Məmməd Vəliyev: “Rusiya ilə
qarşılıqlı elmi əməkdaşlığı
gücləndirmək vacibdir”
Azərbaycan elmini inkişaf
etdirmək üçün digər ölkələrin elmi mərkəzləri
ilə əlaqələri sıxlaşdırmaq və
qarşılıqlı elmi əməkdaşlıq da önəmli
məqamdır. Bu baxımdan müəyyən əlaqələr
bazası olan ölkələrlə yenidən əlaqələri
bərpa etmək mühümdür. Məsələn, Rusiya
elmi mərkəzləri bu baxımdan daha əlverişli
sayıla bilər. Çünki bizimlə sıx əlaqələri
olan bu ölkənin elm məktəbi həm də daha
qabaqcıl sayılır. Bununla bağlı layihə çərçivəsində
bizə fikirlərini bildirən AMEA-nın Polimer
Materialları İnstitutunun laboratoriya müdiri,kimya elmləri
doktoru, professor Məmməd Vəliyev belə deyir:
“Son dövrdə Azərbaycan
dövlətinin elmi-tədqiqat müəssisələrində
fəallıq hiss olunmaqdadır. Bu əsasən onunla əlaqədardır
ki, elmimizin qayğıkeşi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il may
ayının 4-də “Azərbaycan Respublikasında 2009-2015-ci
illərdə elmin inkişafı üzrə Milli Strategiya” və
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya”nın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramını təsdiq edib. Bununla yanaşı, Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin bir müddət öncə dərc olunan,
humanitar və ictimai elmlərlə bilavasitə bağlı
olan məqaləsi elm sahəsində olan
çatışmazlıqlara diqqəti daha da artırdı. Bu
məqalədə elmdə olan nöqsanlar göstərilməklə
bildirilib ki, elm sahəsindəki müxtəlif məsələlərə
aid nöqsanlar aradan qaldırılmalıdır. Eyni
zamanda elmdəki neqativ halların aradan qaldırılması
üçün daha ciddi addımların
atılmasının labüd olduğu və gələcək
inkişafının konkret yolları göstərilib. Əslində
bu cür nöqsanlar dəqiq elmlər sahəsində də
rast gəlinir.
Bütün bunları nəzərə
alaraq qeyd etmək olar ki, elm sahəsində mövcud olan
durğunluğun aradan qaldırılması üçün
ilk növbədə inkişaf etmiş ölkələrlə,
o cümlədən Rusiya ilə elmi əlaqələri
gücləndirmək lazımdır.
Məlumdur ki, tarixən Azərbaycan
elmi həmişə dünyada məşhur olub. Sovet
dönəmindən başlayaraq Azərbaycanda müxtəlif
elm sahələrinin (fizika, riyaziyyat, biologiya, kimya və s.)
inkişafında Rusiyada olan alimlərlə əlaqələrin
genişləndirilməsi mühüm rol oynayıb. Göstərilən
sahələrdə olan Azərbaycan alimlərinin yetişməsində
Rusiyada olan elmi məktəblərin böyük rolu olub ki, bu
da ulu öndərimiz Heydər Əliyevin Azərbaycan
Respublikasına rəhbərlik etdiyi dövrü əhatə
edir. Belə ki, həmin illərdə Azərbaycandan
çoxlu sayda tələbə və aspirantlar Rusiyanın
müxtəlif şəhərlərinə (Moskva,
Sankt-Peterburq, Kazan və s.) göndərilərək elmi mütəxəssislər
kimi formalaşıblar.
Qeyd etmək lazımdır
ki, elm o vaxt daha güclü olur ki, alimlər dünya elmində
olan ən yüksək elmi nailiyyətlərdən, nəticələrdən,
o cümlədən texnologiyalardan istifadə edə bilsinlər.
Buna görə də ilk
növbədə elm və texnika cəhətdən inkişaf
etmiş ölkələrlə, o cümlədən Rusiya ilə
elmi tədbirlərdə qarşılıqlı
iştirakı və həmçinin, elmi əməkdaşlığı
intensiv şəkildə bərpa etmək və gücləndirmək
vacibdir. Bunun üçün ilk növbədə alimlərimiz
ezamiyyətlərə yollanmalı, elmi institutların fəaliyyətləri
ilə tanış olmalı və sair mərhələlərdən
keçməlidirlər. Bir məsələni də qeyd etmək
istəyirəm ki, elmlər namizədi və yaxud elmlər
doktoru adını almaq istəyənlər gedib xaricdə
müəyyən laboratoriyalarda işləməklə təcrübə
mübadiləsi keçməlidirlər.
1982-84-cü illərdə mən
Moskva şəhərində N.D.Zelinski adına Üzvi Kimya
İnstitutunda Azərbaycan MEA Rəyasət Heyətinin qərarı
ilə elmi-tədqiqat işləri aparmışam. Orada
olduğum müddətdə eyni zamanda M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti, D.İ.Mendeleyev adına Kimya
Texnologiya İnstitutunda və M.V.Lomonosov adına Zərif
Üzvi Sintez Texnologiyası institutlarında olan konfrans və
elmi seminarlarda iştirak etmişəm. Bu dövrdə mənim
Rusiyanın kimya sahəsində ən tanınımış
və istetadlı alimləri ilə birbaşa işləmək
və təcrübə aparmaq imkanlarım olmuşdur. Bu isə
öz növbəsində, ümumiyyətlə, tədqiqatçının
elmi fəaliyyətinə, ciddi tədqiqatlar aparmasına və
kariyerasına çox müsbət təsir göstərir. Mənim
kimi bir sıra Azərbaycan alimlərinin inkişafında bu
cür elmi əlaqələrin müsbət rolu olub. Bu istiqamətdə
Rusiya elmi institutları və təhsili ilə olan zəifləmiş
əlaqələrimiz 1993-cü ildə ümummilli lider Heydər
Əliyev hakimiyyətə gəldikdən sonra bərpa
olunmağa başlayıb. Əlbəttə, bu əlaqələri
birdən qurmaq mümkün deyil, amma ümummilli liderimiz Azərbaycan
elminin, təhsilinin inkişafı naminə
çalışırdı ki, bu iş müsbət istiqamətə
yönəlsin.
Hazırda postsovet ölkələrinin
elm sahəsindəki problemləri oxşar səviyyədədir.
O cümlədən, Rusiyada da bu kimi müəyyən
çətinliklər olmasına baxmayaraq, burada hər halda
elmi ənənə və məktəblər öz varisliyini
itirməyib. Bu isə bir daha Rusiya elmi mərkəzləri ilə
əməkdaşlığı genişləndirmək zərurətini
yaradır. Bir məsələni də qeyd etmək
lazımdır ki, Rusiya elm-təhsil mərkəzləri ilə
əməkdaşlıq edib, öz elm və təhsilimizi
inkişaf etdirmək üçün ən yaxşı
hallardan biri də Azərbaycanda son dövrlərdə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
filialının açılmasıdır. Bu filialda bir
neçə fakültə, o cümlədən də kimya
fakültəsi fəaliyyət göstərir. Lakin gələcəkdə
bu fakültələrin artırılması daha məqsədəuyğun
olardı. Bu universiteti qurtaran tələbələrin daha
sonralar magistratura, doktorantura və digər elmi fəaliyyətləri
birbaşa Rusiya alimləri, professorları və akademikləri
ilə əlqədə olacağı təqdirdə bu sahədə
müsbət nəticələr gözləmək olar. Bu isə elmimizin və təhsilimizin
inkişaf etdirilməsi baxımından ən effektiv yollardan
biridir.
Beləlikə, bir daha qeyd
etmək istərdim ki, Azərbaycanın elmi inkişafı
üçün digər xarici ölkələrlə
yanaşı, Rusiya elmi mərkəzləri ilə də əməkdaşlıq
edərək birgə çalışmaq və tədqiqatlar
aparmaq lazımdır”.
İlkin
Palitra. -2010. – 5 may. – S.6.