Özəl sektor elmə investisiya yatırmalıdır

 

İqtisad elmləri namizədi Allahyar Muradov: «Elmə əsaslanan davamlı iqtisadi inkişaf ilk növbədə insan kapitalının formalaşdırılmasını tələb edir»

 

Layihə çərçivəsində bu dəfəki qonağımız AMEA İqtisadiyyat İnstitutunun  elmi işlər üzrə direktor müavini, iqtisad elmləri namizədi Allahyar Muradovdur.

 - Dünya sivilizasiyasının inkişafının bugünkü səviyyəyə gəlib çatmasında elm, təhsil, elmi biliklər əhəmiyyətli rol oynayıb. Və bu gün bilik iqtisadi inkişafın əsasını təşkil edir. Bilik isə elmi fəaliyyətin nəticəsi kimi meydana çıxır. Bu baxımdan hesab edirəm ki, indiki şəraitdə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının davamlılığının artırılması üçün ilk növbədə ölkədə elmin inkişaf etdirilməsi tələb olunur.  Bu gün ABŞ, Yaponiya, Cənubi Koreya, Çin və bir sıra Qərbi Avropa ölkələri buna demək olar ki, nail olublar. Bu  ölkələrdə son illərdə baş verən iqtisadi artımın 60-80 faizi məhz biliyin, (elmin, təhsilin, elmtutumlu sahələrin) payına düşür. Bilik insanlarda (insan kapitalı kimi) və texnologiyada təcəssüm edir və daima iqtisadi inkişafda mərkəzi yer tutur.

 Elmin ölkə iqtisadiyyatında, cəmiyyətin inkişafında rolunun artırılması üçün ilk növbədə onun kadr, maliyyə, informasiya təminatında, idarəetmə sistemində köklü islahatların aparılmasını tələb edir. Onu da etiraf etmək lazımdır ki, hər hansı bir sahədə inkişafa nail olmaq üçün ilk növbədə onun maliyyə təminatı olmalıdır. Bu təminat dövlətin maliyyə dəstəyi və digər cəlbedici mexanizmlərlə (burada söhbət xüsusi kapitalın cəlb olunması üçün ən müxtəlif metodlardan istifadə olunması tələb olunur) formalaşa bilər. 

Əvvəlcə onu qeyd edim ki, elm və elmi fəaliyyət iqtisadiyyatın, ümumiyyətlə, insan fəaliyyətinin ən spesifik və həssas, eyni zamanda iqtisadi inkişafa ən güclü təsir göstərmək gücündə olan sahələrindəndir. Bu da indiki bazar münasibətləri şəraitində elmin inkişafını bilik iqtisadiyyatının, başqa sözlə desək, davamlı iqtisadi inkişafın ən zəruri məsələsi kimi qarşıya qoyur. Sözsüz ki, elmə əsaslanan davamlı iqtisadi inkişaf və ya bilik iqtisadiyyatı ilk növbədə insan kapitalının formalaşdırılmasını tələb edir. Bu formalaşma isə əsasən təhsil və elmi-tədqiqat müəssislərində həyata keçirilir və son nəticədə ölkə iqtisadiyyatının, onun milli və mənəvi dəyərlərinin, təhlükəsizliyinin, əhalinin sosial rifahının  gələcək risklərdən qorunmasında həlledici əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” 2008-ci il 10 aprel tarixində 2756 nömrəli sərəncam imzalayıb. Daha sonra “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiq edilib.

Həmin sərəncamla Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Milli Elmlər Akademiyası müəyyən edilib. Bundan başqa Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin mətbuatda dərc olunan əsərlərində də elmin inkişafı, elitanın formalaşması məsələlərinə geniş yer verməsi elmin inkişafı ilə bağlı problemləri aktuallaşdırıb. Bundan sonra mətbuat vasitələrində elmin inkişafı, elmin qarşısında duran problemlər və s. bağlı yazılar nəşr olunmaqdadır. Lakin bu yazıların bəzilərində akademiya elminin gərəksizliyi, müxtəlif sahələrdə elmi kadr hazırlığının çoxluğu, elmi tədqiqat işlərinin keyfiyyətinin aşağı olması və s-lə bağlı fikirlər səsləndirilir. Eyni zamanda Akademiya institutlarının universitetlərə verilməsi kimi fikirlər irəli sürülür. Lakin oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, Akademiya elmi Azərbaycan sosial-iqtisadi, mədəni-mənəvi-tarixi, ictimai-siyasi, həyatında olduqca böyük rol oynayıb və bu inkarolunmaz faktordur.

Hazırkı şəraitdə Azərbaycanda elmin effektsizliyinin, yerinə yetirilən işlərin keyfiyyətinin aşağı olmasının bir sıra obyektiv və subyektiv səbəbləri var.

- Bu səbəblər sırasında hansıları qeyd edə bilərsiz?

- Birincisi müasir iqtisadi inkişafın tələblərinə cavab verən qanunvericilik bazasının olmamasıdır. Elmin inkişafında onun qanunvericilik bazası, infrastrukturu əsas rol oynayır. Bildiyiniz kimi 2009-cu ildə ölkə Prezidenti elmin inkişaf strategiyası və bununla bağlı dövlət proqramı, elmin inkişaf fondunun yaradılması və bir sıra mühüm sərəncamlar imzalayıb. Lakin bir sıra mühüm sənədlərin də qəbul edilməsinə citti ehtiyac var. Xüsusilə elmin inkişafının baza qanunu sayılan “Elm və elmi fəaliyyət haqqına” qanun, “İnnovasiya fəaliyyəti haqqında” qanunun qəbul edilməsi vacibdir. Bundan başqa sahibkarlıq subyektlərinin, özəl sektorun elmin inkişafına stimul yaratması üçün müvafiq normativ hüquqi sənədlərin qəbulu bu istiqamətdə müsbət dəyişikliklərin əldə olunmasına səbəb ola bilər. Bu stimullaşdırıcı tədbirlər elmin inkişafına xidmət edən infrastruktur sahələrinin (innovasiya fondları, innovasiya müəssisləri, vençur fondları və s.) formalaşmasına təsir göstərər. Əks halda elmin müasir tələblər səviyyəsində inkişafı çətinləşəcək. Onu da qeyd edim ki, hazırda itirilən hər gün Azərbaycanın qarşıya qoyduğu məqsədə çatmaq müddətinin bir qədər də uzadır. Bu işdə alimləri, müvafiq dövlət qurumlarının üzərinə böyük yük və məsuliyyət düşür. 

İkincisi isə maliyyə təminatının zəif olmasıdır. Azərbaycanda  elmi tədqiqat müəssislərində, xüsusilə Milli Elmlər Akademiyasında maddi stimullaşdırma sisteminin aşağı olması da problemdir. Əgər elmi işçi (eli dərəcəsindən və tutduğu vəzifədən asılı olaraq) 110-240 manat arasında əməkhaqqı alırsa, bu halda ondan keyfiyyətli nəticə gözləmək düzgün olmazdı. Çünki elmi yaradıcılıq gərgin və uzunmüddətli əmək tələb edir. Bu əməyin nəticəli olması üçün tədqiqatçının yaşayış təminatı təmin edilməlidir. Xüsusilə sürətli inkişaf prosesinin getdiyi, istehlak tələbatının artdığı,  yaşamaq və fəaliyyət göstərmək üçün tələb olunan vasitələrin də dəyərlərin artdığı bir dövrdə cüzi əmək haqqı ilə keyfiyyətli nəticə təqdim etmək qeyri-mümkündür. Bu ilk növbədə istedadlı gənclərin elmə cəlb edilməsinə, ciddi maneə yaradır. Nəticədə qocalma prosesi sürətlənir, elmi biliklərin nəsildən-nəslə ötürülməsi prosesi pozulur. Məlumat üçün bildirim ki, elmi tədqiqat-işlərini yerinə yetirənlərin 38,8%-ni, elmlər doktorlarının 90,3%-ni, elmlər namizədlərinin isə 61%-ni yaşı 50 və ondan yuxarı olanlar təşkil edir. Əgər gənclərin elmə axını üçün stimullaşdırıcı tədbirlər görülməzsə bu da gələcəkdə Azərbaycan elmini ciddi problemlərlə qarşılaşdıra bilər. Elmi işçilərin sosial müdafiəsini yaxşılaşdırmadan elmin səmərəliliyinin, elmi tədqiqat işlərinin keyfiyyətinin artırılması çətinlik yaradır. Burada elmin maliyyə təminatının yaxşılaşdırılması zəruri məsələ kimi qarşıda durur. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda adambaşına düşən elm xərcləri təqribən 11,2 manatdır. İnkişaf etmiş ölkələrdə isə bu 200-1000 manat arasındadır. Bundan başqa, inkişaf etmiş ölkələrdə bir tədqiqatçıya çəkilən illik xərc 100-300 min ABŞ dollarından yuxarı olduğu halda, Azərbaycanda təqribən 3500 manat təşkil edir. Hazırda elmi tədqiqat institutlarında çalışan alimlərin böyük əksəriyyəti universitetlərdə dərs deməklə özlərinin sosial problemlərinin nisbətən yaxşılaşdıra bilirlər.  Lakin bu onların elmi tədqiqat fəaliyyətinə mənfi təsirini göstərir. Elə hallar olur ki, o tədqiqat apardığı sahədən, problemdən deyil, fərqli ixtisas və fəndən dərs deyir ki, bu da onun həm pedaqoji fəaliyyətində həm də elmi fəaliyyətində keyfiyyətsizliyə gətirib çıxarır. Təcrübə göstərir ki, bilavasitə pedaqoji fəaliyyətlə paralel olaraq ciddi elmi tədqiqat işinin aparılması çətindir. Və bu mütləq özünün səmərəsizliyini ya pedaqoji, yaxud da elmi-tədqiqat fəaliyyətində göstərəcək.

 Hesab edirik ki, elmin maliyyə təminatının yaxşılaşdırılması, onun kadr potensialının keyfiyyətinin yüksəlməsinə, maddi texniki bazasının yaxşılaşdırılmasına, hər şeydən vacib elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə  ciddi təsir göstərə bilər. Elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, elmi nəticələrin tətbiqi üçün vaxtında sınaqdan keçirilməsi elmi nəticələrin iqtisadiyyata və cəmiyyətə tətbiqinə yol açar ki, bu da elmə əsaslanan iqtisadi inkişafa nail olunmasında vacib amil hesab olunur.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2008-ci ildə Azərbaycanda elmi-tədqiqat fəaliyyəti ilə məşğul olanların 87,4%-i elmi tədqiqat təşkilatlarında, 6,4%-i ali məktəblərdə, 1,3%- konstruktor təşkilatlarında, 4,9%- isə digər müəssisə və təşkilatlarda çalışır.

Elmi tədqiqat və işləri yerinə yetirənlərin 65,4%-i təbiət və texniki elmlər sahəsində, 21%-i humanitar və ictimai elmlər (humanitar 15,3%, ictimai 6%) sahəsində məşğul olur.

2000-ci ildə Azərbaycanda elmə çəkilən ümumi xərclərin 58,4%-ni büdcə vəsaitləri təşkil edirdisə,  2008-ci ildə 92,8%-ni büdcə vəsaitləri təşkil edib. Onu da qeyd edim ki bu göstərici inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə  30-60% arasında dəyişir.

Elmə çəkilən ümumi xərclərdə büdcə vəsaitlərinin xüsusi çəkisinin artmasına baxmayaraq, 2005-ci illə müqayisədə 2008-ci ildə büdcə xərclərində elmə çəkilən xərclərin xüsusi çəkisi 1,3%dən 0,6%-ə düşüb. Bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu 3-7% arasında dəyişir.

- Özəl sektor elmə niyə sərmayə yatırmır?

- Tədqiqatlar göstərir ki, elmin maliyyələşməsində özəl sektorun və xarici mənbələrin vəsaiti çox azdır. Burada sual ortaya çıxır. Nə üçün özəl sektor elmə pul ayırmaq istəmir? Sahibkarlar arasında aparılan sorğunun nəticələrinə görə sahibkarlar bunu elmə qoyulan vəsaitlərin geriyə qayıtma müddətinin yüksək olması, maliyyə qıtlığı və yeniliyə qoyulan vəsaitin riskli olması ilə əsaslandırırlar.

Sahibkarlar və ya özəl sektor daha çox tətbiqi tədqiqatların maliyyələşdirilməsinə maraqlı olurlar. Özəl sektorun elmə investisiya qoyması üçün stimul yaradan mexanizm işlənməlidir.

Bildirmək istəyirəm ki,  elmi fəaliyyəti onun nəticələrini təkcə iqtisadi inkişafla məhdudlaşdırmaq olmaz. Çünki elə elm sahələri var ki onun iqtisadi aspektdən qiymətləndirmək qeyri-mümkündür. Buraya  ictimai və humanitar elm sahələri, eləcə də son nəticəsi məlum olmayan fundamentalı tədqiqatlar daxildir. Düzdür bu elm sahələrin iqtisadi inkişafa təsiri çox böyük olmasa da, mənəvi tərəfdən əhalinin zənginləşməsində, insan kapitalının formalaşmasında böyük rolu var.

Tətbiqi tədqiqatlar isə birbaşa iqtisadiyyata yönəldiyindən onların iqtisadi inkişafa təsirini qiymətləndirmək nisbətən asandır. Hesab edirəm ki, elmin maliyyələşməsində bu amillərə diqqət yetirilməlidir. Bilirsiniz ki, özəl sektor taxix, etnoqrafiya, dilçilik, ədəbiyyat, fəlsəfə, hüquq və s. kimi elm sahələrinə maliyyə vəsaiti ayrımağa maraqlı deyil. Çünki bu sahələrin iqtisadi effektivliyin qiymətləndirmək çətindir.

 Bu gün Azərbaycanda elmi potensialın inkişaf etdirilməsi, elmi şəhərciklərin, texnoparkların yaradılması, sənaye sektorunda innovasiya fəallığının artırılması, kiçik innovasiya müəssislərinin inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi intellektual potensialın itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər. Bu gün Azərbaycan iqtisadiyyatı əvvəlki dövrlərlə müqayisədə biliyin istehsalı, yayılması və istifadəsindən daha çox asılıdır. Hazırkı şəraitdə məhsul istehsalı və məşğulluğu daha çox yüksək texnologiyalara və yüksək ixtisaslı işçilərə əsaslanmalıdır. Belə sahələrdən kompyuter, elektronika, kosmos, mikroelektronika, nanotexnologiya və s. göstərmək olar. 

 

 

Anar Miriyev

 

Palitra. -2010. – 5 may. – S.7.