“Elmi-texniki tərəqqi insandan başlanır, insanla da qurtarır”

 

Layihə çərçivəsində elm sahəsində mükəmməl kadr kimi formalaşmanın zəruriliyi məsələsinə toxunmağı lazım bildik. Bu məsələnin müzakirəsini zəruri edən bir sıra amillər var. Məsələn, Azərbaycanda elmlə məşğul olan insanların, xüsusən də gənclərin öz potensiallarını, əldə etdikləri bilikləri reallaşdırması baxımından ciddi problemlər mövcuddur. Buna səbəb həm də elm sahəsinə strateji cəhətdən yanaşılmamasıdır. Belə ki, bu gün elmin iqtisadi həyata tətbiq edilməməsi, biliklər iqtisadiyyatının formalaşmaması elmlə məşğul olan kadrları yalnız “elm naminə elm” prinsipi ilə daha çox fəaliyyətdə olmalarına vadar edir. Elm adamları insan kapitalı olaraq cəmiyyətimizin rəqabətli dünyada inkişafına lazım olduğu qədər töhfə verməyə səfərbər oluna bilmirlər. Bu isə bir daha sözügedən məsələnin aktuallığını və müzakirəsini əsaslandırmış olur. Bu səbəbdən elmin cəmiyyətin inkişafı baxımından mahiyyətinin açılmasına fəlsəfi yanaşmanı oxucuların diqqətinə təqdim etməyi qərara aldıq. Mövzu ilə bağlı AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri Səlahəddin Xəlilov bizimlə fikirlərini bölüşdü. Professorun fikrincə, elmi yalnız mədəni sərvət kimi başa düşmək, ondan heç bir maddi səmərə və tətbiq gözləməmək, ona tam təmənnasız münasibət bəsləmək ayrı-ayrı adamlara xas ola bilər, lakin dövlət belə mövqedən çıxış edə bilməz. Alimə ola bilsin ki, yalnız hikmət, dövlətə isə həm də güc lazımdır: “Şərqin ənənəvi təfəkkür tərzini müasir dövrdə dövlət siyasəti miqyasında təbliğ edən mütəfəkkirlərə hələ rast gəlmək mümkündür. Görkəmli hind filosofu və siyasi xadimi M.Qandi elmdən maddi qüvvə mənbəyi kimi, texniki tərəqqi naminə istifadə etməyin ardıcıl əleyhdarı olub. O, bu mövqeyi hər cür zorakılığa qarşı mübarizə proqramına uyğun olaraq seçib. Onun fikrincə, insanlara qüvvət deyil, şəfqət lazımdır. Zorakılığın qarşısını zorakılıqla almaq mümkün deyil. Lakin bəşər tarixi, həyat təcrübəsi göstərir ki, zorakılıq əleyhinə uğurla mübarizə apara bilmək üçün də güclü olmaq lazımdır. XX əsrin böyük mütəfəkkir şairi H.Cavid ənənəvi Şərq fəlsəfəsini real həyat mövqeyindən nəzərdən keçirərək zorakılıq ideyası ilə yanaşı maddi təməldən ayrılmış həqiqət ideyasını da tənqid edib, bütün yaradıcılığı boyu kitabla qılıncın, həqiqətlə gücün vəhdəti ideyasını bədii şəkildə tərənnüm edib. Ən başlıcası isə budur ki, H.Cavid yaradıcılığında bu ideya orta əsrlər üçün səciyyəvi olan fərdi bilik və əməlin vəhdəti ideyasından fərqli olaraq bir şəxs miqyasından kənara çıxır, ictimai qrup, xalq, ölkə miqyasında irəli sürülür”. Professor belə qeyd edir: “Elə hadisələr vardır ki, onlar yalnız böyük miqyas şəraitində həyata keçir. Sənət əsərləri çox vaxt fərdi yaradıcılığın məhsulu olduğu halda elm K.Marksın dediyi kimi, ümumcəmiyyət hadisəsidir. Elmdən praktikada istifadə edilməsi də ancaq böyük ictimai miqyaslarda həyata keçirilə bilər. Sosializm cəmiyyətində elm yalnız dövlət miqyasına yüksəldikdə real qüvvəyə çevrilir. Ona görə də elm adamının nisbi müstəqilliyini və şəxsiyyət bütövlüyünü təmin etmək də müvafiq dövlət siyasəti tələb edir. Sənətkarla onun əsərinin “istehlakı” - mənimsənilməsi arasındakı sosial məsafə nisbətən qısadır, ona görə də sənət adamının sərbəstlik dərəcəsi nisbətən yüksəkdir. Elm, texnika və təhsil sahələrində isə bu məsafə böyük olduğundan burada ciddi sosial-mənəvi problemlər ortaya çıxır”. Bu gün elmi-texniki tərəqqi sahəsindəki nailiyyətləri ilə bütün dünyanı heyrətləndirən Yaponiya Şərq və Qərb düşüncə tərzinin üzvi surətdə birləşməsinə nail olan, əsrlər boyu formalaşmış əxlaq-məişət ənənələrini istehsalatda uğurla tətbiq edə bilən yeganə ölkədir: “Dövlətin iqtisadi siyasəti ilə xalqın ənənəvi təfəkkür tərzi arasındakı ziddiyyət minimuma endirilib”. Professora görə, dövlət iqtisadiyyatı elmi əsaslarla idarə etməyə çalışır: “Amma bu elmi əsaslar özü hələ tam formalaşmayıb. Onu istehsal sahəsində çalışan bütün adamlara, geniş xalq kütlələrinə çatdırmaq isə daha çətin bir vəzifədir. Əgər belədirsə, onda ictimai psixologiyanın real vəziyyəti ilə də hesablaşmaq lazım gəlir”. Elm qlobal hadisədir: “Hər yerdə, hamı üçün vahid bir elm var. İstehsal müəssisələri isə konkretdir, özünəməxsus xüsusi şəraitə malikdir. Burada sosial mühit də, mənəvi iqlim də özünəməxsus ola bilər. Deməli, elmin praktik tətbiqi hadisəsi hansı pillədə isə yenidən cəmiyyət miqyasından fərdi miqyasa enir, fərdin düşüncə tərzi, biliyi, fiziki imkanları, əməli iş qabiliyyəti ilə səciyyələnir”. S.Xəlilovun fikrincə, elmi-texniki tərəqqi insandan başlanır, insanla da qurtarır: “İstər-istəməz sual ortaya çıxır ki, bu prosesin başlanğıcında və sonundakı insanlar bir-birindən nə ilə və hansı istiqamətdə fərqlənirlər? Bunlardan hansı elmi-texniki tərəqqinin təsirinə daha çox məruz qalır? Bu prosesdə iştirak edənlər nə qazanır və nə itirirlər? Elmi-texniki tərəqqi prosesində insan öz fiziki və əqli qabiliyyətini həm bilavasitə, həm də süni vasitələrlə təkmilləşdirmək imkanı əldə edir. Əgər təbiət qüvvələrindən istifadə insanın maddi güc və qüdrətini artırırsa, müasir kibernetikanın nailiyyətləri insanın intellektual imkanlarını genişləndirir. Hər iki qabiliyyətin sayəsində insanın əməli iş imkanları da artır və obyektiv gerçəkliyi, təbiəti məqsədəuyğun surətdə dəyişdirmək üçün daha böyük perspektivlər açılır. Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş nailiyyətlər zirvəsindən daha aydın görünür. İnsan bu zirvədən elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz mənafeyinə (sosializmdə - ictimai mənafeyə) uyğun, planlı surətdə idarə etməyə çalışır.Elmi-texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi potensialın bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir dövrdə iqtisadi və sosial tərəqqinin tələbləri baxımından daha aktual və daha səmərəli olan tədqiqat sahələrinin ön plana çəkilməsi elmi potensialın daha çox dərəcədə məhz həmin sahələrdə cəmlənməsini tələb edir. Baxmayaraq ki, müasir dövrdə elm nisbi müstəqil inkişaf imkanı əldə edib, istehsalatın real tələbləri bu gün də elmin inkişafına ciddi təsir göstərir və bu təsirin plana uyğun surətdə tənzim edilməsi elmi idarəetmə qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifənin uğurlu həlli üçün həm iqtisadiyyatın, həm də elmin inkişaf perspektivlərini qabaqcadan düzgün müəyyənləşdirmək tələb olunur”. Alim düşünür ki, ən yaxın gələcəkdə və nisbətən sonrakı dövrdə hansı elm sahələrinin iqtisadiyyat üçün daha böyük əhəmiyyət kəsb edəcəyini təyin etmək və planlaşdırma zamanı bunu nəzərə almaq heç də asan məsələ deyil: “Müasir dövrdə ölkəmizdə neft-kimya sənayesinin, elektron-hesablama maşınları və mikroprosessor texnikasının inkişafına üstünlük verilir. Bu sahələrin intensiv inkişafı isə öz növbəsində fundamental elmlərin müvafiq aspektlərinin intensiv inkişafını nəzərdə tutur. Üstün istiqamətlərin seçilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsalata nəzərən qabaqlayıcı rol oynadığından iqtisadi və texniki tərəqqi proqnozlaşdırılarkən elmin perspektiv imkanları əvvəlcədən nəzərə alınmalıdır. Elm isə yaradıcı sahə olduğundan burada tam dəqiq proqnoz və konkret planlaşdırma mümkün deyil. Lakin elmin yaxın gələcəkdə nə kimi praktik tətbiq imkanlarına malik olacağı fundamental elmlərin bugünkü real vəziyyəti və inkişaf meyilləri əsasında müəyyənləşdirilə bilər”. Filosof bunu belə əsaslandırır ki, fundamental elmi yeniliklərdən praktik tətbiqə qədər olan bütün mərhələlərin keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir.

 

 

İlkin Ağayev

 

Palitra.- 2010.- 9 noyabr.- S. 11.