Alternativ enerjidən istifadə etməməklə
dünya hər il inkişaf potensialını itirir
Hazırda ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə bir sıra ölkələrdə günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə getdikcə genişlənir.
"Bizdə ekologiyanı
daha çox istilik elektrik stansiyaları çirkləndirir"
Dünyanın inkişaf etmiş ölkələrində alternativ enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi və s.) geniş istifadə olunur ki, bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tutur. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına ümumi istehsal olunan enerjinin 13,5 faizi düşür. Hazırda alternativ enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə, Almaniya dünya ölkələri arasında liderlik edir. Həmin ölkədə "Bərpa olunan enerji mənbələri haqqında" Qanunun qəbul edilməsi bu işə güclü təkan verib. Almaniyada məhz külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır. Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılıb ki, bu inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. ABŞ, Almaniya, Yaponiya və Çində günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş stansiyalarının əsas işçi elementinin hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar tətbiq edilir. Mütəxəssislərin böyük əksəriyyəti bu qənaətdədir ki, Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Amma hələlik bu potensialdan istifadə olunmur. Ona görə də dünya təcrübəsindən geniş istifadə etməklə ölkədə mövcud olan alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin tətbiqi vacibdir. Hətta bu istiqamətdə ölkə başçısı tərəfindən "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Azərbaycanda kifayət qədər bərpa olunan enerji mənbələri potensialının mövcud olduğunu müvafiq dövlət qurumları da təsdiq edir və bu istiqamətdə tədbirlərin reallaşmasının vacibliyini qeyd edirlər. Hətta bu istiqamətdə atılan addımlardan biri kimi bu yaxınlarda Bərpa olunan və Alternativ Enerji Mənbələri Agentliyi yaradılıb. Hazırda ölkədə bu sahədə elmi-tədqiqat işləri aparan qurumlardan biri AMEA-nın Radiasiya Problemləri İnstitutudur (RPİ). İnstitutun direktor müavini Rəvan Mehdiyevadan aldığımız məlumata görə, dünyada mövcud ekoloji vəziyyət ölkəmizi də məcbur edir ki, alternativ enerji mənbələrindən istifadə imkanlarını daha geniş araşdıraq. RPİ fəaliyyətə başladığı dövrdən bu sahədə tədqiqatlar aparır və burada günəş enerjisini elektrik enerjisinə çevirən çeviricilərin hazırlanması ilə məşğul olan laboratoriya var. Aparılan tədqiqatlardan biri günəş və külək enerjisindən birgə istifadə etməklə kiçik energetikanın tələblərini ödəməklə bağlıdır. Müəyyən kənd evlərinin, malikanələrin enerji təminatını ödəmək üçün bu iki resursdan istifadə elmi-tədqiqat səviyyəsində araşdırılıb. Bununla bağlı hesablamalar aparılıb, effektivliyi öyrənilib. Bu həmin evləri işıqlandırmaq və isti su ilə təminata imkan verir. Ölkəmizdə karbohidrogen ehtiyatları ilə yanaşı günəşli günlərin sayı da kifayət qədərdir-ildə 250-270 gün günəşlidir. Ancaq bu günəş enerjisini elektrik enerjisinə çevirəcək çeviricilərin ölkəmizdə istehsalının mümkün olmadığını deyən R.Mehdiyevanın sözlərinə görə, dünyada bu, yüksək səviyyədə öz inkişafını tapsa da istehsal baha başa gəldiyindən istilik elektrik stansiyaları və su elektrik stansiyalarında hasil olan elektrik enerjisi alternativ enerji mənbələri vasitəsilə hasil olan enerjidən daha ucuz başa gəlir və hələlik əksər ölkələr bundan istifadə edir. Alternativ enerji olan Günəş və külək enerjisi resurslarından istifadə müəyyən sahələrdə yəqin ki, yaxın gələcəkdə ölkəmizdə öz tətbiqini tapacaq. Onu da qeyd edək ki, Antalyada alternativ enerji mənbələrindən kifayət qədər istifadə olunur və istənilən oteldə bu enerji mənbələri vasitəsilə enerji təminatı həyata keçirilir. R.Mehdiyeva deyir ki, AMEA-nın tətbiq imkanları kifayət qədər olmadığından bu işlər elə tədqiqat işləri olaraq qalır. Bu sahədə yeniliyə gəldikdə isə RPİ Azərbaycanda nüvə enerjisinin istifadə imkanlarını araşdırır ki, ondan dinc məqsədlərlə istifadə nəzərdə tutulur. Hətta nüvə enerjisi də böyük enetgetikanın tələblərini ödəmək iqtidarında deyil. Məsələn, ABŞ-da 50-yə yaxın atom elektrik stansiyası olmasına baxmayaraq, bu ölkənin enerji tələbatının ancaq 8 faizini ödəyə bilir. Bu gün Sənaye və Energetika Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkəyə külək mühərrikləri gətirilərək müvafiq yerlərdə quraşdırılıb. Ölkəmizdə bu iş sürətlə inkişaf edərsə, alternativ enerji mənbələrindən istifadə imkanları da artacaq və bunun nəticəsində ölkənin ekoloji vəziyyətində də daha müsbət irəliləyişlər baş verəcək. İnstitut yetkilisinin fikrincə, bizdə enerji istehsalının böyük hissəsini istilik elektrik stansiyaları verir və eyni zamanda ekologiyanı daha çox məhz bu stansiyalar çirkləndirir. Dünyada XX əsrin 50-ci illərindən sonra atom elektrik stansiyalarında iki qəza baş veribsə də, istilik elektrik stansiyalarında bu qəzaların sayı 1800-ə yaxındır. RPİ-da əldə edilən yeni nəticələrdən biri də neftin ilkin istehsalında günəş enerjisindən istifadə ilə bağlıdır və bunun effektiv bir üsul olduğu müəyyənləşib.
"Dəniz Külək
Parkı"nın yaradılması ilə bağlı iş
aparılır
Hazırda ölkədə bu sahədə
aidiyyatlı qurumlardan biri də ARDNŞ-dir. Enerji təhlükəsizliyi,
qlobal iqlim dəyişmələri və ətraf mühitin
çirklənməsi bəşəriyyəti narahat edən
məsələlərdən olduğunu və onların həlli
istiqamətlərindən biri də alternativ enerji mənbələrindən
istifadə olduğunu ARDNŞ-in ekologiya idarəsinin energetika
və mexanika şöbəsinin rəisi Cahid Hüseynov də
təsdiq edir. Onun sözlərinə görə, şirkət
alternativ enerji mənbələrinin tətbiqi ilə
bağlı iş aparır və "Ekologiya ili"çərçivəsində
Qala qəsəbəsində yerləşən 10 hektarlıq ərazidə
"Ekoloji park"ın tikintisi aparılır. Həmin
parkın enerji təchizatında ənənəvi enerji ilə
bərabər 40-50 faiz alternativ enerji mənbələrindən
istifadə nəzərdə tutulub. Orada şirkət tərəfindən
40 k.v. külək generatorları və 20 k.v. gücündə
günəş batareyaları quraşdırmaq
palnlaşdırılır. Bundan başqa şirkət Neft Daşlarında
külək enerjisindən istifadəni nəzərdə tutur.
Ümumiyyətlə, şirkətin qarşıya qoyduğu məqsədlərdən
biri hasilat zamanı əmələ gələn və atmosferə
atılan səmt qazlarının hamısını
toplayıb ondan istifadə ilə bağlıdır. Bununla
bağlı hazırda dənizdə olan yataqlardan səmt
qazlarının yığılması
planlaşdırılır. Belə ki, "Günəşli"
yatağında 300 milyon kubmetr səmt qazının
yığılması nəzərdə tutulur və cari ilin
sentyabr-oktyabr aylarında bu reallaşacaq. Neft Daşlarında
bu istiqamətdə başqa bir layihə də həyata keçirilir.
2005-ci ildən başlanan bu layihə nəticəsində
203-205 milyon kubmetr səmt qazının
yığılması planlaşdırılır. Layihə
2011-ci ilə qədər başa çatacaq və bundan sonra
ARDNŞ tərəfindən atmosferə atılmalarda 500-600
milyon kubmetrə qədər azalma baş verəcək. Bu da
iqlim dəyişmələri problemində müəyyən təsirini
göstərəcək. Qeyd edək
ki, ARDNŞ tərəfindən bu istiqamətdə həyata
keçiriləcək tədbirlərdən biri də yeni
layihənin reallaşdırılmasıdır. Belə ki, 8 ildir bu istiqamətdə iş
aparılır və Almaniyada müzakirəsi aparılan layihələrdən
biri "Dəniz külək Parkı"nın
yaradılması ilə bağlıdır. Qeyd edək ki,
alternativ enerji həm iqtisadi, həm ekoloji, həm də siyasi
problemdir və Səudiyyə Ərəbistanından sonra II
neft ölkəsi kimi Azərbaycanda alternativ enerji proqramının
olması və bunun inkişaf etdirilməsi çox müsbət
qarşılanır. "Kioto protokolu"na görə
inkişaf etmiş ölkələrin öhdəlikləri var
və buna əsasən 2007-2012-ci illər ərzində
atmosferə atılan parnik qazlarının səviyyəsini
1990-cı il səviyyəsindən 5-7 faiz azaltmalıdırlar.
Ötən il Kopenhagendə reallaşan "İqlim dəyişmələri
üzrə tərəflər konfransında" "Kioto dövrü"ndən
sonrakı dövr, yəni, 2012-ci ildən sonra ilə
bağlı saziş imzalanmayıb və bu il həmin
sazişin imzalanması gözlənilir. "Kioto
protokolu"na görə, onu imzalayan
41 ölkə öhdəlik daşısa da inkişaf etməkdə
olan Azərbaycanın 2012-ci ilə kimi bu sahədə öhdəliyi
yoxdur. Alternativ enerjinin alınması iqtisadi baxımdan baha
başa gəlsə də "Kioto protokolu" Qərb
ölkələrində elə bir bazar mexanizmini yaradıb ki,
onun istehsalı operator üçün əlverişlidir.
2012-ci ildən sonra isə postkiota ölkələrinin də
üzərinə öhdəlik qoymaq istəyirlər və bu
da onunla bağlıdır ki,
iqlim dəyişmələrinin qarşısını
almaq mümkün olmayacaq. ETSN-nin Hidrometereologiya departamentinin direktor
müavini Sahib Xəlilovun sözlərinə görə,
2050-ci ildən sonra yer kürəsində orta illik temperaturlar 5 dərəcə arta
bilər ki, bu da fəlakətə səbəb olar.
Qrellandiyada, Antarktida da buzların əriməsini də buna
misal göstərmək olar. Qlobal istiləşmənin
ardından qlobal soyuqlaşma müşahidə oluna bilər. Əgər
"Kioto protokolu" ilə bağlı Azərbaycan öz
üzərinə öhdəlik götürsə, bu mexanizmlə
əlaqədar müəyyən infrastrukturlar yaranacaq. Yəni,
hər bir müəssisədə atmosferə atılan parnik
qazlarının miqdarını hesablayan, onların
kvotasını müəyyənləşdirən strukturlar
olacak. ETSN tərəfindən meşələrin
artırılması siyasəti də atmosferə atılan
parnik qazların azalması deməkdir. Yəni, meşələr
karbon qazını udurlar. Digər tərəfdən artıq
Yeni Yaşmada külək enerjisi ilə fəaliyyət
göstərən külək aqreqatları istifadəyə
verilib. Mütəxəssislər deyir ki, əsas amillərdən
biri elmi istiqamət deyil, onun texnoloji zəncirə
qoyulmasıdır. Onu işlədə biləcək mütəxəssislərin
hazırlanmasıdır. Biokütlədən istifadənin
vacib olduğu göstərilir. Belə ki, Almaniya birləşdikdən
sonra dövlət Berlində evlərin 30 faizə qədərini
sökmək qərarı verib. Bu, həmin evlərin enerji
effektivliyi standartına uyğun gəlməməsi ilə
bağlı idi, həmin evlərin qızdırılması
üçün çoxlu enerji tələb olunurdu. Ancaq bizdə
bu istiqamətdə həyata keçirilən tədbirlərə
gəldikdə, yeni tikililərdə,
hətta layihələrdə nə qədər mənzil varsa
o qədər "kombilər" qoyulur və
qızdırılma bu cür həyata keçirilir. Bu
baxımdan mərkəzləşmiş istilik sistemləri
vacibdir. ETSN tərəfindən bu istiqamətdə
Pirallahı adasında pilot layihə həyata keçirib.
Mütəxəssislərin fikrincə, alternativ enerji ilə
bağlı orta məktəblərdə kurs keçirilməli,
ali təhsil müəssisələrində ixtisaslar
artırılmalıdır. Həmçinin gənclər
xaricə göndərilərək təhsil alıb mütəxəssis
kimi ölkəmizdə işləməlidir.
BMT-nin enerji səmərəliliyi ilə bağlı
hesabatında göstərilir ki, dünyanın inkişaf etməsi
üçün alternativ enerjidən istifadə edilməlidir.
Dünya üzrə hazırda 3 milyard insan hələ də ənənəvi
olaraq odun, kömür, mazut kimi kütlələrdən
istifadə edir və bu da onların sağlamlığına
və ekologiyaya ciddi ziyan vurur. Bu gün 1,5 milyard insan
ümumiyyətlə, elektrik enerjisindən məhrumdur. Bu istiqamətdə BMT tərəfindən
irəli sürülən məqsəd 2030-cu ilə kimi
dünya əhalisini davamlı, ekoloji təmiz enerji mənbələri
ilə təmin etməkdir. İnkişaf etməkdə olan
dövlətlərdə ənənəvi enerji mənbələrindən
istifadənin, ən azından 2,5 faiz azaldılmalıdır.
Dünya Bankının məlumatına görə, alternativ
enerjidən istifadə etməməklə əslində
dünya hər il 2 faiz inkişaf potensialını itirir. Azərbaycanın yerləşdiyi
çoğrafi məkan alternativ və bərpa olunan enerji mənbələrindən
səmərəli istifadə etmək üçün əlverişli
olduğunu, ölkəmizin resurs imkanları artdıqca
alternativ və bərpa olunan enerji mənbələri kimi
günəş və külək enerjisindən, biokütlədən,
geotermal mənbələrdən və kiçik elektrik
stansiyaların gücündən istifadə edilməsinin həm
iqtisadi, həm də ekoloji cəhətdən səmərəli
olduğunu nəzərə alıb, biz də dünyada
inkişaf potensialının itirilməsinin
qarşısının alınmasına yardımçı
olmalıyıq.
Nigar Abdullayeva
Palitra. -2010. – 5 may. – S.11.