Badamdar qəsəbə
mədəniyyət evinin
açılışı olub
Səbail rayonunda yerləşən əsas mədəniyyət mərkəzləri - teatrlar, muzeylər, parklar və s. mədəni ocaqlar ölkə başçısının göstərişinə əsasən təmir olunaraq sakinlərin və şəhərimizin çoxsaylı qonaqlarının istifadəsinə verilib, bir çox mədəniyyət obyektlərində isə hazırda təmir işləri aparılır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində bu əlamətdar günə həsr olunmuş tədbirlər planına uyğun olaraq əsaslı təmir və yenidənqurma işlərindən sonra Səbail rayonu, Badamdar qəsəbəsindəki mədəniyyət evinin açılış mərasimi keçirilib. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və çoxsaylı qonaqların toplaşdığı mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mədəniyyət evinin açılışı münasibəti ilə qəsəbə sakinlərini təbrik edib və bu mərasimin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində keçirildiyini bildirib. Qeyd olunub ki, Badamdar qəsəbəsindəki mədəniyyət evi 1957-ci ildə inşa olunub və 1967-ci ildən mədəniyyət evi kimi fəaliyyət göstərir. Burada indiyədək yalnız cari təmir işləri aparılıb, 15 ildən çox bir müddətdə həmin binada qaçqın ailələri məskunlaşdığından bura yararsız hala düşüb və mədəniyyət evinin normal fəaliyyətində böyük problemlər yaranıb. Qeyd olunub ki, RİH-nin təşəbbüsü ilə ilk növbədə burada məskunlaşmış qaçqın ailələri üçün «Şıx» sanatoriyasında gözəl şərait yaradılaraq onlar ora köçürülüb, yeni layihə sənədləri əsasında yenidənqurma aparılıb. Ulu öndərin doğum günü ərəfəsində qəsəbə sakinləri üçün bir hədiyyə olan mədəniyyət evində tədbirlərin keçirilməsi, dərnəklərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Zalda yeni səhnə qurulub, 100 ədəd yeni oturacaq quraşdırılıb, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Binanın fasadına üzlük çəkilib və bəzək işləri görülüb, 800 kv.m. yeni dam örtüyü vurulub, yeni istilik sistemi quraşdırılıb. 350 kv.m. döşəmə vurulub, foyeyə tamet döşənib, yeni dekorativ hasar çəkilib, qazon örtüyü salınıb. Səbail RİH və Mədəniyyət və Turizm Nazirliyinin daxili imkanları hesabına dərnək otaqları və xidməti kabinetlər lazımi inventarla təmin olunub, yeni səsgücləndirici aparatura quraşdırılıb, foye və otaqlarda yeni tərtibat işləri aparılıb, mədəniyyət evi hər cür lazımi avadanlıqlarla təmin olunub. Sonda mədəniyyət evinin açılışı münasibəti ilə böyük konsert proqramı təşkil olunub.
Cavidan
Palitra. -2010. – 5 may. – S.13.