Şirvan Milli Parkında görüş
Şirvan Milli Parkında
media nümayəndələri və ekoloqların
iştirakı ilə görüş keçirilib.
Görüş Prezident yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə "Mövqe" qəzetinin
həyata keçirdiyi "Ətraf mühitin mühafizəsi
ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin
rolunun artırılması" layihəsinin icrası çərçivəsində
təşkil olunub. Görüşün keçirilməsində
məqsəd ətraf mühitin mühafizəsi ilə
bağlı ekoloji maarifləndirmədə KİV-lərin
rolunun artırılması olub.
Tədbiri giriş
sözü ilə açan layihənin rəhbəri,
"Mövqe" qəzetinin redaktoru İlham Ələsgərov
layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində
görülən işlərin əsas mahiyyəti əhali
arasında ekologiya ilə bağlı maarifçiliyin genişləndirilməsinə,
jurnalistlərin ekoloji məlumatlılığına, bu sahədə
yazan jurnalistlərin peşəkarlığının
artırılmasına, jurnalistlərin və əhalinin ekoloji
qanunvericiliyin pozulmasına görə məsuliyyətlə
bağlı məlumatlandırılmasına, ətraf
mühitin mühafizəsi ilə bağlı görülən
işlərin qəzet vasitəsilə ardıcıl olaraq əhaliyə
çatdırılmasına, ictimai fikrin bu yöndə
inkişafına kömək etməkdən ibarətdir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşı, Milli Parkın direktor əvəzi
Seymur Kərimov nazirliyin ətraf mühitin qorunması, ekoloji
tarazlığın saxlanması, fauna və floranın zənginləşdirilməsi
yönündə gördüyü işlərdən, eləcə
də Şirvan Milli Parkı haqqında məlumat verib. Bildirib
ki, Şirvan Milli Parkı Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 05 iyul tarixli 1298 nömrəli sərəncamı
ilə Bakı şəhərinin Qaradağ, Salyan və
Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5
hektarında yaradılmışdır. Kür-Araz
ovalığının cənub-şərqi Şirvan düzənliyində
ümumi ərazisi 65580,0 hektar olan, xüsusi mühafizə
olunan təbiət ərazisinin, 54373,5 hektarında Şirvan
Milli Parkı, 6232,0 hektarında Bəndovan Dövlət Təbiət
Yasaqlığı yerləşir. Milli Parkın
yaradılmasında əsas məqsəd yarımsəhra
landşaftının başlıca komponentlərini, Azərbaycan
Respublikasının "Qırmızı kitabı"na
düşmüş ceyranları və o ərazi
üçün səciyyəvi olan fauna növlərini
qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini
ekoloji maarifləndirmək, turizm və istirahət
üçün şərait yaratmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Ekologiya ili" çərçivəsində Fondun maliyyələşdirdiyi layihələrdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə görülən işlərdən və əldə olunan uğurlardan danışıb.
Millət vəkili Aqill Abbas sağlam ekoloji mühitin rolundan danışıb, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasət və qəbul olunan qanunlar haqqında məlumat verib. Yazıçı-jurnalist ekologiyanın mühafizəsi ilə bağlı publistik əsərlərin az olduğunu, belə əsərlərin gənclərin ekoloji maariflənməsində mühüm əhəmiyyətini qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə tədbirlər təkcə ekoloji maarifləndirməyə deyil, eyni zamanda bu sahədə jurnalistlərin peşəkarlığının artırılmasına, ekoloqlar və jurnalistlərin əlaqələrinin dərinləşməsinə də kömək edir.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Mövqe" qəzetinin həyata keçirdiyi layihəni ekoloq və jurnalistlərin əməkdaşlıq mexanizmi kimi yüksək qiymətləndirib. O, tədbirin Şirvan Milli Parkında təbiətin qoynunda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı müzakirələrdə iştirak edən MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli belə tədbirlərin həm də jurnalistlərin istirahətinə kömək etdiyini nəzərə çatdırıb. Gələcəkdə belə tədbirlərin davam etməsini arzulayıb.
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev ekologiya sahəsində yazan jurnalistlərin az olduğunu, təqdim olunan materialların peşəkarlıq səviyyəsinin aşağı olduğunu söyləyib. Bildirib ki, jurnalistika baxımından peşəkar olsalar da, onların ekoloji bilik səviyyəsi kifayət qədər deyildir.
"Olaylar" İA-nın direktoru Yunus Oğuz təbiətin şıltaqlıqları nəticəsində baş verən təbii fəlakətlər zamanı əhalinin məlumatlandırılmasında jurnalistlərin rolundan söz açıb. Dövlət orqanları və jurnalistlərin əməkdaşlığı ilə bağlı öz fikirlərini bildirib. Ekoloji maarifçilik sahəsində jurnalistlərin dövlət orqanları və QHT-lərlə daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. Tədbir zamanı Şirvan Milli Parkına gəzinti təşkil edilib. Sonda iştirakçılara "Mövqe" qəzetinin Şirvan Milli Parkı haqqında hazırladığı xüsusi bukletlər paylanıb.
Tədbirdə
"Xalq qəzeti"nin baş redaktoru H.Həsənov,
MŞ-nin İdarə Heyətinin üzvü, "İki
sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə, "Ədalət"
qəzetinin baş redaktoru İ.Tuncay, "Palitra" qəzetinin
baş redaktoru N.Əliyev, SİA-nın icraçı
direktoru V.Vəliyev, "Xalq cəbhəsi" qəzetinin
baş redaktoru E.Mirzəbəyli digər jurnalistlər və
ekoloqlar iştirak ediblər.
Cavidan
Palitra. -2010. – 25 may. – S.9.