Ekoloji problemlərin ictimaiyyətə çatdırılmasında KİV mühüm rol oynayır

 

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Mövqe” qəzeti redaksiyası tərəfindən həyata keçirilən “Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması” layihəsi çərçivəsində dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə “Mövqe” qəzetinin redaktoru İlham Ələsgərov açaraq ölkədəki ekoloji vəziyyət və bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı fikirlərini bildirdi. Sonra ekologiya və təbii sərvətlər naziri H.Bağırov çıxış edərək hazırkı ekoloji vəziyyət və mövcud problemlərlə əlaqədar məlumat verdi. Bu gün aktual məsələlərdən olan ağacəkmənin ölkə başçısı tərəfindən “xalq hərəkatı” kimi qiymətləndirildiyini deyən nazir bildirdi ki, bu mövzu həqiqətən də insanları düşündürməyə başlayıb: “2001-2002-ci ilə qədər meşələrin qırılması ilə bağlı mətbuatda yazılara rast gəlinmirdi. Hazırda artıq bu mövzu geniş işıqlandırılır. Əgər 8 il bundan öncə xaricdən 4 milyon manatlıq ağac materialı gətirilirdisə, indi bu, 85 milyon manat həcmindədir. Yəni Azərbaycan öz tələbatını yerli yox, xarici material hesabına ödəyir”. Ümumiyyətlə, son illər nazirlik tərəfindən daha fəal ağac əkilməyə başlanıldığını deyən nazir qeyd etdi ki, dekabr ayında ölkə başçısı da ağacəkmə mərasimində iştirak edib və bundan sonra Abşeron yarımadası və ətrafında 1,5 milyon ağac əkilib. Onun 899 mini məhz ETSN, qalanları isə icra hakimiyyətləri tərəfindən əkilib. Bütövlükdə ölkədə 8 milyona yaxın ağac əkilib ki, onun 6 milyonu ETSN, 2 milyonu isə icra hakimiyyətləri, təşkilatlar və məktəblər tərəfindən əkilib. H.Bağırovun sözlərinə görə, nazirlik yarananda ağac ehtiyatı 1,5 milyon idi, indi isə 30 milyondan çoxdur: “Problem isə odur ki, əkilən ağacların 87 faizi bitir. Biz mövsümün sonunu gözləyirik və düşünürük ki, bu rəqəmi 95 faizə çatdıracağıq. Çünki suvarma sistemi olmadan ağac əkdiyimiz yer yoxdur. Harada çatdırılmayıbsa, indi orada suvarma sistemləri qurulur. Məsələn, Şamaxı, Salyan, Quba yolunda bu tədbirlər həyata keçirilir. Heç bir ağac özünə uyğun olmayan torpaqda bitmir. Ona uzun müddət qayğı göstərmək lazımdır. Bu da bir faktdır ki, ayrı-ayrı təşkilatların əkdiyi ağaclarda problem var”.

 Cərimələrə gəldikdə isə hazırda bu mövzuda problemin hələ də qalmaqda olduğunu deyən nazir onu da vurğuladı ki, bu gün Estoniya ətraf mühitlə bağlı cərimələrdən öz fonduna 11 milyon cərimə toplayır: “Biz 6-7 il ərzində 200 min manatdan 1 milyona indi çatdırmışıq. İnsanlar yaşıllığa vurduqları ziyanla bağlı cəriməni ödəməyə cəhd etmir. Bu sahədə ictimai şüuru dəyişməyə ehtiyac var”. 

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri V.Səfərli bildirdi ki, fond yaranandan 19 istiqamət üzrə layihə həyata keçirilib ki, onlardan biri də ekologiya sahəsidir: “Mütəmadi olaraq sahələr üzrə müsabiqələr elan edilir. Ötən il 5 layihə olub. Cari ildə isə ekologiya üzrə 4-5 aylıq layihələrin həyata keçirilməsi nəzərdə tutulub və bu layihələr fond tərəfindən maliyyələşdirilir. Bu layihələrdən biri də “Mövqe” qəzetinin layihəsidir ki, ötən həftə bu layihə çərçivəsində KİV nümayəndələri Şirvan Milli Parkında olublar”. Bu tədbirlərin mütəmadi olaraq həyata keçiriləcəyini deyən fond sədrinin sözlərinə görə, növbəti tədbir “Altıağac” qoruğunda olacaq. Yayda isə “Şahdağ”a  səfər həzərdə tutulur. Hazırda ETSN ilə fond əməkdaşlıq şəraitində çalışır. Məhz bu əməkdaşlıq çərçivəsində ekologiya sahəsində müsabiqə elan edilib.

Tədbirin sonunda ekoloji problemlərin araşdırılması, onların ictimaiyyətə çatdırılmasında KİV-in rolunun mühüm önəm daşıdığını deyən nazir bu istiqamətdə fəallığı artırmaqla yanaşı daha dolgun və dəqiq yazılara ehtiyac olduğunu bildirdi. Məhz bu istiqamətdə jurnalistlərin peşəkarlıq səviyyəsini artırmaq üçün nazir KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə ETSN-in nəzdində Ekoloji Məktəbin yaradılmasının vacibliyini bildirdi. Qeyd edildi ki, bu məktəbdə sırf ekologiya mövzusunda yazan jurnalistlər hazırlanmalıdır.

 

 

 Nigar

 

Palitra. -2010. – 28 may. – S.7.