Təhsil sistemini innovativ inkişafa
hazırlamalıyıq
Layihə
çərçivəsində müsahibimiz AMEA
İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad elmləri namizədi,
dosent Rəsmiyyə Abdullayevadır:
- Hər bir dövlətin sosial-iqtisadi siyasətində əhalinin
sosial təhlükəsizliyinin təmin olunması
mühüm yer tutur. Son illərdə respublikamızda sosial təhlükəsizliyin
təmin olunması istiqamətində ciddi işlər
görülüb. Azərbaycan iqtisadiyyatının sürətli
inkişafı, dövlət büdcəsinin gəlirlərinin
və xərclərinin
artması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə
şərait yaradıb. Dövlət büdcəsinin gəlirləri
və xərcləri artdıqca sosial müdafiəyə və
sosial təminata ayrılan vəsaitlər də
artırılıb. Əgər dövlət büdcəsindən
sosial müdafiə və sosial təminata 2000-ci ildə 139,4
milyon manat vəsait ayrılırdısa, 2008-ci ildə bu
göstərici 846.4 milyon manat olub. Yəni son 9 ildə
dövlət büdcəsindən sosial müdafiə və
sosial təminata ayrılan vəsaitlər 6 dəfə
artırılıb. Ümumiyyətlə, dövlətin sosial
siyasəti bütün əhali qruplarının sosial
müdafiəsinin gücləndirilməsinə istiqamətlənib.
Maliyyə imkanlarının genişlənməsi sosial sahələrə
yönəldilən resursların əhəmiyyətli dərəcədə
artırılmasını, yeni iş yerləri yaratmaqla məşğulluq
səviyyəsinin yüksəldilməsini, yoxsulluğun
azaldılmasını, əhalinin rifah halının
davamlı olaraq yaxşılaşdırılmasını təmin
edib. Nəticədə əhalinin həyat səviyyəsini
xarakterizə edən göstəricilər yüksəlib. Son
9 ildə əhalinin həyat səviyyəsini xarakterizə edən
göstəricilərdə müsbət dəyişikliklər
baş verib. Belə ki, 2000-ci illə müqayisədə
2008-ci ildə əhalinin adambaşına düşən orta
aylıq gəlirləri 4.6 dəfə, adambaşına
düşən orta aylıq xərcləri 4.3 dəfə,
orta aylıq nominal əmək haqqı və pensiyalar isə
6.2 dəfə artıb. Əhalinin həyat səviyyəsini
real qiymətləndirməyə imkan verən ev təsərrüfatları
üzrə aparılan tədqiqatlar göstərir ki, gəlirlərin
əsas hissəsini təşkil edən əmək gəlirlərinin
xüsusi çəkisi 2000 -ci ildəki 35,6 faizdən 2008 - ci
ildə 56,8 faizə yüksəlib.
Qeyd edilən dövrdə əmək gəlirlərinin əsas
hissəsini təşkil edən məşğulluqdan gələn
gəlirlərin xüsusi çəkisi azaldığı
halda, özüməşğulluqdan əldə edilən gəlirlərin
xüsusi çəkisi xeyli artıb. Bu da son illərdə
ölkəmizdə özüməşğulluğun
inkişafına hərtərəfli yardım göstərilməsi
ilə izah edilir.
- Bu
kontekstdə insan kapitalının inkişafını necə
dəyərləndirirsiz?
- Qeyd etmək
lazımdır ki, dünyada iqtisadi artımın mühüm
amili hesab olunan təhsil insan kapitalının
inkişafında mühüm rol oynayır. Bu isə əhalinin
məşğulluğunun və həyat səviyyəsinin
yüksəldilməsi, işsizliyin və yoxsulluğun
azaldılması, sosial təhlükəsizliyin təmin
olunması deməkdir. Aparılan tədqiqatlar göstərir
ki, təhsilin dərəcələri artdıqca məşğulluğun
təmin olunması imkanları genişlənir, pul gəlirləri
artır, əhalinin həyat səviyyəsi yüksəlir və
yoxsulluq azalır. Bu amillər isə şübhəsiz ki,
insan kapitalının inkişafını təmin edir. “Bazar
iqtisadiyyatı şəraitində normal yaşamaq yalnız
mövcud olan əmək qabiliyyətli əhalinin tam və səmərəli
məşğulluğuna nail olunmasında və bunun isə
ilk növbədə, vətəndaşların
ümumi inkişaf səviyyəsinin, intellektual
potensialının, peşə ixtisas dərəcəsinin və
təhsil səviyyəsinin artırılmasından
asılıdır. Belə ki, təhsil növləri üzrə
gəlirləri araşdırdıqda məlum olur ki, ali təhsilli
ailə başçısının gəlirinin 55,3 faizin məşğulluqdan
gələn gəlirlər təşkil etdiyi halda, orta ixtisas,
texniki peşə təhsilində bu 36,3%, ümumi orta təhsillidə
25,0%, əsas orta təhsildə 19,7%, ibtidai təhsillidə isə
17,1% təşkil edir. Alınmış cari transfertlər ali
təhsilli ailə başçısının gəlirinin
14,0%-ni təşkil etdiyi halda, ibtidai və ondan
aşağı təhsili olanların gəlirlərinin
31,5%-ni təşkil edib. Alınmış cari transfertlərin
özünün də tərkibinə baxdıqda pensiyadan gələn
gəlirlər ali təhsilli ailə
başçısının gəlirlərində 10,7%
olduğu halda, bu ibtidai və ondan aşağı təhsillilər
arasında 29,0% olub. Bu göstəricidə fərqin
böyük olmasına təsir göstərən əsas səbəb
kimi, ali təhsillilərin pensiya yaşına
çatdıqdan sonra (müəllim, elmi işçi, mühəndis,
həkim və s.) işləmək imkanının
olmasıdır. Hazırda işləyən pensiyaçıların
böyük əksəriyyətini məhz ali təhsillilər
təşkil edir. İnkişaf etmiş ölkələrin təcrübəsi
sübut edir ki, yüksək keyfiyyətli təhsilə malik
olmadan insan kapitalının inkişafına və iqtisadi
yüksəlişə nail olmaq mümkün deyil. Məlumat
üçün bildirək ki, Dünya Bankının 192
ölkədə apardığı tədqiqatların nəticələri
göstərir ki, dünya iqtisadiyyatında baş verən
artımın 16%-nin fiziki kapital, 20%-nin təbii resurslar, 64%-nin
isə insan kapitalı hesabına baş verir. Buna görə
də inkişaf etmiş ölkələr hətta iqtisadi
böhran şəraitində belə insan kapitalının
inkişafını diqqətdən kənarda saxlamır, təhsil
və elmə ayrılan vəsaitləri azaltmır, əksinə
artırırlar. Təsadüfi deyil ki, dünyanı
bürüyən iqtisadi böhran, maliyyə
qıtlığı şəraitində Fransa, Almaniya kimi
ölkələr elm və təhsilin inkişafına büdcədən
əlavə olaraq 20-25 milyard avro vəsait ayırıblar.
Mütəxəssislərin fikrincə, iqtisadi müstəqilliyini
təmin etmək istəyən hər bir ölkənin siyasi
varlığı və iqtisadi dəyanətliyi, milli
iqtisadiyyatının formalaşması, onun kəmiyyət və
keyfiyyətcə daha da artırılması hər şeydən
əvvəl, ümumi bəşəri dəyərlərlə
zənginləşdirilmiş yeni təhsil sisteminin təşkilindən
və onun fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsindən xeyli asılıdır. Məlumat
üçün bildirək ki, 2000-ci ilin sentyabr ayında
BTM-nin təşəbbüsü ilə 147 dövlətin
nümayəndələrinin iştirakı ilə Minilliyin
Sammiti keçirilib. Sammitdə Minilliyin Bəyannaməsi qəbul
edilib və buna müvafiq olaraq Minilliyin İnkişaf Məqsədləri
(MİM) müəyyənləşdirilib. MİM-də təhsil
ikinci sırada yer alır ki, bu da təhsilə verilən
önəmi göstərir.
- Bu sahədə
ölkəmizdə vəziyyət necədir?
-
Respublikamızda da təhsil cəmiyyətin həyatında
mühüm rol oynayan, əhalinin sosial təhlükəsizliyinin
təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən
sahələrdəndir. Son illərin statistik rəqəmlərinin
təhlili respublikamızda 15 və yuxarı yaşlı əhalinin
həm savadlılıq, həm də təhsilə cəlb
olunma səviyyəsinə görə dünyanın
inkişaf etmiş ölkələri ilə müqayisə
olunan göstəricilərə malik
olduğunu göstərir. Əhalinin İqtisadi Fəallığına
dair statistik məlumatlara əsasən 2008-ci ildə
respublikamızda savadlılıq səviyyəsi 99.6% təşkil
edib. 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərinə
düşən tam ali təhsillilər 2001-ci ildə 108 nəfərdən
2009-cu ildə 117 nəfərə yüksəlib, natamam ali təhsillilər
isə sabit (9) qalıb. 2000-ci illə müqayisədə
2009-cu ildə ilk peşə-ixtisas təhsil müəssisələrinin
sayı 110-dan 108-ə kimi azalsa da, onlarda təhsil alanların
sayı 11.4% artıb. 2000-2001-ci tədris iliylə müqayisədə
2008-2009-cu tədris ilində ali təhsil müəssisələrinin
sayı artaraq 47-dən 53-ə çatıb. Müvafiq
dövrdə ali təhsil müəssisələrinin sayı
29-dan 37-yə yüksəlib, qeyri-dövlət ali təhsil
müəssisələrinin sayı isə 18-dən 16-ya enib.
Bu dövrdə ali təhsil müəssisələrində
(dövlət və qeyri-dövlət daxil olmaqla) təhsil
alanların sayı 16.3% artıb. Qeyd olunanlar son illərdə
təhsil sahəsində kəmiyyət dəyişikliklərini
əks etdirir. Lakin kəmiyyət dəyişiklikləri ilə
yanaşı, müstəqillik əldə olunduqdan sonra Azərbaycanın
təhsil sahəsində keyfiyyət dəyişiklikləri də
özünü qabarıq şəkildə göstərdi.
Beynəlxalq inteqrasiya, yeni informasiya texnologiyalarının,
Bolonya sisteminin tətbiqi və digər müsbət keyfiyyət
dəyişiklikləri təhsil sahəsinin inkişafına
müsbət təsir göstərir. Bütün qeyd
olunanlarla yanaşı təhsil sahəsində bir sıra
problemlər mövcuddur. Bu problemlərin
qarşısını almaq üçün təhsilə
ayrılan maliyyə vəsaitlərindən səmərəli
idarə olunmasına, təhsil üzrə yeni qanunvericilik
bazasının formalaşdırılmasına, peşə və
orta ixtisaslı kadrlara tələbin
azalmasının (sənaye və kənd təsərrüfatı
sahəsində) və bununla da orta ixtisas və peşə təhsilinə
marağın azalmasının qarşısının
alınmasına nail olmaq lazımdır. Bura təhsil sahəsində
innovasiyaların tətbiqinin azlığını da daxil etmək
olar. Fikrimizcə, təhsil sisteminin mövcud vəziyyəti gələcək
iqtisadi inkişafa mühüm təsir göstərəcək.
Buna görə də yüksək rəqabət şəraitində
təhsil sistemimizi innovativ inkişafa hazırlamalıyıq.
Biliklərə əsaslanan iqtisadiyyat mühitində investisiya
maddi obyektlərə deyil, qeyri-maddi obyektlərə - insan
kapitalına -təhsilə, elmə yönəlməlidir.
Çünki hər bir sahənin inkişafı həmin sahədə
fəaliyyət göstərən kadrların intellektual
potensialından asılıdır.
Beləliklə, aparılan təhlil nəticəsində
belə fikrə gəlmək olar ki, təhsil ölkə
iqtisadiyyatının inkişafında mühüm rol oynamaqla
yanaşı, həm də sosial təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rol oynayır. Odur ki, təhsil
sahəsində ciddi islahatlar aparılmalıdır. Bunun
üçün aşağıdakıların həyata
keçirilməsi zəruridir: - təhsilin keyfiyyəti
yüksəldilməli;- minilliyin qlobal
çağırışlarına uyğun olaraq “hamı
üçün təhsil”, “sərhədsiz təhsil”
ideyaları reallaşdırılmalı;- təhsil
innovasiyaları yaradılmalı;- universitetlərin elm və
innovativ inkişaf mərkəzlərinə çevrilməli;-
universitetlərin innovativ fəaliyyəti nəticəsində
rəqabətqabiliyyətli kadrlar hazırlanmalı;-
biznes-universitetlər yaradılmalı;- tədris müəssisələrinin
maddi-texniki bazası gücləndirilməli;- kompyuter mərkəzləri
yaradılmalı;- əmək bazarındakı tələbə
uyğun kadr hazırlığı həyata keçirilməli;Qeyd
olunanlar yaxın gələcəkdə respublikamızda təhsil
sahəsinin innovativ inkişafına təkan verməklə, əhalinin
sosial təhlükəsizliyinin təmin olunmasında
mühüm rol oynaya bilər.
Anar Miriyev
Palitra.- 2010.- 2
noyabr.- S. 7.