Mahir Qəhrəmanov: Azərbaycanda Turizm mövsümünü 150-160 günə çatdırmaq niyyətindəyik”

 

İqtisadiyyatın ən gəlirli sahələrindən biri olan turizmin əksər ölkələrin büdcəsinin formalaşmasında böyük rolu var. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resursları olan Azərbaycanda da turizm sahəsinin inkişafı üçün kifayət qədər potensial var. Ölkədə turizmin inkişafı istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Bütün regionlarda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa olunur. Ölkə başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovdur:

 - Ölkədə daxili turizmin inkişafı istiqamətində hansı addımlar atılır?

- Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişafına daha çox üstünlük verir. Çünki bu gün ölkə rəhbərliyinin həyata keçirdiyi dinamik siyasət, əsaslı inkişafın reallaşması və regionların sosial-iqtisadi inkişafı ilə bağlı reallaşdırılan dövlət proqramları bölgələrin sosial-iqtisadi həyatında irəliləyiş yaradır. Artıq bölgələrin əksəriyyətində çox yaraşıqlı, turizm üçün əlverişli olan mehmanxanalar tikilib, əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa edilib, rayonların ərazi-inkişaf planları hazırlanıb, turistlər həmin rayonlarda təhlükəsiz hərəkət edə bilir, yol infrastrukturu inkişaf edib. Bütün bu faktlar bizə imkan verir ki, regionları da bərabər səviyyədə təbliğ edək. Təkcə yerləşdirmə obyektlərinin sayını artırmaq yox, eyni zamanda xarici və yerli turistlərə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqla, turizm-informasiya mərkəzlərinin fəaliyyətini gücləndirməklə regionlarda turizm sənayesinin inkişaf etdirilməsini istəyirik. Bu baxımdan cari ildə ölkəmizdə təşkil olunan beynəlxalq sərgi əvvəlkilərdən fərqli oldu. Belə ki, bu, “AİTF -2010” iki pavilyonda baş tutan ənənəvi 9-cu beynəlxalq səyahətlər və turizm sərgisi, ikincisi isə Azərbaycanın daxili turizm sərgisi oldu. İlk dəfə olaraq bu sərgidə Azərbaycanın bölgələr üzrə 15 şəhəri xüsusi stenddə təqdim olundu. Bu lövhələrdə hər bir şəhərin tarixi-mədəni dəyərləri, mövcud adət-ənənələri, turizm üçün maraqlı olan görüntüləri öz əksini tapmışdı.

- Ölkə daxilində yeddi əsas turizm marşrutu mövcuddur. Yeni turizm marşrutlarının yaradılması nəzərdə tutulurmu?

- Hələ Gənclər, İdman və Turizm Nazirliyinin vaxtında bölgələr üzrə yeddi marşrut müəyyənləşdirmişdik. Bunlar Abşeron, Şimal, Şimal-Qərb, Qərb, Dağlıq Qarabağ, Naxçıvan və Cənub bölgələridir. Bu bölgələrə marşrutlar üzərində də hansı rayonlar daha çox perspektivlidirsə və müəyyən turizm növlərini inkişaf etdirmək mümkündürsə, bu istiqamətdə işlər aparırıq. Həmin rayonları beynəlxalq səviyyədə təbliğ edirik. Avropa Şurasının təcrübəsi çərçivəsində mədəni masştab layihəsi həyata keçiririk. Bunlar Azərbaycanda «Şərab yolu», «Aleksandr Düma Qafqazda», «Azərbaycanda alman məskənləri», «İpək yolu» layihələridir. Bu bir növ ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bugünlərdə «Azərbaycanın mədəni paytaxtları» layihəsi çərçivəsində Qazaxın folklor paytaxtı, Gəncənin əfsanələr paytaxtı, Şəkinin sənətkarlıq paytaxtı elan edilməsi də bizə yeni marşrutlar, məsələn, xalça, Novruz, aşıq və s. turları yaratmağa əsas verəcək, həmçinin ölüb getməkdə olan adət-ənənələrin, xalq oyunlarının bərpasına imkan verəcək. Bütün bunların fonunda isə xarici turistlər üçün maraqlı və cəlbedici turizm məhsulu formalaşacaq. Bu istiqamətdə əlimizdə olanlarla qane olmuruq, yeni marşrutlar axtarırıq. Bu işdə bizə turizm şirkətləri, regional turizm-informasiya mərkəzləri də kömək edir. Onların hər hansı maraqlı təklifləri olanda bunu nəzərə alırıq. Çünki ümumilikdə bunların hamısı Azərbaycanda turizmin inkişafına xidmət edir.

- Bu gün ölkədə turizmin inkişaf edən əsas istiqamətləri hansılardır?

- Hazırda Azərbaycanda turizmin prioritet təşkil edən növləri mədəni, konfrans, rekreasiya-müalicə, ov, ekoloji, kənd turizmidir. Bilirsiniz ki, indi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Qusarda yay-qış turizm istirahət kompleksi tikilir ki, bu da ölkəmizdə yeni turizm növünün - qış turizminin inkişafı deməkdir. Bundan əlavə nazirliyin hədəf olaraq qarşısına qoyduğu məsələlərdən biri də turizm mövsümü  müddətinin artırılmasıdır. Çünki bu gün Azərbaycanda real olaraq turizm mövsümü 45-60 gün hesab edilir. İstəyirik ki, cəlbedici infrastruktur layihələri yaratmaqla turizm günlərinin sayının artırılmasına nail olaq. Birdən-birə olmasa da, mərhələlərlə bu sayı 150-160-a çatdırmaq niyyətindəyik.

- Turizm sənayesindən əldə edilən gəlir və xərclərin şəffaf hesablanmasına, dövlət büdcəsinin gəlirlər hissəsində turizmin payının müəyyənləşdirilməsinə nail olmaq məqsədilə bu ildən etibarən Ümumdünya Turizm Təşkilatının Azərbaycanda ildə 4 dəfə seminar keçirməsi gözlənilir. Seminarların keçirilməsini nə vaxta planlaşdırırsınız?

- Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv olduqdan sonra biz bu qurumla geniş əməkdaşlıq edirik. Azərbaycanda statistika işində əldə olunan nəticələrdə bu beynəlxalq təşkilatın böyük rolu var. 2001-ci ildən biz turizm üzrə bütün rəqəmləri ÜTT-yə təqdim edirik. Onlar da öz növbəsində bu rəqəmi turizm-hesabat kitabına daxil edirlər. Bu kitabda dünya ölkələrinin turizm fəaliyyətinə dair statistika çap edilir. Biz Statistika Komitəsi ilə əməkdaşlıq çərçivəsində bu hesablama işlərini təkmilləşdirmişik. Statistika sahəsində müəyyən təhlillər aparmışıq. Artıq Statistika Komitəsi hər altı aydan bir hotellər üçün turizm müəssisələrinin fəaliyyəti ilə bağlı statistika nəşr etdirir. Ümumiyyətlə, ölkədə turizm fəaliyyətinə dair geniş toplu çap olunur. Burada turizm günlərinin, gələnlərin, gecələmə yerlərinin, turizm obyektlərinin sayı, mülkiyyət formasına görə, turistlərin hansı ölkələrdən gəlməsi, hansı bölgələrdə qalması kimi məsələlər öz əksini tapır. Bütün bu incəliklər bizə əsas verir ki, daxili statiskada da müəyyən nailiyyətlər əldə edək. Bu prosesdə də digər ölkələrin təcrübəsindən yararlanmaq üçün ÜTT-nin ekspertlərini dəvət etmək qərarına gəldik. Bu məqsədlə həmin ekspertlərin iştirakı ilə sentyabr ayından başlayaraq Bakıda seminarlar keçiriləcək.

- «Turizm haqqında» yeni qanun qəbul edilməsi ilə bağlı fikirlər səslənir. Qanunun qəbulu hansı zərurətdən yaranıb?

- Əslində Azərbaycan Respublikasının «Turizm haqqında» qanunu var. Bu qanun və Prezidentin sərəncamı ilə təsdiq edilən “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində biz müvafiq işlər görmüşük və bugünkü nəticələri əldə etmişik. Dünyada turizmin inkişaf tendensiyası elədir ki, bundan sonrakı mərhələdə daha operativ və daha geniş, yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, standartlara uyğun turizm xidmətini təşkil etmək, keyfiyyəti yaxşılaşdrmaq, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var. Qəbul ediləcək turizm qanunu bizə imkan verəcək ki, daha geniş rıçaqları işə salaq. Bu nə üçündür? Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, Mədəniyyət və Turizm Nazirliyi olaraq mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, yeni ərazilərin seçilməsi, regionlarda turizmin inkişafı, mövcud potensiala uyğun olaraq turizmin müxtəlif növlərinin inkişafı baxımından yeni qanunun hazırlanması bizə əlavə imkanlar verəcək. Bu qanun çərçivəsində yuxarıda qeyd etdiyim vəzifələrin öhdəsindən gələ biləcəyik.

Artıq yeni qanun layihəsi hazırlanıb. Bununla bağlı işçi qrupu yaradılıb. Bu işçi qrupuna müvafiq dövlət qurumlarının nümayəndələri də daxildir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işçi qrupunun üzvləri ilə bir neçə dəfə görüş keçirib. Qanunun ilkin variantı artıq təqdim edilib. Lazımi formatı tapmaq üçün müvafiq nazirliklərlə razılaşmalar əldə ediləcək. Çünki yeni qanun bütünlüklə Azərbaycan Respublikası qanunvericiliyi ilə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası qanunvericiliyinin bazası əsasında yaradılacaq bu qanunda beynəlxalq normalar, bu çərçivədə dövlətin Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyduğu tapşırıqlar, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin tənzimlənməsi kimi məsələlər öz əksini tapacaq.

 

 

Nigar

 

Palitra. -2010. – 18 may. – S.7.