Professor Bayram Allahverdiyev: “Dövlət tərəfindən nəşriyyat sisteminə nəzarət edən müəyyən bir qurumun olması vacibdir”

 

“Bu gün kadr problemi ilə əlaqədar kitabların çapında böyük səhvlər var”

 

Layihə çərçivəsində növbəti müsahibimiz BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Bayram Allahverdiyevdir:

 - Hazırda ölkədə bir çox nəşriyyatlar fəaliyyət göstərir. Bununla yanaşı yeni nəşr olunan kitablarda bir çox səhvlərə rast gəlinir. Bunun səbəbi nə ilə bağlıdır?

- Ölkəmizdə istər sovet, istərsə də müstəqillik dövründə nəşriyyat sistemi sürətlə inkişaf edir. Əgər kitaba tələbat olmasa, nəşriyyatlar yaranarmı? Azərbaycanda əvvəllər "Gənclik",  "Neft ədəbiyyatı", "Şərq-Qərb", "Yazıçı" kimi 10-a qədər dövlət nəşriyyatı var idi. Ancaq indi ölkədə 250-yə qədər nəşriyyat qeydiyyatdan keçib və onlardan 100-dən çoxu fəaliyyət göstərir ki, bir çoxunu özəl nəşriyyatlar təşkil edir. Bu nəşriyyatların sayının çoxluğu dövlətin siyasəti ilə əlaqədardır. 1998-ci ildə ulu öndər Heydər Əliyev mətbuata senzuranı ləğv etdi və ona görə də çap işlərinə tam sərbəstlik verildi. Həmçinin Heydər Əliyevin sərəncamı ilə nəşriyyatlar, mətbəələr özəlləşdirildi, ümumiyyətlə, bazar iqtisadiyyatında özəl sektora böyük önəm verilir. Tam sərbəstlik verilir ki, özəl nəşriyyatlar inkişaf etsin, kitab çap olunsun, rəqabət olsun, yaxşı kitablar nəşr olunsun. İndi böyük nəşriyyat təcrübəsi olan özəl nəşriyyatlar yaranıb ki, məsələn, "Adiloğlu" nəşriyyatı ildə 400-500 kitab çap edir, "Çaşoğlu", "Mütərcim" nəşriyyatları var ki, kitab çapında fərqlənirlər. Amma dövlət tərəfindən nəşriyyat sisteminə nəzarət edən müəyyən bir qurumun olması vacibdir. Məsələn, bu gün mətbuatın fəaliyyətinə nəzarət edən MŞ olduğu kimi, nəşriyyat sistemi üçün də bu önəmlidir.

İndi nəşriyyatlarda kitab çapında bir çox nöqsanlar nəzərə çarpır. Bunun səbəbi isə kadr çatışmazlığı ilə əlaqədardır. Çünki fizika, kimya, tarix və digər ixtisaslı kadrlar nəşriyyatda işləyirlər. Nəşriyyatda bu sahədə təhsil alan, bu işi bilən insanlar çalışmalıdır. Bu baxımdan BDU-da 1991-ci ildən kitabşünaslıq, kitab nəşri ixtisası üzrə kadrlar hazırlanmağa başlanıb. Kitabşünaslıq və nəşriyyat işi kafedrasından indiyədək hər il 25 nəfər mütəxəssis məzun olur. Hər bir sahədə kadrın olması əsas amildir. Bu gün kadr problemi ilə əlaqədar kitabların çapında böyük səhvlər var. Məsələn, orfoqrafik səhvlər var və yaxud ölkə əhalisi 9 milyon olduğu halda 7 milyon göstərilir və s. Beləliklə, kadr çatışmazlığı ilə bağlı tədris, dərs vəsaitləri, monoqrafiya, elmi-kütləvi kitabların dil və üslubu bərbad haldadır. Çünki kitablar redaktə olunmur. Dünya təcrübəsi göstərir ki, hər bir nəşriyyatda 3-5 redaksiya olur. Məsələn, sovet dövründə "Azərnəşr"də "İctimai-siyasi ədəbiyyat", "Kənd təsərrüfatı ədəbiyyatı", "Elmi-kütləvi ədəbiyyat", "Uşaq ədəbiyyatı" və s. redaksiyalar vardı. Bu gün nəşriyyatda məsələn, “Bədii ədəbiyyat redaksiyası”nda bu sahəni bilən, onu redaktə edən kadrlar olmalıdır. Bu gün kitablarda çoxlu səhvlər gedir. Hər hansı bir nəşriyyata gedib onun maddi-texniki bazası ilə bağlı məlumat almaq istədiyimi deyərkən kompyuterdə iki nəfər yığıcı, mühasib və bir də rəhbəri görürəm, nə redaksiya, nə də mətbəə var. Bu, nəşriyyat demək deyil. Ona görə də kitablarda bu qədər çatışmazlıqlarla rastlaşırıq. Bəzilərinin mətbəəsi var və onu nəşriyyat adlandırırlar. Mətbəə kitabı sifarişlə çap edən poliqrafiya müəssisəsidir. Bu nöqteyi-nəzərdən onlar mətbəə ilə nəşriyyatı qarışdırırlar. Çünki onlar ixtisasçı deyillər. Hər ikisi birlikdə olan nəşriyyatlar da var. Məsələn, 1922-ci ildə yaranıb 1927-ci ilə qədər fəaliyyət göstərən "Bakı fəhləsi” kooperativ nəşriyyatı sonradan "Azərnəşr"ə birləşdirilib. Bu nəşriyyatın özünün kitab mağazası, mətbəəsi və s. olub. Hələ inqilabdan əvvəl bizdə "Orucov qardaşları" nəşriyyatı olub. Üç qardaş tərəfindən 1906-cı ildə bu nəşriyyat yaradılıb və onların özlərinə məxsus mətbəəsi və kitab mağazası olub.

Əvvəllər məzunları təyinatla göndərirdilər, indi bu yoxdur. Gərək ehtiyacı olan qurumlar kadrla bağlı BDU-nun rəhbərliyinə müraciət etsinlər. Fizika, kimya və digər sahələrdə kadrlarla bağlı bizə müraciətlər olur, ancaq nəşriyyatlar bunu etmirlər. Bir vaxtlar mən bu sahədə ixtisasartırma kursu təşkil etmişdim. Bizim kitab ticarətində çalışanların ali təhsili olmadığından onlara ixtisasartırma kursu keçirdik. İndi naşirlər kadr üçün müraciət etmir. Məzunlar isə müxtəlif yerlərdə iş axtarmalı olurlar. Gərək kadrı öz təyinatına görə istifadə edəsən. Onda dövlət çox səmərə götürə bilər. Naşirlər tələb qoysalar, biz onu yerinə yetirərik.

- Son zamanlar oxucuların azalması ilə bağlı fikirlər səslənir. Sizcə, kitaba tələbat azalıb, yoxsa kitab? 

- Sovet dönəmində ölkəmizdə 1200-1400 adda kitab buraxılırdısa, indi 4 min adda kitab buraxılır. Ancaq indi kitabın tirajı azalıb. Bunun səbəbi isə odur ki, kitab mağazası yoxdur, satılmır, yayılmır və buna görə də tiraj artmır. Ancaq kitabın oxucusu heç zaman azalmır. Çünki kitabı ən çox oxuyan üç zümrə var ki, bunlardan biri şagird və tələbə kontingentidir və hazırda ölkədə 3 nəfərdən ikisi təhsil alır. İkinci zümrə elmlə məşğul olan alimlərdir və nəhayət, 3-cü qrup kitaba maraq götərən geniş oxucu auditoriyasıdır. Bu gün oxucu sayı deyil, kitabın oxucuya çatdırılması problemə çevrilib. Əvvəllər bütün kitabxanalara, o cümlədən M.F.Axundov adına Kitabxanaya məcburi nüsxə SSRİ-nin hansı respublikasında, ölkəmizdəki hansı nəşriyyatda çap olunmasından asılı olmayaraq çatdırılmalı idi. İndi bizdə "Kitabxana işi", "Nəşriyyat işi" haqda qanun var və dövlət bu sahəyə qayğı göstərir, amma naşirlər kitabları təqdim etmirlər. Müəlliflər də, naşirlər də kitabın hər birindən 4 nüsxə verməli olsalar da, heç 2 nüsxə də vermirlər. Kitab orada olmadığına görə oxucu getmir və axtarıb tapa bilmir. Məsələn, 100 il bundan öncə fəaliyyət göstərən "Orucov qardaşları" xüsusi nəşriyyat kataloqu buraxırdı ki, burada nəşriyyatın çapdan buraxdığı kitabların siyahısı öz əksini tapırdı və onu kitab mağazalarına göndərirdi. Sonralar bizdə dövlət nəşriyyatı - "Elm” nəşriyyatı, "Maarif” nəşriyyatı, "Gənclik” nəşriyyatı var idi və onlar kataloqlar buraxırdı. İndi bu yoxdur. Bəs kitabla bağlı məlumatı biz hardan əldə edək? Mən bir alim kimi bu məlumatları çox çətinliklə əldə edirəm. Bu gün həm kitab bolluğu, həm də kitab yoxluğu var. Bütün bunlara baxmayaraq 9 milyon ölkə əhalisinin 6 milyonu kitab oxuyur.

- Bəs kitabın yayılmasında müəlliflər niyə maraqlı deyillər?

- Bir vaxtlar topdansatış, bir də pərakəndə satış var idi və nəşriyyatlar kitab buraxanda topdansatış idarəsi onu alırdı və pərakəndə satışa verirdi. Nəşriyyat bu prosesi həyata keçirirdi və müəllif üçün də rahat idi. İndi bu qurum olmadığından məcbur qalır ki, ya təklif etsin, ya küçədə kitab satan birinə, ya da mağazaya versin. Əgər sistem olsa, yaxşı nəticəsi olar. BDU-nun bir kitab mağazası açılıb və universitetdə çap olunan kitablar burada satılır. Kitab mağazası ən gəlirli sahədir. Sovet dövründə fəaliyyət göstərən mağaza rəhbərlərinin hamısı çox gözəl həyat şəraitinə malik idi. Məsələn, Almaniyada "Şippinger” nəşriyyatı və dünyada bu kimi digər çox böyük nəşriyyatlar var ki, onların gəlirləri milyard dolları keçir. Müasir dövrdə kitabın müxtəlif formaları buraxılır və buraya kasset kitablar da aiddir, yaxud mikrokartlar var ki, kitabın mətni buraya yazılır. Yaponlar kitabları sintetik materialdan hazırlayırlar və istənilən vaxt kitabı yuyub yenidən buraxırlar. Kitab istehsalında böyük irəliləyiş var. Bizdə bu sahədə problem olsa da, mən inanıram ki, tədricən bu öz həllini taracaq. Dövlətin kitab çapı ilə bağlı böyük qayğısı oldu. Ölkə başçısı tərəfindən 2004-cü ildə imzalanan latın qrafikası ilə kütləvi nəşrlərin buraxılışı haqqında sərəncamın böyük əhəmiyyəti oldu. Çünki kitabxanalarda latın qrafikalı ədəbiyyat yox dərəcəsində idi. Bu sərəncamdan sonra buraxılan kitabların tirajı da artdı və 20-25 min nüsxə ilə kitab buraxılır. Bu kitablar pulsuz olaraq kitabxanalara göndərilir və bu, heç bir ölkədə yoxdur. Heydər Əliyev kitaba böyük qiymət verərək deyirdi: "Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik". Mən ulu öndərin bu fikirlərini bütün kitablarımda yazmışam, çünki bunlardan nəticə çıxarmaq lazımdır.

 

 

Nigar

 

Palitra. -2010. -14 may. – S.6.