Eldar Hüseynov: “Alimlər düşünür ki, Şimal ilə Cənub qütbləri öz iqlim xəritəsini bir-biri ilə dəyişə bilər”

 

Bugünkü müsahibimiz Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ekologiya və meşə mühəndisliyi kafedrasının dosenti Eldar Hüseynovdur. O, 1940-cı ildə Beyləqan rayonunun Aşıqlı kəndində anadan olub. Orta məktəbi həmin rayonun 3 saylı sovxozundakı məktəbdə bitirib. 1959-1965-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsində təhsil alıb. 1970-ci ildən ADAU-da çalışır. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Baytarlıq elmləri namizədidir. 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilib, beynəlxalq ekologiya doktoru və professoru elmi dərəcəsini alıb. 1965-1968-ci illərdə Beyləqan rayonu Bakı kolxozunun baş baytar həkimi, 1968-1970-ci illərdə ADAU-nun Epizootologiya və mikrobiologiya kafedrasının əyani aspirantı, sonralar həmin kafedranın baş elmi işçisi, assistenti və ən nəhayət dosenti olub. 1998-2009-cu illərdə Zoologiya, Gigiyena və BSE kafedralarının dosenti, 2009-cu ildən Ekologiya və meşə mühəndisliyi kafedrasının dosentidir. E.Hüseynov 120-yə yaxın elmi məqalə və tezisin, 30-a yaxın dərs vəsaitinin, 6 ali məktəb üçün dərsliyin, 1 monoqrafiyanın, 40-dan çox tədris proqramının, tövsiyə və metodik göstərişin, 6 təsərrüfat əhəmiyyətli elmi ixtiranın müəllifidir. Bu sahədə onun 5 müəlliflik şəhadətnaməsi var. Vaxtaşırı ekoloji problemlərə həsr olunan aktual  məqalələrlə dövri mətbuatda çıxış edir. Hazırda səhhəti ilə bağlı problemlər yaşayan alim yaxın zamanlarda elmi tədqiqatlarını davam etdirəcəyini bildirir: “Bilirsiniz ki, masaarxası iş insanın onurğa sisteminə təsir edir. İndi mən də buna görə səhhətimdə problemlər yaşayıram. Həkimlərin nəzarəti ilə müalicəmi davam etdirirəm. Səhhətim qaydasına düşən kimi yenə də tədqiqatlarıma davam edəcəyəm”.

E.Hüseynovun elmi tədqiqatları çoxşaxəlidir. Onun tədqiqat apardığı sahələr baytarlıq mikrobiologiyası, baytarlıq sanitariya-ekspertizası, ekologiya, ətraf mühitin və bioloji müxtəlifliyin mühafizəsi, ailə-məişət, uşaq, gender, təbabət, Davamlı İnsan İnkişafı Konsepsiyasıdır. 2007-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına təsis edilmiş “Elm, təhsil, maarifçilik və təbiətə humanist münasibətin digər təbliğat formaları”nın nominasiyası üzrə laureat və diplomant olub. 2009-cu ildə Gəncədə keçirilən “Heyvanlar, quşlar, balıqlar və onların məhsullarından insana keçən təhlükəli yoluxucu xəstəliklərlə mübarizə”yə həsr olunmuş beynəlxalq konfrans layihəsinin rəhbəri olub. Söhbətimizin başlanğıcında ekoloq alimimiz qlobal ekoloji problemlərdən və insan-təbiət münasibətlərindən söz açdı: “Azərbaycanda ekologiya elminin banisi, bizim unudulmaz müəllimimiz, dünya şöhrətli alim, akademik Həsən Əliyev çıxışlarının birində qeyd etdi ki, ekologiya yaxın gələcəkdə möhtəşəm bir çinarı xatırladan bir ağaca çevriləcək. Həmin ağacın kökü və gövdəsi ekologiya, budaqları isə digər elmlər olacaq. Həsən müəllimin başqa bir mülahizəsi də var idi ki, ekologiyasız heç bir elm inkişaf edə bilmir. Doğrudan da ekologiyanın  bugünkü vəziyyəti, onun bəşəri əhəmiyyət kəsb etməsi, onun humanitar xarakter alması Həsən müəllimin fikirlərini doğrultdu. Müasir dövrdə həqiqətən də qlobal ekoloji problemlərin arealı çox genişlənib. Bu da onunla əlaqədardır ki, XIX-XX əsrdə insanların təbiətə vurduğu ağır zərbənin təsirləri indiki əsrdə özünü göstərir. Çünki bir-iki əsr bundan əvvəl insanlar sanki təbiətə düşmən kəsilmişdi. Təbii sərvətlərə qənim kəsilən insanlar dayanmadan yaşıllıqları məhv etdi. Bu gün dünyada meşə zolaqları getdikcə kiçilir. Vaxtilə Azərbaycanda 30 faiz meşə zolağı olduğu halda bu il 11 faizdir. Ekoloji problemlər təkcə yaşıllığın azalması ilə bitmir. Bu problemlərin ən birincisi məhz ətraf mühitin çirklənməsidir. Ətraf mühit bu gün həddindən artıq çox çirklənib. Bu təbii ki, ekoloqları narahat edir. Fabrik, zavod, kənd təsərrüfatı,  emal müəssisələri, kosmik fəzada aparılan elmi tədqiqatlar, etnik münaqişələr, müharibələr, terrorizm, radiaktiv çirklənmə və s. son nəticədə hədəfi ətraf mühit və onun amilləridir. Bu gün dünyada normal ekoloji vəziyyət yoxdur və ekoloji balans pozulub. Ekoloji katagenizm, yəni ekoloji partlayış yaranıb. Bu, insanın antropogen fəaliyyətinin ağır nəticəsidir. Qlobal ekoloji problemlərdən biri qlobal iqlim dəyişkənliyinin əmələ gəlməsi, parnik effektinin yaranması, ozon təbəqəsinin zədələnməsi və s.-də öz aktuallığını saxlayır. Bilirsiniz ki,  bu gün ozon təbəqəsi planetin müəyyən hissəsində xlor birləşmələri, xlorlu qazlar tərəfindən zədələnib. Atlantik okeanı üzərində zədələnən bu təbəqənin ümumi sahəsi ABŞ kimi nəhəng bir dövlətin ərazisi qədərdir. Ozon təbəqəsi bilirsiniz ki, Günəşin zərərli ultrabənövşəyi şüalarının qarşısını alır. Əgər bu  təbəqə olmasa, Günəş şüaları cəmi bir neçə saniyə ərzində Yer kürəsində nə varsa, onu məhv edər. Ümumiyyətlə, qlobal ekoloji problemlər barəsində həm BMT, həm də bir sıra nüfuzlu beynəlxalq təşkilatlar bütün ölkələrin qarşısında bir vəzifə qoyub. Bütün dünya üzrə ekoloji durum dəyişməlidir. Əks halda bəşəriyyət məhv olacaq. Bəşəriyyət artıq yolayrıcındadır. Ya məhv olma, ya da ekoloji balansı bərpa etmək. Bununla əlaqədar olaraq ozon təbəqəsinin bərpası üçün BMT-nin xüsusi tövsiyəsi də hazırlanıb. Bu tövsiyə bütün dövlətlərə təqdim olunub. Hansı dövlət istehsal zamanı zədələyici qazlarla atmosferi çirkləndirirsə, həmin dövlət ən böyük məbləğdə cərimələnəcək və Beynəlxalq Arbitraj Məhkəməsinə veriləcək. Məişət  avadanlıqları, xüsusilə soyuducu istehsalı zamanı ozonzədələyici qazlar ayrılır. BMT bu məsələyə çox ciddi yanaşır. Bütün dövlətlərin rəhbərlərinə bu barədə beynəlxalq konfranslarda ətraflı məlumat verilib. Bu gün karbon oksidləri, kükürd oksidləri, azot oksidləri - bunlar hamısı zavod və fabriklər sayəsində ətraf mühiti çirkləndirir. Bu gün avtomillər daha çox havanı çirkləndirən amillərdən başlıcasıdır.

- Bəs bunların fonunda hansı ekoloji böhranlar yaranır?

- Yaranan ekoloji böhranlar sırasında təbii fəlakətlər daha önəmli yer tutur. XIX-XX əsrdə insanın təbiətə vurduğu zərbə bu gün təbii fəlakətlərin əsas mənbəyidir. Çünki parnik effekti, qlobal istiləşmə Yer səthini qızdırır və Yerin qatları arasında fərq əmələ gətirir. Bunun nəticəsi olaraq da son nəticədə vulkan püskürməsi, zəlzələlər, sunami və qasırğalar yaranır. Bu yaxınlarda İslandiyada baş verən vulkan püskürməsi təkcə dünyanın hava limanlarına 2 milyard avrodan çox ziyan vurdu. Əmələ gələn kül dumanının ekoloji fəsadları da var. Bu duman sonradan turşulu yağışlara, parnik effektinə və qlobal istiləşməyə səbəb olacaq. Ümumilikdə bu püskürmə ekoloji disbalans yaradacaq. 100 il bundan öncə İslandiyada püskürən bu vulkanın yenidən alovlanmasının təbii ki, öz səbəbi var. İnsanın təbiətə vurduğu zərbə bumeranq kimi öz üzərinə qayıdır. Müasir dünyada okeanlarda, yerin altında hərbi sınaqlar aparılır. ABŞ kimi super dövlətlərin bu sınaqları apardığı hər kəsə məlumdur. Bunun fəsadları isə son nəticədə zəlzələ və vulkanlarla özünü büruzə verir. İslandiyada baş verən vulkan püskürməsi ilə eyni vaxtda Mərkəzi Amerikada ikinci böyük bir fəlakət başladı. Bu vulkan da kül buludu əmələ gətirdi. Bu kül buludu Yer və atmosfer  təbəqələri arasındakı hava mübadiləsinə əngəl törədir və iqlimə də təsir edir. Dünyanın ən öncül alimləri, ekoloqları belə qərara gəliblər ki, bu kül buludlarının ağır fəsadlarının nəticələri özünü çox yaxında göstərəcək. Elə respublikamızda sabitləşməyən hava da bunun bir növ əyani sübutudur. Aylardır ki, aritmik hava mövcuddur. Bunu nəticəsində də leysan yağışları geniş vüsət aldı. Bütün bunlar qlobal istiləşmənin nəticəsində baş verir. Qeyd etdiyim kimi, insan əvvəllər təbiətə ciddi ziyan vurub. Bu neqativ təsirlər dünyanın iqlim xəritəsini ciddi bir şəkildə dəyişib. İndi planetin bir qütbündə istiləşmə, digər bir qütbündə isə soyuma prosesi gedir. Çilidə baş verən zəlzələ isə Yerin oxunu 10 sm dəyişib. Alimlər düşünür ki, Şimal ilə Cənub qütbləri öz iqlim xəritəsini bir-biri ilə dəyişə bilər. Bax, sellərin və daşqınların baş vermə səbəbləri də planetimizdəki qlobal iqlim dəyişkənliyinin ilk nəticələridir.

Mərhum Həsən müəllimin bir fikrini xatırlatmaq istərdim. O həmişə deyərdi: “Təbiətin zülmü ilə mübarizə aparmazdan əvvəl onun qarşısını almaq üçün profilaktik tədbirlər aparmaq lazımdır”. Miçurin isə deyirdi: “Biz təbiətdən mərhəmət gözləyə bilmərik. İstədiyimizi təbiətdən bu şərtlə almalıyıq ki, bunun müqabilində ona kömək edək”.

 

 

Nüşabə Zövqət

 

Palitra. – 2010. – 21 may. –S.8.