Eldar Hüseynov:“Yüksək
ixtisaslı ekoloji kadrlar hazırlanmalıdır”
“Televiziyalarda «müğənnilər»in
bir-birini təhqir etməsi, onlara mebel, maşın, qiymətli
daş-qaşlar bağışlanması barədə
verilişlərin sayı azaldılmalı və bunların əvəzinə
ekoloji maarifləndirmə proqramları nümayiş etdirilməlidir”
Layihə çərçivəsində
qonağımız Azərbaycan Dövlət Aqrar Universitetinin
(ADAU) Ekologiya və meşə mühəndisliyi
kafedrasının müəllimi, beynəlxalq ekologiya doktoru və
professoru Eldar Hüseynovdur.
Bu gün ölkəmizdə yaşıllıqların, parkların salınması, ətraf mühitin mühafizəsi kimi məsələlərə xüsusi diqqət var. Ekoloq Eldar Hüseynov bu məsələyə münasibətini belə ifadə edir: “2010-cu il ölkəmizin ekoloji durumunun yaxşılaşdırılması üçün önəmli bir il olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə respublikamızda ətraf mühitin mühafizəsi, dövlət qoruqları, yasaqlıqlar və milli parkların yaradılması, səhralaşmaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, yeni meşə zolaqlarının salınması, eləcə də ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlər sahəsində böyük işlər görülüb. Ekoloji sivilizasiya mahiyyət etibarilə ətraf mühitə, onun əsas amillərinə (hava, torpaq, su, flora, fauna və s.) neqativ və antropogen təsirlərin qarşısının alınması, təbii resurslardan düzgün və məqsədyönlü istifadə olunması, qorunub saxlanması və gələcək nəsillərə təhvil verilməsindən ibarətdir. Dünyanın inkişaf etmiş və inkişafda olan bütün ölkələrində olduğu kimi, Azərbaycanda da bu məsələ dövlət siyasətinin əsas tərkib hissələrindən biri və ən vacibi hesab edilməli və Davamlı İnsan İnkişafının başlıca prioriteti sayılmalıdır”.
- Bəs sizcə,
bizdə ekoloji mədəniyyət hansı səviyyədədir?
- Maraqlı
sualdır. Çox təəssüf ki, bu sahədə biz bir
qədər geridəyik. Hazırda beynəlxalq aləmdə
hamı belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin,
sivilizasiyanın yeni növü - ekoloji mədəniyyət
formalaşmalıdır. Ekoloji mədəniyyət bəşəri
mədəniyyəti təcəssüm etdirən mədəniyyətin
sivil inkişaf forması və təhsil mühitidir. XXI əsr
bütün xalqlardan mədəni inkişafın əsas
istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf
strategiyasını, konsepsiyasını, proqramını
hazırlamağı və həyata keçirməyi tələb
edir. Ekoloji təhsilin ardıcıl və sistemli olması
üçün bu prosesə şəxsiyyətin formalaşmasının
ilk anlarından, uşaqlıqdan başlamaq lazımdır ki,
onun da təməli məhz ailədə, məktəbəqədər
tərbiyə ocaqlarında, ibtidai siniflərdə
qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə
isə tamamilə formalaşmalıdır. Bunun
üçün isə ilk növbədə yüksək
ixtisaslı ekoloji kadrlar hazırlanmalıdır. Bu vacib məsələ
təbii ki, müvafiq ali məktəblərin, xüsusilə
Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə düşür.
Əfsuslar
olsun ki, Azərbaycanda ümumilikdə əhalinin ekoloji mədəniyyəti,
şüuru, psixologiyası hələ də günün tələbi
səviyyəsində deyil. Bunun əsas səbəbi onlarda
ekoloji bilgilərin, məlumatların zəif olması, yaxud
tamamilə olmamasıdır. Bütün görülən
işlərə baxmayaraq ölkədə əhalinin ekoloji
maarifləndirilməsi və məlumatlandırılması
Davamlı İnsan İnkişafı Konsepsiyasının tələblərinə
cavab vermir və onunla uzlaşmır. Odur ki, alimlərimiz,
ziyalılarımız əhalinin ekoloji maarifləndirilməsində
fəal iştirak etməli və öz mənəvi vətəndaşlıq
borcunu layiqincə yerinə
yetirməlidir. Ölkəmizdə fəaliyyət göstərən
KİV də bu nəcib işə qoşulmalı, təşəbbüskarlıq
göstərməli və fəaliyyətini gücləndirməlidir.
Çünki əksər mərkəzi və yerli mətbuatlarda,
radio-televiziya kanallarında qlobal ekoloji məsələlərə,
əhalinin ekoloji maarifləndirilməsinə həsr
olunmuş xüsusi verilişlər aparılmır, sanki bu
planetar və bəşəri əhəmiyyətli məsələ
tamamilə unudulub. Bunun əvəzinə qəzet səhifələrində
və efir vaxtlarında milli mentalitetimizə yad olan, gənclərimizin
tərbiyəsinə olduqca neqativ təsir göstərən
materiallar yer alır, televiziya kanallarında bayağı,
yararsız «şou» proqramlar və səsi, sənəti ilə
seçilməyən, səhnə mədəniyyəti olmayan
«müğənnilər», «estrada ulduzları» daha çox
tüğyan edir, ekran sanki onlar tərəfindən zəbt
olunub. Televiziya kanallarında onların ata-ana olmağa
hazırlaşması, bir-birini təhqir etməsi, onlara
villalar, mebel, mənzil, maşın, qiymətli
daş-qaşlar bağışlanması barədə
verilişlərin sayı azaldılmalı və bunların əvəzinə
ekoloji maarifləndirmə proqramları nümayiş etdirilməlidir.
Yeri gəlmişkən, olduqca vacib bir məsələyə
toxunmağın vaxtı artıq çoxdan çatıb. Ali
məktəb dərslikləri əvvəllər dövlətin
maliyyə dəstəyi hesabına nəşr olunurdu. Hətta
müəlliflərə böyük məbləğdə
qonorar da verilirdi. Bu gün isə həmin sahədə vəziyyət
heç də qənaətbəxş deyil, əksinə,
çox acınacaqlı haldadır. Müəlliflər dərsliyi
yazır, aldığı çox cüzi əməkhaqqının
hesabına isə onun elektron versiyasını
hazırlayır. Lakin dərsliyin nəşri müəlliflərin
maddi imkanı xaricində olduğundan onlar çox ciddi
çətinliklər və problemlərlə
qarşılaşır. Bu barədə bütün
distansiyalara edilən müraciətlər sonda Təhsil
Nazirliyinə göndərilir. Nazirliyin cavabı isə birmənalı
olur: «Biz yalnız orta məktəb dərsliklərinin nəşrinə
maliyyə dəstəyi göstəririk, ali məktəb dərslikləri
isə bizim səlahiyyətimizə aid deyil». Güman edirik ki,
bu acınacaqlı və narahatlıq doğuran problem tezliklə
dövlət səviyyəsində öz həllini tapacaq. Bu
yaxınlarda heç də güclü səsi, sənətkarlığı olmayan bir «müğənni»nin bir dəfə
konsert verməsi üçün «sponsorlar» ona 70 min dollar pul
veriblər. Başqa bir
«müğənniyə» mahnının klipi üçün
«sponsor» 200 min dollar pul xərcləyib. Bunu «müğənnilər»in
özləri bəyan edir. Yaxşı olar ki, imkanlı şəxslər
bir konsertə, yaxud klipə verdiyi eyni məbləğ pula
xeyli müxtəlif ali məktəb dərsliklərinin nəşri
üçün müvafiq maliyyə dəstəyi göstərsinlər.
Ölkəmizdə də qiymətli, zəngin, savadlı
yazılan ali məktəb dərsliklərinin müsabiqəsinə
və daha məhsuldar alimlərə dəyər verilməlidir.
- Akademik Budaq Budaqov
müsahibələrinin birində bildirdi ki, Azərbaycanda
iqlim qurşaqlarının sayı əslində çoxdur
- Budaq müəllimlə
tamamilə razıyam. Dünya üzrə 11 iqlim
qurşağı var Onun 9-nun Azərbaycanda olduğu
mülahizələri vardı. Ancaq indi müəyyən
olunub ki, 11 iqlim qurşağının hamısı Azərbaycan
ərazisində mövcuddur.
- Bu gün ekoloji problemlərin
həlli sizcə, Azərbaycanda hansı səviyyədədir?
- Bu sahəyə dövlət
hər zaman diqqət yetirib, ekoloji problemlərin həlli
dövlət siyasətinin tərkib hissəsi sayılıb və
bu davam edir. Bəlkə də dünyada ikinci bir ölkə
yoxdur ki, orda Azərbaycandakı qədər
yaşıllaşma işləri getsin. Bu gün də
Prezidentimiz Azərbaycanın ekoloji problemlərinə
qayğı göstərir. Bu gün tullantıların
utilizasiyası və təkrar emalı zavodu da tikilir ki, bu da
bir sıra ekoloji problemlərin qarşısını alacaq. Məişət
tullantılarından heyvandarlıq və quşçuluq təsərrüfatları
üçün də yem alınacaq.
- Maraqlıdır,
doğrudanmı Yer planetinin varlığına 2012-ci ildə
son qoyulacaq?
- Dünyanın Şimal
qütbü, ekoloqların təbirincə desək, soyuducu
sistemi bərbad gündədir. Antarktida, Arktika, Qrenlandiya iqlim
xəritəsinin tənzimləyicisidir. Lakin insanın
antropogen fəaliyyəti nəticəsində ən
böyük zərbə Şimal qütbünə dəyib.
Şimal qütbündəki buzlaqlar çox sürətlə
əriyərək dünya okeanına qarışır ki, bu
da suyun səviyyəsini qaldırır. Okeanoloqlar belə qərara
gəliblər ki, əgər Şimal qütbünün
buzlaqlarının bu cür sürətlə əriməsi
davam edərsə, bir neçə ildən sonra bəşəriyyət
böyük fəlakətlərlə üzləşəcək.
Yer kürəsinin əsas hissəsi dünya okeanında suyun
səviyyəsinin qalxmasından dolayı suyun altında
qalacaq. Təkcə Antarktida buzlağı əriyərsə,
suyun səviyyəsi 80-90 metr artacaq. Bu isə Yer kürəsinin
suyun altında qalması deməkdir. Alimlər belə müəyyən
ediblər ki, 2050-ci ilə qədər suyun səviyyəsi 3-5
metr qalxa bilər. Bu gün Antarktidada dünyanın iqlim xəritəsini
öyrənən laboratoriya yerləşir. Bilirsiniz ki,
ekologiya naziri Hüseynqulu Bağırov başda olmaqla Azərbaycanı
təmsil edən ekspedisiya qrupu da orada oldu. Dünya alimlərinə
ibrət dərsi oldu ki, dünyanın istənilən ölkəsindən
həmin ərazidə nümayəndə
olmalıdır ki, vəziyyətdən çıxış
yolu tapılsın. Bu baxımdan Azərbaycan bir sıra
ölkələri kölgədə qoydu.
- Altıncı dərslik
üzərində çalışırsınız. Bir qədər
bu barədə danışın.
- 2007-ci ildə “Müasir
ekologiya” adlı kitabın birinci hissəsi nəşr olundu. 5
cildli bu kitabın növbəti hissələri üzərində
işləyirik. “Müasir ekologiya” adlı kitaba görə
Ekologiya Nazirliyi akademik Həsən Əliyevin 100 illik yubileyində
bizə, yəni kitabın müəlliflərinə
mükafat verdi. Eyni zamanda kitab da mükafata layiq
görüldü. Bilirsiniz ki, bizim daha bir kitabımız
“Davamlı İnsan İnkişafı” dərsliyidir. Bu kitab 5
illik gərgin zəhmətimizin məhsulu olaraq 2009-cu ildə
nəşr olunub. Hazırda “İnsan ekologiyası” adlı ali
məktəb dərsliyi üzərində
çalışırıq. Bundan başqa torpağın
çirklənməsi, ekoloji toksikologiya ilə bağlı
araşdırmalar aparacağam. Müasir dövrdə dünya
miqyasında insanın sağlamlığı
üçün ekoloji cəhətdən təmiz, saf və
keyfiyyəyli məhsul istehsal olunması məsələsi
müzakirə edilir. Bu gün dünyanın bir sıra
ölkələrində genetika mühəndisliyi, hormonal
üsullarla “super” məhsullar alınır. Genetik modifikasiyaya
uğrayan məhsullar təbii ki, zərərlidir. Mən də
bu barədə elmi məqalələr yazmağı
düşünürəm. Bundan başqa dövri mətbuatda
bir sıra virus xəstəlikləri və ekoloji maarifləndirmə
ilə bağlı mövzulara toxunmaq niyyətindəyəm.
Nüşabə Zövqət
Palitra. – 2010. – 25 may. – S.10.