“Əlilliyi olan insanları yalnız rəssamlıq və ya toxuculuğa yönəltmək olmaz

 

Ötən sayımızda əlilliyi olan insanların cəmiyyətimizdə üzləşdiyi problemlərdən danışmışdıq. Elə bu günmövzunu davam etdiririk. Belə ki, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin direktoru Aydın Xəlilov əlil insanların cəmiyyətdə üzləşdiyi problemlərdən və eləcə də bu problemlərin həlli yollarından danışdı.  

 

Qeyd edək ki, A.Xəlilovun rəhbərlik etdiyi təşkilat 16-35 yaş arası əlil gənclərin problemlərinin həlli istiqamətində çalışır. O, təşkilatın məramını belə açıqlayır: “Biz istəyirik ki, belə gənclər heç kəsdən asılı olmayaraq  müstəqil yaşaya bilsinlər. Onların ali təhsil ala bilməsinə yardımçı olmaq problemlərini qismən də olsa aradan qaldırmaq istəyirik. Təbii, ehtiyac duyulub ki, bu cür mərkəz yaradılıb. Çünki bir sıra təşkilatlar var ki, bu sahədə fəaliyyət göstərirlər, ancaq onların fəaliyyətləri yalnız bir qisim məsələlərin həlli üçün uğurlu hesab edilə bilər. Ancaq biz bu təşkilatı sırf əlilliyi olan insanların öz həyatlarını qurması üçün kömək məqsədilə yaratmışıq”.Qeyd edək ki, A.Xəlilov bir sıra təşkilatlarla əməkdaşlıq edərək birgə layihələrin hazırlanmasında da fəal iştirak edir: “Əlil olan gənclərin və uşaqların inteqrativ tamaşalar festivalını keçiririk. Artıq bu il V festivaldır ki, biz ona hazırlaşırıq. Bu il biz bununla bağlı xaricdən peşəkarları dəvət etmişik ki, onlar uşaqlara master-klasslar keçsinlər. Ümumiyyətlə, istəyirik ki, əlilliyi olan insanlar öz bacarıqlarını incəsənət sahəsində göstərə bilsinlər, bu yolla da gələcəkdə müxtəlif incəsənət sahələrinə inteqrasiya oluna, müxtəlif teatr truppalarında işlə təmin oluna bilsinlər. Bununla onlar cəmiyyətə də inteqrasiya olunacaq, həm də gördükləri müqabilində əməkhaqqı da ala biləcəklər. Təbii ki, bizim fəaliyyətimizdə əsas istiqamət maarifləndirmədir. Biz bağçalardan tutmuş, ali məktəblərədək müxtəlif dövlət qurumlarında, təşkilatlarda əlilliyin dərki ilə bağlı təlimlər keçirik. Həm valideynlərlə, həm də əlil gənclərlə işləyirik. Yəni onlara əlillik, əlilliyin qarşısının alınması, ümumiyyətlə, əlilliklə necə yaşamaq lazım gəldiyi kimi məsələlərin həllində istiqamət göstəririk”.

 

- Əlil gənclərin işlə təmin olunması ilə bağlı hansı layihələriniz var?

- Artıq bir ildən artıqdır ki, biz əlil olan gənclərin ali təhsil alması və işə cəlb olunması kimi məsələlərlə məşğuluq. Və bu sahədə artıq bizim nəticələrimiz də var. “Access bankla birgə artıq ikinci dəfədir ki, əlil gənclər üçün treninqlər keçiririk. Treninqlərdən sonra imtahanlar keçirilirbu imtahanları uğurla başa vuran gənclərimiz həmin bankda işə götürülür. Hazırda 3 nəfər həmin bankda işlə təmin olunub. Bu aydan isə biz “Azercell”lə birgə treninqlər keçirməyi düşünürük. Bu treninqdə axtaran gənclərə özünü təqdimetmə və müştəri xidmətlərində müştərilərlə telefon danışıqlarının aparılması kimi məsələlər izah olunacaq. Bu, təmənnasız treninqlərdir. Gələcək planlarımız çoxdur.

- Əlillərin cəmiyyətdə özünütapma məsələsi olduqca aktualdır. Belə ki, onların işlə təmin olunması və ya təhsil alması kimi məsələlərdə valideynlərin biganəliyinin də şahidi oluruq. Ötən illərlə müqayisədə hazırda bu sahədə vəziyyət nə yerdədir?

- Əvvəlki illərlə müqayisədə indi cəmiyyətimizdə bu sahədə xeyli dəyişiklik baş verib. Yəni QHT-lərin maarifləndirməsindən sonra xeyli dəyişikliklər var. Və bu dəyişikliklər müsbət istiqamətdədir. Ancaq təəssüf ki, problemlər hələ də mövcuddur. Yəni işə düzəlmək və yaxud ali təhsil almaq kimi məsələlərdə əlil insanlar xeyli çətinliklərlə üzləşirlər.

- Çətinliklər nə ilə bağlıdır və hansı islahatlara ehtiyac duyulur?

- I II qrup əlilliyi olan insanlar bildiyiniz kimi, çəliklərdən ya əlil arabasından istifadə edirlər. Və onların hər hansı bir yerə getməsi üçün lazimi şərait və mühit olmalıdr. Təbii ki, yaxşı üçün hər bir insanın ali təhsili olmalıdır. Amma təəssüflər olsun ki, ali məktəblərin pilləkənləri və sair əlil arabasında olanya görmə qabiliyyətindən məhrum insanlar üçün bir sıra çətinliklər törədir. Bu kimi səbəblərdən də əlil insanlar ali təhsil almaqdan məhrum olurlar. Özəl sektorda təbii ki, kimin üçünsə lazimi şərait yaratmağa səy göstərmirlər. Çünki bu, onlar üçün artıq xərc hesab edilir. Əgər dövlət tərəfindən buna nəzarət olsa və ya bu baxımdan müəyyən cəzalar tətbiq olunsa, bəlkə də bu şərait yaradılar. Bu, dövlət səviyyəsində həllini gözləyən bir məsələdir ki, özəl sektorda əlillər üçün şəraiti yaradılsın. Dövlət qurumlarında isə əlil olan insanlar üçün yerləri belə  yoxdur. Çünki tibbi ekspertizadan sonra I və II qrup əlil insana verilən kağızın arxasında yazılır ki, onun qabiliyyəti yoxdur və kənar şəxsin köməyinə ehtiyacı var. Və budamğadan sonra dövlət qurumlarında əlilliyi olan insanın işə ğötürülməsi prosesi çətinləşir. Yəni bu sahədə tibbi komissiyalarda müəyyən islahatlar aparılmalıdır.

- Avropada bu sahədə vəziyyət necədir?

- Xaricdə əlil insanlar üçün çox gözəl şəraiti var. Konkret bununla bağlı olaraq biz ABŞ-la təcrübə mübadiləsi aparırdıq və oraya ezam olunmuşduq. ABŞ-da 30 il bundan öncə əlillik haqqında akt qəbul ounub. Və buna əsasən hər yerdə, ictimai yerlərdə, binaların qarşısında mütləq şəkildə əlillər üçün şərait yaradılıb. Bu şərait olmadığı təqdirdə isə əlillərin hüquqlarını müdafiə edən təşkilatlar məhkəməyə müraciət edə bilərlər. Ona görə də xaricdə əlil insanların təkcə işsizlikya təhsil problemləri deyil, onların necə asudə vaxt keçirməsi də diqqət mərkəzindədir. İlk növbədə onu nəzərə almaq lazımdır ki, əlil olanlar da insandırlar. Onlar da teatra, kinoya getmək istəyir, kitabxanada mütaliə etmək arzusundadırlar. Həmin yerlərə getmək üçün əlillər nəqliyyatdan istifadə etməlidir. Nəzərə alaq ki, bizim ictimai nəqliyyatımız da əlil insanlar üçün əlverişli deyil.

- Xoşa gəlməyən daha bir məqam isə əlil insanların yalnız incəsənət sahəsinə istiqamətləndirilməsidir. Nədənsə biz əlil olan insanların intellektual sahələrdə çalışmasına köməklik etmirik...

- Bunu yalnız köhnə fikirli insanlar düşünə bilər. Sərgilərin keçirilməsi də pis deyil. Ancaq rəssamlıqdan və ya toxuculuqdan daha çox cəmiyyətdə digər peşələrə yiyələnmək lazımdır. Nə üçün əlil insanlar ofisdə işləməməlidir? Əlilliyi olan insanlar cəmiyyətdən təcrid olunmamalıdır. Bu hallar maarifləndirilməmiş ailələrdə baş verə bilər. Biz hamı kimiyik. Bizə - əlilliyi olan insanlara şərait yaradılsa, əlil olan insanlar müxtəlif peşələrə yiyələnə bilər. Mən yenə də deyirəm, insan ola bilər ki, əlil arabasında olsun, ancaq onun ayaqları işləməsə də, beyni və əlləri işləmək qabiliyyətinə malikdir. O, müəyyən bir idarədə kompyuter arxasında, ofisdə çalışa bilər. Kompyuter texnikasından istifadə edərək o, memar belə, ola bilər. Məsələn, xaricdə görmə qabiliyyəti olmayan insanlar xüsusi proqramlar vasitəsilə ofislərdə işləyə bilirlər. Peşə hazırlığı mərkəzlərində bu proqramların tətbiqi olduqca vacibdir. Bizim təşkilatın fəaliyyəti bir qədər fərqlidir. Bizim fikrimizcə, əlil insanlar hər sahədə çalışa bilərlər. BizMüşfiqReabilitasiya Mərkəzi ilə birgə artıq 2006-cı ildən bəri bu sahədə əməkdaşlıq edirik. “Müşfiq” mərkəzinin rəhbəri Validə Abbasova uşaqlar və onların valideynləri ilə çalışır. Bizim təşkilat isə gənclərlə çalışır.

- Bir çox ailələrdə əlil olan uşaqların təhsil alması valideynlər tərəfindən əngəllənir. Valideynlər belə uşaqları “ailənin utancı” olaraq qiymətləndirir və nəticədə bu uşaqlar təhsil ala bilmir. Deməli, gələcəkdə belə uşaqların təhsil alması da mümkün olmur.

- Biz harda oluruqsa olaq, rayonlarda da əsas olaraq maarifləndirmə fəaliyyətimizi genişləndiririk. Biz ailələri başa salırıq ki, onlar da hamı kimidirlər. Onları cəmiyyətdən təcrid edib evlərdə gizlətmək olmaz. Onların işləməsi və cəmiyyətə inteqrasiyası üçün sadəcə lazımi şərait yaradılmalıdır. Biz onlara xüsusi qayğıya ehtiyacı olan uşaqya gənc demirik. Biz onlara xüsusi bacarıqlı insanlar deyirik. Çünki biz onlarla bir müddət işlədikdə onlarda hər hansı bir bacarığı aşkarlaya bilərik. Biz həmin uşaqlarla müəyyən təlimlər və psixoloji söhbətlər aparırıq ki, onlar müsabiqələrdə utanmasınlar, daha sərbəst olsunlar. Eyni zamanda valideynlərlə də maarifləndirici treninqlər keçirilir. Biz bacardığımızı edirik ki, cəmiyyət bu insanlar arasında sədd yaratmasın. Ona görə cəmiyyət özü başa düşməli və qəbul etməlidir ki, belə uşaqları gizlətməklə problemlər heç vaxt həll olunmur. Əlilliyi olan insanlar üçün şərait yaradılmalıdır ki, bu insanlar özlərini cəmiyyətimizn tam və bərabərhüquqlu, bərabər imkanlı fərdi kimi hiss etsin.A.Xəlilov onu da bildirdi ki, mərkəz gənclərin işlə təmin olunması üçün yeni layihələr üzərində də çalışır. Artıq bir sıra şirkətlərə bu barədə müraciət olunub və əməkdaşlıq üçün cavab gözlənilir. Bundan başqa mərkəzdə əlil gənclər üçün xarici dil kursları da təşkil olunub. Müəllimlər də elə əlillik problemi ilə üzləşənlərdir. A.Xəlilov bildirir ki, belə gənclər üçün xaricdə işləmək şansı da yaranır: “Bu, real şansdır və dili tam öyrənən gənclərimiz ABŞ-da çalışmaq imkanı qazanır. Ancaq biz vətənpərvər təşkilatıq. Əgər hamı işləmək üçün xaricə üz tutsa, bəs burada kim qalacaq? Bizim arzumuzdur ki, elə öz ölkəmizdə bu insanlar çalışsınlar və xeyiri də elə öz ölkəmizə versinlər”.

 

 

Nüşabə

 

Palitra.- 2010.- 3 noyabr.- S. 6.