Ekoloji təmizlik turistlərin sayını
çoxaldır
Parnik effekti və qlobal istiləşmə
törədən qazların (xüsusilə kükürd və
azot oksidlərinin) atmosfer havasını çirkləndirən
ən başlıca səbəbi hazırda yanacaqlarla işləyən
nəqliyyat vasitələri, əsasən isə avtomobil nəqliyyatlarıdır.
Bunu beynəlxalq arenada isbat olunan, aparılan təcrübələr
də sübut etmişdir. Bu zaman atmosferə qarışan
qazlar həm də biosferin, ekosistemlərin, bioloji müxtəlifliyin,
flora və faunanın ekoloji durumunu pozur, insan
sağlamlığına olduqca neqativ təsir göstərir
və müxtəlif respirator xəstəliklərə
(faringit, laringit, rinit, haymorit, frontit, bronxit, traxeit, pnevmoniya,
bronxial astma, ağciyərin xərçəngi və s.) səbəb
olur. Avtomobil nəqliyyatının havanı zəhərli
qazlarla çirkləndirməsi respublikamızdan da yan
keçməyərək neqativ fəsadlar törədir və
çox ciddi narahatçılığa səbəb olur. Hər
avtomobil ildə atmosferə 1,3 ton zəhərli qazlar
(kükürd, azot, karbon oksidləri, etanol, karbohidrogenlər və
s.) ixrac edir. Bakıdakı avtomobillər ildə atmosferə 1
milyon ton zəhərli və insan sağlamlığı
üçün olduqca təhlükəli qaz buraxır.
Ölkəmizdə mövcud
olan avtomobil mühərriklərində işlədilən
yanacaq növlərinin hamısının (benzin, dizel, qaz və
s.) müayinə zamanı yalnız Avro-5 və Avro-6 göstəricisinə
uyğun olduğu artıq sübut olunmuş aksiomdur. Bu
göstərici isə beynəlxalq standartlara uyğun, yəni
dünya təcrübəsində etalon kimi qəbul
edilmiş Avrodan-2-dən
artıq olmamalıdır. Avro-5 və Avro-6 göstəricisi
olan avtomobil nəqliyyatları atmosferi zəhərli qazlarla
çox çirkləndirir, əhalinin
sağlamlığına neqativ təsir göstərir, ətraf
mühiti, onun amillərini, flora və faunanı zəhərləyir,
ərazidə bitki və heyvanların məhsuldarlığını
azaldır. Bütün qeyd olunanları nəzərə alaraq
hazırda sənaye, kənd təsərrüfatı və nəqliyyat
vasitələrində işlədilən klassik-ənəvi
energetikadan imtina edilməsi və ekoloji cəhətdən təmiz,
tamamilə zərərsiz, alternativ, yanmayan enerji
ehtiyatlarının istifadəsinə keçilməlidir. Bu,
artıq bəşəriyyətin taleyüklü problemi və
dövrün ən başlıca tələbidir, digər
alternativ yol isə yoxdur. Həyati vacib bu məsələyə
həm BMT, həm də digər nüfuzlu beynəlxalq təşkilatlar
çox önəmli yer verir.
Ənənəvi yanacaq
növlərindən imtina olunması və alternativ, ekoloji cəhətdən
zərərsiz olan digər energetika növlərinə
keçilməsi, hər şeydən əvvəl ekoloji
durumun yaxşılaşmasına, insan
sağlamlığının təmin olunmasına və ətraf
mühitin çirklənməsinin qarşısının
alınmasına xidmət edir, atmosferə karbon, kükürd
və azot oksidlərinin qarışmasını minimuma
endirir. Ekoloji cəhətdən zərərsiz olan alternativ
enerjiyə (Günəş, külək, su, elektrik, hidrogen,
bioqaz və s.) keçidin əsas məqsədi bəşəriyyətin
ekoloji fəlakətlərlə üzləşməsinin
qarşısını almaqdan və planetimizi
böhranların, təbii fəlakətlərin ağır fəsadlarından
qorumaqdan ibarətdir. Əks təqdirdə bəşəriyyəti
iki yol ayrıcı - yaşamaq, həyatı davam etdirmək,
yaxud məhv olmaq təhlükəsi gözləyir.
XXI əsr bəşəriyyətin
tarixinə Davamlı İnsan İnkişafı (Dİİ) əsri
kimi daxil olub. Dİİ-nın əsas göstəricisi isə
İnsan İnkişafı Əmsalıdır (İİƏ).
Ölkə üzrə İİƏ hesablanarkən əsas
göstərici kimi ekoloji durumun vəziyyəti, energetika
resursları, onların ekoloji cəhətdən biosfer və
insan sağlamlığı üçün zərərsiz
olması nəzərə alınır. Bu zaman ekoloji cəhətdən
təmiz və saf enerji ehtiyatlarına daha böyük önəm
verilir. Energetika resursları həm də ölkə
iqtisadiyyatının inkişafının əsas göstəricisi
sayılır və dövlət siyasətinin tərkib hissəsinə
məxsusdur. 2050-ci ildə energetika istehlakının əvvəlki
yüz illikdəkinə nisbətən 15 dəfə artıq
olacağı və Yer kürəsinin mövcud enerji
ehtiyatlarının 80%-indən istifadə olunması
proqnozlaşdırılır. Dünyanın bütün
ölkələrində əlverişli enerji mənbəyi
sayılan, lakin ekoloji cəhətdən təhlükəli
olan istilik elektrik stansiyaları planetimizin ekoloji durumuna olduqca
neqativ təsir göstərmişdir. Hər kilovat enerji
istehsalı zamanı atmosferə ildə 30 kq kükürd
oksidi, 3 kq karbon qazı və 2,4 ton kül qarışaraq həm
havanı çirkləndirir, ozon təbəqəsini zədələyir,
istilik effekti yaradır, həm də Yerin səthi ilə
atmosferin təbəqələri və kosmik fəza
arasındakı istilik mübadiləsini pozaraq çox
ağır ekoloji fəsadlar törədən qlobal iqlim dəyişkənliyi
əmələ gətirir. Dünyanın bir çox ölkələrində
hələ antik dövrlərdə belə külək
enerjisindən geniş istifadə olunmuşdur. Coğrafi kəşflərdə
çox böyük rol oynayan yelkənli gəmilər də
məhz külək enerjisi ilə hərəkət
etmişdir. Yelkənli ticarət və hərbi gəmilər
də hava cərəyanı vasitəsilə işləyirdi. Əksər
ölkələrdə taxılın üyüdülməsi
üçün küləklə işləyən yel dəyirmanlarından
istifadə olunurdu. Eramızdan əvvəl II əsrdə ilk dəfə
olaraq Çində və Misirdə ən bəsit quruluşa
malik olan külək mühərriklərindən geniş
istifadə olunmuşdur. Lakin mükəmməl və təkmilləşdirilmiş
quruluşa malik olan ilk pərli külək - yel dəyirmanından
VII əsrdə İranda istifadə edilmişdir. İngiltərə,
Danimarka, Hollandiya və digər Avropa ölkələrində
VIII əsrdən başlayaraq küləklə işləyən
mühərriklərə daha çox üstünlük
verilmişdir. Avropa ölkələrində külək
enerjisi ilə işləyən hidromühərriklərdən,
həm də yel dəyirmanlarından geniş istifadə
edilmişdir. Lakin külək enerjisindən istifadə
olunması sahəsində Hollandiya dünyanın ən lider
ölkəsi sayılır. Bu ölkədə dəniz
akvatoriyasının əkin üçün yararlı hala
salınması (qurudulması), taxta-şalban doğrayan
maşınlardan istifadə olunması məqsədilə
külək enerjisindən çox geniş miqyasda istifadə
olunmuşdur.
XVI əsrdə Rusiyada da
külək dəyirmanlarından taxıl üyütmək məqsədilə
geniş istifadə olunmaqla 200 min yel dəyirmanı mövcud
idi. XIX əsrdə dünyanın iqtisadi cəhətdən
inkişaf etmiş ölkələrində elmi-texniki tərəqqinin
sürətli inkişafı külək enerjisindən nisbətən
az istifadə olunmasına zəmin yaratdı. Polzunovun Rusiyada
buxar maşınını kəşf etməsi XX əsrdə
külək enerjisinin istifadə olunmasını artıq
kölgədə qoydu. Bu dövrdən başlayaraq enerji mənbəyi
kimi digər yanacaq vasitələrindən - daş
kömür, neft, onun məhsulları, oduncaq, qaz və s.
geniş istifadə olundu. Həmin ənənəvi yanar enerji
ehtiyatlarından qeyri- rasional istifadə olunması həm
faydalı qazıntıların tükənməsinə, həm
də planetimizin ekoloji mənzərəsinin kəskin dəyişilməsinə
səbəb oldu və təbiətin normal ahəngi tamamilə
pozuldu. Bu hal bəşəriyyəti uçurumla, məhv olma
təhlükəsi ilə üz-üzə qoyduğundan
insanlar yenə də ekoloji cəhətdən təhlükəsiz,
zərərsiz enerji ehtiyatlarından istifadə etmək məcburiyyətində
qalaraq yenə də külək enerjisinə müraciət
etdilər və elektrik enerjisi istehsal edən xüsusi külək
aqreqatları hazırladılar. Bu məqsədlə
1926-cı ildə ilk dəfə olaraq Berlində rotorlu külək
məhərriki işə salındı. Məşhur
okeanoloq, səyyah Jak-İv Kusto 1980-cı ildə külək
aqreqatı ilə işləyən xüsusi gəmi vasitəsilə
səyahətə çıxdı. Sovet imperiyası
dövründə (1930-cu il) 3-4 kilovat, bir il sonra isə 110
kilovat gücündə elektrik enerjisi hasil edən xüsusi
külək qurğularının kütləvi istehsalı başladı.
Sabiq Sovet İttifaqında 20 il ərzində (1960-1980) istilik,
su və atom elektrik stansiyalarının (İES, SES, AES)
geniş inşasına başlanması və onlardan istifadə
olunması yenidən külək enerjisi aqreqatlarını
kölgədə qoydu və arxa plana çəkdi. Buna baxmayaraq
1970-ci ildən başlayaraq dünyanın 50-dən çox
ölkəsində, xüsusilə ABŞ, Almaniya, Hindistan,
Danimarka, İspaniya, İngiltərə, Türkiyə,
Portuqaliya, İran İslam Respublikası, Yaponiya və
Çində külək energetikasından daha çox istifadə
olunmağa başlandı və ona yenidən önəmli yer
verildi. Bəzi ölkələr (ABŞ, Cənubi Amerika, Asiya
ölkələri və Kanada) bu sahədə daha irəlidə
getməklə lider hesab edilirdi.
Okean və dəniz sahilləri
külək enerjisi almaq üçün ən əlverişli
ərazi sayılır, 10-12 kilometr məsafədə, 30 km dərinlikdə
basdırılan, yaxud üzən möhkəm özüllər
üzərində külək generatorlarının qüllələri
quraşdırılır. Külək enerjisinin səmərəlilik
dərəcəsini təyin etmək üçün aeroloji
tədqiqatlar aparılır və onun nəticəsinə əsasən
xüsusi kadastr hazırlanır. Bakıətrafı kəndlərdə
hələ bir neçə il əvvəl yel dəyirmanlarından
istifadə etməklə tarlaların suvarılmasına önəmli
yer verilmişdir. Külək enerjisi də Günəş və
su enerjisi kimi həm tükənməz, həm də ekoloji cəhətdən
zərərsiz enerji növünə aiddir. Küləyin
sürətinin sabit və daimi olmamasının bəzi
çətinliklər törətməsi və onun mühərriklərinin
ətrafında 6-7 hers tezliyə malik olan ultrasəs
vibrasiyaları yaratması və səs-küyə səbəb
olması mənfi nəticə sayılsa da, hazırda bunun
qarşısının alınması üçün
müvafiq üsullardan istifadə olunur. 2011-ci ildən etibarən
həm külək, həm də dəniz dalğası vasitəsilə
işləyən xüsusi mini elektrik stansiyalarından da
tükənməyən və eokloji cəhətdən sərfəli
energetika mənbəyi kimi geniş istifadə olunmasına
başlanacaqdır. 500 kilovat elektrik enerjisi almaq
üçün 1000 ədəd mini qurğu kifayətdir.
Hazırda dünyanın
inkişaf etmiş ölkələrində (ABŞ, Yaponiya,
Türkiyə, İngiltərə, Fransa, Almaniya, Rusiya və
s.) helioenergetika (Günəş enerjisi) daha önəmli yer
tutmaqla olduqca perspektivli üsul hesab edilir. Çünki bu
enerji növündən Yer kürəsinin bütün ərazilərində
istifadə etmək mümkündür, ekoloji cəhətdən
təhlükəsizdir, əbədi və tükənməzdir,
ətraf mühitə neqativ təsiri yoxdur, onu
yarımkeçirici fotoelektrik dəyişdiriciləri ilə
birbaşa elektrik və absorbsiya üsulu ilə istilik enerjisinə
çevirmək heç bir çətinlik törətmir.
Ölkəmizdə külək
enerjisindən istifadə olunması olduqca böyük
perspektivə malikdir. Ümumi gücü 20 meqavat və 10
blokdan ibarət olan ilk külək elektrik stansiyası
Qobustanda inşa olunmaqla ildə 700 milyon kilovat/saat enerji
istehsal olunacaqdır. Hazırda Birləşmiş Ərəb
Əmirliklərində elektrik enerjisi ilə işləyən
pilotsuz taksilər istehsal olunur. Onlardan hələlik Abu-Dabi
terminalları arasında istifadə olunacaqdır. Bu taksilər
dünyanın ekoloji cəhətdən ən təmiz və
atmosferi çirkləndirən qazlardan tamamilə azad olan, səhrada
tikilən yeni Masdar ekoşəhərində
hazırlanacaqdır. Masdar çox böyük müasir şəhər
olmaqla dünyanın hələlik avtomobil olmayan yeganə
şəhəri olacaqdır. Dünyanın bir çox ölkələrinin
investisiya və maliyyə dəstəyi ilə inşa olunan bu
şəhər planetimizin ekoloji təmiz ilk və hələlik
yeganə şəhəri olduğu üçün buraya
turistlərin çox güclü axını başlayacaq,
şəhərin ən varlı, zəngin istirahət
güşəsinə çevrilməsinə zəmin
yaradacaqdır. Son zamanlar alimlər
bioqazdan enerji kimi istifadə olunmasına çox böyük
önəm verirlər. Respublikamızda bu enerji
növünün istehsalı üçün çox
böyük imkan və resurslar vardır. Bu məqsədlə
heyvandarlıq və quşçuluq təsərrüfatlarındakı
peyini, eləcə də ağac yarpaqlarını biotermik
üsulla zərərsizləşdirdikdə əmələ gələn
bioloji qazdan istifadə olunur, onların özündən isə
çox qiymətli gübrə alınır. Alınan
gübrə ekoloji kənd təsərrüfatında geniş
istifadə olunur.
Eldar Hüseynov
Palitra. -2010. – 19 may. – S.11.