Fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə:
“XXI əsr yüksək elmi-texniki potensiala, elmə, onun maliyyələşdirilməsinə
önəm verən cəmiyyət və dövlətin əsridir”
“Ramiz Mehdiyevin məqaləsi göstərdi ki, hakimiyyət
elmin modernləşdirilməsi prosesinin tərəfdarıdır”
Azərbaycan dövlətinin və cəmiyyətinin
elmə, təhsilə olan marağı bütün dövrlərdə
ən yüksək səviyyədə olub. Dövlətin elm
sahələrinə olan qayğısı həyata
keçirilən dövlət siyasətinin tərkib hissəsinə
çevrilib. Bu gün qloballaşan dünyada yüksək elmi
potensiala malik olmaq mühüm məsələlərdən
biridir. Sözsüz ki, buna nail olmaq üçün ilk
növbədə elmimizdə olan problemləri aradan
qaldırmaq və Azərbaycan elminin nailiyyətlərini
dünya səviyyəsinə çatdırmaq lazımdır.
Bəs ümumilikdə Azərbaycan elmində nə kimi
problemlər var və bu problemləri necə həll etmək
olar?Bu məsələlərlə əlaqədar fikirlərini
öyrəndiyimiz alim AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri
doktoru, professor Ilham Məmmədzadədir.
- Bu gün Azərbaycan elmində hansı problemləri görürsünüz?
- İlk
öncə elm və onun problemlərindən danışan
zaman bildirmək lazımdır ki, müasirlik elmə müəyyən
çağırışlar verir. Elmlə məşğul
olan alimlər isə çağırışları təhlil
edərkən bu çağırışlara hazır
olmalıdırlar. Elmin problemlərini bilmək, bunları
müzakirə etmək çox müsbət haldır və
bu özü-özlüyündə problemlərə müəyyən
cavabdır.
Azərbaycan elminin problemlərindən
bəhs edərkən bildirməliyik ki, elə problemlər var
ki, bu problemlərə özümüz, yəni institut şəklində
cavab verə bilərik. Amma eyni zamanda elə problemlər
və çağırışlar da var ki, onlara dövətlə,
cəmiyyətlə birgə, dövlət səviyyəsində
cavab verilməlidir. Ona görə dövlət də bu
problemlərin öhdəsindən gəlməlidir. Bu problemlərin
müəyyən qismi bizdən asılıdır, digər
qismi isə cəmiyyətdən və dövlətdən
asılıdır. Azərbaycan elminin problemlərindən
danışan zaman ilk öncə o problemləri qeyd etməliyik
ki, onlar bizim instituta aiddir. Yəni institutumuzun hansı
xarakterli problemləri var və biz onları necə həll etməliyik.
Problemlərdən ən vacibi odur ki, Azərbaycan elmini beynəlxalq
səviyyəyə çıxartmaq lazımdır. Yəni
bizim institutumuzun alimləri, filosoflar, sosioloqlar, politoloqlar və
hüquqşünaslar çalışmalıdırlar ki,
onların işləri, məqalələri, kitabları beynəlxalq
arenaya çıxsın. İkincisi isə sözsüz ki,
beynəlxalq konfranslarda iştirak etməkdir.
Üçüncüsü, Azərbaycanda keyfiyyətli və
zamanın tələblərinə cavab verə bilən elmi
jurnalların hazırlanması və çapı məsələsidir.
Bu istiqamətlərdə bizdə müəyyən tədbirlər
görülür. Bilirsiniz ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sosiomədəni
modernləşmə xəttini seçib və bu da o deməkdir
ki, dövlət özü görür və yaxşı
bilir ki, elmsiz müasirliyə çatmaq, addımlamaq
mümkün deyil. Yəni modernləşmə xəttinin
lideri olan İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi
bilik və informasiya cəmiyyətinə gətirib
çıxaracaq. Bu o deməkdir ki, modernləşmə sosiomədəni
mərhələyə malik olmaqla həm də ayrılmaz surətdə
cəmiyyətin şüuru, onun elmə, təhsilə, mədəniyyətə
münasibəti ilə bağlıdır. Prinsip etibarilə
artıq hamı tərəfindən qəbul olunub ki, XXI əsr
yüksək elmi-texniki potensiala, kapitala malik, elmə, onun
maliyyələşdirilməsinə önəm verən cəmiyyət
və dövlətin əsridir. Məlumdur ki, dünyanın
inkişaf etmiş ölkələri özlərinin heç
də az olmayan ÜDM-inin (ümumi daxili məhsul) 2-3 faizini
elmə sərf edirlər. Yaponiya, İsrail kimi ölkələrdə
isə bu hətta 3,5-4,5 faizə çatır.
Bu gün bütün
dünya bilir və başa düşür ki, müasirlik
bilik cəmiyyətinə doğru addımlamaqdır. Bilik
cəmiyyəti isə sözsüz ki, elmlə
bağlıdır. Qeyd edim ki, ölkəmizdə 2009-cu ildə
bu istiqamətdə dövlət tərəfindən bir
çox işlər görülüb. İlk öncə onu
bildirmək lazımdır ki, Azərbaycan Prezidentinin
“2009-2015-ci illərdə elmin inkişafının milli
strategiyası haqqında” sərəncamında elmin inkişafının
önəmliliyi, bu vəzifələrin həyata keçirilməsi
üçün problemlərin həlli ictimai elmlərin
inkişafı kontekstində dəstəklənir. Bu məsələlər
Prezident Administrasiyasının rəhbəri akademik R.Mehdiyevin
“İctimai və humanitar elmlər: zaman kontekstində baxış”
başlıqlı məqaləsində tədqiq edilir. Bu diqqət
və maraq hakimiyyətin elmin modernləşmə prosesinə
bilavasitə cəlb olunmasında maraqlı olduğunu göstərir.
Qeyd etmək lazımdır ki, bu özü-özlüyündə bizim üçün böyük təkandır. Amma bu təkanı da yerinə yetirmək lazımdır. Bunun üçun isə bizim qarşımızda müəyyən vəzifələr dayanır. Birincisi, beynəlxalq konfranslarda iştirak etmək. Biz beynəlxalq konfranslarda iştirak edirik və çalışırıq ki, bu istiqamətdə daha da sürətli işləyək. Belə tip konfranslar həm Bakıda, həm də dünyanın bir sıra ölkələrində keçirilir. Aydındır ki, bu konfranslarda filosofların çıxışları çox olur, filosoflardan fərqli olaraq sosioloqların çıxışları bir qədər az, hüquqşünasların çıxışları isə nadir hallarda olur. Məsələn, mən qeyd edim ki, belə konfranslar keçən il həm Portuqaliyada və Rusiyada, həm Əlcəzairdə, həm də Qazaxıstanda keçirilib. Bizim əməkdaşlar bütün bu konfranslarda iştirak edirlər və bununla yanaşı biz həm də çalışırıq ki, həmin dövlətlərin müvafiq institutları ilə sazişlər bağlayaq. Məsələn, aprelin ortalarında Ukraynanın Fəlsəfə İnstitutu ilə saziş bağlamışıq. Bu sazişlər bizə bir çox imkanlar yaradır. Bundan başqa keçən il Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu ilə bizim institut Moskvada böyük bir konfrans keçirdi. Onu da bildirmək istəyirəm ki, Heydər Əliyev Fondu bu konfransın keçirilməsində böyük köməklik göstərdi və biz buna görə fonda minnətdarıq. İkitərəfli sazişlər bizim institutun əməkdaşlarına beynəlxalq arenaya çıxmaqda geniş imkanlar verir.
- Azərbaycan alimlərinin elmi əsərlərini xarici ölkələrin reytinqli jurnallarında çap etdirməsi ilə bağlı nə kimi işlər görülür?
- Bildirmək
istəyirəm ki, bizim əməkdaşlar beynəlxalq səviyyəli,
reytinqi yüksək olan jurnallarda məqalələrlə
çıxış edirlər. Mən 2008-ci ilin ortalarından bu institutun direktoru vəzifəsinə
təyin olunmuşam. Qeyd etməliyəm ki, əvvəllər
bizdə cəmi on bir, ya da on iki məqalə belə
jurnallarda çap olunurdu. Amma bu il yetmişə yaxın məqaləmiz
müxtəlif xarici jurnallarda çap olunub. Burada bir məsələni
bildirmək vacibdir ki, müasir şəraitdə istənilən
alim Moskvada və ya Vaşinqtonda öz hesabına məqalələrini
və ya kitablarını jurnallarda çap etdirə bilər.
Amma bu yol o qədər də düzgün deyil. Amma bundan fərqli
olaraq hər hansı bir kitab, məqalə akademiyanın elmi
şurasında çap olunanda bu, müəyyən qədər
səviyyədən xəbər verir. On görə biz
çalışmalıyıq ki, məhz belə kitablar, məqalələr
çox olsun. Aydındır ki, reytinqli jurnallar çox
tanınmış və seçilən jurnallardır. Orada məqalələrin
işıq üzü görməsi, çap olunması
çox çətindir. Amma eyni zamanda elə jurnallar da var
ki, onlar fəlsəfi, sosioloji cəmiyyətlərdə
tanınan jurnallardır və bu jurnalların böyük
hörməti və nüfuzu var. Belə jurnallarda da məqalələrin
çap edilməsi çox vacibdir. Məsələn,
“Voprosı filosofii” jurnalı Rusiyanın çox
tanınmış jurnalıdır və böyük
nüfuzu var. Bu jurnalı
bütün dünya tanıyır. Burada Azərbaycan
filosoflarının işləri çap olunsa, mən
böyük qürür hissi keçirərəm. Məsələn,
onu deyim ki, mənim bir əməkdaşla həmmüəllif
olduğum məqalə “Vek qlobalizasii” jurnalında çap
edilib. O da “Voprosı filosofii” kimi sanballı bir jurnaldır.
Burada onların sanballılığı ondan irəli gəlir
ki, həmin jurnalı hazırlayan şəxslər
tanınmış, görkəmli alimlərdir. Jurnalın
redaksiya heyəti tanınmış alimlərdən ibarətdir.
Ona görə də alimlərimizin reytinqli jurnallarda öz məqalələrini
çap etdirmələri çox müsbət bir haldır.
Lakin burada digər bir məqam ondan ibarətdir ki, Azərbaycanın
daxilində də bu jurnalların çap edilməsi çox
vacibdir. Bizim institutda bir-iki belə jurnallar var və mən
çalışıram ki, bu jurnalların redaksiya heyətinə
tanınmış xarici alimləri daxil edək. Biz
çalışırıq ki, redaksiya heyətinə
Türkiyənin, Rusiyanın ən tanınmış
filosoflarını dəvət edək. Çünki bizim belə
əməkdaşlığımız həm bizə, həm
də o filosoflara uğur gətirər. Məsələn,
bizim institutumuzun “Fəlsəfə” jurnalının redaksiya
heyətində türkiyəli Fuad Keyman adlı alim, professor
var. O, çox tanınmış olan və Ankarada yerləşən
Bilkənd Universitetinin professorudur. Bugünlərdə o,
ABŞ-da çox tanınmış bir universitetin professoru
olub. Bundan başqa digər bir professor Doğan Özləm də
bizim redaksiya heyətindədir. O da çox tanınmış
bir alimdir. Və həmçinin biz Rusiya filosoflarını da
bura dəvət etmişik. Məsələn, fəlsəfə
elmləri doktoru, professor Tahir Maxamatov. Bu alim Rusiya Prezidenti
yanında Maliyyə Akademiyasının tanınmış bir
professorudur. Ümumiyyətlə, biz
çalışırıq ki, məqalələri daha da rəngarəng
edək və daha sanballı olsun. Bunun yolu isə müzakirələr,
rəylər və alimlərin
çalışmalarıdır. Ona görə də biz beynəlxalq
konfranslarda iştirak etməli, beynəlxalq jurnallarda məqalələr
çap etdirməli, Azərbaycanda müxtəlif beynəlxalq
konfranslar keçirməli və həmçinin Azərbaycanda
elmi jurnallar çap etdirməliyik. Aydın məsələdir
ki, bu asan iş deyil. Amma buna baxmayaraq biz
çalışmalıyıq. Məsələn, 2009-cu ildə
Heydər Əliyev Fondu və bu fondun prezidenti Mehriban xanım Əliyevanın
təşkilatçılığı ilə muğamla
bağlı böyük elmi konfransın keçirilməsi
böyük tarixi və elmi hadisə idi. Bu konfransda bizim alimlərimiz
uğurla çıxış etmişdilər. Bir məsələni
də bildirim ki, mən Ukraynada konfransda iştirak edən zaman
hətta Ukrayna alimləri bildirmişdilər ki, Heydər Əliyev
Fondu tərəfindən keçirilən “Beynəlxalq İbn
Ərəbi” simpoziumu “Şərq və Qərb: ortaq mənəvi
dəyərlər, elmi-mədəni əlaqələr”
konfransı çox maraqlı, faydalı və eyni zamanda
uğurlu olub.
- Qloballaşan cəmiyyətdə
Azərbaycanın fəlsəfə elmi qloballaşan cəmiyyətin
çağırışlarına nə dərəcədə
cavab verə bilir?
- İlk növbədə
bildirmək lazımdır ki, qloballaşma əsrində bir
çox məsələlərin vacibliyi ortaya
çıxır. Qloballaşma şəraitində
bütün dövlətlər öz müstəqilliyini
saxlamaq və eyni zamanda qloballaşma proseslərində
iştirak etmək istəyir. Buna isə elmsiz nail olmaq
mümkün deyil. Həm də qloballaşma prosesindən danışan
zaman biz fəlsəfəni də unutmamalıyıq. Ona
görə ki, qloballaşma fəlsəfəsini Azərbaycana
gətirmək və Azərbaycanın milli dəyərlərini
qloballaşan dünyaya çatdırmaq işinə yalnız
fəlsəfə öz töhfəsini verə bilər. Amma
aydınır ki, bu işdə fəlsəfə elminə də
müəyyən kömək lazımdır. Bütün
bunlar onu sübut edir ki, biz müəyyən şəraitdə
uğurlarımızı dünyaya elmsiz çatdıra bilmərik.
Onu da bildirmək lazımdır ki, qloballaşma proseslərində
iştirak etmək yalnız dövlətdən asılı
deyil. Bütünlükdə cəmiyyət bu prosesdə
iştirak etməli və cəmiyyətdə elmə
münasibət yüksək səviyyədə
olmalıdır.
Bu gün Azərbaycan bu
prosesdə öz addımlarını atır. Həm dövlət
bu addımları dəstəkləyir, həm də cəmiyyət
tərəfindən dəstək gəlir. Eyni zamanda
qloballaşma proseslərindən danışan zaman bildirmək
lazımdır ki, bu prosesləri öyrənmək, tədqiq
etmək lazımdır. Qloballaşma prosesində müəyyən
risklər var ki, bunları tədqiq etmək lazımdır və
filosoflar, sosioloqlar, politoloqlar və həmçinin
konfliktoloqlar və hüquqşünaslar bunları izah etməlidirlər.
Qeyd etmək lazımdır ki, müasir şəraitdə elə
risklər var ki, onlar qloballaşma dövrü ilə əlaqədardır
və elə risklər də var ki, hələ Sovet
dövründə həll edilməyiblər və
qloballaşma dövründə, yəni bu gün də
qalmaqdadırlar. Məhz bu məsələlərin izahı
ilk növbədə alimlərin sanballı tədqiqatlar
aparmalarını şərtləndirir. Ümumilikdə biz
başa düşməliyik ki, qloballaşma ilə
bağlı olan problemləri təkcə dövlətin
üstünə atmamalıyıq. Bu düzgün yanaşma
deyil.
- Prezident yanında Elmin
İnkişafı Fondunun yaradılması Azərbaycan elminə
hansı töhfələr verə bilər?
- Hesab edirəm ki, Prezident
yanında Elmin İnkişafı Fondu çox lazımlı və
eyni zamanda buna ehtiyac duyulan bir vaxtda hörmətli Prezident tərəfindən
yaradıldı. Hazırda bu fonda müəyyən istiqamətlər
verilib ki, elmin müxtəlif istiqamətləri üzrə,
ümumilikdə elm sahələrinə köməklik edilsin.
Bilirsiniz ki, müasir şəraitdə müxtəlif elmi
layihələrlə bağlı qrant almaq elə də asan
iş deyil və həmin layihə müəyyən
sınaqlardan keçməlidir. Eyni zamanda burada bir məsələni
bildirmək lazımdır ki, biz çox istəyərdik bu
fondun fəaliyyətinə alimlər cəlb olunsunlar və təqdim
olunan layihələri qiymətləndirsinlər.
Azərbaycan elmindən
danışan zaman biz bir məsələni xüsusilə
bildirməliyik ki, Azərbaycanda
elmə, təhsilə həmişə yüksək münasibət
olub. Amma burada bir məsələni nəzərə almaq
lazımdır ki, elm dəyişir və müasir elm artıq
keçmişin elmi deyil. Eyni zamanda elmə edilən
yardım, maliyyə yardımı da dəyişir. Məsələn,
onu deməliyəm ki, dövlət elmə müəyyən
maliyyə ödəmələri etməlidir. Bu mexanizm ABŞ
və Avropa ölkələrində
çox uğurla fəaliyyət göstərir. Amma digər
tərəfdən vətəndaş cəmiyyətinə
daxil olan fondlar da elmi layihələrin maliyyələşdirilməsində
aktiv iştirak etməlidirlər. Bu fondlar alimlərin işlərinə,
onların elmi tədqiqatlarına, layihələrinə
qrantlar yolu ilə köməklik etməlidirlər.
Sözsüz ki, belə olan zaman elmin inkişafı yolunda həm
dövlət, həm də vətəndaş cəmiyyəti
strukturları aktiv və məhsuldar çalışarlar.
Əlimərdan Sultanov
Palitra. -2010. – 12 may. – S.6.