“İstənilən zirək
sahibkar yaradılmış şəraitdən istifadə edərək
uğurlu və gəlirli fəaliyyətlə məşğul
ola bilər”
Xanoğlan Qasımov: “Turizm şirkətlərinin
işi-gücü xaricə turist göndərməklə
bağlıdır ki, bu da ölkənin pul itirməsinə
aparıb çıxarır”
Prezident İlham Əliyevin
iştirakı ilə keçirilmiş, 2009-2013-cü il
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramının birilliyinə həsr olunmuş müşavirədə
sahibkarlığın inkişafı ilə bağlı məsələlərə
xüsusi diqqət yetirilib. Belə
ki, sözügedən müşavirə daha çox sahibkarlığın
və regionların inkişafı ilə bağlı olan məsələlərə
həsr edilib. Bu, Azərbaycanda sahibkarlığın
inkişafı ilə bağlı ciddi dövlət iradəsinin
mövcudluğundan irəli gəlir. Çünki ölkədə
bu sahə həm siyasi, həm də maddi tərəfdən məqsədyönlü
şəkildə himayə olunur və dəstəklənir.
Sahibkarlara müxtəlif
yollarla yardımlar edilir, həmçinin Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə güzəştli
kredit şəklində böyük vəsait verilir. Eləcə
də Azərbaycan Dövlət İnvestisiya Şirkətinin
xətti ilə bu sahənin inkişafı üçün
vacib olan layihələr icra edilir. Bu tədbirlər ölkənin
ümumi və hərtərəfli inkişafına
hesablanıb. Müxtəlif bazarlara çıxmaq, o bazarlarda
uğurla təmsil olunmaq dövlətin prioritet iqtisadi məqsədləri
sırasındadır. Ona görə də
sahibkarlığın rentabelli sahə olması
üçün son zamanlar daha intensiv və ciddi addımlar
atılır. Bu baxımdan Azərbaycan dövlətinin getdikcə
artan beynəlxalq imkanları fonunda sahibkarlığa diqqətin
daha da artırılması ciddi önəm kəsb edir, bu sahədə
inkişaf etmiş ölkələrin müsbət təcrübəsi
əsas götürülür. Nəzərə almaq
lazımdır ki, iqtisadiyyatın əsas hissəsini təşkil
edən kiçik və orta sahibkarlıqdır. Prezident son
müşavirədə belə bildirib: “Biz də elə etməliyik
ki, kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan
iqtisadiyyatının əsasını təşkil etsin. Bu
gün bu, belə deyildir və əlbəttə ki, bunu bu
gün gözləmək sadəlövhlük olar. Çünki
bizim böyük neft-qaz hasilatımız vardır. Biz
sahibkarlığı nə qədər inkişaf etdirsək
də, yenə də sahibkarlıqda yaranan məhsul, milli gəlir
ona, neft-qaz sektoruna çatmaz. Amma bunu etməliyik,
bütün şəraiti yaratmaqla, xarici bazarlara
çıxmaqla, eyni zamanda, xaricə investisiyalar qoymaqla biz
buna nail olmalıyıq”.
Qeyd etmək lazımdır
ki, bu sahədə həyata keçirilən tədbirlər və
nəzərdə tutulan planlar sistemli xarakter
daşıyır. Həmçinin son dövrdə xüsusi
diqqətə götürülən sahələrdən biri
də turizmdir. Bu sahədə effektli sahibkar fəaliyyətinin
formalaşması üçün tədbirlər
görülür. Ötən il Dövlət
Proqramının icrası çərçivəsində
turizm infrastrukturunun inkişafı ilə bağlı işlər
davam etdirilib, Prezidentin iştirakı ilə Şahdağ
Qış-Yay Turizm Kompleksinin təməli qoyulub, Gəncədə
beynəlxalq standartlara cavab verən “Ramada” mehmanxanası
istifadəyə verilib. Hazırda müasir standartlara cavab verən
20-dək turizm obyektinin tikintisi davam etdirilir. Ümumiyyətlə,
bu sahədə də sahibkarlar üçün münbit
şərait var. Bununla belə, qarşıda turizmin rentabelini
artırmaq üçün konkret vəzifələr durur. Mövzu
ilə bağlı münasibətini bildirən “Azər ko
LTD” turizm şirkətinin rəhbəri Xanoğlan Qasımov fəaliyyətləri
ilə bağlı belə deyir: “13 ildir ki, fəaliyyət
göstəririk. Əsas fəaliyyətimiz həm ölkəyə
turist gətirmək, həm də xarici turizmlə
bağlı olub. Xaricə ildə təqribən 2000-3000 turist
göndəririk, təqribən
500-ə yaxın turist qəbul edirik. Eləcə də
sanatoriyalarımıza turist göndəririk. Bu sahədə
işlər normal gedir. Ümumiyyətlə, turizmin daha
sürətlə inkişaf etdirilməsi üçün son
dövrlərdə ciddi tədbirlər görülməyə
başlayıb. Sahibkarlığa diqqət xeyli dətəcədə
artırılıb. Təsadüfi deyil ki, Prezident hökumət
nümyəndələrinin son müşavirəsində bu məsələyə
xüsusi şəkildə toxundu. Prezident ifadə etdi ki,
sahibkarlara yaradılan mühit sahibkarlığın
inkişafı üçün daha da
canlandırılmalıdır, sahibkarlara mümkün olduqca
kömək etmək lazımdır. Sahibkarlara kreditlər
ayrılması, onların həvəsləndirilməsi ilə
bağlı bütün tədbirlər həyata
keçirilir və bundan sonra da keçiriləcək. Həmçinin
daha diqqətçəkən bir məqam odur ki, Prezident
müşavirədə sahibkarlara qarşı yaradıla biləcək
hər hansı maneə halları ilə bağlı ciddi xəbərdarlıq
etdi. Bu, ciddi siqnal olmalıdır.
Konkret bizim şirkətin fəaliyyəti
ilə bağlı məqama gəldikdə isə deməliyəm
ki, fəaliyyətimizə hələ indiyə qədər
heç bir qurum tərəfindən süni maneəçilik
törədilməyib. Fəaliyyətimiz qanuni çərçivədə
davam edir və qanuni olaraq da müvafiq qurumlara hesabat veririk. Bu
baxımdan heç bir problemimiz yoxdur. Məncə, istənilən
zirək sahibkar yaradılmış şəraitdən istifadə
edərək uğurlu və gəlirli fəaliyyətlə məşğul
ola bilər. Əgər hansısa sahibkarlara süni maneələr
varsa, bu barədə qoy fikirlərini bildirsinlər, şikayətlərini
çatdırsınlar. Qeyd etdiyim kimi, Prezident özü də
belə maneələrə son qoyulması ilə bağlı
ciddi xəbərdarlıq etdi. Ona görə də məhəlli
səviyyədə belə maneələrə rast gəlinsə
belə, sahibkar lazımi instansiyalara müraciət etməlidir
ki, problemi həll edilsin”.
Sahibkar bildirir ki, onun həmkarları
eyni zamanda cəmiyyətdəki sosial proqramlara, xüsusən
də xeyriyyəçilik işlərinə ciddi diqqət
yetirməlidirlər: “Bu barədə hər bir sahibkar müəssisəsinin
və özünün gücü çatdığı təqdirdə
imkansızlara, şəhid ailələrinə və sair bu
kateqoriyadan olanlara yardım edə bilər. Biz də
gücümüz çatdığı qədər bir
neçə dəfə belə xeyriyyə işləri həyata
keçirmişik və xəstələrə, əməliyyata
ehtiyacı olanlara pul yardımları etmişik. Eləcə də
Mədəniyyət və Turizm Nazirliyinin bu məqsədlə
həyata keçirdiyi tədbirlərdə iştirak
etmişik”.
X.Qasımov
sahibkarlığa yaradılan şərait fonunda bu sahənin
inkişafı üçün vəsait tələb
olunduğunu da düşünür: “Avstriyanın əhalisi
9 milyondur. Ərazisi 82 min kvadratkilometrdir. Büdcəsi isə
192 milyard avrodur. Bu ölkənin gəlirinin 85 faizi turizmdən
formalaşır. Amma bizdə daxili turizm çox zəifdir. Əsas
fəaliyyətimiz insanlarımızı xaricə göndərməklə
bağlıdır. Bu isə əslində büdcəmizə
xeyir gətirmir. Hər bir turist
xarici ölkəyə yollananda heç olmasa, 2000-3000
dollar pul aparır. Bu pullar onun getdiyi ölkədə xərclənir,
həmin ölkənin büdcəsinə gedir. Əgər o pul, ya da xaricdən gələn
turist axınından daxil olan pul bizdə xərclənsəydi,
büdcəyə xeyli gəlir gələrdi. Hələ sovet
dövründə bizə Rusiyadan, digər sovet
respublikalarından xeyli turistlər gəlirdi. O vaxt
bütün əsas turizm yerlərimizdə bu cür turistlər
dəstə ilə gəzirdilər. İndi yenidən bu qədər
sayda turisti cəlb etməyin çoxdan vaxtı gəlib
çatıb. Əslində ən böyük
bazarımız Rusiyadır. Biz elə rusları turist kimi cəlb
edib ölkəmizə gətirsək, büdcəmizə xeyli
pul daxil olar. Elə bizimlə sərhəd ərazilərindəki
Rusiya vətəndaşlarını cəlb edə bilsək,
xeyli qazanmış olarıq. Əsas turizm fəaliyyəti bu
istiqamətə yönəldilməlidir. Bununla bağlı
turizm təşkilatları, onların fəaliyyətləri
ciddi koordinasiya olunmalıdır. Təşkilatlar bununla
bağlı stimullaşdırılmalı, hətta lazım gələrsə,
məcbur edilməlidir. Hazırda qeydiyyatdan keçmiş 380
turizm təşkilatı var. Amma onların işi-gücü
xaricə turist göndərməklə bağlıdır. Bu,
bizim xeyrimizə deyil. Çünki ölkə pul itirir”.
Sahibkarın bildirdiyinə
görə, daxili turizmin standartlarının yüksəldilməsi
də bu sahəni büdcəmiz üçün gəlirli edəcək:
“Daxili turizmin inkişafı üçün ciddi tədbirlər
həyata keçirilməlidir. Burada əsas məqamlardan biri
daxili turizm bazarında xidmətin səviyyəsi və qiymətlərlə
bağlıdır. Qiymətlərimiz xarici qiymətlərlə
müqayisədə çox bahadır. Məsələn,
xaricə yollanan turist on günə 500 dollar sərf etməklə
qala bilər. Amma bizim Nabranda o qiymətlə qalmaq
mümkün deyil, çünki qiymətlər çox
bahadır. Həmçinin hələ də otellərdəki
çarpayıların sayı çox azdır. Bəlkə
də çarpayıların sayı xeyli artandan sonra burada
qiymətlər düşə bilər. Eləcə də
xidmətlər çox aşağı səviyyədədir.
Tutalım, Antalya ilə Nabranı müqayisə edək. Antalya
həddindən artıq istidir, orada 45 dərəcədən
də artıq isti var. Orada yayda
nəfəs belə almaq olmur. Nabran isə ora nisbətən
çox sərindir. Amma Antalyada müxtəlif aparatlar yerləşdirməklə,
istinin, ağcaqanadın təsirini itirə biliblər. Bizdə
isə Nabranda bir gecə qalsan, ağcaqanadların əlindən
birtəhər olarsan. Həmçinin nəmişlik, zir-zibil
də “öz yerində”. Yemək-içki qiymətləri isə
xariclə müqayisəyəgəlməz dərəcədə
bahadır. Məsələn, 3 nəfər birdəfəlik
yeməyə görə 100 man pul ödəməlidir. Amma 100
manata həmin üç nəfər Antalyada 4 günə qədər
dolana bilər. Elə camaatımızın xaricə daha
çox üz tutmasının əsas səbəbi də belə
məqamlardır. Eləcə də xarici turistlər belə
məsələlərə görə ölkəmizə gəlməkdə
maraqlı deyil. Ona görə də birinci olaraq daxili turizmin səviyyəsini
yüksəltmək lazımdır. Təkcə regionlarda yeni
turizm obyektləri tikməklə kifayətlənmək olmaz.
Onların standartlara uyğun xidmət və qiymətlərlə
fəaliyyət göstərməsinə nail olmaq lazımdır.
Məsələn, Lerikdə tikilmiş “Relax”da bir
günlük qalmaq 180 manata, Masallıdakı İstisuda elə
yer var ki, 200 manata başa gəlir. Bu yerlərdəki əhalinin
şəraitinə həmin qiymətlər qətiyyən
uyğun gəlmir. Gərək birinci növbədə, həmin
rayonların əhalisinin cibinə uyğun qiymətlər təklif
olunsun. Çünki birinci olaraq onlar yaxın istirahət yerlərinə
gedirlər. Onlarsa yəqin ki, bu qiymətlərlə razı
ola bilməzlər. Heç avropalı da həmin qiymət və
şərtlərlə bizə gəlməyə ürək
etməz. O, 200 avroya burada birgünlük qalmağa heç
vaxt razı olmaz”.
Sahibkar deyir ki, bütün
qeyd edilənlərə görə, qiymətlərlə
bağlı ciddi islahatlar aparmağa dəyər: “Orası
doğrudur ki, müvafiq nazirlik xidmətlərə görə
bir sıra otellərin ulduzlarının ləğvi kimi tədbirlər
həyata keçirir, eləcə də verilən ulduzlara
uyğun xidmət səviyyəsinin olmasına diqqət
yetirilir, hər otelə ulduz verilmir. Amma buna baxmayaraq, müəyyən
inzibati müdaxilələr, ictimai nəzarət və sair tədbirlər
də həyata keçirilməlidir. Yoxsa turizmin səviyyəsini
yüksəltmək çətin olacaq”.
Digər bir məqam isə Xəzərsahili
yerlərdə bir sıra ərazilərin çəpərə
alınmasıdır ki, bu da turizm şəraitinə, bu sahənin
inkişafına əngəl törədir: “Bu kimi faktlar təəssüf
ki, var və bu, mənfi qarşılanmalıdır. Belə
ki, əgər hər hansı sahilyanı ərazi hasara
alınıbsa və orada pullu çimərlik elan olunubsa, onda
xidmət təşkil edilməlidir. Belə ki, həmin ərazidə
suyun təmiz olması, qumun zibillik olmaması, sanitariya və
gigiyenik qaydalara riayət olunması, digər məsələlər
reallaşdırılmalıdır. Yoxsa, hansısa şəxs
sahili yalnız hasara aldığına görə pullu
çimərlik elan edirsə, bu, ədalətli və
ağlabatan deyil”.
X.Qasımov sonda qeyd etdi ki,
bütün bildirilən məsələlərlə əlaqəli
olaraq Prezidentin sonuncu çıxışı bütün
sahibkarlar və əlaqədar qurumlar üçün bir
proqramdır: “Nəinki turizm işçiləri, bütün
sahə sahibkarları bu proqramdan yüksək səviyyədə
bəhrələnə bilərlər”. Onun sözlərinə
görə, Turizm Nazirliyinə də bu məqsədlə
müəyyən vəsait ayrılmalıdır ki, nazirlik
öz xətti ilə turizm-istirahət zonaları təşkil
estin. Bu sahəni intizam və qaydaya salmaq üçün
nazirlik yeni təşəbbüslərlə
çıxış edə bilər.
Ağayev İlkin
Palitra. -2010. – 16 mart. – S.6.