Yeni iqtisadi dövrün başlanması və elmi strategiya

 

Layihə çərçivəsində qonağımız Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri, dosent Roza Əliyevadır. Roza xanım müsahibəyə keçid dövrünün analizi ilə başladı:

- İqtisadi sistemin transformasiyası ilə bazar iqtisadiyyatına keçid Azərbaycan üçün bir qədər çətin və mürəkkəb olub. Buna səbəb ölkəmizin müharibə şəraitində olması, müstəqilliyin ilk illərində hakimiyyət uğrunda gedən mübarizə, müvafiq investisiya mühitinin olmaması, qaçqın və köçkün kimi problemlərin olması idi. Belə bir şəraitdə bazar iqtisadi sisteminə keçidi reallaşdırmaq üçün onun elmi əsaslarını, konsepsiyalarını, bu dövrü keçən ölkələrin təcrübəsini öyrənməklə yanaşı Azərbaycanın milli xüsüsiyyətlərinin, iqtisadi potensialının nəzərə alınması da vacib idi. Dünyanın iqtisadçı alimləri elmi tədqiqatlar nəticəsində bazar iqtisadiyyatına keçidin əsas konsepsiyalarını müəyyənləşdirməklə bərabər öz-özünü tənzimləyən bazar iqtisadiyyatının dövlət tərəfindən də tənzimlənməsinin vacibliyini göstəriblər.

Keçid dövrünün əsas konsepsiyaları çoxmülkiyyətli iqtisadiyyat, bazarda əmtəə və xidmətə olan tələbin təkliflə ödənilməsi, azad rəqabət, dövlət mülkiyyətində istehsal olunan əmtəə və göstərilən xidmət istisna olmaqla qiymətlərin liberallaşdırılması və iqtisadiyyatın dövlət tənzimlənməsidir. Azərbaycanda məhz ulu öndərin böyük bacarığı sayəsində elmə və təcrübəyə əsaslanan dövlət tənzimlənməsi ilə inzibati amirlik və iqtisadi metodlardan istifadə etməklə bazar iqtisadiyyatına keçilib. Keçid dövrünü illər üzrə üç qrupa bölmək olar. Birinci iqtisadi mərhələ 1991-1994-cü illəri əhatə edərək iqtisadi tənəzzül dövrünü əks etdirir. Bu dövrdə ÜDM istehsalının hər il orta hesabla 16.5 faizə qədər aşağı düşməsi, inflyasiyanın hər il artaraq 1994-cü ildə 1763.5 faizə (hiperinflyasiya səviyyəsinə) çatması və s. ölkənin idarəolunmaz vəziyyətə düşməsinə səbəb olub. İkinci iqtisadi mərhələni əhatə edən 1994-2003-cü illər bərpa və yenidənqurmaya əsaslanaraq bazar iqtisadiyyatına keçid dövrünün başlanması və ilkin nailiyyətlərin əldə olunması ilə xarakterizə olunur. Bu dövrdə dövlət keçid dövrünün özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla Avropa, Amerika, Yaponiya modellərini öyrənərək yerli şərait, iqtisadi potensial və milli xusisiyyətlər nəzərə alınaraq Azərbaycan modelini yaradıb. Qazanılan nailiyyətlərin əsası bazar konsepsiyalarının reallaşmasının maliyyə mənbəyinə nail olunmasında idi. 1994-cü il 20 sentyabrda 8 ölkənin 11 qabaqcıl şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və enerji təhlükəsizliyinin əsasını qoydu. Sonradan bu sahə üzrə bağlanmış 25 beynəlxalq neft-qaz müqaviləsi və 1997-ci ildən başlayaraq hasil olunan ilkin neftin ixracına başlanması 1999-cu ildə yaradılan Dövlət Neft Fondunda ixracdan əldə olunan gəlirlərin toplanmasına səbəb oldu. 

2003-2009-cu illəri əhatə edən keçid dövrünün üçüncü mərhələsi yeni dayanıqlı və sürətli, dinamik inkişaf dövrünü elmi əsaslara və təcrübəyə istinadən həyata keçirən Prezident İlham Əliyevin idarəçilik məharəti ilə bağlıdır. Bu dövrdə regionların inkişafına, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və infrastruktur təminatına aid çoxsaylı Dövlət Proqramları həyata keçirilib və əhalinin sosial təminatının artırılması prioritet məsələ hesab edildiyindən çoxşaxəli, davamlı iqtisadiyyat və sürətli inkişaf təmin edilib. 2004-2009-cu illər ərzində ÜDM istehsalının həcmi 2.8 dəfə artaraq 2009-cu ildə dünya maliyyə böhranı şəraitində 34.6 milyard manata, artım tempi isə 9.3 faizə çatıb. Son 6 ildə 33 mindən artıq müəssisə, 840 min yeni iş yeri açılıb. Sosial-iqtisadi inkişafda əldə olunan naliyyətlər bütün sahələrdə olduğu kimi, təhsil, elm və mədəniyyət sahəsində də təsirini göstərib. Ölkədə keçid dövrünün yüksək nailiyyətlərlə başa çatması sənaye, insan, təbii sərvətlər amili ilə bağlıdır.

- Həmin illərdə əslində inkişaf üçün baza yaradılmışdı...

- Müstəqilliyin ilk illərində sənaye amili xüsusi prioritet məsələ idi. Ulu öndər Heydər Əliyev sənayenin inkişaf etdirilməsinin bilavasitə neft strategiyasının reallaşması ilə əlaqədar olduğunu göstərmişdi. “Əsrin müqaviləsi “ və digər beynəlxalq neft müqavilələrinin bağlanması ölkəyə xarici investisiyanın cəlb edilməsinə, valyuta ehtiyatının toplanmasına şərait yaratdı ki, bu da insan və təbii sərvətlərdən səmərəli istifadə üçün maliyyə bazası yaratdı. Qloballaşma dövründə elmi-texniki tərəqqi intensiv inkişafda daha çox prioritet mövqe tutduğundan insan amilinin də mövcud dövrə uyğun dəyişməsi vacib, təhsil, elm, intellektual səviyyənin artırılması zəruri idi.

İnsan amilinə, elmin inkişafına üstünlük verən ümummilli lider Heydər Əliyev göstərib: «XXI əsrdə yalnız yüksək elmi potensial, elmtutumlu texnologiyaya malik ölkələr öz xalqı üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq».

Prezident İlham Əliyev “neft kapitalı”nı “insan kapitalı”na çevirmək kimi həyati məna kəsb edən və yüksəlişin tərənnümü olan bu şüarı yerinə yetirmək üçün bir çox işlər görüb, bu sahədə qanun, sərəncam və Dövlət proqramları qəbul edilib. Elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elm məkanında  Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədilə Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb.  

- Azərbaycanda elm iqtisadi inkişaf tempi ilə ayaqlaşa bilirmi?

- Elm və elmi-texniki nailiyyətlər bütün dövrlərdə cəmiyyətin inkişafında həlledici rol oynayıb. Elm-texnika əsrində elmi tərəqqi, informasiya kommunikasiyalarından istifadə, insanların intellektual səviyyəsinin artırılması daha çox aktuallıq kəsb edir.

Azərbaycanda son illərdə həyata keçirilən sürətli, çoxşaxəli və dayanıqlı iqtisadi yüksəliş elm sahəsində də eyni yüksək inkişaf tempini tələb edir. Əslində elmi-texniki tərəqqi sosial-iqtisadi inkişaf tempini qabaqlamalıdır. Amma ölkəmizdə bu belə deyil. Akademik Ramiz Mehdiyevin «İctimai və humanitar elmlər: zaman kontekstində baxış» məqaləsi məhz vaxtında qaldırılmış, mühüm əhəmiyyət kəsb edən zəruri bir məsələyə həsr edilib. Məqalədə göstərilir: “Bəşəriyyətin yüksəlişinin iki başlıca amili olan təbii və elmi-intellektual sərvətlər sırasında üstünlük 1980-90-cı illərdə birinciyə məxsus idi. Bu gün artıq elmi-intellektual sərvətlər ön sıraya keçib. Çünki təbii sərvətlərdən fərqli olaraq zəka və intellekt tükənməzdir. O, daim təkrar istehsal gücünə malikdir. XXI əsrin strateji inkişaf yollarını da intellektual kapital və yeni elmi texnologiyalar müəyyən edir”.

Artıq ölkəmiz keçid dövrünü başa vuraraq yeni iqtisadi dövrə qədəm qoyub. Yeni dövrün tələbləri və yeni elmi strategiya məhz akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində də irəli sürülən, prioritet məsələlərə əsaslanmalıdır. Dövlət tərəfindən təhsil və elm sahəsinin inkişafı üçün görülən işlər hələki yetərli deyil. Buna görə də məqalədə göstərildiyi kimi, az bir zaman kəsiyində ölkənin düzgün idarə olunması nəticəsində sürətli, dayanıqlı iqtisadi inkişafa nail olan Azərbaycanda elmin inkişaf təmayülünün müasir reallığa nəzərən müəyyənləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahənin inkişafına yönəldilən vəsaitin rentabelliyinin artırılması qarşıda duran prioritet məsələlərdəndir. Hazırkı dövrdə elmin inkişaf strategiyasında Azərbaycan məfkurəsinin geniş tədqiqinə yer verilməsini ölkənin dövlətçilik marağı tələb edir. Akademik Ramiz Mehdiyevin məqaləsində müasir dövrdə elmi elita qarşısında dayanan mühüm məsələlər və onların həllinin vacibliyi göstərilir: «Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaratmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir”. Məqalədə göstərildiyi kimi, cəmiyyətdə uğurlu inkişaf naminə dövlətin siyasi qərarlarının dürüstlüyünün təmin olunması elmi tədqiqatın nəticələrinə arxalanmalıdır. Bütün elmi sahələrdə adekvat dəyişikliklər edilməsinə və onların fəlsəfi-metodoloji dərkinə, elmi cəhətdən araşdırılmasına, statistikaya istinadən qiymətləndirilməsinə ehtiyac var. Təhsil və elmi tədqiqatlar informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, innovasiyaya əsaslanmalıdır. Dövrün tələblərinə əsasən, elmi strategiyada dövlətin həyata keçirdiyi daxili və xarici siyasət elmi tədqiqatlarla əsaslandırılmalı, dolğun elmi-analitik şərh verilməlidir. Yəni elm məhsullarının maddi məhsul kimi istehlak tələbi olması zəruridir. Elm sahəsində aparılan tədqiqatlar, əldə olunan nəticələr bu və ya digər sahələrə tətbiq üçün yararlı olmalı, ondan istifadə edilməsinə tələb olmalıdır. Bütün bunları nəzərə alaraq elmi strategiyada elmi tərəqqinin sürətləndirilməsi, inkişafın modelləşməsi, ölkə əhalisinin intellektual inkişafının təmin olunması milli prioritet kimi qəbul edilməli, həm fundamental, həm də tətbiqi elm sahələrində kadrlar hazırlanmasında əsaslı dəyişikliklər edilməlidir. Elmi strategiyada akademik Ramiz Mehdiyevin məqalədə göstərdiyi kimi, ictimai və humanitar elmlər sahələrində, xüsusən sosial-siyasi elmlər sahəsində, fəlsəfə, psixologiya və informasiya-kommunikasiya istiqamətlərində, dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələr üzrə elmin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində lazımi və vacib işlərin görülməsi prioritet məsələ olmalı, yeni iqtisadi dövrün tələblərinə müvafiq olaraq reallaşdırılmalıdır.

 

 

Anar Miriyev

 

Palitra. -2010. – 25 may. – S.6.