İKT sahəsində
səriştəli kadrların formalaşması üçün maddi-texniki
bazanın səviyyəsi qənaətbəxş
olmalıdır
Layihə
çərçivəsində İKT sektoruna aid təcrübəli,
savadlı və peşəkar kadrlarımızın
formalaşması məsələlərinə də
toxunmağı lazım bildik. Çünki sözügedən
sahə getdikcə dünya çapında daha çox
aktuallıq kəsb etməyə başlayıb. Belə ki,
hazırkı informasiya əsrində İKT sahəsi
aparıcı və cəmiyyətin inkişafını
yönləndirən ən əsas sahələrdən birinə
çevrilib. Cəmiyyətin müasir inkişaf şərtlərindən
biri hazırda məhz İKT sektorunun inkişafı ilə
sıx şəkildə bağlıdır. Bu baxımdan
ölkəmizin İKT sahəsi ilə bağlı mövcud
olan vəziyyət, problemlər və onların həlli
yolları kimi məsələlərə toxunmağı məqsədəuyğun
hesab edirik. Eyni zamanda ölkəmizdə
bu sahəyə aid kadr qıtlığının olması da
tez-tez gündəmə gətirilir və bildirilir ki, İKT
sektorunu inkişaf etdirmək üçün birinci növbədə
bu mütəxəssis çatışmazlığı
aradan qaldırılmalıdır. Həmçinin onu da nəzərdən
qaçırmaq lazım deyil ki,
insan kapitalının formalaşması prosesində
İKT sahəsi üzrə mütəxəssislərin
çəkisini və rolunu artırmaq müasir ictimai
inkişaf məqsədlərinə xidmət etmiş
olardı.
“Orta məktəblərdə
informatikanı tədris edən normal, yüksək səviyyəli
kadrların sayı çox azdır”
Mövzu
ilə bağlı bizə fikirlərini bildirən ekspert Osman
Gündüz ölkəmizdə sözügedən sahə
üzrə daha çox hansı konkret sahələr üzrə
kadr çatışmazlığı olduğu ilə
bağlı belə düşünür: “Orta məktəblərdə
informatikanı tədris edən normal, yüksək səviyyəli
kadrların sayı çox azdır. Bu kadrların
sayının olduqca çox olmasına ehtiyac duyulur.
Çünki bu ixtisaslarla bağlı çoxlu sayda vakant
yerlər var. Halbuki həmin vakansiyalar hazırda başqa
ixtisaslara aid mütəxəssislər tərəfindən
doldurulur. Bu fənni tədris etmək ayrı-ayrı fənn
müəllimlərinə həvalə edilir. Məsələn,
fizika müəllimi, riyaziyyat, bəzən hətta, bədən
tərbiyəsi müəllimi bu fənni tədris edir. Bəzən
isə mühasib işləyən şəxsləri də
informatikanı tədris etməyə göndərirlər. Ona
görə də biz hesab edirik ki, ali məktəbləri bitirən,
xaricdə bu cür ixtisaslarla bağlı təhsil alan və
İKT üzrə ixtisaslaşan mütəxəssislər bu
problemi həll etmək üçün bir plan
hazırlanmasına cəlb edilməlidirlər. Eləcə də
müvafiq qurumlar, dövlət orqanları bu məsələni
ciddi nəzarətə götürməlidirlər. Bununla
bağlı olaraq biz də bir təklif irəli
sürürük. Məsələn, xüsusi olaraq məktəblərdə
İKT sahəsi üzrə laborant hazırlayan bir kollecin yaradılması
lazımdır. Bu məsələ gündəmə gətirilə
bilər. Yəni orta məktəblərdə informatika fənni
üzrə kadr problemini həll etmək üçün bu, əsas
addımlardan biri olmalıdır. Yoxsa informatikanın tədrisində
keyfiyyət əldə etmək mümkün deyil. Biz bunun
üçün orta məktəblərə normal
hazırlıq səviyyəsi olan peşəkar kadrlar göndərməliyik
ki, sonra İKT bilgiləri üzrə şagirdlərdən
normal keyfiyyət tələb edək”.
“Ali məktəblərin əksəriyyətində
hələ də köhnə proqramlaşdırma dilləri tədris
olunur”
Məlum
olduğu kimi, İKT sahəsi çox geniş bir sahədir və
burada müxtəlif istiqamətlər üzrə kadrların
hazırlığına ciddi ehtiyac duyulur. Konkret hansı
istiqamətlər üzrə daha çox ehtiyac duyulduğu ilə
bağlı fikirlərini bildirən O.Gündüz onu da dedi
ki, orta məktəblərdə İKT üzrə laborantlardan
başqa, tədrisdə internet, məktəbin bununla
bağlı şəbəkəsi, kompyuterlərə xidmət
və sair məsələlər nəzarətə
götürülməlidir: “Bir sözlə, bir istiqamət məhz
orta məktəblərlə bağlıdır. İkinci
istiqamət isə ali məktəblərdə müasir
proqramlaşdırmanın tədrisi ilə
bağlıdır. Bizim ali məktəblərin əksəriyyətində
hələ də köhnə proqramlaşdırma dilləri tədris
olunur. Bu isə İKT üzrə keyfiyyətli təhsil səviyyəsinə
uyğun deyil. Çünki dünyada artıq bunlardan istifadə
olunmur. Amma bizdə hələ də bu köhnəlik
qalmaqdadır. Çünki müəllimlərimiz ancaq bunu
bilirlər. Ona görə də hesab edirəm ki, xarici ölkələrdə
müasir proqramlaşdırma dillərini öyrənməklə
bağlı çoxlu təyinatlar lazımdır. Xarici təhsil
alan gənclərimiz bu sahədə ixtisaslara yiyələndikdən
sonra ölkəyə qayıdıb yeni və keyfiyyətli
İKT təhsilinin standartlaşmasında yaxından töhfələrini
verməlidirlər. Çünki hazırda bu sahədə
ciddi problem duyulur”.
“Mobil, “Java” texnologiyaları ilə
bağlı sahələrdə çatışmazlıqlar
var”
Mütəxəssisin
sözlərinə görə, üçüncü məqam
dövlət orqanlarında və özəl şirkətlərdə
sistem proqramlaşdırması, yeni proqramlaşdırma dillərində
hazırlanacaq məhsulların yaranması ilə bağlı
da ciddi problemlərin, çatışmazlığın
olması ilə əlaqədardır: “Məlumdur ki, müxtəlif
texnologiyaların bir-birinə inteqrasiyası prosesi gedir. Hər
gün bu cür məsələlərlə bağlı
KİV-dən də yeni inormasiyalar alırıq. Bu inteqrasiya
prosesində isə bizdə də müvafiq, vahid proqram məhsulları
olmalıdır ki, onların üzərində iş
aparılsın. Bunun da əldə edilməsi
üçün sırf peşəkar kadrların
mövcudluğu lazımdır. Onlar ən yeni İKT
texnologiyaları ilə işləməyi və onları
İKT sistemimizə tətbiq etməyi bacarmalıdırlar.
Amma qeyd etdiyimiz kimi, bu sahədə kadrlarımız defisit təşkil
edir”.Çatışmazlığa misal olaraq O.Gündüz
bir sıra sahələrin də adını çəkdi: “Məsələn
mobil, “Java” texnologiyaları ilə bağlı sahələrdə
bununla bağlı çatışmazlıqlar var. Bu istiqamətlərdə
bizdə kadrlara ehtiyac var və ehtiyac zaman keçdikcə daha
da artmaqdadır. Amma bunun qarşılığı olaraq həmin
sahələr üzrə yeni kadr artımını
müşahidə etmirik”.Yeni İKT texnologiyalarının tətbiq
edilməsi ilə bağlı şəraitin
yaradılması, bunun üçün lazımi və
müasir avadanlıq və texnologiyaların mövcudluğu
da əsas şərtlərdən biridir. Bu baxımdan İKT
sahəsində ciddi və səriştəli kadrların
formalaşması üçün maddi-texniki bazanın
ümumilikdə səviyyəsi də qənaətbəxş
olmalıdır. Bununla bağlı ekspert öz fikirlərini
belə bildirdi: “Bu sahədə də bizdə hələlik
bir sıra problemlər mövcuddur. Ümumiyyətlə, bu
problemlərə bir qədər qlobal və ciddi yanaşsaq,
bizdə İKT bazarında müəyyən bir
anlaşılmazlıq var. Yəni bu sahədə sərbəst,
azad rəqabət, inkişafa ciddi stimul verən şəraitin
olması zəruridir. Bizdə hələ belə bir rəqabət
şəraiti tam formalaşmayıb. Bu sahədə özəl
tərəflərin fəaliyyətinə ciddi şərait
yaratmaq lazım gəldiyi bir halda, hələ də dövlətin
İKT-də xüsusi çəkisi ağırlıq təşkil
edir. Məsələn, adicə internet bazarını
götürsək, bu sahədə dünyada analoqu olmayan bir
situasiya ölkəmizdə var. Belə ki, bu bazarda dövlətin
nəzarətində olan provayderlər özəl provayderləri
sıxışdırıraraq, onlara çox az rol
ayırıb. Dövlətin özü burada qiymətləri
diktə edir. Konkret qeyd etsək, “Aztelekom” və “Bakinternet”
provayderləri dövlətin internetlə bağlı subyektləri
sayılır və onlar bazarda əksər imkanları ələ
keçiriblər. Bunlar kommersiya ilə məşğuldurlar.
Özəl provayderlər son illərdə bunlarla rəqabətə
tab gətirə bilmirlər. Ona görə də bu problemə
ciddi diqqət yetirmək lazımdır”.Ekspertin sözlərinə
görə, bu məsələdə başqa bir məqam da
xüsusi olaraq qeyd edilməlidir: “Bu məsələyə
köklü yanaşma birinci ondan ibarət olmalıdır ki,
bu cür kommersiya və ticarətlə məşğul olan
provayderlər özəlləşdirilməlidir. Bunun
üçünsə tədrici addımlar
atılmalıdır. Çünki onlar birdən-birə
özəlləşdirilə bilməz. Hər halda, bu özəlləşdirilmə
prosesinin əsası qoyulmalıdır və nəticədə
həm provayderlər, həm də operatorlar özəlləşdirilməlidir.
Daha sonra isə İKT bazarında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin kommersiya və tənzimləmə
səlahiyyyətləri ləğv edilə bilər. Bundan
başqa isə bazarda bütün beynəlxalq aləmdə
olduğu kimi, müstəqil tele-kommunikasiya şurası
yaradılmalıdır. Məhz dövlətin də normal fəaliyyətinə
diqqət yetirməli olduğu belə bir şura bazarda
müvafiq fəaliyyət tənzimləmələri ilə məşğul
olmalıdır. Belə olarsa, sözügedən sahədə
vəziyyət xeyli yaxşılaşacaq və qabaqcıl
standartlar tətbiq edilmiş olar”.
İlkin
Palitra.- 2010.- 8 noyabr.- S. 11.