Professor Rasim Məmmədov: “Günəş enerjisindən
istifadəyə diqqət yetirmək lazımdır”
"Alternativ enerji mənbələri
elmtutumlu sahə olduğuna görə, burada yalnız
onların texnologiyasının hazırlanması, texniki
işçilər kifayət etmir, mütləq elmi təfəkkürü
olan alimlər cəlb olunmalıdır"
Layihə çərçivəsində
növbəti müsahibimiz BDU-nun fizika fakültəsinin
dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor
Rasim Məmmədovdur.
- Mən 1974-cü ildən
Bakı Dövlət Universitetinin fizika fakültəsində
laborant kimi çalışmışam, 1975-ci ildə
aspiranturaya daxil olmuşam. 1979-cu ildə
dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi
oldum. Daha sonra müəllim, baş müəllim,
dosent və nəhayət, professor kimi
çalışıram. 1999-cu ildən
dekan müavini, 2004-cü ildən dekan vəzifəsindəyəm.
İşlədiyimiz müddət ərzində
biz fizikanın aktual problemləri ilə yanaşı tədris
prosesi ilə məşğuluq. Tədris
prosesinin inkişafı o səviyyəyə gəlib
çatıb ki, biz də hazırda dünyəvi təhsil
sisteminə qoşulmuşuq. Boloniya təhsil
sisteminin bütün qaydaları artıq bizim fakültədə
tətbiq olunub. Artıq I və II kurslar
tamamilə Boloniya sisteminə keçib, III və IV kurslarda isə
qismən bu sistemin qaydalarından istifadə olunur. Fakültədə min nəfərə yaxın
bakalavriat və magistratura təhsil pilləsində oxuyan tələbə
var, 100 nəfərə yaxın professor-müəllim heyəti
çalışır. Hazırda tələbələr
fakültədə 4 ixtisas üzrə təhsil alır və
13 ixtisaslaşma üzrə magistraturada təhsil alan tələbələr sonradan təhsilini
doktoranturada davam etdirirlər, layiqli tələbələr BDU
da saxlanılır. Son illər elmi-texniki
inkişafın tələbinə uyğun olaraq universitetdə
yeni kafedralar açılıb. 2005-ci ildən
fizika fakültəsində Nanomaterialların kimyəvi
fizikası kafedrası yaradılıb. Hazırda
orada nanotexnologiyanın ən müasir problemləri üzrə
tədqiqat işləri gedir. Həmin
dövrdən fizika fakültəsinin tədris planına
nanotexnologiyanın ayrı-ayrı fənlərinə uyğun
dərslər daxil edilib. Bununla
yanaşı fakültədə ən müasir problemlər
üzrə tədqiqat işləri həyata keçirilir.
O cümlədən, yarımkeçiricilər sahəsində
böyük nailiyyətlər əldə edilib. Son dövrlər çox böyük diqqət
yetirilən alternativ enerji mənbələrinə aid geniş
işlər həyata keçirilməkdədir. Belə ki, fakültədə uzun illərdir Günəş
çeviricilərinin üzərində tədqiqat işləri
aparılır. Bu sahəyə aid
fakültədə böyük kadr potensialı var. Xüsusi
metodikalar hazırlanıb və Günəş çevricilərinin
hazırlanmasında itifadə olunan fiziki, kimyəvi və digər
metodlar artıq tətbiq olunur. Ümidvarıq
ki, apardığımız tədqiqat işləri tezliklə
praktikada tətbiq olunacaq. Tələbələr
tədrislə yanaşı elmi-tətqiqat işlərinə
cəlb olunurlar. Onların sonradan müəllim və
elmi kadr kimi
formalaşmasında aşağı kurslarda
aparılan elmi-tətqiqat işləri böyük rol
oynayır.
- Bu gün ölkədə
fizikanın inkişafı hansı səviyyədədir və
gənclərin bu sahəyə olan marağı sizi qane edirmi?
- Ölkəmizdə elm sahələri içərisində ən inkişaf etmiş sahələrdən biri məhz fizika hesab edilir. Beynəlxalq aləmdə 1970-ci illərdən başlayaraq yarımkeçiricilər fizikası sahəsində geniş elmi məktəblər yaranmışdı. O cümlədən, ölkəmizdə də belə bir elmi məktəb yaranmağa başladı və sonralar bu sahənin inkişafı elə bir mərhələyə çatdı ki, Azərbaycan yarımkeçiricilər fizikası sahəsi dünyəvi sahəyə çevrildi. Hazırda ölkəmiz yarımkeçiricilər fizikası texnikası, texnologiyası üzrə ən inkişaf etmiş elmi mərkəz hesab edilir. Bu sahə üzrə kadrlarımız artıq Amerika, Almaniya, İngiltərə, Fransa, Yaponiya, Türkiyə, İran və digər ölkələrdə çalışırlar. Onların elmi nailiyyətləri daim bizim diqqət mərkəzindədir. Hazırda bu sahədə fakültəmizdə tədqiqat işləri gedir. Beləliklə, yarımkeçiricilər fizikası sürətlə inkişaf edir və bu da dünya səviyyəsində elmi-texniki tərəqqiyə böyük töhfə verəcək. Hər il bizim fakültədən ölkənin müxtəlif bölgələrinə 100-dən artıq fizika ixtisası üzrə müəllim göndərilir. Gənclərin fizikaya münasibəti çox yaxşıdır. Fizika həm texniki elmlərin mənimsənilməsində, həm də əlaqədə olan digər elmlərin inkişafında əsas yerlərdən birini tutur. Ona görə də həyatda, cəmiyyətdə, təbiətdə baş verən prosesləri aydınlaşdırmaq üçün fizikanı bilmək lazımdır. Bu gün kompyuter texnologiyasının inkişafı ilə əlaqədar gənclər internetdən geniş istifadə edirlər və bu da məhz fizikanın nailiyyətləridir. Ona görə də onlarda fizika ilə bağlı çox gözəl təsəvvürlər yaranır və bu elmi öyrənməyə can atırlar.
- Hazırda bu sahədə hansı problemlər mövcuddur?
- Problemlərə gəldikdə bu, Günəş çeviricilərinin hazırlanması ilə bağlıdır. Belə ki, bu, yarımkeçirici cihazların hazırlanması, işlənməsi və texnologiyası sahəsində mövcud olan elmdir və Günəş batereyalarında istifadə oluna biləcək yeni növ yarımkeçiricilərin sintezi üzərində işlər gedir. Nəzəri fizika sahəsində də işlərimiz kifayət qədər yüksəkdir. Bununla yanaşı polimer fizikasına geniş diqqət ayrılır. Fakültəyə kifayət qədər yeni cihaz və qurğular alınıb və ən son nailiyyətlərdən olan atom qüvvə mikroskopu vasitəsilə tələbələrimiz laboratoriyada işlər həyata keçirir, elmi təqiqat işləri ilə məşğul olurlar və bu da o deməkdir ki, artıq makro deyil, mikroaləmdə baş verən fiziki proseslər tələbələrin gündəlik tədqiqat obyektinə çevrilib.
Fizika sahəsində ədəbiyyatla bağlı problem demək olar ki, yoxdur. İndiyədək əsasən rus mənbələrindən istifadə edilirdi. Son dövrlərdə rus ədəbiyyatının, o cümlədən dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsinə geniş yer ayrılıb. Tələbələrin təhsil planlarına uyğun olaraq ana dilində dərs vəsaitləri yazılıb.
- Bu gün ölkədə aktual məsələlərdən olan alternativ enerjinin tətbiqi ilə bağlı fizika elmi hansi töhfələri verə bilər? Diplomatiya Kollecində alternativ enerjidən istifadəni reallaşdırmaq nəzərdə tutulur. Sizcə bunu digər ali təhsil ocaqlarında da tətbiq etmək mümkündürmü?
- Alternativ enerji mənbələri elmtutumlu sahə
olduğuna görə, burada yalnız onların
texnologiyasının hazırlanması, texniki işçilər
kifayət etmir, mütləq elmi təfəkkürü olan
alimlərin cəlb olunması ilə bu sahəni inkişaf
etdirmək olar. BDU-da bu sahədə həm kadr, həm də
elmi tədqiqat imkanı var. Bunları istehsalla əlaqələndirmək
və bir mərkəzdə cəmləşdirərək
alternativ enerji mənbələrini inkişaf etdirmək olar.
Xüsusilə də Günəş enerjisindən istifadəyə
diqqət yetirmək lazımdır. Bu sahədə
fizikanın rolu çox böyükdür. Bununla
bağlı bizim fakültədə çox böyük
ehtiyat var-həm maddi-texniki baza, həm də kadr potensialı.
Bundan başqa biokütlə də yeni bir sahədir və
burada elə biokütlə istehsal etmək lazımdır ki,
onda olan komponentlər yanacaq kimi istifadə oluna bilsin. Belə
bir texnologiya da BDU-da mövcuddur. O texnologiyadan istifadə edərək
həm çoxlu biokütlə yaratmaq olar, həm də həmin
biokütlədən yanacaq kimi istehsal etmək olar.
Diplomatiya Kollecində
yağış suyundan istifadənin tətbiqi nəzərdə
tutulub və xüsusi qurğular yaradaraq o enerjidən istifadə
ediləcək. Amma o, kütləvi enerji ola bilməz və
xırda məqsədlər üçün istifadə oluna
bilər. Ancaq alternativ enerji kimi çox yaxşı bir vasitədir.
Ümumiyyətlə, ondan alınan enerji o qədər də
güclü olmadığı üçün
ayrı-ayrı təhsil ocaqlarının bundan istifadəsinə
ehtiyac yoxdur. Bu gün Almaniya, Amerika, Çin, Yaponiya öz
enerji tələbatının 10 faizini alternativ enerjidən
istifadə ilə ödəyirlər. Bunun da içərisində
xüsusi yeri Günəş elementləri tutur. Hazırda
geniş tədqiqat işləri aparılır ki, bu sahədə
faydalı iş əmsalı artırılsın. Yalnız
elmdən istifadə etməklə buna nail olmaq
mümkündür, yəni, texniki məsələ deyil.
Son dövrlər ölkə
başçısının alternativ enerji mənbələrindən
istifadə üçün verdiyi sərəncamlar bizi tam əmin
edir ki, yaxın gələcəkdə alternativ enerji mənbələrindən
ölkəmizdə geniş istifadə olunacaq. Sənaye və
Energetika Nazirliyinin tərkibində yaradılan Bərpa olunan və
Alternativ Enerji Mənbələri Agentliyi bu sahədə
çox gözəl istiqamət seçib.
Müəssisələrlə,
o cümlədən BDU ilə əlaqələr yaratmaq istəyirlər
ki, onların imkanlarından istifadə edilsin. Belə bir
agentliyin yaranmasını alqışlayırıq və tam əminik
ki, bu agentlik ölkədə alternativ enerji mənbələrindən
istifadəni sürətləndirəcək, yaxın gələcəkdə
ölkəmiz bundan bəhrələnəcək.
Ölkədə həm
Akademiya, həm də Təhsil Nazirliyinə daxil olan elmi mərkəzlərdə
alternativ enerji ilə bağlı işlər gedir. Ancaq problem
o idi ki, koordinasiya yox idi. Radiasiya Problemləri İnstitutunda da
bu sahədə tədqiqatlar gedir.
Nigar
Palitra. -2010. – 4 may. – S.6.