Azərbaycan-Serbiya biznes forumu keçirilib

 

Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ilk Azərbaycan-Serbiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Serbiya tərəfdən hökumət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, enerji, əczaçılıq, neft və kimya, tikinti, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib. 

Biznes forumda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən layihələr, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, son illər qazanılmış nailiyyətlər barədə ətraflı danışıb. Bildirib ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, ötən ilin yekunlarına görə ölkədə ümumu daxili məhsul (ÜDM) 9,3 faiz, sənaye istehsalı 12,8 faiz artıb. İqtisadi inkişaf templəri cari ilin ilk rübündə də saxlanılıb, bu dövrdə ÜDM 5,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz, əhalinin nominal gəlirləri 6,5 yüksəlib. 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 70 milyard ABŞ dollarından artıq investisiya qoyulduğunu, bu sərmayələrin yarısının xarici şirkətlərin payına düşdüyünü qeyd edən N.Səfərov, Azərbaycanın investisiyalar üçün çox əlverişli ölkə olduğunu söyləyib. Həmçinin, Azərbaycanın mühüm beynəlxalq və regional layihələrin həyata keçirilməsində qabaqcıl mövqeyi nəzərə çarpdırılıb, bu sırada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin mühüm rolu vurğulanıb. Azərbaycanın regionda lider mövqeyi faktlarla qonaqların diqqətinə çatdırılıb.

Biznes forumunun məqsədindən danışan nazir müavini bildirib ki, ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq arzuolunan səviyyədə deyil. Ötən il Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsi 1 milyon dollardan bir qədər çox olub. Lakin əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var və onlardan mütləq istifadə etmək lazımdır. Sonda N.Səfərov Serbiya şirkətlərinin Azərbaycanda fəaliyyətlərini qurmaq üçün münbit şəraitin olduğunu, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.

Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin nümayəndəsi, dövlət katibi Ciric Neboyja ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, hazırda isə iqtisadi əməkdaşlığın artırılmasının vacibliyini nəzərə çarpdırıb. İlk biznes forumunun daha çox tanışlıq xarakteri daşıdığını qeyd edən qonaq, iş adamları arasında ikinci görüşün cari ilin sentyabr-oktyabrında Belqradda keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verib və iş adamlarını investisiya layihələrində birgə iştiraka dəvət edib.

 AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Serbiyanın Biznes Assosiasiyasının prezidenti Branislav Qrujiç ölkəsinin iqtisadi imkanları barədə təqdimatlar ediblər.

Forum çərçivəsində keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və Serbiya iş əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.

 

 

 Cavidan

 

Palitra. -2010. – 14 may. – S.4.