Tarix elmləri doktoru, professor Bayram Allahverdiyev: “Azərbaycan kitab mədəniyyəti sahəsində dünyada tanınan, inkişaf etmiş ölkələrdən biridir”

 

Layihə çərçivəsində növbəti müsahibimiz BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Bayram Allahverdiyevdir:

 

 - Hələ uşaqlıqdan,  orta məktəbdə oxuyarkən kitabın insan həyatındakı böyük rolu, onun cəmiyyətdəki mövqeyini dərk edirdim və ona böyük həvəsim yaranmışdı. Görkəmli yazıçıların, şairlərin, alimlərin əsərlərini maraqla oxuyurdum və bu ixtisası seçməyim də təsadüfi olmadı. 1957-ci ildə BDU-ya daxil oldum və 1962-ci ildə Şərqşünaslıq fakültəsini bitirdim. 1964-cü ildə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil oldum və 1967-ci ildə "Orta əsrlər Azərbaycan kitabı" mövzusunda müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsini aldım. Həmin vaxt məni BDU-ya dəvət etdilər və o dövrdən etibarən bu ali təhsil ocağında çalışıram, 45 illik fəaliyyətim də kitabşünaslıqla, nəşriyyat işi ilə bağlı olub. 1989-cu ildə Moskva Dövlət Poliqrafiya İnstitutunda "Azərbaycan Respublikasında texniki kitabın nəşri problemləri" mövzusunda müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini aldım. Elmi fəaliyyətlə yanaşı tədris prosesi ilə də məşğul oluram və ölkəmizdə kitabşünaslıq üzrə yeganə tədqiqatçı, Zaqafqaziya üzrə bu sahədə elmlər doktoru ancaq mənəm. Kitabşünaslığın müxtəlif istiqamətləri, həm tarixi, həm də nəzəriyyəsi ilə əlaqədar 10-dək monoqrafiya, dərslik, kitablar yazmışam, həmçinin 100-dən çox elmi-publisistik məqalələrim dərc edilib.

- Bu gün kitaba munasibət, kitabçılıq işi ilə bağlı vəziyyət sizi qane edirmi?

- Kitab hər bir millətin həyatında çox böyük rol oynayır. Millətin tərəqqisi, inkişafı, mədəniyyəti, onun elmi səviyyəsinin yüksəlməsi kitabla bağlıdır. Ölkədə nə qədər kitab çap olunsa, müxtəlif sahələri əhatə etsə, oxucu qruplarının tələbatı ödənilsə, o zaman ölkənin mənəvi səviyyəsi yüksələr. İnsanların mədəniyyəti, elmi səviyyəsi nə qədər yüksək olsa, onun cəmiyyətin strukturunda iştirakı da o qədər güclü olar, daha çox fayda verər. XX əsrin 70-80-ci illərində belə bir istiqamət yarandı ki, elm məhsuldar qüvvəyə çevrilib, yəni elmsiz cəmiyyəti inkişaf etdirmək mümkün deyil. Elmin inkişafı, onun meydana gələn əsərləri ilk növbədə kitablarda öz əksini tapır. Elmi ədəbiyyatın yaranmasının yüzillik tarixi var. Azərbaycanda elmi kitabın, elmi ədəbiyyatın yaranması dövrü əsasən sovet dövrünə təsadüf edir. Çünki o dövrə qədər savadlı adamların sayı az idi. Ancaq sovet dövründə mövcud olan müsbət faktlardan biri o idi ki, digər respublikalarla yanaşı ölkəmizdə də elmin, mədəniyyətin, təhsilin inkişafı dövlət qayğısı ilə əhatə olunmuşdu. Ona görə də digər sahələrlə yanaşı kitabçılıq işində də mühüm nailiyyətlər əldə olundu. Kitabçılıq işi dövlətin strateji sahələrindən biridir. Hər bir kitabın öz funksiyası var. Belə ki, elmi, tədris, soraq-məlumat, elmi-kütləvi kitablar, istehsalat ədəbiyyatı, lüğətlər, ensiklopediyalar və s. var. Kitabın ən böyük funksiyalarından biri odur ki, informasiya daşıyıcısı kimi məlumatı tam və geniş verir. Dünyada çap kitabının 500 ildən artıq tarixi var. Əlyazma kitablarının tarixi 4-5 min ildir. Kitaba yaranan tələbat onun çapını labüd etdi və çap dəzgahında kitabın buraxılması dünyada ən böyük möcüzələrdən biri oldu. Bu baxımdan kitab çapının meydana gəlməsi kitabın inkişafına güclü təsir göstərdi. Əlyazma şəklində kitab çox az istehsal olunur, oxucu sayı da az olurdu. Çünki xəttatlar onların üzünü köçürürdülər və hər bir kitabın üzü 3-5 ilə köçürülürdü. Ancaq 1440-cı ildə Almaniyada İ.Quttenberq tərəfindən çap dəzgahında kitabın çap olunması kitab nəşrinin inkişafına çox böyük təsir göstərdi. İnkişaf etmiş ölkələr müxtəlif dövrlərdə özlərinin çap dəzgahlarını qurdular, XV-XVI əsrdən etibarən hər bir Avropa ölkəsinin çapçıları var idi. Bu proses Azərbaycanda da həyata keçirilib. Ancaq XX əsrdə KİV-dən biri kimi radio, televiziya yarandıqda belə bir fikir ortaya çıxdı ki, kitaba tələbat azalacaq. Bunların heç biri özünü doğrultmadı. Çünki nə radio, nə də televiziya kitabda olan məlumatı oxucuya çatdıra bilmir. Kitabda olan məlumat tam, geniş, dəqiq və obyektivdir. Ancaq radio və televiziya sadəcə informasiya xarakteri daşıyır. 1950-ci illərdə dünyada 450-500 min adda kitab çap olunurdu. Ancaq XX əsrin 90-cı illərində dünyada 900-950 min adda kitab buraxılıb ki, bu da milyardlarla nüsxədir. Heç bir statistika kitabın tirajını verə bilmir. Keçmiş SSRİ-də 1 ildə 2 milyard nüsxə kitab buraxılırdı. Bu gün dünyada kitabın nəşri iki dəfə artıb və insanların həyatı, fəaliyyətində bütün cəmiyyətlərdə bunu xüsusi rolu var. Kitab müqəddəsdir, onun əhəmiyyəti, qiyməti haqqında 10 min söz var. Dahi şairlərimiz N.Gəncəvinin, M.Füzulinin kitabla, elmlə bağlı fikirləri onların əsərlərində də yer alıb. Kitabın inkişafına mane olmaq qeyri-mümkündür. Müasir dövrdə yenə də kitabla bağlı bir problem yarandı ki, internet fəaliyyət göstərdikdən sonra kitablara ehtiyac qalmayacaq. Əksinə, indi kitabın ən çiçəklənən dövrüdür və bütün dünya ölkələrində kitab çapı, bu işə həvəs göstərən insanların sayı artır. İnternet sadəcə olaraq informasiyanı tezləşdirən texniki vasitədir. Kompyuter qarşısında əyləşib internet vasitəsilə M.S.Ordubadinin "Qılınc və qələm" əsərini oxumaq olmaz. Bu, ən monumental əsərlərdən biridir, oxucu ancaq bu barədə nə vaxt dərc olunub, hansı ölkələrdə yayılıb və s. barədə məlumat əldə edə bilər. Kitabın mahiyyəti, məzmunu onun mütaliəsindədir. Mən kitabşünas alim kimi deyirəm ki, gələcəkdə də hansı yeni texnologiyanın yaranmasından asılı olmayaraq bunun kitaba heç bir aidiyyəti olmayacaq. Bütün dünya kitabı sevib, ona hörmət edir. Ölkəmizdə də kitabı sevən, ona hörmət edən dövlət rəhbərləri, yazıçılar, rəssamlar və müxtəlif sahənin insanları olub. Azərbaycan kitab mədəniyyəti sahəsində dünyada tanınan, inkişaf etmiş ölkələrdən biridir. Çünki xalqımız kitabı müqəddəs hesab edərək ona and içib.

- Hazırda kitablara mağazalardan daha çox pərakəndə satışda rast gəlinir. Sizcə, bu, kitab yayımında olan problemlərləmi bağlıdır?

- Bu gün bizdə Kitab Klubu fəaliyyət göstərir və bu, kitabın toplanması, təbliği, yayılması ilə məşğul olan yeganə qurumdur. Burada kitablarla bağlı məlumat verilir, təqdimat keçirilir, həmçinin "Azərbaycan nəşrləri" adlı kataloq buraxılır. Kataloqda ölkə nəşriyyatında çap olunan və bu kluba daxil olan kitablar az da olsa öz əksini tapır. Bunun da günahkarı nəşriyyatlardır. Nəşriyyatlar çap etdiyi kitablardan bu quruma bir neçə ədəd nümunələr verməlidirlər. Ancaq nəşriyyatlar vergidən qorxurlar, həmçinin bu işi tam bilmirlər və kitabın miqdarını dəqiq çatdıra bilmirlər. Bütün bunlar isə onu göstərir ki, kitabın nəşri, təbliği və yayılması sahəsində kadr çatışmazlığı problemi var. Bu gün BDU-da nəşriyyat işi və redaktəetmə ixtisası var və mənim fikrimcə, dövlət dəstəyi olarsa, bir neçə ixtisas açmaq olar. Poliqrafiya texnologiyası ixtisası açmaq olar və kitab nəşri ilə məşğul olan naşirlər, çapçılar hazırlamaq lazımdır. Digər vacib amillərdən biri kitabın yayılması - kitab biznesidir. Kitab yayılmırsa, oxunmursa, kitabşünaslar onu "ölü ədəbiyyat" adlandırırlar. Kitabın yayılması üçün isə şəbəkə lazımdır ki, hazırda bu bizdə yoxdur. Sovet dövründə "Azərkitab" var idi. Ölkəmiz iqtisadi cəhətdən inkişaf edir və müasir dövrdə nəşriyyat sisteminə rəhbərlik edən, kitab ticarətinə, təbliğinə nəzarət edən dövlət qurumu olmalıdır. 1925-ci ildə bu sahədə fəaliyyət göstərən Kitab Palatası yaradılmışdı və 1987-ci ildə onun fəaliyyəti dayandırıldı. Bu qurumun çox böyük fəaliyyəti var idi ki, burada 100-ə qədər insan çalışırdı, ölkədəki kitabların hesabatını hazırlayırdı. İndi M.F.Axundov adına Kitabxanada bir şöbə yaradılıb və cəmi bir neçə nəfər çalışır. Həmin palata Azərbaycan mətbuatının və kitabının arxivi idi. Mən təklif edərdim ki, yenidən Kitab Palatası yaradılsın. Kitab Klubunda naşirlərlə görüşərkən təklif edirəm ki, bir neçə nəfər birləşib bir kitab mağazası yaratsınlar. Sovet dövründə Bakıda 137 kitab mağazası, 30-40 kitab köşkü var idi. İndi cəmi 15-20 kiçik kitab mağazası var və ona görə də kitabı çap edən müəlliflər kitablarını sata bilmirlər. Özləri məcbur olub ya əllərində, ya da yollarda, metrolarda, dayanacaqlarda satırlar. Hətta bu gün kitabları asfaltın üzərinə düzüb satırlar ki, bu, kitaba böyük hörmətsizlikdir.

Bütün bu problemlər alimlərin yetişdirilməsi zərurətini meydana gətirir. Kitabşünaslıq elmi inkişaf etməlidir və elmi tədqiqat işləri aparılmalıdır. Bizim kafedrada aspirantura var idi, indi dissertant, magistr qəbul edirik. Bundan əlavə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu var və orada kitabşünaslıqla məşğul olan görkəmli alimlər var və onlar da kadrlar hazırlayırlar. Yəni kitabşünaslıq elminin inkişafına böyük tələbat var. Mənim fikrimcə, bizim ixtisasın əyani ilə yanaşı qiyabisi də olmalıdır ki, işləyənlər burada təhsil alaraq öz ixtisaslarını genişləndirsinlər. 

- Kitabşünaslıq elmi sahəsində yeni nəşrlər varmı?  

- Mən sistemli şəkildə bu sahə ilə məşğul olduğuma görə əldə etdiyim nailiyyətləri kitab şəklində çap etdirirəm. 1972-ci ildə orta əsr kitabları haqqında "Kitablar haqqında kitab", 1974-cü ildə "Kitabşünaslıq" dərs vəsaitini, 1996-cı ildə "Müasir mərhələdə Azərbaycanda kitab ticarətinin təşkili", 2000-ci ildə "Ümumi kitab tarixi"ni, son dövrdə "Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti"ni yazmışam. Hazırda mənim üç kitabım çapa hazırlanır. Bunlar "Azərbaycan kitab tarixi", XIX əsrdən indiyədək bütün dövlət və özəl nəşriyyatların fəaliyyətindən bəhs edən "Azərbaycanın nəşriyyat sistemi" və nəhayət, "Ümumi kitabşünaslıq"dır.

Kitabşünaslıq və nəşriyyat işi problemləri müasir elmi istiqamətlər içərisində xüsusi yer tutur. Çünki bu, bütün oxucu qrupları üçün maraqlıdır. Çünki ölkədə həm mətbuat inkişaf edir, həm kitab nəşri artır və bunlara da mütəxəssislər lazımdır. Mütəxəssislərin də elmi, təcrübi, nəzəri problemləri var və buna görə də mən qərara gəldim ki, indiyədək ölkəmizdə bu sahədə jurnal nəşr olunmayıb. Ona görə də 2008-ci ildə bizim kafedramız "Kitabşünaslıq və nəşriyyat işi" adlı jurnal buraxmağa başladı. İldə 4 sayı işıq üzü görür və burada maraqlı rubrikalar var. Onu da qeyd edim ki, bu jurnalın beynəlxalq nömrəsi var və dünyada qeydiyyatdan keçən jurnallardan biridir. Jurnala Türkiyə, İran, Rusiyadan materiallar göndərmək istəyirlər.

 

 

Nigar

 

Palitra. -2010. – 12 may. – S.8.