Novruz Qartal: “Aktyoru yemək bişirmək yox, hər hansı bir rolu ifa etmək üçün dəvət edərlər”

 

Bugünkü müsahibimiz Musiqili Komediya Teatrının aktyoru, sevimli gülüş ustalarımızdan biri Novruz Qartaldır. Hər zaman səmimi və sərbəst olan bir aktyor... Müsahibəmiz elə teatrda, aktyorun qrim otağında baş tutdu. İlk sualımız isə aktyorun son zamanlar efirdə az-az görünməsi ilə bağlı oldu. O, suala belə cavab verdi: “Bu sualla mənə nəqliyyatda da, küçədə də tamaşaçılar yanaşırlar. Efirlərdə az-az görünməyimin səbəbi təbii ki, var. Aktyor efirə ona görə çıxır ki, ya seriala, ya da hər hansı televiziya tamaşasına çəkilsin. Hələki bizdə bu sahədə durğunluq var.

Bir-iki şou xarakterli verilişə dəvət ediblər. Amma qəbul edib getməmişəm. Çünki mən aktyoram. Aktyoru yemək bişirmək yox, hər hansı bir rolu ifa etmək üçün dəvət edərlər. Bu, efirə çıxmamağımın birinci səbəbidir. İkinci səbəb isə teatrda işim çoxdur. Teatrımızın tamaşalarının 80 faizində mənim oynadığım rollar var. Özü də dublyorsuz. Məşqlərimlə yanaşı teatr truppasının rəhbəri vəzifəm də məni bir qədər də məsuliyyətli edir.  Bir gün teatrda olmadıqda məşqlər də axsamağa başlaya bilər. Gördüyünüz kimi, bu gün iki aktyorun gəlməməsi ilə bizim məşqimiz pozulub. Bax, bu problemlərdən dolayı efirdən imtina edirəm. Ancaq yaxşı ssenari olsa, çəkilişləri böyük məmnuniyyətlə qəbul edərəm. Bu yaxınlarda Elçin Cahangirli mənə maraqlı bir ssenari təqdim etdi. Orda yaşlı bir adamı oynayacağam. Tərəfmüqabillərim bu ssenariyə əsasən, bacılarım Həmidə Ömərova və Səidə Quliyeva olacaq. Bu xanımların hər ikisinin sənətlərinə və şəxsiyyətlərinə böyük hörmətim var. Ona görə də razılıq verdim. Hələki çəkilişlər başlamayıb”.

- Filmə necə, dəvət edirlər?

- Filmə çoxdan təklif almıram.

- Kommersiya məqsədilə çəkilən filmlərin baxımlı olması üçün gənc rejissorlar daha çox sizin kimi populyar aktyorlardan faydalanmaq istəyirlər. Belə təklifləri necə, dəyərləndirirsiniz?

- Mən sizinlə razıyam. Əgər ssenari, süjet yaxşıdırsa, niyə də çəkilməyim? Gizli deyil ki, hamı kommersiya filmlərinə pul qazanmaq üçün çəkilir. Bilirsiniz, Türkiyədə o qədər teleserial çəkilir. Amma bu seriallar kommersiya məqsədilə çəkilir. Buna baxmayaraq  həvəslə baxılır. Çünki orda maraqlı süjet xətti və güclü aktyor heyəti var. Sonra rejissorun güclü fantaziyası var. Bu gün sirr deyil ki, aktyorların maaşı çox aşağıdır. Biz müharibə şəraitindəyik və torpaqlarımızın 20 faizi işğal altındadır. İndi dövlətimiz çalışır ki, sülh yolu ilə torpaqlarımızı geri qaytarsın. Təbii ki, ordumuzun güclənməsi üçün də dövlət hərb sahəsinə daha çox maliyyə ayırır. Bu əslində müharibə şəraitində olan bir dövlətin atacağı addımdır. Biz bunu bilirik və sənət adamı olaraq hər çətinliyə dözürük. Çünki bilirik ki, suverenliyimiz tam təsdiq olunandan sonra hər şey qaydasına düşəcək. Bu yaxında cənab Prezidentimiz çıxışında da bildirdi ki, əməkhaqları artırılacaq və artıq hamı minimum əməkhaqqı ilə dolana biləcək.

- Yəni yaxşı film olsa, təklifi qəbul edərsiniz?

- Qəbul edərəm. Bilirsiniz, rejissor var zəif bir əsəri şedevrə çevirər, rejissor da var ki, ən güclü əsərin səviyyəsini aşağı salar. 

- Müasir dövrdə xalqın teatra münasibəti necədir?

- Mən yaradıcı insanam. Tez-tez bölgələrdə oluruq. Elə ulu öndərimizn yubileyi münasibətilə mayın 5-də “Subaylarınızdan görəsiniz” adlı tamaşamızla Afaq Bəşirqızı ilə birlikdə Neftçalada olduq. Çox gözəl qarşılandıq. İnandırım ki, bu dəqiqə Azərbaycanda gülüş üçün millət acdır. Zalda 700 adam var idi. Hələ bir o qədər də adam zalda yer olmadığı üçün çöldə qalmışdı. Tez-tez hərbi hissələrə də dəvət olunuram. Qocalar evinə, əlillərlə görüşə gedirəm. Yəni hər zaman efirdə olmasam da, xalqın arasındayam.

- Sizcə, xalqın yumor aclığının səbəbi nədir?

- Bu dəqiqə efirlərdə gülüşə az yer verilir. Əvvəllər dövlət tədbirlərində belə 5-10 dəqiqəlik yumora yer ayrılırdı. Mən özüm də belə tədbirlərdə dəfələrlə çıxış etmişəm. Ancaq indi tədbirlərdən yumoristik səhnələri yığışdırıblar. Bunun səbəbini təbii ki, bilmirəm. Bölgələrə gedən kimi görürük ki, camaat bizi necə yüksək səviyyədə qarşılayır. Deyirlər ki, adam nə qədər bu müğənnilərə qulaq asar? İnsanlar yumor üçün acdır. Elə mən adi tamaşaçı kimi televizora baxanda bir müğənninin bir neçə telekanalda eyni mahnını oxuduğunu görürəm. Bir mahnını nə qədər dinləmək olar. O gün telekanalların birində bizim gözəl bəstəkarımız Sərdar Fərəcovun apardığı bir verilişi izlədim. Rübabə Muradova haqqında maraqlı bir veriliş hazırlamışdı. İnanın, bu verilişi zövq alaraq izlədim. Mən   buna acam. Bizim bu cür sənətkarlarımız olub. Bilirsiniz, bu şou sənətçilərini bu yalançı təriflər məhv edir. İndi sənətçiləri tənqid edəndə inciyirlər. Mən 42 ildən çoxdur bu teatrdayam. Baxın, Şəmsi Bədəlbəyli - bu teatrı 100 yaşına qədər yaşadan bir dahi, bəstəkar Süleyman Ələsgərov, Nəsibə Zeynalova kimi sənətkarlar bu teatrda məktəb yaradıblar. Gənc yaşlarımdan bu teatrda sənətkarlardan nəsə öyrənmişəm. İndi də mən bildiklərimi onlara öyrədirəm. Sənətkarlıqla yanaşı insanlıq da önəmlidir. Elə xalq artistlərimiz var ki, bu gün onlara teatrlarda heç adi qapıçı da hörmət etmir.

- 40 ildən çoxdur eyni teatrda işləyirsiniz. Niyə başqa teatr səhnələrinə üz tutmamısınız?

- Mən ömrümün sonuna qədər də bu teatra sadiq qalacam. Çünki bu teatrda gənclik illərim keçib. Teatra gələndə 18-19 yaşım var idi. İndi isə 64 yaşım var. 

- Bəs bu teatr bu illərin müqabilində Novruz Qartala nə verib?

- Xalqın az-çox məhəbbətini bu teatr sayəsində qazanmışam. Az da olsa, özümü sevdirə bilmişəm. Bilirsiniz, Musiqili Komediya Teatrı Şərqdə bir Azərbaycandadır. Ona görə bu teatrı qorumaq lazımdır. Bu teatrı 100 yaşa qədər gətirib çatdıran dahi insanlar olub. Ona görə bunu bizlər də qorumalıyıq.

- Teatrda nəsillərin növbələşməsi necə gedir?

- Bizdən sonra gələn yeni aktyor nəsli yoxdur. Bizim teatrda çoxlu gənc aktyorlar var və əksər tamaşalarımızda gənclərə obrazlar verilib. Teatr rəhbərliyi də gənclərə yol açır. Ancaq gəncləri də qınaya bilmərik. Teatra gələn gənclər məvacib az olduğu üçün məcburdur başqa sahəyə üz tutsun ki, ordan əlavə gəlir əldə edə bilsin. Çünki gənc aktyor da ailə saxlayır. Ancaq bir çox gənc aktyorlar var ki, onlar tənbəldirlər. Bəzi cavan aktyorlar bir rolu uğurlu alınan kimi artıq orta və ya yaşlı nəsil aktyorlara saymazyana yanaşırlar. Biz isə vaxtilə gəncliyimizdə hər zaman öyrənirdik. Heç bir rejissor bizimlə məşq eləmirdi. Biz özümüz ordan-burdan öyrənirdik. Hansı roldan xoşumuz gəlirdisə, onu əzbərləyirdik. Məqam gözləyirdik ki, aktyor xəstələnsə, biz onu əvəz edək. Bu gün İncəsənət Universitetinə qəbul zamanı test üsulundan istifadə də teatra gənclərin gəlməsini əngəlləyir. İstedadı olan gənclər qabiliyyət imtahanından keçsə də, aktyor olması üçün test imtahanından keçə bilmir. Əksinə, istedadı olmayanlar isə teatr sahəsinə təsadüf nəticəsində gəlir. Məncə, bu da teatrda nəsillərin növbələşməsini əngəlləyir. Efirlər bir sıra gənc aktyorları başqa istiqamətə yönəldir. Qabaq senzura vardı. Ancaq indi aktyorlar efirdən söyüş söyməklə populyar olurlar. Aktyor obrazın daxili aləminə varıb onu özünküləşdirməlidir. Mən bunu eləməsəm, o rolun öhdəsindən gələ bilmərəm. Mən özüm-özümə inanmalıyam ki, tamaşaçı da mənə inansın. Söyüş söyməklə aktyor ola bilməzlər. Nəsibə xanım 60 ildən çox səhnədə oldu və o illər ərzində kimsə onun ağzından söyüş eşitmədi. Yalnız milli ruhumuzda, nənələrimizə xas olan “ciyərin yansın”, “səni yanasan” kimi ifadələr işlətdi. O, heç vaxt səhnədə nalayiq kəlmələr işlətmədi. Ancaq indi improvizasiya etdim deyərək səhnədə ağızlarına gələni danışırlar. Bəzən mən gənc aktyorlara irad tuturam. Deyirəm unutmayın ki, zalda tamaşaçılar arasında 5-6 nəfər ziyalı insan da var. Bunu heç vaxt unutmayın. Mərhum Adil İsgəndərov deyirdi: ”Ola bilər ki, zalda iki min, ola bilər ki, əlli adam əyləşib. Unutmayın ki, onların arasında 5-6 nəfər ziyalı, sənəti başa düşən, dərk edən tamaşaçınız da var”. Bəzən mənə zəng edib soruşurlar ki, bu gün teatra ailəmizlə gələcəyik, hansı tamaşaya baxmağı məsləhət görürsünüz? Yəni aktyor belə şeylərə diqqət yetirməlidir. Teatr məktəbdir. Bu gün teatra gələn uşaq səhnədə söyüş eşidəcəksə, teatr məktəb funksiyasını itirə bilər.

- Teatrda bildiyim qədərilə “Amerikalı kürəkən” tamaşasının məşqləri gedir. Rolunuz barədə nə deyə bilərsiniz?

- “Amerikalı kürəkən”də Arif Quliyevlə dublyoruq. Və burda ruhi xəstələri müalicə edən həkim rolunu ifa edəcəyəm. Çox maraqlı bir tamaşadır. Mən müxtəlif obrazlar oynamışam. Ancaq bu rolum əvvəllər oynadığım həkim obrazlarından fərqlidir.

- Bu gün bir sıra estrada teatrları var və sizin həmkarlarınız onları tənqid edir. Sizin bu teatrlara münasibətinizi bilmək istərdik.

- “Bakılı oğlanlar” KVN komandası sovetlər dövründən populyarlıq qazanıb. İndi Cabir və Tahir İmanovlar bu ənənəni davam etdirirlər. Bugünkü həyatın ritmini tutublar. Hamı da onları sevir, qəbul edir. Rəfael və Coşqun öz üzərində çox çalışan insanlardır. Mən onları alqışlayıram. Çünki onların hər çıxışında yenilik var. Onlarda hər şey təbiidir. Mən bir tamaşaçı kimi onların çıxışlarından zövq alıram. Onların üstünlüyü onların təbii olmasıdır. Aktyor gərək təbii ola. Bilirsiniz, sənətdə paxıllıq olub və olacaq. Elə bilirsiniz mənim bu yaşımda mənə paxıllıq eləyən yoxdur? Sadəcə, üzümə vura bilmirlər ki, niyə bütün tamaşalarda sən oynayırsan? Ona görə də hər iki estrada teatrına uğurlar arzulayıram. Zəhmətkeş insanlara çox böyük hörmətim var. 

 

 

Nüşabə

 

Palitra. -2010. – 21 may. – S.10.