Aqil Əsədov: “Azərbaycan
elmində gəncləşmə prosesi gedir”
Azərbaycan elminin
bugünkü vəziyyəti, gənc kadrların elmə
hansı səviyyədə maraq göstərməsi və
xüsusilə də bu istiqamətdə aparılan işlərlə
bağlı həmsöhbətimiz AMEA-nin İqtisadiyyat
İnstitutunun Xidmət sahələrinin inkişaf problemləri
şöbəsinin müdiri, iqtisadiyyat elmləri üzrə
fəlsəfə doktoru Aqil Əsədovdur.
- Azərbaycan elminin
bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan elminin
bugünkü vəziyyətindən danışan zaman ilk
növbədə gənclərin elmə gəlməsindən,
elmə münasibətindən danışmaq istəyirəm.
Azərbaycan elmində hazırda demək olar ki, bir gəncləşmə
prosesi gedir. Bunu biz gənc alimlərlə ünsiyyətdə
olan zaman görürük. Bu sözsüz ki, Azərbaycan
dövlətinin gənclərə qayğısının bir
təzahürüdür. Yəni Azərbaycan dövlətinin
gənclər siyasətinə uyğun olaraq Azərbaycan elmində
də hazırda gənclərə öz istedadlarını
göstərmək, bu istedadı inkişaf etdirmək
üçün hərtərəfli şərait
yaradılır. Bunun da bəhrəsi olaraq Azərbaycan elmində
gəncləşmə özünü göstərir ki, nəticədə
də gənclərin elmə axını sürətlənib.
Ümumiyyətlə, elm daim
axtarışda olmaq, yeniliklər axtarmaq tələb edir. Elm
sonsuzluqdur, yəni bu sahədə hər zaman inkişaf var və
olmalıdır. Elmin sonu həyatın sonu deməkdir. Elm daim
həyatın dəyişən tələbatlarına
uyğunlaşmalı və eyni zamanda onu qabaqlamalıdır.
Elmi iqtisadi, siyasi və başqa proseslərdən kənarda
saxlamaq mümkün deyil. Daha doğrusu, bütün qeyd edilən
sahələr kompleks şəkildə inkişaf etməlidir.
Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatında,
mədəniyyətində və s. müşahidə edilən
sürətli inkişaf elmdən də yan keçməyib və
bu sahədə də müəyyən inkişaf meyilləri
görünməkdədir. Təbii ki, bu o demək deyil ki, Azərbaycan elminin
problemləri yoxdur. Azərbaycan elmində də kifayət qədər
problemlər var, dəyişikliklərə ehtiyac var. Amma
bütün bunlara baxmayaraq elmdə inkişaf da hiss edilməkdədir.
Yəni bizim istər dünya səviyyəsində, istərsə
də keçmiş sovet dövlətləri səviyyəsində
keçmişdə olduğu kimi, hazırda da
tanınmış alimlərimiz, gənclərimiz var ki, bu da
qeyd edilənləri bir daha təsdiq edir. Bu gənc alimlər
dünya mətbuatında, dünyanın nüfüzlu elmi nəşrlərində
çıxış edirlər. Mən bircə faktı qeyd
etmək istərdim ki, yalnız 2009-cu ildə AMEA-nın
İqtisadiyyat İnstitutunun əməkdaşları tərəfindən
120-dən çox məqalə xarici elmi nəşrlərə,
beynəlxalq konfranslara təqdim edilib, bəyənilib və
çap edilib.
-
Çalışdığınız şöbə nə
kimi işlər görür və bu istiqamətdə nə
kimi problemləri var?
- Rəhbərlik etdiyim
şöbə AMEA-nın İqtisadiyyat İnstitutunun Xidmət
sahələrinin inkişaf problemləri şöbəsi
adlanır. Bu şöbə təzə yaranıb və Azərbaycanda
bu istiqamətdə üzrə ilk elmi-tədqiqat şöbəsidir.
Şöbənin əsas tədqiqat istiqamətlərini
turizm, nəqliyyat, rabitə, ticarət və s. xidmət sahələri ilə bağlı
araşdırmaların aparılması, bu sahədə
problemlərin həlli yollarının öyrənilməsi,
elmi cəhətdən əsaslandırılması və
gündəlik mətbuatda, elmi jurnallarda, respublika və beynəlxalq
səviyyəli konfranslarda ümumilikdə xidmət sahələrinin
inkişaf istiqamətlərinə dair çıxışlar
edilməsi, təklif və tövsiyələrin işlənib
hazırlanmasından ibarətdir. Hazırda şöbə əməkdaşları
xüsusilə turizmə dair geniş araşdırmalar
aparmaqdadır. Əlbəttə, şöbə təzə
yarandığı üçün hələ geniş
miqyaslı araşdırmalardan danışmaq çətindir,
amma hər halda müəyyən başlanğıclar qeyd
olunmalıdır.
AMEA-nın İqtisadiyyat
İnstitutu Azərbaycan dövlətinin iqtisadi siyasətinin həyata
keçirilməsində, reallaşmasında, bu sahədə
nəzərdə tutulan iqtisadi tədbirlərin elmi əsaslandırılması
istiqamətində fəaliyyət göstərən aparıcı
institutlardan biridir. Təbii ki, belə bir institutun şöbəsi
də öz profilinə uyğun olaraq həmin məqsədi
daşıyır və həmin məqsədə də xidmət
etməlidir. Bizim şöbədə xüsusilə turizm
istiqamətində tədqiqatlar gedir. Biz Mədəniyyət və
Turizm Nazirliyi, Turizm İnstitutu və s. ilə də
yaxından əməkdaşlıq edirik, onların tədbirlərində
iştirak edirik və eyni zamanda müəyyən məsələlərdə
onlarla məsləhətləşirik. Şöbədə
ümumilikdə turizm sektorunun, eləcə də
ayrı-ayrı turizm növlərinin inkişaf perspektivləri
tədqiq olunur. Bu istiqamətlər həm də Azərbaycan
dövlətinin qeyri-neft sektorunun inkişaf etdirilməsi
istiqamətində həyata keçirdiyi siyasətə
uyğun olaraq daha vacib əhəmiyyət kəsb edir.
Müasir dünyanın inkişafı da göstərir ki,
dünyada xidmət sahələrinin inkişafı, yəni bu
sfera inkişafına görə istehsal sferasını
qabaqlayır. Yəni xidmət sferası daha sürətlə
inkişaf edir. Bunun təbii ki, obyektiv və subyektiv səbəbləri
var. Qloballaşma inteqrasiyanı sürətləndirir.
İnteqrasiya dünyada əhali hərəkətliliyini, əhali
miqrasiyasını sürətləndirir və bu da öz
növbəsində əhali ilə bağlı olduğu
üçün xidmət sahələrinin inkişafına təsirsiz
ötüşmür. Xidmət sahələrinin
inkişafı sürətlə dünyaya inteqrasiya olunan,
dinamik inkişaf edən Azərbaycan kimi ölkədə də
xüsusi aktuallıq kəsb edir. Təbii ki, bir institut və
şöbə olaraq biz bu məsuliyyəti dərk edirik və
çalışırıq ki, Azərbaycan
Respublikasının bu istiqamətdə mövcud
potensialından səmərəli istifadə olunmasında,
ölkənin potensial imkanlarının yaxın və uzaq
xaricdə tanınmasında yardımçı olaq, bu istiqamətdə
istər bir vətəndaş, istərsə də bir tədqiqatçı
kimi üzərimizə düşən vəzifənin öhdəsindən
layiqincə gələk. Azərbaycanın turizm
potensialının, tranzit potensialının, nəqliyyat
imkanlarının daha dəqiq araşdırılıb
inkişaf etdirilməsi, eyni zamanda perspektivlərin elmi cəhətdən
əsaslandırılması və dünya ictimaiyyətinə
çatdırılması bizim şöbənin
qarşısında duran əsas vəzifələrdən
biridir. Hazırda bildiyimiz kimi, II regional inkişaf proqramı həyata
keçirilməkdədir. Mən deyərdm ki, 2004-2008-ci illəri
əhatə edən I proqram daha çox mövcud
potensialın üzə çıxarılmasına xidmət
edirdisə, ikinci proqram əsas etibarilə o potensialdan səmərəli
istifadəni nəzərdə tutur. Təbii ki, bu proqram
çərçivəsində də öyrənilməlidir
və üzə çıxarılmalıdır ki,
ayrı-ayrı regionlar üzrə hansı sahələrin
inkişafı daha aktualdır və hansı sahələrin
inkişafı üçün potensial imkanlar daha genişdir.
Bundan sonra da həmin sahələr inkişaf etdirilməlidir.
Bu istiqamətləri inkişaf etdirmək lazımdır.
Artıq qeyd etdiyim kimi, nəqliyyat, turizm və digər xidmət
sahələrinin tədqiq olunması xüsusi əhəmiyyət
kəsb edir. AMEA-nın İqtisadiyyat İnstitutu “Azərbaycan
Respublikasının regionlarının sosial-iqtisadi
inkişafı (2009-2013-cü illər) Dövlət
Proqramı”na uyğun olaraq Davamlı İnkişaf Planı əsasında
regionların investisiya xəritəsinin hazırlanması layihəsini
həyata keçirir. Bu layihə çərçivəsində
də biz - institutun bir neçə əməkdaşı
ekspert qrupu kimi Quba-Xaçmaz regionundan yenicə
qayıtmışıq. Doğrudan da Azərbaycanın
çox zəngin turizm potensialı var, çox zəngin mənzərələr,
təbiətin yaratdığı möcüzələr var.
Bu potensial mövcuddur və onun üzə
çıxarılması və istifadə olunması
çox vacibdir. Bütün bunlar isə iqtisadi sferada
çalışan hər bir mütəxəssisin, alimin və
xüsusilə də bizim şöbənin
qarşısında duran mühüm vəzifələrdəndir.
- Turizm potensialının
inkişaf etdirilməsi ilə bağlı
qarşımızda duran əsas vəzifələr nədən
ibarətdir?
- Bir məsələni qeyd
etmək istərdim ki, bir neçə il öncə mən
bir neçə xarici ekspertlə birgə üç gün
Quba rayonunda bir istirahət mərkəzində müşahidə
apardım və yekun rəy belə oldu ki, üç gün
Qubada istirahət etmək bir həftə Antalyada istirahət
etməyə bərabərdir. Yəni onu demək istəyirəm
ki, düzdür, turizm potensialı var, amma bu mövcud
potensialdan necə istifadə edilməlidir və bu kimi suallar
çox ciddi bir məsələdir. Aydındır ki, bazar
iqtisadiyyatı təsərrüfat subyektlərinin sərbəst
fəaliyyətini dəstəkləyir. Yəni bazar
iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata
müdaxiləsi yalnız müəyyən tənzimləyici
funksiyalarla həyata keçirilir. Ona görə turizm sahəsinə
də dövlətin birbaşa müdaxilə edib qiymətləri
tənzimləməsi qeyri-mümkündür. Amma təbii ki,
bu istiqamətdə müəyyən tədbirlərin
görülməsi vacibdir. İstər vətəndaş cəmiyyəti,
istərsə də dövlət qurumları tərəfindən
turizm xidmətləri göstərənlərin maarifləndirilməsi,
onların xüsusi kurslara cəlb edilməsi, qiymətlərin
tənzimlənməsi ilə bağlı onlara maarifləndirici
izahatların verilməsi çox vacibdir. Məsələn,
baha qiymətlərlə 3 nəfərə xidmət göstərən
turizm obyekti nisbətən ucuz xidmətlərlə daha
çox - otuz, qırx, əlli nəfərə xidmət
göstərə bilər və belə olan halda onun
qazancı da daha çox olar. Burada onu da nəzərə almaq
lazımdır ki, hər bir turist həm də
reklamçıdır. O, qarşılaşdığı
xidməti təbliğ edir. Əgər üç nəfər
gəlibsə, həmin üç nəfər
gördüyünü başqalarına deyəcək, amma
otuz nəfər gəlibsə, onda onlar daha çox şəxslərə
olduqları turizm obyekti haqqında məlumat verəcəklər.
Bu da əlavə turist axınıdır. Bu mənada turizm
xidmətləri göstərən subyektlərin maarifləndirilməsi
çox vacibdir. Digər tərəfdən son dövrlər
regional inkişaf istiqamətində genişmiqyaslı uğurlu addımlar atılmaqla
yanaşı turizmin inkişafı ilə bağlı
regionlarda müəyyən infrastruktur problemləri hələ
də qalmaqdadır. Turist qaldığı yerdə daimi
yaşayış yerində olduğu kimi, informasiya əldə
edə bilməlidir. Amma turist gedib dincəlir, amma internetdən
istifadə edə bilmir və yaxud ümumiyyətlə,
kompyuter yoxdur, radio, televizor və s. yaxşı işləmir.
Bütün bunlar hamısı turistin gəlməsi
üçün əsas səbəblərdəndir.
Çünki insan o yerdə özünü rahat hiss edir ki,
orda lazım olan informasiyanı əldə edə bilir. Turistlər
mərkəzlərdən, səs-küylü şəhərlərdən
gəlir və istəyirlər ki, mərkəzi şəhərlərdən
kənarda istirahət etsinlər. Amma onlar həm də istəyirlər
ki, yaşadığı yerdə əldə edə bildiyi
informasiyanı orada da əldə edə bilsin. Bu mənada
turizmin inkişafında informasiya və kommunikasiya
texnologiyalarının və ümumilikdə infrastrukturun təkmilləşdirilməsi
də vacibdir.
- Azərbaycanın
bugünkü iqtisadi inkişafını necə qiymətləndirirsinz?
- Müasir dövr dünyada
daha çox qloballaşma proseslərinin sürətlənməsi,
inteqrativ əlaqələrin daha da güclənməsi ilə
xarakterizə olunur. Eyni zamanda XXI əsr həm də
davamlı inkişaf əsri kimi qəbul edilir. Məhz bu
baxımdan da bir çox elm adamları, müxtəlif ölkələrin
alimləri davamlı inkişafa keçid məsələsinin
tamamilə qlobal xarakter daşıdığını
vurğulayırlar. Qloballaşan dünyada isə davamlı
inkişafın təmin edilməsi daxili və xarici amillərin
qarşılıqlı əlaqəsindən
asılıdır. Müasir dövrdə bu meyil ÜDM
artımının xarici iqtisadi amillərlə şərtlənməsini
tələb edir. Bütün bunlar isə Azərbaycan
hökuməti tərəfindən dəqiqliklə qiymətləndirilir
və hər bir addım milli və dövlətçilik
maraqlarını rəhbər tutmaqla beynəlxalq prinsiplərə
əsaslanır. Məhz bunun nəticəsidir ki, yalnız
2003-2008-ci illər ərzində Azərbaycanda özəl
sektorun ümumi daxili məhsuldakı payı 85-87%-ə qədər
yüksəlib, sənaye istehsalı 3,7 dəfə,
investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə,
ümumu daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə,
bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə,
qeyri-neft məhsullarının ixracı 2,2 dəfə
artıb.
Təbii ki, bütün
bunların başlıca səbəbi bünövrəsi
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş iqtisadi strategiya, bu strategiya əsasında
reallaşan “Əsrin müqaviləsi”, “İpək yolu”nun bərpası
və s. tədbirlərdir. Məhz bu tədbirlərin nəticəsidir
ki, bu gün Azərbaycan Respublikası, hörmətli
akademikimiz Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, keçid
dövrünü qısa zamanda uğurla başa vurub davamlı
inkişaf edən bir ölkədir.
Əlimərdan Sultanov
Palitra. -2010. – 21 may. – S.6.