Şərqşünaslıqda Məcnun probleminə
baxış
AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva:
“Real tarixi şəxsiyyət
olan Məcnunun macəra dolu həyatı və mübahisələr doğuran
yaradıcılığının çox sirləri hələ açılmayıb
Müasir şərqşünaslıq elmində
klassik Şərq ədəbiyyatının ən
məşhur obrazlarından
olan Məcnunun kimliyi, onunla bağlı rəvayətlərin
yaranma tarixi və mənbəyi də çox müzakirə edilən məsələlərdən hesab
edilir. Bəs Azərbaycan şərqşünaslığında
bu mövzuya baxış necədir? Qeyd edək ki, layihə
çərçivəsində mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun
direktoru, filologiya elmləri doktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva
belə deyir: “Min ildən bir az da öncə
görkəmli ərəb
ədəbiyyatçısı və musiqiçisi Əbülfərəc İsfahaninin
(897-967) tərtib etdiyi
nəhəng ədəbi
abidə - “Kitab əl-əğani”(“Nəğmələr kitabı”)
bu gün də böyük dəyərini saxlayır.
Bu əsər yalnız ərəb
şeirinin uzaq dünənini, ərəb şairlərinin həyatını
və irsini öyrənmək üçün deyil, həm də
Şərq xalqları ədəbiyyatları arasındakı əlaqələri,
münasibətləri, qohumluqları araşdırmaq
üçün müstəsna əhəmiyyət
daşıyır. İlkin məqsədi 9-cu yüzillikdə
böyük ad-san qazanmış məşhur musiqiçi
İshaq əl-Mausilinin (767-850) repertuarına daxil olan 100
mahnını şərh etmək olan “Nəğmələr
kitabı” yavaş-yavaş genişləndi və nəhayət,
6-9-cu əsrlərdə yaşamış demək olar ki,
bütün məşhur ərəb şairlərinin həyatı,
yaradıcılığı haqda məlumatlar, örnəklər
verən möhtəşəm bir təzkirəyə çevrildi”.
Alim qeyd edir ki, bu kitabdakı fəsillərdən ikisi Bənu
Amir qəbiləsindən çıxmış şair Qeys
ibn Müvəlləh - Məcnun haqqındadır. 7-ci əsrin
sonlarında vəfat etmiş bu ərəb şairinin adı ətrafında
çoxlu əfsanələr, rəvayətlər yaranıb,
onlarca başqa naməlum söz ustasının da şeirləri
zaman ötdükcə ona aid edilib və bir neçə əsr
sonra, əslində, bəzi alimlərin fikrincə, gerçək
tarixi şəxsiyyət olan Qeys ibn Müvəlləh mifikləşdirilib:
“Məcnunun şeirləri toplanmış “Divan” bu
günümüzə qədər gəlib çatıb. Bu
şeirlər müxtəlif dillərə, o cümlədən
ruscaya tərcümə edilib. Ancaq rus şərqşünası
V.Jukovskinin vaxtilə Ömər Xəyyama aid edilib, əslində
bu şairə mənsub olmayan rübailər haqqında
işlətdiyi “sərgərdan”, “gəzəri” şeirlər
ifadəsini Məcnunun da indi bəlli olan irsinin bir sıra
nümunələrinə tətbiq etmək
mümkündür. Hələ 9-cu əsr ərəb nasiri və
ədəbiyyatşünası əl-Cahiz yazırdı:
“Tanınmaz müəlliflərin Leyliyə həsr olunmuş
elə bir şeiri qalmayıb ki, adamlar onu Məcnuna aid etməsinlər”.
Professor bildirir ki, real
tarixi şəxsiyyət olan Məcnunun macəralarla dolu həyatı
və mübahisələr doğuran
yaradıcılığının bir çox sirləri bu
günə qədər açılmayıb. Məcnunu bir
tarixi şəxsiyyət və şair kimi Əbülfərəc
İsfahanidən öncəki ərəb filoloqları da təqdim
etmişdilər. Bu yerdə birincilik 9-cu əsr görkəmli
ərəb filoloqu İbn Quteybə əd-Dinavariyə
düşür: “Lakin görkəmli rus ərəbşünası
İ.Y.Kraçkovski ƏbülFərəc İsfahaninin əsərini
İbn Quteybənin Məcnun haqqında əsərindən
qat-qat üstün sayır. Buna səbəb İbn Quteybənin
əsərində (“Şeir və şairlər haqqında
kitab”) konkret mənbələrin və istinadların
olmaması, rəvayətlərin isə çox qısa
olmasıdır. Onlarla müqayisədə Əbülfərəcin
gətirdiyi rəvayətlər xeyli müfəssəldir,
istinadlar və mənbələr(yazılı və
şifahi) isə böyük dəqiqliklə verilib.
Mövzu ilə əlaqədar
maraq doğuran digər əsər
- Məhəmməd ibn Daud əz-Zahirinin(9-cu əsr)
“Çiçək kitabı” əsəridir. Kitabda Məcnun
şeirlərindən bir çox parçalar toplanıb.
Bilavasitə Məcnunun həyatı haqqında isə məlumatlar
çox azdır. Əbülfərəcin müasirləri də
bu mövzuya müraciət ediblər: İbn Əbd Rəbbihi
(860-940) “Nadir mirvari”, əl-Kali(901-967) “İmlalar”, əl-Mərzubani(?-985)
“Şairlər lüğəti” və sairləri misal çəkmək
olar. İki nakam aşiqin macəralarla dolu həyatı
haqqında kitablar sırasında İbn Sərracın
“Aşiqlərin həlakı” əsəri xüsusi əhəmiyyət
kəsb edir. Müəllif əsərdə “Nəğmələr
kitabı” ilə tanış olduğunu bildirir və bəzən
onu təkrar edir. Buna baxmayaraq İbn Sərracın əsərində
Məcnunun həyatı və yaradıcılığı
haqqında əvvəlki mənbələrdə təsadüf
olmayan məqamlar da var.
Əbülfərəcdən
sonra da ərəb filoloqları bu mövzuya müraciət
ediblər. Bu sırada İbn Hica əl-Həməvinin “Ədəb
xəzinəsi və ərəblərin məqsədi”, Əbd
əl-Qadir əl-Bağdadinin “Ədəb xəzinəsi və
ərəblərin dilinin nadir incisi”, Daud əl-Əntəkinin
“Aşiqlər haqqında ətraflı hekayələrlə
bazarların bəzədilməsi” və sair əsərlərin
adlarını göstərmək olar”.
Leyli və Məcnun
haqqında yazılmış yeganə qədim monoqrafik əsər
isə Əbu Bəkr əl-Valibinin “Məcnun haqqında rəvayətlər”
kitabı hesab olunur. Əsər Şərq ölkələrində
geniş yayılıb: “Müəllifin dəqiq nə vaxt
yaşadığı məlum deyil. Əsərdə müəllifin
“Nəğmələr kitabı”ndan bəhrələndiyi
açıq görünür. Bununla bahəm Nizami Gəncəvinin
də əl-Valibinin əsərlərindən
yararlandığı şübhə doğurmur. Bütün
bunları nəzərdən keçirən akademik
İ.Y.Kraçkovski əl-Valibinin əsərinin 11-ci əsrin
ikinci yarısı - 12-ci əsrin birinci yarısında
yazıldığını ehtimal edir. Əsərin
özü haqqında Kraçkovski belə qeyd edir: “Əl-Valibinin
bütün əsəri böyük səliqəsizlik təəssüratı
yaradır və ərəb Məcnununun tarixçəsinin
müəyyənləşdirilməsində köməklik
edir. Bu əsər Məcnunu Babilistana səfər etməyə
məcbur edir, həyatını 11-ci əsrə, Abbasilər dövrünədək
uzadır, şeirlərini tamamilə təsadüfi, müxtəlif
mənbələrdən tərtib edir və bəzi şeirlərini
açıq-aşkar təhrif edir””.
Bütün deyilənlər
Məcnun haqqında rəvayətlər üzərində
işləyərkən bir daha son dərəcə diqqətli
olmağı tələb edir. Alim bildirir ki, bu məqam bir daha
“Nəğmələr kitabı”nın Leyli və Məcnun
haqqında ərəb rəvayətlərinin əsas mənbəyi
olduğunu təsdiqləyir. Amma bu da bir həqiqətdir ki,
gerçək tarixi bir şəxsiyyət olan Məcnundan daha
artıq bir ədəbi obraz olan Məcnun 800 ildən
çoxdur ki, dünyanı fəth edib. İlk dəfə
dahi Azərbaycan şairi Nizami Gəncəvinin qələmində
sanballı ədəbi qəhrəmana çevrilən Məcnun
12-ci əsrdən başlayaraq onlarca Şərq şairinin
müxtəlif dillərdə yazdığı məsnəvilərdə
sonsuz şöhrət qazanıb.
İlkin Ağayev
Palitra. -2010. – 19 may. – S.7.