“Azərbaycan İslam ölkələri
içərisində ən etibarlı və sürətlə
inkişaf edən bir ölkəyə çevrilib”
AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, millət vəkili Gövhər Baxşəliyeva: “Heydər Əliyevin gərgin zəhməti və yorulmaz fəaliyyəti nəticəsində ilk vaxtlarda İKT Baş Katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul edib. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistanın Azərbaycana təcavüzü kimi qiymətləndirilir” Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu prosesində beynəlxalq münasibətlər və ölkəmizin strateji maraqları əsasında xarici ölkələrlə əməkdaşlığı sıx inkişaf etdirməsi çox önəm kəsb edir. Azərbaycanın sonrakı inkişafı və uğurlu beynəlxalq əlaqələrin qurulması məhz H.Əliyevin bu sahədə yürütdüyü prinsipial siyasət nəticəsində ərsəyə gəlib. Bu istiqamətdə isə İsıam ölkələri və İKT ilə münasibətlərin inkişaf etdirilməsi heç də az rol oynamayıb. Bu barədə qəzetimizə fikirlərini bildirən AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva belə qeyd edir:
-Ulu öndər Heydər Əliyevin 87 illik yubileyi ərəfəsindəyik. Bu baxımdan ümummilli liderin Azərbaycanı zamanın və dövrün tələblərinə uyğun olaraq yenidən qurması yoluna bir daha nəzər salmaq, onun yeritdiyi uzaqgörən siyasəti, dövlət quruculuğu sahəsində görülən əzmkar işləri təhlil etmək zəruridir. Deyim ki, ümummilli lider 1993-cü ildə hakimiyyətə yenidən qayıtdığı ilk günlərdən Azərbaycanın xarici siyasətini müəyyənləşdirdi. O, bu siyasəti Azərbaycanın strateji maraqları əsasında yenidən qurdu. Bu sahədə ilk addımlar daha öncəki hakimiyyətin buraxdığı kobud səhvlər və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi durumu aradan qaldırmaqla bağlı olub. Həmçinin ölkəmizin strateji maraqları ilə region dövlətləri və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqlarının uzlaşdırıldığı siyasətin yürüdülməsi Azərbaycanın yeni dövrdə dirçəlişini təmin etdi. Ümummilli lider Azərbaycanın yüksəlişinə və rifahına yönəlmiş, düşünülmüş xarici siyasət yeritməklə ölkəmizi dünya birliyinə bağlamağa, Azərbaycanın bütün dövlətlərlə faydalı əlaqəsini qurmağa və ölkəmizin həm də de-fakto dünya miqyasında müstəqil və suveren bir dövlət kimi tanınmasına nail oldu. Azərbaycanın dünya dövlətləri, o cümlədən türk və müsəlman ölkələri ilə bərabərhüquqlu, faydalı əməkdaşlıq münasibətlərinin qurulması düzgün daxili siyasətin mükəmməl və məntiqi davamı idi. Ölkəmizin mənafeyinin qorunması istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının gərəkliyini vurğulayan ulu öndər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutub. O, müxtəlif dövlətlərin region, o cümlədən Azərbaycan üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və dəqiq taktiki gedişlərlə müqəddəs missiyasını reallaşdırdı...
- Gövhər xanım, Heydər
Əliyevin bu kontekstdə gördüyü işlər nəticəsində
Azərbaycanın beynəlxalq münasibətlər sistemində
yeri, region ölkələri və beynəlxalq təşkilatlarla
əlaqələrin prioritetləri barədə nələri
demək olar?
- Birinci növbədə, xarisi siyasətdə mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönələn əməli dəyişikliklər edildi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin qeyd etdiyiniz istiqamətlər, eləcə də müsəlman ölkələri ilə əlaqələrin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi. Bu prioritetlər dəqiq proqram əsasında və birinci növbədə Azərbaycanın dövləti və milli maraqları rəhbər tutulmaqla tədricən reallaşdırılmağa başladı. Məsələn, Azərbaycan müstəqillik qazandıqdan sonra İslam Konfransı Təşkilatına üzv olmuşdu. Ümummilli lider müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, milli-mənəvi dəyərlərimizi, mədəniyyət və ənənələrimizi qorumaq, inkişaf və təbliğ etdirməyi əsas götürən bu təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsiplərini xarici siyasətimizin vacib istiqaməti hecab edərək bu təşkilatın bütün imkanlarından yararlanmağın vacibliyini həmişə qeyd edib. 1993-cü ilin ikinci yarısından başlayaraq bu istiqamətdə görülən işlər sanki yeni nəfəs aldı. İKT ölkəmizin haqq səsini çatdırmağa, bizi beynəlxalq arenada prinsipial olaraq dəstəkləməyə başladı. Belə ki, 23 noyabr 1993-cü ildə İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin BMT iqamətgahında keçirilmiş koordinasiya toplantısı Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bəyanat qəbul etdi. 1994-cü ilin sentyabr ayında İKT xarici işlər nazirlərinin Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 7-ci konfransı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xeyrimizə olaraq daha bir qətnamə qəbul etdi. Azərbaycanın İKT-nin beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə lstifadə edə bilməsi istiqamətində Prezident Heydər Əliyevin 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına rəsmi səfəri dönüş nöqtəsi oldu. Heydər Əliyevin Səudiyyə Ərəbistanının kralı Fəhd bin Abduləziz Əl-Saudla faydalı danışıqları və İKT rəhbərliyi ilə səmərəli görüşləri müsəlman aləmində ölkəmizə olan maraq və diqqəti artırmış oldu. Azərbaycanın həm də İslam aləminin önəmli bir hissəsi olması bir daha təsdiqləndi. Ermənistan-Azərbaycan münaqişəsi ilk dəfə 1994-cü ildə İKT-nin BMT ilə əməkdaşlığı üzrə problemlər siyahısına salındı. Münaqişənin informasiya cəhətdən və siyasi tərəfdən işıqlandırılması, dünya səviyyəsində onun həll yollarının və üsullarının araşdırılması ölkəmiz üçün çox əhəmiyyət kəsb edirdi. Bu münasibətlərin daha yüksək bir göstəricisi Heydər Əliyevin İKT ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında 1994-cü ilin dekabrında iştirakı idi. Ulu öndər bu toplantını bir növ ATƏT-in üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının Budapeşt Zirvə toplantısının davamı hesab edir orada Azərbaycan üçün bir çox taleyüklü qərarların qəbul ediləcəyini gözləyirdi. Buna görə də bu istiqamətdə bir sıra işlərin görüləcəyini bəyan etmişdi. Bu toplantıda da ölkəmiz layiqlə təmsil olundu, imicimiz daha da yüksək səviyyəyə qalxdı, Azərbaycan rəhbəri dünyaya və İslam aləminə baxışlarımızı yüksək tribunadan bəyan etdi.
- İslam ölkələri ilə sıx əməkdaşlıq qurulması daha hansı əlamətdar məqamlar və müsbət nəticələrlə yadda qalıb?
- İKT
ölkələrinin xarici işlər nazirlərinin
1994-cü ilin dekabrında Kasablankada keçirilmiş 7-ci Zirvə
toplantısı və 22-ci konfransı, 1995-ci ilin dekabrında
Konakridə keçirilmiş 23-cü, 1996-cı ilin
dekabrında Cakartada keçirilmiş 24-cü konfransı
İKT Baş katibinin Ermənistan-Azərbaycan münaqişəsi
üzrə məruzəsini müzakirə edərək, Ermənistanın
Azərbaycana qarşı təcavüzünü kəskin
şəkildə pislədi. Bütün bu konfranslarda qəbul
edilən sənədlərdə də erməni silahlı
qüvvələrinin işğal edilmiş Azərbaycan
torpaqlarından təcili surətdə
çıxarılması, Azərbaycanın suverenliyinə və
ərazi bütövlüyünə hörmət edilməsi
tələbi qoyulurdu. 1996-cı ilin 21 sentyabrında Bakıda
keçirilən İslam İnkişaf Bankının Beynəlxalq
İnvestisiya Konfransı da İslam ölkələri və
İKT ilə əlaqələrin durmadan inkişafını
göstərən əhəmiyyətli tədbir kimi qeyd edilə
bilər. Konfransın işində Azərbaycan Prezidenti şəxsən
iştirak edib. 1997-ci ildə isə ümummilli lider İKT-nin
8-ci zirvə toplantısında iştirak edib. Prezidentin orada
söylədiyi nitq və keçirdiyi görüşlər
İslam aləmində geniş reaksiyaya səbəb olub. Beləliklə,
Heydər Əliyevin gərgin zəhməti və yorulmaz fəaliyyəti
nəticəsində ilk vaxtlarda İKT Baş Katibliyi Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı respublikamızın
mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda,
sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan
münaqişəsi haqqında kəsərli qətnamələr
qəbul edib. Bu qətnamələrdə Ermənistan-Azərbaycan
münaqişəsi birmənalı şəkildə Ermənistanın
Azərbaycana təcavüzü kimi qiymətləndirilir. Eyni
zamanda İKT ilə münasibətlərin Azərbaycanın
iqtisadi yüksəlişi naminə inkişaf etdirilməsi və
bu yöndə həyata keçirilən tədbirlər,
çıxarılan qətnamələr də ümummilli
liderin səyləri nəticəsində Azərbaycanın
İslam ölkələri ilə hərtərəfli və səmərəli
əməkdaşlıq qurduğunu, bunun bəhrələrnin
isə hazırda da davam etdiyini və daha çox fayda gətirdiyini
təmin edib.
Bu gün Azərbaycan ulu öndərin yolu ilə bütün sahələrdə intensiv inkişafı təmin edən ciddi uğurlara imza atır. Prezident İlham Əliyevin ümummilli liderin siyasi kursunun layiqli və prinsipial davamçısı olması Azərbaycanın öz hədəflərinə çatması yolundakı bütün maneələri aradan qaldırır. Azərbaycan regionda lider və İslam ölkələri içərisində ən etibarlı, sürətlə inkişaf edən bir ölkəyə çevrilib.
İlkin Ağayev
Palitra. -2010. – 5 may. – S.5.