«Ekoloji atlas» hazırlanıb

 

Azərbaycan ərazisi Qafqaz qoynunda geniş sahəni əhatə edərək makro və mezorelyefin müxtəlif ororqrafik, geomorfoloji elementlərini birləşdirir. Ölkənin şimalında, zirvələri daim qar və buzlaqlarla örtülü olan Böyük Qafqazın dağ sistemləri uzanır. Relyef Xəzər dənizi sahillərində dünya dəniz səviyyəsindən 27 m aşağıda yerləşir. Şimal-qərbdə Böyük Qafqaz dağ sistemlərinə dağətəyi düzənliklər, şərqdə isə çoxlu fəal palçıq vulkanlarına rast gəlinən Qobustan alçaqdağlıq rayonu birləşir.

 Respublika ərazisinin qərbində və cənub-şərqində Kiçik Qafqaz dağ sisteminin çoxsaylı sıra dağları və Qarabağ vulkanik yaylası yerləşib. Cənub-şərqdə, dəniz sahilboyunda isə Talış dağları və Lənkəran ovalığı relyefin əsas elementləridir. Böyük Qafqaz və Kiçik Qafqaz dağ sistemləri arasında maili düzənliklər və alçaqdağlıq tirələrlə haşiyələnmiş Kür-Araz ovalığı uzanır. Xəzəryanı ovalıq ensiz zolaq şəklində Dağıstan sərhədindən İran sərhədinədək bütün Xəzər dənizi sahili boyunu əhatə edir.

Azərbaycanın təbii-iqlim şəraitinin müxtəlifliyi təbii mühitin ekoloji vəziyyətinə təsir edir. Bütün dünyanın, o cümlədən dövlətimizin də ən vacib problemlərindən biri təbii mühitdə baş verən antropogen dəyişikliklərin respublika əhalisinin sağlamlığına göstərdiyi təsirdir. Ən mühüm ekoloji məsələ-ətraf mühitin irimiqyaslı çirklənməsi ilə  (yanacaq yandırma nəticəsində karbon qazının atmosferə buraxılması, sənaye tullantıları ilə suyun və torpağın zəhərlənməsi və s.) mübarizə aparmaqdır: qlobal ekosistemlərin dağılması - ekoloji sarsıntıların əsas səbəbidir.

Təbii mühitdə proseslərin qlobal dəyişiklikləri, o cümlədən, iqlimin istiləşməsi, atmosferin qaz tərkibinin pozulması, turşu tərkibli yağışların yağması, ozon təbəqəsinin nazikləşməsi, təbiətdə maddələr dövranının pozulması, kütləvi şəkildə meşələrin qırılması, torpaqların təbii münbitliyinin azalması və eroziyanın güclənməsi, səhralaşmanın genişlənməsi, planetin genofondunun azalması, təbii fəlakətlərin artması baş verməkdədir. Həyatı təmin edən bütün təbii sistemlərin deqradasiyası müşahidə edilir.

Respublikamızda bu problem ərazimizin coğrafi mövqeyinə, müxtəlif iqlim şəraitinə və kənd təsərrüfatının xüsusiyyətlərinə görə öz mürəkkəbliyi və çoxcəhətliyi ilə fərqlənir. Meşələrin vəziyyəti və mühafizə edilməsi ekologiyanın ən mühüm məsələlərindəndir. Meşələr rütubəti, dəniz və okeanları materiklərin ən ucqar nöqtələrinə çatdıran, həyatda müstəsna rol oynayan nəhəng təbii nasoslardır. Rütubət olmayan səhralarda külək yalnız qum fırtınaları yaradır. Respublikamızın dağ yamaclarında meşələrin yaxşı qorunmaması, subalp və alp çəmənlərində hədsiz və sistemsiz mal-qara otarılması eroziya posesini gücləndirir, yarğanların, sürüşmələrin əmələ gəlməsinə, dağıdıcı sellərin cövlanına, bioloji müxtəlifliyin deqradasiyasına səbəb olur. Bununla əlaqədar ərazinin flora və faunası, təbii-iqlim balansı dəyişib və bəzi yerlərdə ekosistemin parçalanması baş verib.

Azərbaycanda bir sıra ekoloji cəhətdən gərgin zonalar mövcuddur. Bu zonalara Abşeron yarımadasını, Kür, Araz və Oxçuçay çaylarının hövzələrini, Gəncə, Mingəçevir, Şirvan kimi iri şəhərlərin ərazilərini aid etmək olar.

Abşeron yarımadasının ərazisi özünün sənaye infrastrukturuna, yaşayış məntəqələrinin aqlomerasiyasına görə ekoloji cəhətdən çox həssasdır. Burada atmosferin tərkib hissələrinin qanunauyğun fəaliyyəti kəskin pozulub. Bu kimi səbəblərdən respublikanın ekoloji vəziyyəti haqqında mükəmməl, ətraflı məlumatın alınması cəmiyyət və dövlət üçün son dərəcə vacibdir.

Dünyada baş verən təbii-iqlim proseslərinin qarşılıqlı əlaqəsi də respublikamızın təbii-iqlim proseslərinə öz təsirini göstərir. Dünyanın təbii mühitinin ekoloji vəziyyəti Azərbaycanın ekoloji vəziyyətində hiss olunur. Bununla əlaqədar hazırlanan «Ekoloji atlas»da dünyanın və Azərbaycanın təbii mühitini səciyyələndirən xəritələr verilib. Bu xəritələr əhalinin sağlam həyat tərzini və yaşamağa qabil təbii prosesləri, bütövlükdə proseslərin ekoloji parametrlərini əks etdirir.

«Ekoloji atlas» ilk dəfə olaraq vahid kartoqrafik əsər kimi nəşr olunur. Atlas tərtib olunarkən əsas kimi respublika alimlərinin çoxillik tədqiqatlarından istifadə olunub. Atlasda respublikada ekoloji vəziyyətin tədqiqi, dövlətin ekoloji siyasəti, ekoloji təhsil, ekoloji mədəniyyətin yüksəlməsi haqqında məlumatlar əks olunub. Azərbaycan və bütövlükdə dünyada ekoloji vəziyyətin müqayisəli qiymətləndirilməsində atlas mühüm rolu var. Tematikanın müxtəlifliyi, məzmunun dolğunluğu kimi səciyyəvi göstəricilər atlasın elmi-praktiki əhəmiyyətini artırır.

Atlasın xüsusi tematik məzmunu 11 bölmədən ibarətdir:

I. Atmosfer. II. Hidrosfer. III. Litosfer. IV. Torpaqlar. V. Biosfer. VI. Landşaftlar. VII. Bitki örtüyü. VIII. Heyvanlar aləmi. IX. Təbii fəlakətlər. X. Cəmiyyətin ekologiyası. XI. Azərbaycan ekologiyasının hüquqi əsasları (sənədlərin siyahısı).Atlasda 110-dan artıq xəritə verilib. Atlasdakı xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəni asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən, qrafik və diaqramlardan istifadə olunub. Azərbaycan üzrə xəritələr 1:1 500 000 miqyasında tərtib olunub ki, bu da müxtəlif məzmunlu xəritələrin istifadəsi zamanı onların müqayisəsini asanlaşdırır. Atlasda mövcud xəritələrin məzmununu izah edən məlumatlar bir sıra hallarda rəngli şəkillərlə verilib. Atlasdakı xəritələrin əksəriyyəti elmi yenilikli məzmununa görə fərqlənir. Atlasın məzmununun metodoloji əsasını qarşılıqlı təbiət-insan, cəmiyyət təsirinin məcmusu təşkil edir. Bu əlaqələr müəyyən təbii və sosial-iqtisadi şəraitdə yaranır, inkişaf edir. Belə bir şəraitdə təbii mühitə, insana, cəmiyyətə qarşı müxtəlif növə və gücə malik antropogen təsirlər yaranır.

İstər müasir, istərsə də keçmiş dövrlərdən qalmış belə təsirlər təbii mühitin və onun əsas komponentlərinin dəyişməsini, havanın, suyun, torpağın, meşələrin və s. keyfiyyətinin pisləşməsi ilə nəticələnir. Təbii mühitin dəyişməsi insanların sağlamlığına, yaşayış tərzinə, güzəranına, onların istehsalat və digər fəaliyyətlərinə mənfi təsir göstərir. Ekoloji vəziyyətə ümumi qiymət verilərək, onun istər ekoloji, istərsə də sosial və iqtisadi baxımdan gedişatı və optimallığı üzrə tədqiqatı təyin edilir.

Qeyd olunan amilləri aydınlaşdıran «Ekoloji atlas»dan geniş oxucu kütləsi, ali və orta ixtisas təhsili mütəxəssisləri, ekoloqlar, bioloqlar, kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər və s. istifadə edə bilər. Ekoloji atlas respublikamızın ekoloji problemlərinin bütün əsas sahələrini əhatə edir və çoxsaylı aparıcı alimlərin  birgə uğurlu əməyinin nəticəsidir. Atlasda əhatə edilmiş mövzularda müxtəlif məzmunlu xəritələr, mətnlər, diaqramlar və s. müəlliflərin uzun illər apardığı tədqiqatların nəticəsidir. Atlasın hazırlanmasında və nəşrində bir sıra təşkilatlar da (AMEA-nın müxtəlif elmi-tədqiqat institutları, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və s.) öz köməkliklərini əsirgəməyib. Elmi tədqiqatların nəticələrinin uğurlu tətbiqi və qeyd olunan təşkilatların işgüzar səyləri fundamental elmi əsərin yaranmasına gətirib çıxarıb. Bu «Ekoloji atlas» respublikanın elmi həyatında çox mühüm hadisə olmaqla dövlət mükafatına təqdim edilməsinə layiqdir.

 

 

Nigar

 

Palitra. -2010. -7 may. – S.11.