AMEA-nın müxbir üzvü, t.e.d., professor İlyas Babayev: «Beynəlxalq ekspedisiyanın bizim üçün üstünlüyü ondadır ki, onlar bizim həqiqətlərimizi xaricdə təbliğ edirlər»

 

“Ermənilərin guya hər hansı şəhərinin Qarabağ ərazisində olması kimi fikirlərin hamısı cəfəngiyyatdır və elmlə heç bir əlaqəsi yoxdur”

 

«Elmin aktual problemlərinin müzakirəsi və işıqlandıırılması» layihəsi çərçivəsində Azərbaycanda arxeologiya sahəsində görülən işlər və mövcud problemlər mövzusu ilə əlaqədar fikirlərini öyrəndiyimiz alim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İlyas Babayevdir.

 - Hazırda hansı ekspedisiyada çalışırsınız?

- Mən ümumilikdə 1959-cu ildən Qəbələ ekspedisiyasında işləyirəm. Bu çox böyük bir ekspedisiyadır. Keçən ildən bizə koreyalılar da qoşulub və böyük bir ekspedisiya yaranıb. Bundan başqa bizim bir ekspedisiya qrupumuz da var ki, o da Şəmkir regionunda Qaracəmilli kəndi yanındadır. Orada çox böyük abidələr var eramızdan əvvəl birinci minilliyin ortalarına aid arxeoloji qazıntılar aparılır. Bildirmək lazımdır ki, o vaxt bu ərazi Əhəmənilər imperiyasının tərkibinə daxil idi. Əhəmənilər imperiyası çox nəhəng bir dövlət idi. Şimal-şərqi Afrikadan başlayaraq Misir də daxil olmaqla Hindistanda Hind çayı vadisinə qədər, indiki İran körfəzindən Qafqaz dağlarına qədər bütün ərazi, indiki Türkiyə, Fələstin, Suriya bu imperiyanın ərazisinə daxil idi. Bu ölkəni satraplıqlarla idarə edirdilər və hətta bu satraplıqlar o qədər böyük idi ki, həmin bu satraplığa bəzi padşahlıqlar da daxil olurdu. Hələ ondan əvvəl bu ərazilər Midiyanın əlində idi. Onu da bildirmək lazımdır ki, hələ eramızdan əvvəl 7-ci əsrdə, yəni 670-ci illərdə Skif padşahlığı var idi və o vaxt skiflər hücum edir və Dərbənddən keçməklə hərəkət edirdilər, Heredot yazır ki, onlar bura gələndə Qafqaz dağları sağda qalıb. Burada midiyalılarla toqquşurlar və onlar üzərində qələbə çalırlar və 28 il idarə edirlər. Amma bu 28 il əslində 80 ildir. Böyük bir Skif padşahlığı yaranır və alimlər bildirirlər ki, Urmiya gölündən şimalda Mil-Muğan, Azərbaycan bura daxil idi. Sonradan isə yenə də Midiya hakimiyyəti bərpa olunur. Heredot Əhəmənilər imperiyasının tərkibində 70-dən çox xalqın adını çəkir. Bu ərazidə onlarla dövlət olub və indi də var. Bizim beynəlxalq ekspedisiyada Almaniya iştirak edir və əsas vəsaiti Almaniya verir, burada Münhen, Halley, Heydelberq universitetindən iştirak edirlər. Bir neçə il bundan əvvəl, təxminən keçən əsrin 90-cı illərində almanlar Gürcüstan ərazisində Qumbatidə işləyirdilər və arxeoloji qazıntılar aparırdılar. Mən o vaxt konfransda iştirak edən zaman təklif etdim ki, bizim ərazidə belə abidələr daha çoxdur və gəlin birgə işləyək. O dövrdə bizim maliyyə vəsaitimiz də yox idi, indi isə var, cənab Prezident iki il əvvəl bizə böyük bir vəsait ayırdı - hardasa 1 miyon manata qədər. Elm üçün bunun böyük köməyi oldu və elmimizi dirçəltdi.

- Ümumiyyətlə, beynəlxalq ekspedisiyaların fəaliyyətinin üstünlüyü nədədir?

- Bir qayda olaraq beynəlxalq ekspedisiyanın bizim üçün üstünlüyü ondadır ki, onlar bizim həqiqətlərimizi xaricdə təbliğ edirlər. Məsələn, bu gün bizim SSRİ tərkibində olan xalqlarla, dövlətlərlə sıx əlaqələrimiz var. Mən onların alimlərinin hamısını tanıyıram və onlar da məni tanıyır. Ancaq əvvəllər Avropa, Amerika və dünyanın başqa yerləri ilə əlaqələrimiz çox zəif idi. Biz o yerlərə əvvəllər Rusiya pəncərəsi ilə baxırdıq. İndi isə birbaşa baxırıq. Məsələn, beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində olan şəxslər Azərbaycana gəlirlər və bizim xalqımızın mədəniyyətini görürlər. İnsanlarımızın qonaqpərvərliyini, bizim yüksək mədəniyyət ölkəsi olduğumuzu görürlər. Onu bildirmək lazımdır ki, burada böyük mədəniyyət olub. Məsələn, biz qazıntılar apardığımız yerlərdə min il sonra Albaniyada dövlət yaranıb. Yəni mədəniyyət hələ qədim dövrdən olub. Bu gün bizim əsərlərimiz xaricdə, Almaniyada, Yaponiyada, Koreyada və başqa yerlərdə çap olunur. Məsələn, qeyd edim ki, indi artıq koreyalılar və yaponlar da ekspedisiyaya qoşulur və bu çox yaxşı cəhətdir.

- Xarici dövlətlərdə arxeologiya sahəsində kitabların və məqalələrin çapı ilə bağlı hər hansı bir problem olurmu?

- Ümumiyyətlə, bu gün bu istiqamətdə elə bir çətinlik və problemimiz olmur. Bizdə əsasən məsələ odur ki, biz hamımız əvvəllər rus dilini ana dilimiz kimi öyrənmişik. Məsələn, mən Azərbaycan dilini necə bilirəmsə, rus dilini də elə bilirəm. Amma bununla belə Avropa dilləri ilə bağlı problemlərimiz var. Biz Avropa dillərini indiki şəraitdə o dərəcədə də yaxşı bilmirik. İndi isə cavan nəsil rus dilini yaxşı bilməsə də, ingilis, fransız, alman dillərini öyrənirlər. Bu gün bizim ekspedisiyanın məqalələri, müxtəlif materialları xarici dillərdə, məsələn, Almaniyada çap olunur. Ümumiyyətlə, elmin sərhədi yoxdur. Elmi xırda çərçivələrlə götürmək düz deyil. Yaxşı olar ki, hər bir məsələni qlobal səviyyədə öyrənəsən. Ümumi qanunauyğunluqları öyrənmək lazımdır. Bəzi məsələlərdə yaxşı olar ki, bizim İranla da birgə ekspedisiyalarımız olsun. Məsələn, mənim çoxlu dissertantlarım var. İranla əlaqələrimiz, yəni kommunikasiyalar, ora gedib-gəlmək indi daha yaxşıdır. Amma çox təəssüf ki, mən gedə bilmirəm. Bundan başqa bizim Dağıstanla, Rusiya ilə sıx əlaqələrimiz var. Bundan başqa gürcülərlə də yaxşı əlaqələrimiz var. Yalnız ermənilərlə yoxdur. Düzdür, onlar beynəlxalq simpoziumlarda təklif edirlər ki, gəlin birgə işləyək. Hətta məni fransızlar, ingilislər, almanlar dəvət edir və deyirlər ki, niyə getmirsən. Amma mən deyirəm ki, münaqişə həll olunmamış bu mümkün deyil.

- Hətta ermənilərin güya bizim torpaqlarımızda qədim şəhərlərinin olması haqqında uydurma mifləri də var.

- Bu fikir əsasən Tiqranakert şəhəri barədədir. Tiqranakert haqqında deyirdilər ki, guya bu şəhər Ağdamda yerləşir. Amma orda elə bir şəhər olmayıb. Tiqran 96-cı ildən 55-ci ilə qədər Ermənistanda olub. Bir məsələni də bildirmək lazımdır ki, Tiqranın özü buralara gəlməyib. O, Suriya tərəfə gedib. O, erməni deyil, parfiyalıların köməyi ilə hakimiyyətə gəlib və bir az güclənən kimi Suriyanın on iki şəhərini tutaraq üç yüz minə qədər insanı Ermənistan ərazisinə köçürüb. O ki qaldı Tiqranakertə, bu şəhər ümumiyyətlə burda olmayıb, indiki Türkiyə ərazisində olub. Həm də onu təsvir edirlər ki, necə olub. Məsələn, onun divarları içində at tövlələri var idi. Sonra 69-cu ildə romalılar, yəni Lukul Tiqranı məğlub edir və Tiqranakert şəhərini dağıdır. Sonra isə Pompey onu məğlub edir və ondan asılı vəziyyətə düşür. Pompey onun bütün xəzinəsini tutur, bütün var-dövləti keçir romalıların ixtiyarına. Yəni burada müstəqillik faktiki olaraq itir. Bundan sonra Tiqranın buraya gəlməyə, burada şəhərlər salmağa imkanı yox idi. Yəni ermənilərin guya hər hansı şəhərlərinin Qarabağ ərazisində, Tiqranakertin Ağdam ərazisində olması və digər fikirlərinin hamısı cəfəngiyyatdır və elmlə heç bir əlaqəsi yoxdur. Mən bütün bunlar barədə hələ bir-iki il əvvəl BBC radiosunda da məlumat vermişdim.  Ümumiyyətlə, bir şeyi qeyd edim ki, bütün faktları olduğu kimi bildirmək və demək lazımdır. Çox təəssüf ki, bəzi hallarda biz bir çox konfranslarda iştirak edə bilmirik. Mən bununla bağlı yuxarı təşkilatlara öz fikirlərimi bildirmişəm və demişəm ki, bu səhvdir. Axı nəyə görə bir çox konfranslarda biz öz fikrimizi bildirməyək? Məsələn, Moskva auditoriyası mənə çox doğmadır. Orada mən özümü daha da sərbəst hiss edirəm və məni orada tanıyırlar, ermənilər də tanıyır. Və mən dəfələrlə bildirmişəm ki, mən orda olan vaxt erməni daha ehtiyatlı danışacaq, çünki biləcək ki, ona cavab verən var. Amma həmçinin hesab edirəm ki, hər kəsin öz sahəsində öz xalqına xidmət etməsi, eləcə də alimin elmlə məşğul olması ilə düşməni məğlub etmək olar.

 

 

Əlimərdan Sultanov

 

Palitra. -2010. – 28 may. – S.6.