Gələcəyimizin təminatçısı: alternativ və bərpa olunan enerji mənbələri

 

Alternativ enerji mənbələrinin növləri

 

Alternativ və bərpa olunan enerji mənbələri Günəş, külək və geotermal enerji, kiçik SES-lər, dəniz qabarmaları və dalğaları, biokütlə enerjiləridir.

Alternativ enerji mənbələrindən olan günəş enerjisindən dünyanın bir çox ölkələrində istifadə edilir. Evlərin damlarına və divarlarına düşən günəş enerjisindən istifadə bu evlərin sakinlərinin illik enerji tələbatını xeyli azaldır. Eyni zamanda günəş və istilik enerjisindən istifadə təmizdir, sadədir və onun bütün formalarının alınması təbii üsullarladır. Günəş kollektorlarının köməyi ilə yaşayış evlərini və kommersiya binalarını qızdırmaq və onları isti su ilə təmin etmək olar. Parabolik güzgülərlə toplanmış günəş enerjisindən isə istilik alınmasında istifadə edilir. Ondan istehsalatı elektrik enerjisi ilə təmin etmək də mümkündür. Bundan başqa, Günəş vasitəsilə enerji istehsalının digər - fotoelektrik texnologiya üsulu da mövcuddur. Fotoelektrik maddələr isə günəş radiasiyasını birbaşa elektrik cərəyanına çevirən qurğudur.Günəş radiasiyasını fəal və qeyri-fəal günəş sistemindən istifadə edərək faydalı enerjiyə çevirmək olar. Fəal günəş sistemlərinə günəş kollektorları və fotoelektrik maddələr daxildir. Qeyri-fəal sistemlər isə binaların proyektləşdirilməsi və günəş enerjisindən maksimal şəkildə istifadə etmək üçün inşaat materiallarının seçilməsi yolu ilə alınır.

 Proses zamanı günəş enerjisi faydalı enerjiyə çevrilir və digər enerji formaları, məsələn, biokütlə, külək və ya su enerjisi ilə əvəz olunur və Yerdə havanı «idarə edir». Günəş radiasiyasının böyük hissəsi okeanlar və dənizlər tərəfindən udulur, nəticədə onların suyu qızır, buxarlanır və yağış şəklində Yerə düşərək su elektrik stansiyalarını «qidalandırır». 

   Alternativ enerji mənbələrindən biri də nəqliyyat üçün alternativ yanacaqdır. Bərpa olunan enerji mənbələri, ilk növbədə, biokütlədən alınan yanacaqdır.

İkinci Dünya müharibəsi zamanı neftin nəqlindəki çətinliklərlə bağlı  ABŞ, Braziliya və Avropanın bir çox ölkələrində odunun qazlaşdırılması yolu ilə alınmış etanol və qazdan istifadə edilib. Lakin müharibədən sonrakı dövrdə neftin ucuzlaşdağı və neft yataqlarının kifayət qədər çox olduğu məlum olan vaxt isə bioyanacağa maraq aşağı düşsə də, bu gün neft bazarında vəziyyət tam başqadır. Tükənən mənbələrdən istehsal olunan yanacağın qiyməti sürətlə artır və bu yolla alternativ yanacaq növlərinə, əsasən də, biokütlədən istifadəyə yol açılır.

Nəqliyyatda yanacağın sərfi daim artır. 1985-ci ildə bütün dünyada 375 milyon sərnişin avtomobili, yük daşımaq üçün isə 109 milyon yük avtomobili var idisə, 2002-ci ildə dünyanın sərnişin avtoparkı artıq 530 milyon avtomobilə çatmışdı. Əhalisinin sayı dünya əhalisinin 5 faizini təşkil edən ABŞ-da isə dünyada istifadə edilən bütün avtomobillərin dörddə biri olmuşdur. Ekspertlərin hesablamalarına görə, 2020-ci ilə qədər dünya küçələrində milyard ədəd avtomobil hərəkət edəcək.

Avtomobillərin artımı dünyada daim neftə tələbatı artırır. Belə ki, neftin əldə edilməsi daha baha başa gəlməyə başlayır, onun qiyməti daim yüksəlir, gələcəkdə isə vəziyyətin dəyişilməsi gözlənilmir. Çin və Hindistan kimi iqtisadiyyatı yüksək sürətlə inkişaf edən ölkələrdə avtomobillərin sayı da sürətlə artır ki, bu da, təbii ki, yaxın on illərdə neftə olan tələbatın səviyyəsini kifayət qədər artıracaq və dünyanı alternativ yanacaq axtarışını sürətləndirməyə məcbur edəcək.

 

 

 Ölkəmizdə geniş alternativ enerji imkanları var

 

 Külək enerjisinin əldə edilməsi üçün Azərbaycanda, xüsusilə Abşeron yarımadasında geniş imkanlar var. Ölkəmizin sürətli iqtisadi inkişafını nəzərə alaraq demək olar ki, yaxın illərdə alternativ enerji mənbələrindən istifadə olunmasında ciddi addımlar atılacaq.

Respublikamızda külək enerjisindən də istifadə üçün imkanlar mövcuddur. Burada il ərzində küləyin orta sürəti saniyədə 3 metrdən 7 metrə qədər dəyişir. Bu isə o deməkdir ki, Azərbaycanda ildə təqribən 800 meqavatt külək enerjisi almaq mümkündür. Hazırda dünyanın 70-ə yaxın dövlətində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Günəş elektrik stansiyalarının effektivliyi ölkələrin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılı olur. Qeyd edək ki, Azərbaycanda il ərzində günəşli günlərin sayı 260-280 gün təşkil edir.

Bir il ərzində bir kv/metr səthə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kvt/saat, Rusiyada 800-1600 kvt/saat, Fransada 1200-1400 kvt/saat, Çində 1800-2000 kvt/saat, Azərbaycanda isə 1500-2000 kvt/saatdır. Buradan göründüyü kimi, ölkəmizdə günəş enerjisindən də istifadə üçün böyük imkanlar vardır. Eləcə də termal suların enerjisindən istifadə etmək mümkündür. Belə ki, Azərbaycanda Böyük və Kiçik Qafqaz, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı - Quba rayonunda termal su ehtiyatları böyükdür.

Son yüz ildə iqtisadiyyatın bütün sahələrində insan fəaliyyətinin sürətli inkişafı və təbii ehtiyatların ifrat dərəcədə istismarı ətraf mühitə mənfi təsir göstərmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi problemlərinin həllinə və təbii sərvətlərdən səmərəli istifadəyə böyük əhəmiyyət verilir. Ona görə də ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ilin oktyabr ayının 21-də «Azərbaycan Respublikasında  alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı» hazırlanmış və təsdiq edilmişdir. Dövlət Proqramından irəli gələn məsələlərin həyata keçirilməsini sürətləndirmək məqsədilə prezident 2009-cu il iyul ayının 16-da «Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqqında» fərman imzalayıb. Agentlik yaradıldıqdan sonra isə bu sahədə bir sıra işlərin görülməsinə başlanıb.

 

 

 Dünya yeni növ enerji mənbələri axtarışında

 

 Dünyada alternativ enerji mənbələrinin yeni növlərinin axtarışları davam etdirilir. Belə ki, NASA yosunlardan və ucuz kanalizasiya axıntılarının təmizlənməsi üsulları əsasında yanacağın istehsalı texnologiyasından istifadə etmək niyyətindədir.

 Kosmik agentlik okeanlarda üzən, içərisi axıntı suları ilə dolu olan plastik paketlərdə bioyanacaq istehsalı üçün yosunlar yetişdirməyə hazırlaşır.

NASA-nın Kaliforniya Tədqiqat Mərkəzindən olan aparıcı elmi işçisi Conatan Trent bildirir ki, bu tədqiqatın 3 məqsədi vardır: kiçik ərazidə az miqdarda ehtiyatlardan bioyanacaq istehsal etmək, axıntı sularını təmizləməyə kömək etmək və eyni zamanda karbon dioksid tullantılarını məhdudlaşdırmaq.

Proses çox sadədir. Əvvəlcə yosunları axıntı suları ilə doldurulmuş OMEQA-«yosunlar üçün sahilyanı membran örtükləri» adlı plastik paketlərə yığırlar. Qeyd edək ki, bu cür paketlərdən astronavtların uzunmüddətli uçuşları zamanı istifadə edilib, bu halda isə membranlar içməli suyun çıxmasına imkan yaradır, eyni zamanda şor suların daxil olmasının qarşısını alır. Bundan sonra yosunlar axıntı sularından olan qidalandırıcı maddələr hesabına sürətlə böyüyür. Bitki suyu təmizləyir və lipidlər - sonra yanacaq kimi istifadə edilən yağəridici molekullar istehsal edir. 

  Bundan sonra oksigen və təmizlənmiş su membrandan okeana tökülür. Bu isə enerji sərfi tələb etmir. Təzyiq öz-özünə işləyir. Hətta əgər OMEQA paketində çatlar əmələ gələrsə, şor okean suyu yosunları öldürür və yoluxucu xəstəliklərin genişlənməsinin qarşısını alır.

NASA-nın plastik paketlərinin vaxtı 3 il müddətinə nəzərdə tutulur. Bundan sonra isə onlar plastik örtüyə çevrilir və ya torpağın keyfiyyətini yaxşılaşdırmaq və rütubəti saxlamaq üçün xırdalanaraq istifadə edilir. Bununla da bü cür paketlərdən üç istiqamətdə istifadə etmək imkanı yaranır: son məhsulların istehsalı - yanacaq və gübrə, eləcə də axıntı sularının təmizlənməsi və karbon dioksid tullantılarının azaldılması.

Trent öz təxəyyülündə Amerika uçuş sahələrinin örtülməsinin bütün ehtiyaclarını ödəyə biləcək prosesi canlandırır, yəni bunun üçün ildə 21 milyard qallon (63 milyon ton) biokütlə lazım olacağını bildirir. Bu isə on milyon akr - 40,5 min kvadrat kilometr (İsveçrə (41,5 min kv/km) və ya Niderland (41,3 min kv/km) ərazisindən  bir qədər az)  okean sahəsi deməkdir.

Bu, adama çox böyük görünür, lakin bütün okeanların sahəsi ilə müqayisədə çox kiçikdir.

Lakin texnologiyaya mane olan səbəblər də vardır. Trent və onun həmkarları indiyə qədər dalğalara və aşağı temperatura tab gətirə biləcək plastik material axtarışındadırlar. Və təbii ki, hər şey maliyyə təminatı ilə bağlıdır. Trentin sözlərinə görə, hələlik buna sərmayə olmasa da, Kaliforniya Enerji Komissiyası onlara bu işdə kömək etməyi planlaşdırır. Ştat qrantı bu ilin avqustunda verməyə başlayacaq. Və veriləcək  bu qrant Trentə və onun həmkarlarına bir il ərzində inqilabi sistemi yaratmağa kömək etməlidir. 

 

 

Bərpa olunan enerji mənbələrinin müsbət və mənfi cəhətləri

 

 Bütün deyilənlərlə yanaşı, bərpa olunan enerji mənbələrinin müsbət və mənfi tərəflərini də qeyd etmək lazımdır. Bu enerji mənbələrinin müsbət tərəfləri onların bütün növlərinin hər yerdə geniş yayıla bilməsi, ekoloji cəhətdən təmiz olmasıdır. Onların istismar xərcləri, demək olar ki, yoxdur, çünki bu cür enerji mənbələri sanki pulsuzdur.

Bərpa olunan enerji mənbələrinin mənfi cəhətləri isə ondan istifadədə daha geniş ərazini əhatə etməsi və əksər növlərinin vaxta görə dəyişkən olmasıdır. Birinci mənfi cəhət enerji qurğularını böyük sahədə yerləşdirməyə məcbur edir. Bu isə bu cür qurğuların böyük həcm tələb etməsinə və nəticədə böyük sərmayə qoyuluşuna gətirib çıxardır. Doğrudur, yüksək sərmayə qoyuluşu sonradan aşağı istismar xərcləri hesabına özünü doğrultsa da, ilkin mərhələdə ondan istifadə edənlərin cibinə kifayət qədər təsir göstərir.

Daha çox xoşagəlməz hallar isə bu cür enerji mənbələrinin vaxta görə dəyişilməsi ilə bağlıdır. Tutaq ki, əgər qabarma enerjisinin dəyişməsi ciddi şəkildə tsiklikdirsə, günəş enerjisinin daxilolma prosesinin isə ümumilikdə qanunauyğunluğa tabe olmasına baxmayaraq, müəyyən mənada hava şəraiti ilə də bağlı olur.

Külək enerjisi isə daha çox dəyişkəndir.

Geotermal qurğulara gəldikdə isə onlar daimi enerji istehsalına zəmanət verir.

 

 

Fariz Əhməd oğlu Vəliyev

 

Palitra. -2010. -19 may. –S.12.