Qlobal iqlim dəyişikliyi planetimiz üçün təhlükə yaradır

 

Bəşəriyyətin inkişafının bütün dövrlərində insanlar təbii sərvətlərdən öz sosial tələbatlarını təmin etmək məqsədilə istifadə etmiş və onlardan lazımınca bəhrələnmişlər. Lakin həm insanın antropogen fəaliyyəti, həm də təbii fəlakətlər nəticəsində Yer, onun atmosfer və hidrosfer təbəqələri tullantılarla həddindən çox çirklənmiş və ekoloji tarazlığın normal ahəngi tamamilə pozulmuşdur. Dünyanın, o cümlədən respublikamızın torpaq ehtiyatları eroziyaya uğradığına və şoranlaşdığına görə onun xeyli hissəsi yararsız hala düşmüş və məhsuldarlığını itirmişdir. 

Su ehtiyatları da öz normal ekoloji durumunu itirərək onun bioloji müxtəlifliyi zəifləmiş, bəzi planktonların isə nəsli kəsilmişdir. Sənaye, kənd təsərrüfatı müəssisələri, dünya müharibələri, nüvə-raket sınaqları, kosmosda aparılan elmi tədqiqatlar, nəqliyyat vasitələri, terrorçuluq aksiyaları, eləcə də planetimizdə baş verən təbii fəlakətlər Yer təbəqəsi, dünya okeanı (bütün okean, dəniz, göl və çayların məcmuu) ilə yanaşı həm də Yerin atmosferini zəhərli, zərərli qazlarla (karbon, azot, kükürd oksidləri) çirkləndirərək onlarda çox ciddi ekoloji fəsadlar törətmişdir. Həmin neqativ fəsadların yaranmasında ənənəvi-klassik yanar yanacaq növlərindən (neft, onun məhsulları, qaz, daş, kömür, oduncaq və s.) XIX-XX əsrlərdə maksimum istifadə olunması çox mühüm rol oynamış və qlobal iqlim dəyişmələri, parnik-istilik effekti, ozon təbəqəsinin deşilməsi və pəncərənin (dairənin) əmələ gəlməsi, turşulu yağışların peyda olması ilə nəticələnmişdir. Qeyd olunan ekoloji fəsadlar isə hazırda bəşəriyyət üçün olduqca qorxulu təhlükə mənbəyinə çevrilmişdir.

XX əsrdə atmosferdə karbon qazının (CO2) konsentrasiyası 13%, toz bulanması 20% artmış, Yer səthinin işıqlanması isə 10% azalmışdır. Hər il klassik yanar yanacaqlardan müxtəlif məqsədlərlə istifadə olunması nəticəsində Yer atmosferinə 20 milyard ton CO2 qarışır, havada karbon qazının miqdarı 0,5, metan - 0,9, azot oksidləri - 0,25, hallogenlər isə 4% normadan artıq olur. Həmin qazların təsirindən yaranan parnik effekti qlobal iqlim dəyişmələri ilə müşayət olunduğu üçün havanın orta illik temperaturu 0,8-10C, Arktika, Qrenlandiya və Antarktika yarımadasında isə 2-2,50C artmışdır. Havanın temperatur tərəddüdü və iqlim dəyişmələrinin bu sürətlə dinamik inkişaf etdiyi təqdirdə həmin göstəricinin yaxın gələcəkdə 60C olacağı gözlənilir.

Böyük və çox ciddi narahatlıq törədən odur ki, Yer kürəsində gündən-günə əhatə və təsir dairəsi genişlənən qlobal iqlim dəyişkənliyi planetimizin mövcud buzlaqlarının əriməsi təhlükəsini yaradır. Həmin buzlaqlar planetimizdə hava cərəyanının tənzimlənməsində, iqlim və onun amillərinin formalaşmasında, eləcə də biosferin və ekosistemlərin homeostazının (sabitliyinin) təmin olunmasında və şirin su ehtiyatının toplanmasında (dünyanın şirin su ehtiyatının 90%-i, planetin buzlaqlarının isə 85%-i məhz Antarktida materikində toplanıb) misilsiz, planetar və bəşəri əhəmiyyət kəsb edir. 1945-ci ildən indiyədək olan müddət ərzində Antarktika yarımadasında orta illik temperaturun 2,50C artması nəticəsində buzlağın əriməsi pinqvinlərin populyasiyasının 33% azalmasına səbəb olmuş, 1980-ci ilə nisbətən 2007-ci ildə buzlaq sahə 40%-ə qədər azalmışdır. Antarktida materikindən, həm də Antarktika yarımadasındakı buzlaqlardan iri aysberqlərin qoparaq ayrılması məhz qlobal istiləşmənin təsirindən baş vermişdir. Antarktidanın qərb buzlaqlarından 1,5 milyon il əvvəl Vilkins (sahəsi 570km2) və 2002-ci ildə Larsen (sahəsi 5,5 min km2) aysberqlərinin təbii buzlaqdan ayrılması və sürətlə əriməsi ən mühüm təbii ekoloji fəlakət sayılır.

Qlobal istiləşmədə bəzi başqa amillər (Günəşdə baş verən partlayışlar, radiasiya fonu, Yerin maqnit sahəsinin və xəyali oxunun, Yerlə Günəş arasındakı məsafənin dəyişilməsi, zəlzələ və vulkan püskürmələri və s.) iştirak etsə də, bu prosesdə aparıcı amil parnik effektidir. Alimlərin fikrincə, Antarktida materikinin buz təbəqəsinin tamamilə əriməsi havanın temperaturunun indikindən 80C artıq olması ilə nəticələnər, Yerdə iqlimin kontinentallaşması yaranar və ətraf mühitin biotik (canlı) aləminin mövcudluğu üçün qarşısıalınmaz böhran və fəlakətlər yaranar, bəşəriyyət məhv olma təhlükəsi ilə üzləşər. Dünyanın buz təbəqəsinin indiki sürətlə əriməsi nəticəsində Yer kürəsində suyun səviyyəsinin XXI əsrin ortalarına qədər 0,5-1 m, sonunda isə 2 m-dən çox artacağı və planetimizin ərazisinin bir hissəsinin su altında qalacağı gözlənilir. Prosesin bu cür geniş vüsət alması və onun tezliklə qarşısının alınmadığı təqdirdə buzlaqların tamamilə əriməsi nəticəsində suyun səviyyəsinin 80-90 m qalxması təhlükəsi gözlənilir. Ona görə də buzlaqların hamısının qlobal iqlim dəyişkənliyinin təsirindən qorunması, atmosferin parnik effekti yaradan qazlarla çirklənməsinin qarşısının alınması artıq bütün ölkələr, bəşəriyyət üçün beynəlxalq və planetar əhəmiyyətli məsələ kimi qarşıya qoyulur.

 Antarktida planetimizdə mövcud olan materiklərdən ən hündürü (hündürlüyü- 20-40 m, sahəsi 52,5 milyon/km2, ümumi həcmi- 24 milyon/km3) və soyuğu olmaqla onun buzlaqlarının altında plankton, xüsusilə su yosunları, şibyələr və mineral duzlarla zəngin olan 140 göl vardır. Antarktida buzlaqlarında həm də dünyanın nadir bioloji inciləri sayılan su heyvanları, 100 milyondan artıq müxtəlif növə mənsub olan quşlar (ən çox isə Adel pinqvinləri), balinalar, suitilər, kalmarlar, osminoqlar və s. yaşamaqla onun daimi sakinləridir. Hazırda Antarktidada 80 min dəniz pişiyi, 200 min dəniz fili, 15 min suiti, 220 min Ross suitiləri, 730 min Ueddell suitiləri, 10-a qədər balina növləri, eləcə də xeyli dəniz bəbirləri və xərçəngyeyənlər yaşayır. Burada yaşayan nadir balina növlərinə göy balina, donqar, sinval, kaşatka, kaşalot, finval və s. aid olmaqla onların ən nəhəngi mavi balinadır (uzunluğu 30 m, çəkisi 160 ton). Əfsuslar olsun ki, onlar əvvəllər bütün okean və açıq dənizlərdə yaşadığı halda hazırda yalnız Antarktida sularında məskunlaşmışlar və get-gedə sayları ildən-ilə sürətlə azalmağa başlayıb. Bu isə dünyanın bioloji müxtəlifliyi üçün olduqca acınacaqlı və arzuolunmaz haldır. Alimlər son zamanlar müəyyən etmişlər ki, Antarktidada indiyədək heç bir ekoloji təsnifata və elmə məlum olmayan 70-ə qədər yeni bioloji növ yaşayır. Əlbəttə, təbiətin bu cür qiymətli, nadir incilərini parnik effekti törədən qazlara qurban vermək olmaz və bu yolverilməz haldır. Yer kürəsinin həmin təbii planetar və bəşəri əhəmiyyətli soyuducusunun əriməsinin, çoxlu sayda buz dağlarının (aysberqlərin) qopub ayrılmasının qarşısının alınmasının ən ümdə yolu birinci növbədə qlobal istiləşmənin və iqlim dəyişkənliyinin, xüsusilə parnik effekti yaranmasının əsas səbəbi olan yanar yanacaqların istifadəsi zamanı atmosferə atılan qazların konsentrasiyasının minimal səviyyəyə çatdırılması üçün müvafiq mübarizə tədbirlərinin görülməsidir. Əks təqdirdə parnik effekti yaradan qazların təsirindən planetimizin təbii soyuducusu sayılan Antarktidanın və digər buzlaqların əriməsi geniş vüsət alacaq və bəşəriyyətin mövcudluğu sual altına düşəcəkdir. Buna görə də bu prosesin qarşısının alınması bütün dünya ölkələri rəhbərlərini, alimləri, ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatları ciddi narahat etməli və hamı bəşəriyyət və onun gələcəyi üçün ən təhlükəli ekoloji böhranlar, onların ağır fəsadlar törədən qlobal istiləşmə, iqlim dəyişmələri ilə mübarizəyə qoşulmalıdır. Bu, günün ən planetar əhəmiyyətli, vacib və prioritet tələbidir.

Buzlaqların, xüsusilə Antarktidanın ekoloji durumunun zəifləməsi və pozulması bəşəri əhəmiyyət kəsb edir. Çünki buzlaqlarda insan üçün çox vacib olan bioloji amillər və böyük mineral xammal ehtiyatları vardır. Antarktida materikində bəşəriyyətin gələcəyi üçün çox vacib zəngin mineral xammal ehtiyatı - daş kömür, qurğuşun, molibden, mis, sink, dəmir filizi, qrafit, şelf (sahilyanı) zonalarının təbii çökmə süxurlarında isə qaz və neft yataqları mövcuddur. Yer kürəsinin buzlaqları, xüsusilə Antarktida qitəsi ozon təbəqəsində baş verən pozulmaların, iqlim dəyişmələrinin və onun tənzimlənməsi üçün elmi-tədqiqat işləri və eksperimentlərin aparılması, ümumilikdə isə planetimizin hazırkı və gələcək iqlim xəritəsinin öyrənilməsində olduqca böyük əhəmiyyətə malikdir. Hazırda Ay, Mars və başqa planetlərdə gedən prosesləri öyrənmək üçün Antarktidada quraşdırılan kosmik cihazlar və texnologiyalar elmi sınaqdan keçirilir və bu sahəyə xüsusi önəmli yer verilir. Bu baxımdan respublikamızın tarixində ilk dəfə olaraq Azərbaycan-Antarktida ekspedisiyasının 2008-ci il dekabrın 24-də və 2009-cu il yanvarın 11-də Cənub Qütbünə tarixi səyahəti bütün dünya alimləri üçün nümunə və örnək olmalı, bütün xalqımız isə bununla fəxr etməlidir. Ekspedisiya 2009-cu il yanvarın 11-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbərliyi ilə Antarktidanın 5140 metr hündürlüyə malik olan Elsuort buz dağının Vinson massivinin (dağ silsiləsinin) pik nöqtəsinə qalxaraq respublikamızın milli bayrağını, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin barelyeflərini əvvəlcə orada, sonra isə 2009-cu il yanvarın 25-də Cənub Qütbündə ucaltdılar. Onlar olduqca əlverişsiz və ekstremal mühitdə və hava şəraitində (-550C temperaturda) 500-dən çox meteoroloji müşahidələr aparmaqla xeyli miqdarda süxur və mineral nümunələri toplayaraq kameral və digər müasir analizlər vasitəsilə Cənub Qütbünün geoloji quruluşu, tektonikası, maqmatizmi barədə yeni müfəssəl məlumatlar əldə etmişlər. Bu aksiya bütün İslam və türk ölkələrindən Cənub Qütbünə olan ilk səyahət və yürüş idi. Bütün dünya ölkələrinin alimləri Azərbaycan ekspedisiya qrupunun bu tarixi, planetar əhəmiyyətli təşəbbüsünə qoşulmalı və öz elmi-praktiki töhfəsini verməlidir.

 

 

Eldar Hüseynov.

 

Palitra. -2010. – 18 may. – S.11.