Təbii fəlakət bölgəsindən
köçürülənlər bütün zəruri məhsullarla
təmin olunurlar
Qlobal istiləşmənin
müşahidə olunuduğu bir dövrdə dünyanın
bir çox dövləti təbii fəlakətlərin gətirdiyi
problemlərlə mübarizə aparmalı olur. İqlimdə
baş verən anomal dəyişikliklər aramsız yağan
yağışlara və bunun nəticəsində
çaylarda suyun artmasına səbəb olur. Anomal hava
aprel-may aylarında da müşahidə olundu. Təbii fəlakətlə
mübarizə aparan tək dövlət Azərbaycan deyil.
Avropanın və dünyanın bir çox ölkəsi bu
gün iqlim dəyişikliyinin yaratdığı təbii
problemlərlə mübarizə aparır və orada nəticələr
dəhşətlidir.
Ən əsası insan
itkisindən yan keçmək mümkün olmayıb. Elə
götürək qonşu Türkiyəni. Qardaş dövlətin
bir çox şəhəri, o cümlədən
İğdırda yüzlərlə ev su altında qalaraq dağılıb.
Aprel ayı ərzində gözlənildiyinin əksinə
olaraq aramsız yağan yağışlar, dağlara normadan
artıq qarın düşməsi sonradan çaylarla suyun səviyyəsinə
ciddi şəkildə təsir etdi. Bu gün Azərbaycanın
bəzi böglərinin üzləşdiyi problemlər də
həmin bu təbii amillərlə bağlıdır. Yəni,
«dəliliyi» tutan Kür artan su axını nəticəsində
bəzi yerlərdə bəndləri uçurub ki, bu da
Şirvan, Sabirabad, Salyan, Saatlı kimi rayonlarda ciddi problemlər
yaradıb. Mütəxəssislər bildirirlər ki, Kürdə
suyun səviyyəsi heç vaxt indiki qədər
qalxmayıb. Aramsız yağan yağışlar suyun səviyyəsini
artırdığından bəndlər buna davam gətirməyib
və bu da bir çox kənddə yaşayışı
mümkünsüz edib. Azərbaycan dövləti təbii fəlakətin
ilk günündən yaranmış vəziyyətə adekvat
addımlar atdı. Dərhal dövlətin müvafiq
strukturlarının, nazirliklərin rəhbərləri və
nümayəndələri hadisə yerinə cəlb olunaraq
lazım olan bütün tədbirləri həyata
keçirdilər və keçirməkdə də davam edirlər.
Dövlət başçısı İlham Əliyev təbii
fəlakətlə bağlı müşavirə keçirərək
dövlət orqanlarına baş vermiş təbii fəlakətin
nəticələrinin aradan qaldırılması,
daşqınların qarşısının alınması və
əhalinin təhlükəsizliyinin ən yüksək səviyyədə
təmin olunması üçün müvafiq
tapşırıqlar verdi. Bundan bir qədər sonra dövlət
başçısı şəxsən təbii fəlakət
zonasına baş çəkdi. Şirvan şəhərində
daşqınlardan zərər çəkərək
çadır düşərgəsində müvəqqəti
məskunlaşan Sabirabad sakinləri ilə görüşən
dövlət başçısı, daha sonra təbii fəlakətlə
bağlı səyyar müşavirə keçirdi. Qeyd edək
ki, dövlət orqanlarının qısa zaman kəsiyində
baş verən təbii fəlakətə adekvat reaksiya verməsi,
operativ şəkildə həyata keçirilən tədbirlər
həm insan itkisinin olmaması, həm də fəlaktin
miqyasının daha geniş olmaması ilə nəticələndi.
Ekspertlərin əksəriyyəti etiraf edirlər ki, dövlət
orqanları vaxtında müvafiq addımlar atmasaydılar təbii
fəlakətin miqyası daha geniş ola bilərdi. Təhlükəsizlik
məqsədi ilə boşaldılan kəndlərin əhalisi
üçün Şirvan şəhərində bütün
mümkün ola biləcək şərait
yaradılmış çadırlar qurulub. Burada əhalinin ərzaq,
içməli su və digər zəruri məhsullarla tam təmin
olunması üçün bütün lazımi tədbirlər
görülüb. Bu məqsədlə yaradılan anbarlarda
kifayət qədər ərzaq ehtiyatı yaradılıb. Səhiyyə
Nazirliyi tərəfindən təbii fəlakət bölgəsində
23 səyyar briqada, 5 həkim məntəqəsi yaradılıb
və burada əhaliyə lazımi tibbi yardım göstərilir.
Hər ehtimala qarşı ağır vəziyyətdə ola
biləcək xəstələri oradan dərhal aparmaq
üçün bir helikopter bölgədə hazır vəziyyətdə
saxlanılır. Fövqəladə Hallar və Daxili
İşlər nazirliklərinin mütəxəssisləri əhalisi
köçürülən qəsəbə və kəndlərdəki
evlərin hamısını 24 saat ərzində mühafizə
edirlər. Daxili İşlər Nazirliyinin 500 nəfər və
Fövqəladə Hallar Nazirliyinin 600-dən çox əməkdaşı
qəsəbələrin, kəndlərin mühafizəsi ilə
məşğuldur. Prezidentin tapşırığı ilə
tədbirlərin görülməsi üçün Fövqəladə
Hallar Nazirliyinə lazımi qədər vəsait
ayırıb və dövlət heç bir yardıma ehtiyac
olmadan problemlərin həlli ilə məşğuldur. Bəndlərin
bərpasında “Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin, “Azərkörpü”, “Azərenerji” şirkətlərini
nümayəndələri də cəlb edilib. Bəndlərin
bərpasında, harada ki, əl ilə iş gedir, bu işləri
Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin
mindən çox mütəxəssisi ümumi nəzarət
altında həyata keçirirlər. Fövqəladə
Hallar Nazirliyinin 2 min nəfər şəxsi heyəti və
700-ə qədər texnikası Sabirabad və Şirvan şəhəri
ilə yanaşı, Saatlı, Neftçala, Salyan, Kürdəmir,
Zərdab zonalarında çalışır. ARDNŞ-in gəmiləri
suda lilin təmizlənməsinə cəlb edilib və bunun nəticəsində
Xəzərə axan suyun miqdarı artıb ki, bu da Kürdə
səviyyənin aşağı düşməsinə səbəb
olub. Təbii fəlakət zonasında 24 saat ərzində
görülən işlər nəticəsində həm
uçan bəndlər bərpa edilir, həm də yeni bəndlər
inşa edilir ki, sonradan bu problem bir də yaşanmasın.
Bölgədə yaradılmış qərargahlar sutka ərzində
fəaliyyət göstərərək aparılan işlərə
nəzarət edir. Dövlət orqanlarının
koordinasiyalı və operativ şəkildə
çalışması nəticəsində təbii fəlakətin
miqyası nəzarət altına alınıb və demək
olar ki, məhz dövlətin gördüyü işlər nəticəsində
böhran vəziyyəti artıq geridə qalıb.
Saatlıda da Kür
çayında daşqınların törətdiyi fəsadların
aradan qaldırılması üçün intensiv tədbirlər
davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və
Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin,
rayonun idarə, müəsissə və təşkilatlarının
yüzdən çox texnikası daşqına qarşı
mübarizə tədbirlərinə cəlb edilib. Bu işlərdə
yerli sakinlər də fəal iştirak edirlər. Hazırda
rayonda təhlükəli sahə Sarısu gölü ətrafındakı
5 kənddir. Bu kəndlərdə təqribən 6 min əhali
yaşayır. Mütəxəssislərin rəyinə
görə, bu kəndlərdə əhalinin
köçürülməsinə hələ ehtiyac yoxdur.
Çünki Sarısu gölü ətrafında 10 kilometrə
yaxın qoruyucu bəndlər var. Hazırda bütün
qüvvələr həmin bəndlərin gücləndirilməsinə
yönəldilib.
Mayın 12-də gecə
Sarısu gölündəki mühafizə bəndlərindən
birində yarılma əmələ gəlib. Ancaq bu ətrafdakı
kəndlər üçün qorxulu deyil. Gölün suyu
yaxınlıqdakı kollektorlarla kənara axıdılır,
bəndin yarılmış hissəsi bərpa olunur. Rayon
İcra Hakimiyyətinin fövqəladə hallar
komissiyasının məlumatına görə, hələlik
əhalinin bu ərazidən köçürülməsinə
ehtiyac yoxdur. Daşqının qarşısını almaq
üçün intensiv tədbirlər davam etdirilir, vəziyyət
nəzarət altındadır.
Magistral yollar bərpa
edilir
Fəlakət bölgəsində
yolların bərpa edilməsi üçün də operativ
şəkildə iş aparılır. Nəqliyyat Nazirliyinin
mətbuat katibliyindən bildirilib ki, hazırda yol-istismar idarələri
sel sularının yaratdığı fəsadları aradan
qaldırmaq üçün gücləndirilmiş iş
rejimində fəaliyyətini davam etdirir. Həmçinin
Bakıdan göndərilmiş texnika və işçi
qüvvəsinin yardımı ilə Şirvan, İmişli,
Sabirabad rayonlarında, ətraf ərazilərdə su
altında qalmış, sıradan çıxmış
avtomobil yolları təmir edilir, alternativ yollar salınır.
Padar istiqamətində yeni salınmış 19 kilometrlik yol
avtomobillərin hərəkətinin bərpa edilməsi
üçün əhəmiyyətli rol oynayır. Nazirlikdən
bildirirlər ki, gün ərzində Sabirabad rayonu ərazisində
12 kilometrlik Həşimxanlı-Qaratəpə yolunun
gediş-gəliş üçün normal vəziyyətə
gətirilməsi gözlənilir. İşlərin sürətləndirilməsi
məqsədilə əlavə olaraq Bakıdan hər gün,
təxminən, 15-20 maşın yük aparılır.
Hazırda Nəqliyyat
Nazirliyinin müvafiq qurumları və strukturları təbii fəlakət
zonasında 3 növbəli iş rejimini davam etdirir. Bir
neçə gün ərzində Saatlı rayonu ərazisində
16 kilometrlik Musalı-Məzrəli avtomobil yolunun 6 kilometri
artıq bərpa edilib. Həmçinin Hacıqabul-Bəhramtəpə
yolunun 68-ci kilometrliyində yerləşən körpü
avtomobillərin və insanların intensiv hərəkətini
nəzərə alaraq, həmçinin yüklərin
daşınmasını təmin etmək məqsədilə
müvəqqəti olaraq açılıb. Əsas məqsəd
əhalinin və ətraf kəndlərin təhlükəsizliyini
qorumaq, həmçinin magistral yolların sel suları tərəfindən
yuyulmasının qarşısını almaqdır.
A.
Miriyev
Palitra. -2010. – 14 may. – S.4.