindən biridir. Ona görə də torpaqlardan səmərəli istifadə, münbitliyin qorunması, mühafizəsi və artırılması daim dövlətin diqqət mərkəzindədir. Bu məsələ son illər qəbul edilmiş bir sıra qanunlarda, o cümlədən "Torpağın münbitliyi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanunlarda və dövlət proqramlarında öz əksini tapıb. Bü gün ictimaiyyət ekoloji məsələlərin həllində fəallaşıb, yenə də hesab edirəm ki, bu azdır, biz mütəmadi olaraq aksiyalar keçirməliyik. Məsələn, gənc alimlər, ya da hər bir gənc bir qrup şəklində yığışaraq sadəcə küçələrə çıxıb yaşıl patrul kimi əhali ilə təlimlər aparmalıdır. Küçələrin zibillənməməsi barədə, "Təmiz şəhər" aksiyası keçirmək çox zəruridir. Yaxşı olardı ki, yerli telekanallar və ziyalılar, siyasətçilər, millət vəkilləri və başqaları bizə qoşulaydılar. İnanın ki, əgər bu birgə aksiya mütəmadi keçirilsə, Bakı ən təmiz şəhərlər siyahısına daxil olar. Qanunvericilikdə də, bayaq qeyd etdiyim kimi, dəyişikliklər olmalıdır və daha sərt cəzalar tətbiq olunmalıdır, cərimədən yayınmağa çalışanlar daha artıq cinayət məsuliyyətinə cəlb edilməlidirlər. İctimai yerlərdə siqaret çəkilməsi qadağan olunmalıdır. Nəzər salsaq, küçələrimizin də əsas zibili məhz siqaret qalıqları və qutularıdır. Biz gənclər, xüsusi olaraq nümayəndəsi olduğum elmi gənclik, hər zaman ölkə başçısının siyasətini dəstəkləyirik və öz fəaliyyətimizlə çalışmalıyıq ki, onun bizə göstərdiyi etimada layiq olaq və  2010-cu il Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tarixində nəinki "Ekologiya ili" kimi qalsın, həmçinin ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılsın. Çünki ekoloji durumu yaxşılaşdırmaq öz gələcəyimizi yaxşılaşdırmağa bərabərdir.  

 

 

Nigar

 

Palitra. -2010. – 16 mart. – S.5.