Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətdən təcrid
etmək çıxış yolu deyil
Cəmiyyətdə hamının təhsil almaq, işləmək və həyatını qazanmaq hüququ var. Lakin əlil insanların bu hüquqları pozulur. Bəzi ailələrdə sosial şərait və ekoloji problemlər həyata xəstə uşağın gəlməsinə səbəb olur. Nəticədə ailədə problem daha da artır (həm maddi zərbə - valideynlərin biri məcburiyət qarşısında işdən çıxıb uşağa baxmalı olur, həm də mənəvi zərbə - bizim mentalitetə uyğun psixoloji durum yaşanır, uşaq qapalı şəraitdə saxlanılır, cəmiyyətdən ayrılır). Nə qədər qəribə görünsə də, əlil insanların təhsil almaq hüququnu ilk olaraq məhz elə onların yaxınları əlindən alır. Bir neçə il bundan öncə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclərlə çalışan qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı yazılar hazırladıqda bir sıra reabilitasiya mərkəzlərinin rəhbərləri ilə görüşürdüm. Onlar bu məsələ üzərində xüsusi olaraq dayanırdılar. Mərkəzin əməkdaşları bildirirdilər ki, bir çox hallarda ailələr öz övladlarını məktəbə göndərməkdən boyun qaçırırlar. Onlar dünyaya fiziki məhdudiyyətlərlə gələn körpələrə ailənin utancı olaraq baxırlar. Buna görə də bir çox hallarda belə uşaqlar primitiv düşüncəli insanlar sayəsində təhsil almaqdan məhrum olurlar. Ən yaxşı halda isə orta məktəbi başa vurub evdən bayıra çıxmırlar. Və mənə çox qəribə görünən bir məqamı da qeyd etmək istəyirəm. Valideyinlər çalışır ki, övladlarını sağlam uşaqlardan nə yollasa təcrid etsin. Psixoloqlar qeyd edir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar sağlam yaşıdları ilə eyni məktəbdə təhsil almaqdan məhrum olduqları üçün bu onlarda kompleks yaradır. Belə uşaqlar yetkinlik yaşına çatdıqda artıq özünü cəmiyyətin bir fərdi olaraq görmür. Onlarda ali təhsil almaq, işləmək və bir sözlə, gələcəklə bağlı hər hansı bir yeni fikir olmur. Lakin əcnəbi ölkələrdə fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyasını ilk öncə ailə təmin edir. Xaricdə əlilliyi olan uşaqlar digər həmyaşıdları ilə birgə dərslərdə fəal iştirak edir, onların qayğısı və diqqəti ilə əhatə olunur. Yalnız gözdən əlil və eşitmə qabiliyyətindən məhrum olan uşaqlar xüsusi məktəblərdə təhsil alırlar. Bizdə isə əksinə, belə uşaqların təhsil almasına valideynlər ciddi yanaşmırlar. Ali təhsildən məhrum olduqları üçün bu insanlar hər hansı bir idarədə, dövlət müəssisəsində masabaşında təklif edilən bir işlə də məşğul ola bilmirlər. Nəzərə alaq ki, XXI əsr kompyuter əsridir və belə insanlar müxtəlif idarə və təşkilatlarda ən azı kompyuter arxasında əyləşərək hər hansı bir işin qulpundan yapışa, çox asanlıqla pul qazana bilərlər. Lakin onların təhsil alma imkanları məhdudlaşdırıldıqdan sonra iş tapma şansları da azalır. Belə insanlar ömürlərinin sonuna qədər evdə valideyn və ya digər yaxınlarının himayəsində və əlillərə verilən minimal təqaüdlə yaşamalı olurlar. Bax, beləcə onların hüquqları valideynləri tərəfindən əllərindən alınır. Son illər bir sıra QHT-lərin bu sahədə apardığı maarifləndirici layihələr nəticəsində artıq valideynlərin bir çoxu xüsusi qayğıya ehtiyacı olan övladlarını cəmiyyətdən təcrid etməyin vəziyyətdən çıxış yolu olmadığını dərk edirlər. Onlar fiziki məhdudiyyətlərlə dünyaya gələn körpələrinin təhsil alması və cəmiyyətin digər fərdləri kimi müxtəlif sahələrdə istedadlı bir mütəxəsis kimi yetişməsi üçün əllərindən gələni edirlər. Əlil olan insanların əmək vərdişlərinə yiyələnməsi və onların da cəmiyyətimizin digər fərdləri kimi, özünü tapması məsələsinə daha həssas yanaşmalıyıq. Ötən il üçün verilən bəzi statistik rəqəmləri nəzərdən keçirək. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, respublikamızda 2 034 400 uşaqdan 56 433-ü müxtəlif problemli əlildir. Səhiyyə Nazirliyinin Uşaq Ruhi Nevroloji Dispanserinin 2009-cu il məlumatına görə, 10 102 uşaq qeydiyyatdadır. Bakı Şəhəri Uşaq Nevroloji Xəstəxanasının rəsmi göstəricilərində isə xüsusi qayğıya ehtiyacı olan uşaqlardan uşaq serebral iflici dioqnozu ilə 800-ə yaxın uşağın dərsləri müvəqqəti dayandırmaqla xəstəxanada müalicə aldığı yer alıb. Qeyd etmək lazımdır ki, 5869 nəfər fiziki qüsurludur və onlardan 2968 nəfər çətin hərəkət qabiliyyətinə malik olan uşaqlar və gənclərdir. Qeyd edək ki, dünya üzrə əlilliyi olan insanların səkkiz faizi, yəni 400 milyondan artıq insan kasıb ölkələrdə yaşayır. Yoxsulluqla əlillik arasında birbaşa əlaqə mövcuddur. Misal üçün, əlilliyi olan insanların işsizlik statistikasını göstərmək olar. İnkişaf etməkdə olan ölkələrdə 80-90 faiz işə yararlı olmayan insanlar işsizdirlərsə, sənayeləşmiş ölkələrdə bu rəqəm 50 və 70 faiz təşkil edir. Onların təhsil və sağlamlıq hüquqları da mütəmadi olaraq pozulur. Bir sözlə, əlil insanların işsiz qalmasının səbəbi məhz hüquqlarının pozulmasıdır. Deməli, inkişaf etməkdə olan hər bir ölkə bu insanların işlə təmin olunmasına xüsusi diqqət yetirməlidir. Bunun üçün xüsusi dövlət proqramlarının hazırlanması da arzuolunandır.UNESCO-nun məlumatına əsasən, inkişaf etməkdə olan ölkələrdə əlilliyi olan uşaqların 90 faizi məktəbə getmir. Təxminən 20 milyon qadın hamiləlik və doğuş zamanı ağırlaşmalar nəticəsində əlillik qazanır. Əlilliyi olan insanların davamlı olaraq cəmiyyətdən təcrid olunma halları bütün dövlətlərin Əlilliyi Olan İnsanların Hüquqları üzrə Konvensiyanı və onun Könüllü Protokolunu imzalaması, ratifikasiya etməsi və yerinə yetirməsinin əhəmiyyətini ön plana çəkir. Gördüyünüz kimi, işsizlik və əlillik bir sıra ölkələrdə eyni anlam daşıyır. Çünki bir çox hallarda əlillərin əmək vərdişlərinə yiyələnə bilməməsi və ya təhsilsiz olması bir sıra ölkələrdə işsizlər ordusunun artmasına gətirib çıxarır. Ona görə də Əlil İnsanların Beynəlxalq Günü Əlil İnsanların Hüquqları üzrə Konvensiyanın və onun əlavə protokolunun ratifikasiya edilməsi və yerinə yetirilməsi öhdəliyinin yeniləşməsi ənənəsinin tam zamanıdır.Konvensiyada əsas fundamental tələblərdən biri də budur ki, milli qanunvericilik konvensiyada əks olunan bütün hüquqların təmin olunmasına qarant versin. Tərəfdaş dövlətlər konvensiyada əks olunan hüquqların milli qanunvericilikdə tətbiqinin ən yaxşı yollarını araşdırmalıdırlar. Konvensiyanın məqsəd və mahiyyətinə uyğun olmasını təmin etmək üçün qanunvericiliyin tətbiq olunması zamanı konvensiyadan müddəalar və ya ona istinadlar daxil edilməlidir. Tək qanunvericilik əlilliyi olan insanların bütün hüquqlardan istifadə etməsini təmin etmir. Dövlətlər əlilliyi olan insanların yaşayışına real təsir göstərmək üçün konvensiyanın müddəalarını həyata keçirməyə yardım edən siyasət və proqramlar yaratmalıdırlar. Əlilliyi olan insanlar üçün digər insanlar üçün olduğu kimi, bir hüququn rədd edilməsi bütünlükdə digər hüquqlar və imkanların rədd edilməsi deməkdir.33-cü maddədə deyilir ki, dövlətlər Konvensiya qaydalarının yerinə yetirilməsində monitorinqi həyata keçirmək üçün yerli monitorinq üzrə əlaqələndirici təyin etməlidir. Dövlətlər eyni zamanda müstəqil insan hüquqları üzrə institutlar kimi fəaliyyət göstərən müstəqil monitorinq mexanizmi də yaratmalıdırlar. Vətəndaş cəmiyyətinin, xüsusilə əlil insanların və onları təmsil edən təşkilatların tam iştirakı milli monitorinq və implementasiya prosesi üçün çox mühümdür. Onu da bildirək ki, Azərbaycanda hazırda əlil insanların cəmiyyətə inteqrasiyasını təmin edən onlarla QHT fəaliyyət göstərir. Onlar ilk növbədə cəmiyyətdə maarifləndirmə məsələləri ilə məşğul olsalar da, onlar arasında fəaliyyətini genişləndirərək belə uşaqların reabilitasiyası üçün kiçik mərkəzlər də açan oldu. Belə mərkəzlərdə uşaqlar psixoloqla da təmin olunurlar. Onların valideynləri ilə xüsusi söhbətlər aparılır və bir sıra problemlərin həllində reabilitasiya mərkəzinin əməkdaşları və valideynlər ortaq məxrəcə gəlirlər. Bu mərkəzlər sayəsində bir çox evlərdə “ailənin ayıbı” kimi dəyərləndirilən uşaqlar yaşıdları kimi təhsil alır, rəsm və ya teatr dərnəklərinə cəlb olunurlar. Bəzi mərkəzlərdə bəzən uşaqlar xalça toxumaq, dülgərlik kimi vərdişlərə də yiyələnirlər. Onu da qeyd edək ki, əlilliyi olan insanların şəxsiyyətinin tam və ahəngdar inkişafında incəsənətin mühüm faydası var. Açıq və demokratik cəmiyyət quruculuğunda bu insanların zəruri özünəxidmət vərdişlərinə yiyələnməsinə, onların həyatla uzlaşmasına, təhsilinə, qabiliyyət və bacarıqlarının üzə çıxarılmasına geniş imkanlar yaradılıb. Ayrı-ayrı illərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların daha da həvəslənməsi üçün müxtəlif sərgilər, inteqrativ teatr festivalları və s. keçirilib. Bu ənənə bu gün də davam edir. Təbii ki, bütün bunlar yaxşı haldır. Ancaq fiziki məhdudiyyəti olan insanları sırf incəsənət sahəsinə istiqamətləndirmək bir o qədər də yaxşı hal deyil. Məsələn, əgər onlardan biri rəssam və ya yaxşı toxucu olarsa, öz əl işlərini yalnız sərgidən-sərgiyə satmaq imkanı qazanacaq. Bir çox hallarda da belə sərgilər ildə bir dəfə QHT-nin təşəbbüsü ilə keçirilir. Üstəlik, aztəminatlı ailələrdə bu cür uşaqların yeni bir əsər işləməsi üçün əlavə material almağa belə imkanı olmur. Təbii ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar hər biri ayrı-ayrılıqda çox istedadlıdır. Üstəlik, onlar hər hansı bir fiziki qüsura malik olduqları üçün hər zaman özlərini cəmiyyətə təsdiq etmək üçün əzmlə çalışırlar. Bu uşaqlar arasında gələcəyin dizaynerləri, proqram təminatçıları, dilmancları, müəllimləri, stilistləri, həkimləri yetişə bilər. Ancaq cəmiyyətimiz nədənsə onları yalnız incəsənət sahəsinə itələyir. Bir şeyi də unuduruq ki, uduzan yenə də cəmiyyətimizdir.
Nüşabə
Palitra.- 2010.- 2 noyabr.- S. 11.