Şəkidə hər
üç ailədən biri sənətkardır
Suvenir zavoduna ehtiyac var
Turizm sektorunun ölkə
iqtisadiyyatının aparıcı sahələrindən birinə
çevrilməsi prioritet istiqamətlərdəndir. Ölkə
başçısı tərəfindən təsdiq olunan
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı da məhz buna yönəlib. Adıçəkilən
proqramın həyata keçirilməsi üzrə tədbirlər
planında əksini tapan bəndlərdən biri də milli sənətkarlıq
və suvenir məhsullarının istehsalının təşviqi
ilə bağlıdır. Qeyd edək ki, xarici ölkələrdə
bu fakta çox böyük önəm verilir. Xüsusilə
turizmin inkişaf etdiyi ölkələrin iri şəhərlərində
xüsusi suvenir mağazaları var ki, turistlər ən
çox həmin mağazalara baş çəkirlər.
Eyni zamanda ölkəyə gələn
yüksək səviyyəli qonaqlara xüsusi
hazırlanmış suvenirlər təqdim edilir ki, bunlarda da həmin
ölkənin tarixini, mədəniyyətini, dövlət
atributlarını əks etdirən cizgilər olur. Məsələn,
Almaniyada mağazalarda satılan bütün suvenirlərin
üzərində Berlinin şəkli, ölkənin xəritəsi,
tarixi-mədəniyyət abidələrinin təsviri əks
olunub. Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin
müdiri Aydın İsmiyevin sözlərinə görə,
bu gün Azərbaycanda və bölgələrdə müxtəlif
sexlər suvenir istehsalı ilə məşğul olur, amma
onlara konkret hansısa qurum tərəfindən heç bir nəzarət
olunmur: «Bizim qonaqlarımız olanda həmin sexlərə əvvəlcədən
sifariş veririk. Bunlar kiçik həcmli suvenir xalçalar,
kəlağayılar və s. ola bilər. Əsas olan budur ki,
həmin suvenirlər başqa ölkələrin istehsalı
olmasın». A.İsmiyev çıxış yolu kimi əvvəllər
Bakıda mövcud olan suvenir zavodunun bərpasının
vacibliyini deyir: «Dövlətin nəzarətində olan suvenir
zavodunun olması yaxşı olardı. Bu, əvvəlki
zavodun fəaliyyətinin bərpası şəklində də
ola bilər. Əsas olan budur ki, turistlərə təqdim
olunan suvenirlər Azərbaycan mədəniyyyətini, dövlət
atributlarımızı, tariximizi əks etdirsin».
Bəs bu gün ölkəmizdə
qədim tarixə malik sənət növlərinin
istehsalı və onun təbliği istiqamətində
hansı addımlar atılır? Müsahiblərimiz Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən "Sənətkarlıq
paytaxtı" elan edilən Şəki şəhərinin sənətkarlarıdır:
«Turistlər daha çox kiçik suvenirlərə
üstünlük verirlər»
Bu sənətkarlardan biri
şəbəkəçi Tofiq Rəsulovdur:
- Şəbəkəçi
sənətini uşaqlıqdan atamdan öyrənmişəm.
Ümumiyyətlə, şəbəkənin müxtəlif
növləri var. Belə ki, 8, 6 bucaqlı, 5 minlik, 14 minlik, hətta
digər şəbəkə növləri var və mən
onların hamısından istifadə edirəm. Onların
sırasında ən çətin növ 14 minlik hesab edilir
ki, bu şəbəkə 6 aya başa gəlir. Şəbəkə
ilə bağlı sifarişlər qəbul edirik. Otellər,
adi adamlar üçün hazırlayırıq. Ancaq məhsulları
yerli əhalidən daha çox turistlər alır.
Hazırlanan məhsulun miqdarına gəldikdə isə o gələn
turistlərin sayına baxır. Əsasən Türkiyə,
İran, Almaniya, İran, Amerikadan gələn turistlər
alır. Bu sənətdə zəhmətlə yanaşı
bilik də tələb olunur. Burada həndəsə,
riyaziyyat, rəsmxət kimi elmlər birləşir. Qiymətlərə
gəldikdə isə kiçik işlər var ki, 20-50 manat
arasındadır, gec başa gələn şəbəkə
isə 200-300 manatadır. Bu sənəti yaşatmaq, gələcək
nəslə çatdırmaq üçün bizdə dərnək
fəaliyyət göstərir. Burada uşaqlar sənətin
sirlərinə yiyələnirlər, ancaq onların
sırasından 1-2 nəfər yaxşı öyrənən
çıxarsa böyük işdir. Gərək uşaqda həvəs
olsun və bu gün az da olsa həvəs göstərənlər
var. Biz Bakıda keçirilən turizm sərgisində
iştirak etdik, amma bu, bizim ilk sərgi deyil. Belə ki, Səudiyyə
Ərəbistanında, Tunisdə, Türkiyədəki sərgilərdə
olmuşam. Azərbaycandan müxtəlif sənət
ustaları dəvət olunsa da şəbəkə sahəsində
ölkəmizi yalnız mən təmsil edirəm. Xaricdə
olarkən müşahidə edirəm ki, bu sənətdən
dünyada yoxdur, yalnız bizdədir. Hazırda ölkədə
şəbəkədən əsasən otellərdə, abidələrdə
istifadə edilir. Məsələn, Xan sarayını biz bərpa
etmişik. 1959-cu ildə mənim atam bu sarayı bərpa edib,
2002-2004-də mən bərpa etmişəm. Atamın sənətini
davam etdirirəm ki, bu sənət ölməsin. Elə şəbəkə
var ki, özümüz hazırlamışıq, yeni
dizayndır. Ancaq eləsi var ki, qədimliklə müasirliyin
vəhdətini təşkil edir. Məsələn,
masaüstü lampa var ki, o müasir üsuldadır. Turistlər
böyük şəbəkələri apara bilmirlər və
onlar daha çox kiçik suvenirlərə
üstünlük verirlər. Turistlərin daha çox maraq
göstərdiyi şəbəkələrdən biri rəhlədir.
Kitab oxumaq üçün istifadə edilən bu şəbəkəni
bir ağacdan hazırlayıram və iş ağacın
içərisində aparılır, qiyməti isə 30
manatdır. Ümumiyyətlə, şüşə işləmələr
daha çox vaxt tələb edir. Əgər burada 1 mm
yanlışlıq olarsa nəticə alınmır. Adətən
eskizi işləyirik və sonra onu taxtaya
köçürürük. Bu il Şəki "Sənətkarlıq
paytaxtı" elan edilib və çalışırıq
ki, yeni işlər təqdim edək və gələn turistlər
də bizim xalqın incəsənəti,
mədəniyyətinin nəyə qadir olduğunu bilsinlər.
Bizdə bu sahədə zavod yoxdur, ancaq əl işləridir.
Şərait olsa, biz də onu genişləndirərik, tələbatı
da ödəyərik. Genişləndirmək üçün
bir qədər maliyyə dəstəyi lazımdır. Bəlkə
də gələcəkdə sahibkar kimi bu istiqamətdə fəaliyyəti
genişləndirə bilərik.
«Ən çox
araqçın, telefon kisələri, əl çantaları,
süfrələr alınır»
Növbəti müsahibimiz təkalduz
ustası Güləndam Alxasovadır:
- Ümumiyyətlə, təkalduz məxmər, yun parça üzərində işlənir. Ancaq qoblin üslubunda olan təkalduz kətan parça üzərində işlənir. Təkalduz sənəti Şəkidə qədim el sənətidir ki, bu da tək əllə almaq mənasındadır. Bu sənətlə qədimdə kişilər məşğul olsa da zaman keçdikcə qadınlar bu sənəti seçiblər və biz də bu sənəti yaşatmaqla gələcək nəsillərə çatdırmaq istəyirik. Çətin sənətdir və bir əsərin üzərində 3-4 ay işləyirik. Hazır olduqdan sonra çərçivəyə salırıq, satırıq, hədiyyələr veririk, həmçinin muzeylərə təqdim edirik. Hazırda Şəkidə bu sənət qadınlar arasında geniş yayılıb. Şəki Azərbaycanın qədim şəhərlərindən biridir və burada hər üç ailədən biri sənətkardır. Hətta bu sənətlə xüsusi qayğıya ehtiyacı olan gənclər, sağlamlıq imkanı məhdud olan insanlar da məşğul olur. Mən həm rəssam kimi Rəssamlar İttifaqının üzvüyəm, həm də xüsusi qayğıya ehtiyacı olan gənclərlə bağlı reabilitasiya mərkəzinin rəhbəriyəm. Orada gənclərə bu qədim el sənətini öyrədirik. Hazırda 30-a yaxın sağlamlıq imkanı məhdud insan var ki, bu sənətə yiyələnib və onlar da digər insanlar kimi bu sənəti yaşatmaqdadır. Bu, iki tərəfdən də qiymətlidir, çünki həm əlil insanı yaşadır, həm sənət yaşayır. Bu sənətə insanın fiziki qüvvəsi daha çox sərf olunur. Ancaq çox maraqlıdır və biz ailəliklə bu sənətlə məşğul oluruq. Şəki Sənətkarlıq Mərkəzində mənə Rayon İcra Hakimiyyəti tərəfindən qalereya ayrılıb və orada emalatxanam var. Fərdi şəkildə bu işi həvəsi olan qızlar, gənclərlə davam etdirirəm. Bu sənətdə gəliri əsas götürmürük, çalışırıq ki, sənət yaşasın, amma sifarişlər, satış da olur. Həm turistlər, həm də yerli əhali tərəfindən alınır. Əsasən ipək saplardan istifadə olunur və ən çox araqçın, telefon kisələri, əl çantaları, süfrələr alınır. Mən istərdim ki, bu sənət daha geniş yayılsın və bizim qədim bir el sənəti kimi bütün dünyaya səs salsın.
«İstəmərəm ki, babam, atam
məşğul olan papaqçılıq sənəti
unudulsun»
Digər müsahibimiz isə papaqçı
Aqil Kərimovdur:
-Mən
papaqçılıq sənətini babam, atamdan öyrənmişəm.
Azərbaycanda qədimdə 650 papaqçı olub ki,
onların 250-si Şəkidə olub. Ancaq indi Şəkidə
papaqçı atam və mənəm. Papaq-mənim
anlamımda qeyrət rəmzidir və bunu bütün
kişilər başına qoymalıdır. Şəkidə
papaq həm yerli əhali, həm də xaricilər tərəfindən
alınır. Əsasən bizdə gənclər deyil,
yaşlı insanlar alırlar, ancaq keçmişdə
olduğu kimi həvəs yoxdur. Papaqları əsasən
qaragül quzularının dərisindən
hazırlayırıq ki, bunlar da Özbəkistandan gətirilir.
Həmin qoyun növü ölkəmizdə yoxdur və bir
vaxt gətirilsə də bu növ qoyunlar inkişaf etmədi.
Bu qoyunların əti yeyilmir, onun ancaq dərisindən istifadə
edilir. Hətta elə quzular var ki, dərisini almaq
üçün ana bətnində boğulur. Qiymətlərə
gəldikdə isə məsələn, qara rəngli papaqlar
60-70 manat, ən bahalı gümüşü rəngli əntiq
adlanan papaqlar 150-180 manatdır. Çoban papaqları adlanan
ağ rəngli bu papaqlar əsasən çobanlar, rəqqaslar
üçün nəzərdə tutulur. Ancaq daha çox
xaricilər alırlar. Onu da qeyd edim ki, hazırda bu
papağı alan çoban yoxdur. Sadəcə, adı qədimdən
belə saxlanılıb. Bu dərilər də
bahalıdır və 60-70 manata satılır. Şəkidə
dükanımız var və orada istehsal edib satırıq. Mən
istəmərəm ki, babam, atam məşğul olduğu bu qədim
sənət unudulsun. Ancaq təəssüf ki, indi bu sənətlə
heç bir gənc maraqlanmır. Ölkəmizdə
keçirilən müxtəlif sərgilərdə iştirak
etmişəm. Papaqçı olmaq üçün bu sənəti
bacarmaq lazımdır. N.Gəncəvinin sözlərilə
desək: "Kamil bir palançı olsa da insan,
yaxşıdı yarımçıq
papaqçılıqdan". Bu çətin sənət
olduğu üçün hər insanın işləməyə
səbri çatmır. Elə papaq var ki, 1-2 günə, eləsi
də 1 həftəyə başa gəlir. Bir vaxtlar bölgələr
üzrə ayrı-ayrı papaq növlərindən istifadə
edilib, ancaq indi eyni formalardan istifadə edilir. İndi əsasən
papağı ziyalılar alır. Əziyyəti qazancından
daha çoxdur. Ancaq bu sənətə gəlməyimə
peşman deyiləm.
Nigar
Palitra. -2010. – 4 may. – S.12.