Samir Şərifov: «Avrobondların emissiyasını təxirə salmalıyıq»

 

Maliyyə naziri Samir Şərifovun «APA-Economist» analitik jurnalına müsahibəsini təqdim edirik: 

 

- Ötən il bütün dünyada baş verən qlobal iqtisadi böhranın nəticələri və onun Azərbaycana təsirlərini necə qiymətləndirirsiniz?

- Heç kim üçün sirr deyil ki, 2009-cu ildə qlobal böhran nəticəsində dünya iqtisadiyyatında bir sıra problemlər meydana çıxdı. Hazırda dünya iqtisadiyyatında bu problemlərdən bəziləri qalmaqdadır ki, bu da bütün ölkələr, o cümlədən Azərbaycan üçün müəyyən risk fonu yaradır. Baxmayaraq ki, biz 2009-cu ildə böhrandan uğurla keçdik və hətta ilin yekunlarına görə ÜDM-in artımı qeydə alındı.

- Dövlət büdcəsinin xərclər hissəsinin formalaşmasında prioritetlər hansılardır?

- Büdcənin xərclər hissəsinin prioriteti ilk növbədə sosial sahə, xüsusən ötən ilin böhran ili olması nəzərə alınaraq baxılmış bütün sosial proqramların gerçəkləşdirilməsinin təmin olunması sayılır. Amma hətta bunu nəzərə alsaq belə 2010-cu ilin büdcəsi sosial proqramların təmin olunmasına yönəlib. Bundan başqa dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2010-cu ildə büdcə sahəsində əməkhaqlarının artırılması, həmçinin pensiyaların baza hissəsinin yüksəldilməsi nəzərdə tutulur.

- Dövlət büdcəsinin xərclərinin istiqamətinin investisiya qoyuluşları çərçivəsində müəyyənləşdirilməsində hökumət, o cümlədən Maliyyə Nazirliyi hansı prinsipə əsaslanır?

- Əlbəttə ki, Azərbaycan sosial proqramlarla yanaşı investisiya proqramlarının da reallaşdırılmasını təmin edir. İcrasına başlanan əsas investisiya proqramlarının maliyyələşdirilməsi hazırda davam etdirilir, həmçinin yeni proqramlar həyata keçirilir. Bunlar infrastruktur, meliorasiya və su qurğularının, yolların, avtomagistralların, yolayrıcıların, yeni metrostansiyaların tikintisi, enerji təchizatının və elektrik ötürülməsinin yaxşılaşdırılması, elektrik stansiyalarının inşası, elektrik yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin tikintisi və bərpası, elektrik şəbəkəsinin yaxşılaşdırılması kimi istiqamətləri əhatə edir. Bundan başqa sosial sahəyə investisiyalar 2010-cu ildə də müştərək maliyyələşdiriləcək. Buraya mövcud məktəblərin təmiri və yeni məktəblərin, xəstəxana komplekslərinin, poliklinikaların və digər səhiyyə müəssisələrinin, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daxildir. İnvestisiyalar həmçinin ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də yönəldilir, hərbi qulluqçular və müdafiə orqanlarının əməkdaşları üçün müvafiq sosial-məişət şəraiti yaradılır.

Əsas istiqamətlərdən biri olan kənd təsərrüfatı sahəsinə də investisiyalar yatırılır. «Aqrolizinq» ASC vasitəsilə bu sahənin material-texniki bazasının təkmilləşdirilməsi üçün vəsait ayrılır. Bununla paralel olaraq hazırda Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi kimi müxtəlif maliyyə sxemləri vasitəsilə kiçik və özəl sahibkarlığa dəstək büdcədən maliyyələşdirilir. Bütün bu strukturlar iqtisadiyyatın özəl sektoruna resursların verilməsi mənbəyi kimi istifadə olunur.

- Bu gün Azərbaycanın dövlət borcunun həcmi nə qədərdir?

- Bu gün Azərbaycanın dövlət borcu ÜDM-in 7%-ni üstələmir. Hazırda dövlət borcunun müqavilə və razılaşmalarla rəsmiləşdirilmiş həcmi məzənnədən asılı olaraq dəyişir və 7 mlrd. ABŞ dollarını ötmür. İstifadə olunmuş borc isə - qeyd edim ki, hesablamalarda məhz bu əsas kimi götürülür - 3 mlrd. dollardan azdır.Daxili borca gəlincə, bu, bizdə çox aşağıdır. Bunun əsas səbəbi isə daxili borcalma bazarının - dövlət istiqrazları bazarının inkişafıdır. Ümumi dövlət öhdəliklərində daxili borcun həcmi faiz göstəricisi ilə kiçik rəqəmlərlə ifadə olunur.

- Qiymətli kağızlar buraxmaq yolu ilə beynəlxalq bazarlarda borclanma planlaşdırılırmı? Ümumiyyətlə, buna ehtiyac varmı?

- Hazırda biz bu məsələni nəzərdən keçiririk. Bir tərəfdən beynəlxalq kapital bazarlarında vəziyyət qiymətli kağızların buraxılması üçün əlverişlidir. Belə ki, faiz dərəcələri kifayət qədər aşağıdır, nəzərə aldığımız borc üzrə potensial spredlər əhəmiyyətli dərəcədə azalıb. Bundan başqa Azərbaycanın kredit reytinqi proqnozu «stabil»dən «pozitiv»ə dəyişdirilib ki, bu da bizim üçün əlavə müsbət amildir. Digər tərəfdən, bir sıra böyük dövlətlərin, ilk növbədə avrozonaya daxil olan dövlətlərin borc problemi bazarda investorların əhval-ruhiyyəsinə təsir edir və düşünürəm ki, bu vəziyyət dəyişməyincə biz avrobondların buraxılmasını təxirə salmalıyıq.

- Cari ilin ilk 4 ayında neftin 1 barelinin qiyməti 45 dolları əhəmiyyətli dərəcədə üstələyib. Dünya bazarında neftin qiyməti bir müddət də indiki səviyyədə qalarsa, 2010-cu ilin dövlət büdcəsinin xərclər hissəsinə, o cümlədən neftin baza qiymətinə baxılması planlaşdırılırmı?

- Burada nəzərə almaq lazımdır ki, ölkəmizin cari il üçün büdcəsində kəsir nəzərdə tutulub. Biz onu xarici və daxili borcalmalarla maliyyələşdirməyi planlaşdırırdıq. Hesab edirəm ki, dünyada enerji resurslarına əlverişli konyukturanı nəzərə almaqla bizim büdcəyə əlavə gəlirlər cəlb etmək imkanımız olacaq. İlk növbədə yanacaq-energetika sahəsində mənfəət vergisi hesabına əldə olunan gəlirləri büdcə kəsirinin bağlanmasına yönəldəcəyik, bununla daha az borc alacaq və gəlirlərdən daha çox istifadə edəcəyik.

- Dövlət büdcəsinin gəlirlər hissəsinin strukturunda neft və qeyri-neft sektorlarının payı nə qədərdir?

- Büdcənin gəlirlər hissəsinin strukturunda neft və qeyri-neft sektorlarının payı bir qayda olaraq dəyişir və bu rəqəm daimi deyil. Hazırda neft gəlirlərinin payının azaldılması üçün məqsədyönlü siyasət yürüdülür. Digər tərəfdən neftin qiyməti artırsa, təbii ki, neft gəlirlərinin payı da yüksəlir. Amma bütövlükdə siyasətimiz bu gəlirlərin azaldılmasına yönəlib.

- Sonda vətəndaşların əksəriyyətini narahat edən bir suala cavab verməyinizi istərdik. Sovet dövründən banklarda qalmış əmanətlərin əhaliyə qaytarılması məsələsi hazırda hansı mərhələdədir?

- Mənə məlum olanı budur ki, hələlik müvafiq qanun parlament tərəfindən qəbul edilməyib. Bu isə o deməkdir ki, məsələ əvvəlki mərhələsində qalır.

 

 

Palitra. -2010. – 19 may. – S.10.