İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Yazı müsabiqəsinin 21 nəfər qalibi Heydər Əliyev Fondu tərəfindən yayda Belçika, Fransa və Almaniyaya bir həftəlik səfərə göndəriləcək.

Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində məktəblilər arasında keçirilən “Heydər Əliyev-87” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi oldu. Tədbir iştirakçıları öncə Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət etdilər. Qeyd edək ki, YAP, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu müsabiqədə ölkənin ümumtəhsil məktəblərinin VII-XI sinif və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri iştirak edib.

 600 mindən  çox şagirdin iştirak etdiyi bu bilik yarışması 3 mərhələdə keçirilib və müsabiqə qaliblərinin inşa yazıları «Heydər Əliyev məktəblilərin gözü ilə» adlı kitab şəklində nəşr ediləcək. Son mərhələdə Zərifə Əliyeva adına məktəbdə  96 nəfər şagirdin iştirak etdiyi müsabiqədə 21 nəfər qalib seçilib. Onlardan 5 nəfəri I yerə, 5 nəfəri II yerə, 11 nəfəri III yerə, 56 nəfər isə fəxri fərmanlara layiq görülüb. Təhsil naziri Misir Mərdanov bildirdi ki, bu müsabiqədə iştirak edən məktəblilərin sayı ilbəil artır: «Azərbaycan məktəbliləri Heydər Əliyevin şəxsiyyətinə öz ehtiramlarını bildirirlər. Bizim əsas məqsədimiz müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında gənclərimizin biliyini artırmaqdır».

YAP-ın icra katibi Əli Əhmədov isə qeyd etdi ki, belə müsabiqələr Heydər Əliyev irsini öyrənməyə xidmət edən hərəkatdır: «Azərbaycan təhsilinin inkişafında yeni mərhələ yaşanır. Bu müsabiqədə iştirak edən şagirdlər Heydər Əliyev siyasətinə və ideallarına tərəfdar olduqlarını, onu dəstəklədiklərini göstərirlər”.

Xatırladaq ki, müsabiqədə qalib gəlmiş şagirdlərin hər birinə 1 ədəd noutbuk hədiyyə olunub. YAP İdarə Heyəti müsabiqədə daha fəal olan 12 nəfərə ali təhsil alacaqları 4 ildə təqaüd verəcək. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov  müsabiqə qaliblərini Fondun prezidenti Mehriban Əliyevanın adından təbrik edərək bildirdi ki,  indiyədək fond tərəfindən bir sıra layihələr həyata keçirilib. Uğurlu layihələr sırasında “Təhsilə dəstək proqramı“, “Yeniləşən Azərbaycana yeni məktəb”, ”Uşaq evləri  və internat məktəblərinin inkişafı” proqramlarını qeyd etmək olar. Həmin proqramların modelləri artıq bir sıra dövlətlər tərəfindən götürülərək tətbiq olunur. Qeyd edildi ki, yalnız “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkədə 310-a yaxın məktəb inşa olunub, yeni avadanlıqla təchiz olunub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 31 uşaq müəssisəsi əsaslı olaraq yenidən qurulub. Fondun beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən biri Pakistanın Müzəffərabad şəhərində inşa olunan 650 şagird yerlik qızlar üçün məktəbdir ki, artıq bu məktəbi bitirənlər Heydər Əliyev Fonduna məktub yazırlar. Bu yaxınlarda Gürcüstanın təhsil naziri ilə əməkdaşlıq memorandumu imzalanıb və bir sıra məktəblərin yenidən qurulmasına başlanacaq. Bildirildi ki, Fond tərəfindən reallaşacaq tədbirlərdən biri kimi bu yazı müsabiqəsinin  21 nəfər qalibi bu ilin iyununda Belçika, Fransa və Almaniyaya bir həftəlik səfərə göndilərəcək.

Artıq 4-cü ildir ki, bu bilik yarışmasınin keçirildiyini və bu olmpiadanın ulu öndərin 87-ci doğum gününə həsr edildiyini deyən Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev  bildirdi ki,  Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtmazdan öncə təhsilə biganə münasibət var idi: «Ulu öndərin ölkə rəhbərliyinə qayıtdıqdan sonra ilk qərarlarından biri təhsil işçilərinin əməyinin yüksək səviyyədə qiymətləndirilməsi oldu. Müəllimlər günü münasibətilə onları fəxri adlar, orden və medallarla təltif etdi. Eləcə də, sərəncamla təhsil işçilərinin əmək haqlarının artırılmasını təsdiq etdi. Bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən mütəmadi olaraq bu tədbirlər davam etdirilir və hər il yüzlərlə təhsil işçisi bu və ya digər fəxri adlar, orden və medallarla təltif edilir. Azərbaycan təhsili düzgün istiqamətdə inkişaf edir və bunun nəticəsidir ki, 600-dən artıq şagird bu olimpiadada iştirak edib. Ölkə başçısının əsas məqsədi odur ki, gənclərimiz sağlam, tərbiyəli və savadlı böyüsünlər. Bu istiqamətdə atılan addımlardan biri kimi ölkə başçısının sərəncamı ilə 5 min gənc dünyanın aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanıb. Ölkə başçısı bilir ki, Azərbaycanın inkişafı gənclərdən asılıdır. Gənclərimiz nə qədər savadlı olarsa  dövlətimiz də bir o qədər inkişaf etmiş olacaq. Bu olimpiadalar nəinki VII-XI sinif, digər sinif şagirdləri arasında da aparılmalıdır. Əminəm ki, hazırda bu yarışmada qalib gələnlər yüksək balla ali məktəblərə daxil olacaqlar və  bir çoxu Prezident təqaüdünə layiq görüləcək. Bu inşa yazı müsabiqəsində qalib gələrək I yeri tutanlara 300 manat, II-III yerləri tutanların hər birinə 200 manat və  müsabiqənin keçirilməsində əməyi olan müəllimlərə HİK tərəfindən 300 manat vəsait ayrılacaq”. 

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həmin qaliblərin hər birinə 1 ədəd fotoaparat hədiyyə edəcək. Bundan başqa, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev 2 qalibin hər birinə 500 manat, təhsil naziri Misir Mərdanov isə 1 şagirdi 1000 manat pul mükafatı ilə sevindirdi.

 

 

Nigar

 

Palitra. -2010. – 7 may. – S.7.