İqtisad elminin strateji problemləri

 

İqtisad elmləri doktoru, professor İsa Alıyev: «Dünya iqtisadiyyatında baş verən dəyişikliklərin yaratdığı qeyri-müəyyən vəziyyətlər geniş təhlil edilməli və Azərbaycan üçün bu sahədə fəaliyyət proqramları işlənməlidir»

Alıyev İsa Hüseyn oğlu 8 oktyabr 1953-cü ildə anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisad elmləri doktorudur, elmi rütbəsi baş elmi işçidir. 6 kitabın və 180-dən çox məqalə və tezislərin müəllifidir. 5 elmi əsəri xaricdə çap edilib. Azərbaycanda milli iqtisadiyyatın formalaşması və inkişafının modernləşdirilməsi, aqrar sahənin idarə edilməsi, eləcə də iqtisadi nəzəriyyənin aktual problemlərinin tədqiqatçısıdır. 2003-cü ildə VEKTOR Beynəlxalq Elm Mərkəzi tərəfindən təşkil olunan «XXI əsr Azərbaycan ziyalıları» beynəlxalq layihəsinin qalibi olub və «XXI əsr Azərbaycan ziyalıları» beynəlxalq ensiklopedik kitabına adı salınıb.

 Layihə çərçivəsində budəfəki qonağımız AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyevdir. İsa müəllim əvvəlcə ölkəmizin keçdiyi inkişaf yoluna toxundu:

- Müstəqillik əldə etdikdən sonra Azərbaycan qarşısında dayanan əsas məsələ bu tarixi nailiyyəti qorumaq idi. Bu öhdəçilik bir funksiya kimi məhz Heydər Əliyevin üzərinə düşmüş və o, bu vəzifəni yerinə yetirərək dövlətçiliyi möhkəmləndirmişdi. Lakin bu proses davamlılıq tələb etdiyi üçün Prezident İlham Əliyev çox bacarıqla bu siyasəti davam etdirərək ölkəmizi dünyada inkişaf etmiş respublikalar sırasına çıxardı. Bir sözlə, ölkəmiz öz inkişafında tamamilə yeni, həm də gələcəyimiz üçün yetkin bir mərhələyə qədəm qoyub. Bu mərhələnin də öhdəsinə çox mühüm strateji əhəmiyyətli vəzifələr düşür. Bu vəzifələrin həlli bir çox amillərlə bağlı olsa da, əsas amil elmlə əlaqəlidir. Başqa sözlə desək, respublikamızın gələcək inkişafının təməl prinsiplərinin müəyyənləşdirilməsi elmin qarşısında bir nömrəli vəzifə kimi dayanır. “Bu gün Azərbaycan dövləti, onun iqtisadiyyatı,  mədəniyyəti dinamik inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən asılı olacaq. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir» deyən Prezident İlham Əliyev ölkə inkişafının daha məsuliyyətli bir dövrə qədəm qoyduğunu qeyd etməklə bu yolda elmin inkişafının danılmaz rol oynayacağını xüsusi diqqətə çatdırıb. Bununla da Azərbaycanda ümumən elmin, daha konkret desək, iqtisad elminin zamanı qabaqlaya biləcək vəzifələrin öhdəsindən gəlməsi aktual vəzifə kimi qarşıya qoyulub.

Milli iqtisadi inkişafın modernləşmə xətti strateji baxımdan işlənmiş olsa da, taktiki baxımdan dünyada gedən qloballaşma prosesi ilə bağlı daimi təkmilləşdirilməli və inkişaf etdirilməlidir. Ölkədə iqtisadi inkişaf nəticə etibarilə ölkə vətəndaşlarına, şəxsiyyətin hüquq və azadlıqlarının təmin olunmasına, demokratiyanın inkişaf etdirilməsinə, liberallaşmanın sürətlənməsinə, bir sözlə, iqtisadi modernləşmənin mərhələli demokratikləşməsinə gətirib çıxarmalıdır. Bir sözlə, iqtisad elmi qarşısında duran vəzifələr bu kontekstlərdən çıxış edilərək həll edilməlidir. Məşhur iqtisadçı C.M.Keyns yazırdı ki, «iqtisadçılar və siyasi mütəfəkkirlər haqlı olsalar da, səhv etsələr də, onların ideyaları başqalarının düşündüyündən daha böyük əhəmiyyət kəsb edir. Həqiqətdə yalnız onlar dünyanı idarə edirlər».

Hazırda Azərbaycanda gedən quruculuq işlərini dərindən təhlil etmək, qloballaşan dünyada Azərbaycanın özünəməxsusluğunu təmin edəcək səviyyədə elmi-tədqiqat işlərini yerinə yetirmək lazımdır. Bu zərurətləri yaxşı bilən dövlət başçısının elmin inkişafına dair qərarları müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan 2009-cu il Azərbaycan dövlətinin elm, innovasiya və XXI əsrin milli intellektual potensialını səfərbər etmək baxımından tarixi əhəmiyyətli dövlət qərarlarının qəbul edildiyi il kimi yaddaşlarda qalacaq. Məhz ötən il dövlət başçısı elmin inkişafına və bu sahədə problemlərin kompleks həllinə xidmət etməyə yönəlmiş bir sıra mühüm qərarlar qəbul edib. Bunlardan “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nı, Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncamları qeyd etmək olar.

- Bu qərarların qəbulu elmin problemlərinin həllində böyük imkanlar açır...

- Bəli, bununla da elmin, o cümlədən iqtisad elminin inkişafı üçün geniş fürsət yaranır. Artıq dövlət başçısının qeyd etdiyi kimi, respublika iqtisadiyyatında keçid dövrü bitib və sosial-iqtisadi inkişafın yeni dövrü başlayıb. Rəsmi səviyyədə elan olmuş bu müddəa hər birimizin üzərinə böyük vəzifələr qoyur. Ona görə də təmsil etdiyimiz elm sahəsində bundan sonra daha böyük səylə, əzmkarlıqla çalışmalıyıq. Belə vəzifələrin öhdəsindən gəlmək haqqında düşünərkən respublika mətbuatında “İctimai və humanitar elmlər: zaman kontekstində baxış» məqaləsi ilə çıxış edən akademik Ramiz Mehdiyev bu məqaləsi ilə qarşıda duran problemlərlə bağlı bir çox məqamlara aydınlıq gətirib, onların yeni dövrün tələblərinə uyğun həlli yollarını da göstərib. Bu məqalə ilə o, zamanın nəbzini tutub, tənqidi qeydləri ilə hər bir elm sahəsinin, o cümlədən iqtisad elminin həll edə biləcəyi məsələləri açıb göstərib. Akademik R.Mehdiyev məqaləsində elmi fəaliyyətə, xüsusən də ictimai elmlərə böyük qiymət verərək göstərir ki, ictimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini təhlil etməlidir. O, ölkəmizi obyektiv istiqamətlərə yönəltməklə millətimizin düşünən beyninə, insanların ictimai əxlaqının yüksəldilməsinə, bütövlükdə inkişafın aparıcı amilinə çevrilməlidir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ictimai elmlər sahəsində yeni ideyalar irəli sürməyə qadir şəxslər, kreativ düşüncəli insanlara ehtiyac var.

- İqtisad elminin qarşısında dayanan əsas problemlər, vəzifələr hansılardır?

- Yeni iqtisadi münasibətlər dövründə iqtisad elminin üzərinə böyük vəzifələr düşür. O, cəmiyyətdə baş verən sosial-iqtisadi proseslərdə düzgün nəticələrin əldə edilməsi istiqamətində işlər görməli, baş verə biləcək böhran və ziddiyyətli halların qarşısının alınması yollarını diktə etməlidir. İqtisad elmi həm də nadir inkişaf yolu keçmiş və yeniləşən Azərbaycan cəmiyyətinin gələcək dayanıqlı inkişafının əsaslarının, konseptual problemlərinin işlənib hazırlanmasında da mühüm işlər görməlidir. Bir sözlə, iqtisad elminin qarşısında duran vəzifələrin prioritetlərinin dəqiq müəyyənləşdirilməsi zamanın tələbidir. Bu prioritetlər sırasında dayanan bəzi əsas məqamları qeyd etmək olar. Əvvəla, iqtisad elmi Azərbaycanda müstəqillik dövründə keçilən yolun mərhələlərini, gələcəyin iqtisadi mahiyyətini, məzmun elementlərinin çalarlarını dəqiq tədqiq etməli, Azərbaycanın özünəməxsus yeni sosial-iqtisadi modelini işləyib hazırlamalıdır. Yeni mühitdə dövlətin makroiqtisadi tənzimləmədə rolunu aydınlaşdırmalıdır. Ölkəmizdə iqtisadi inkişafın müasir modeli, onun xüsusiyyətləri, konseptual və nəzəri-metodoloji qanunauyğunluqlarını daha qabarıq təqdim edilməli və dünyaya çatdırmalıdır. İqtisadi hadisə və proseslər konseptual modellər əsasında aparılmalı, milli iqtisadçılıq mövqeyi aydınlaşdırılmalıdır.İqtisadi tədqiqatlar qlobal inteqrasiya prosesində insan kapitalının inkişafının reallaşması istiqamətində öz vəzifələrini müəyyənləşdirməli və reallaşdırmalıdır. Digər tərəfdən iqtisadiyyatın konkret sahələri üzrə mövcud problemlər müəyyənləşdirilməli və onların proteks istiqamətləri işlənilməlidir. İqtisadi fənlərin tədrisi və koordinasiyası sahəsində işlər görülməlidir. Qloballaşma prosesi nəticəsində dünya iqtisadiyyatında baş verən dəyişikliklərin yaratdığı qeyri-müəyyən vəziyyətlər geniş təhlil edilməli və Azərbaycan üçün bu sahədə fəaliyyət proqramları işlənməlidır. Dünyada analoqu olmayan iqtisadi inkişaf xüsusiyyətləri azərbaycançılıq nöqteyi-nəzərindən işlənib hazırlanaraq dünyaya çatdırılmalıdır. Bu baxımdan ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar, ölkə iqtisadiyyatının strukturunda baş verən dəyişikliklər təhlil edilməli və optimal struktur haqqında daimi tövsiyələr hazırlanmalıdır. Milli iqtisadi inkişaf konsepsiyasının ideoloji əsasları tədqiq edilməlidir. Ayrı-ayrı sahələrdə formalaşan tələbat sistemi müəyyənləşdirilməli, mövcud ehtiyatlarla tutuşdurma əsasları ilə keyfiyyətli həyat tərzi məsələləri və bu kimi digər amillər diqqətdə saxlanılmalıdır.

 

 

Anar Miriyev

 

Palitra. -2010. – 19 may. – S.6.