“Sosiologiya sahəsinə aid gənc
kadrların formalaşması problemlərinə aid təhlillər
aparılmalıdır”
Layihə
çərçivəsində sosiologiya sahəsində
mövcud olan vəziyyət, empirik sosial tədqiqatların
aparılmasının səviyyəsi və bu sahədə
kadr potensialının formalaşması problemlərinə
toxunduq. İnsan kapitalının formalaşması
baxımından sözügedən sahədə biliklərin
zəngin olması lazımdır ki, ictimai şüur səviyyəsi
də yüksək olsun. Bu baxımdan insanlarımız
sosioloji məsələlər, sorğular, digər empirik
sosioloji tədqiqatlar barədə lazım olan səviyyədə
bilgilərə malik olmalıdırlar. Bu, ümumi ictimai
inkişaf səviyyəsinin artmasına xidmət etməlidir.
Bunun üçün isə birinci növbədə həmin
sahədə ciddi, bacarıqlı və hazırlıqlı
kadrların yetişdirilməsinə ciddi ehtiyac var.
Mövzu
ilə bağlı bizə fikirlərini bildirən sosioloq, Azərbaycan
Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz
Süleymanov qeyd edir ki, bu sahə ilə bağlı birinci
növbədə empirik sosial tədqiaqatların keçirilməsində
ciddi nöqsanlar özünü büruzə verir: “Hazırda
Azərbaycanda yerli və xarici təşkilatların dəstəyi
ilə müxtəlif mövzularda sosioloji sorğular, həmçinin
digər empirik tədqiqatlar keçirilir. Vaxtaşırı
həmin tədqiqatların nəticələri mediada da
işıqlandırılır. Hətta buna istinad edərək
bəzi media orqanlarında tok-şoular da təşkil olunur və
həmin tədqiqatın nəticələri ictimai rəy kimi
təqdim olunur. İctimaiyyət isə empirik sosial tədqiqatlar
barədə kifayət qədər və təfərrüatı
ilə informasiyaya malik olmadığı üçün
“ictimai rəy” kimi təqdim edilən nəsnələrlə
təhlil aparmadan razılaşmalı olur, yaxud da belə
“sorğu nəticələri” ilə barışmalı
olur.Azərbaycan müstəqillik qazanandan sonra bu cür tədqiqatlar
əksər hallarda mahiyyətcə səthi və formal
xarakter daşıyıb və sosial reallığı əks
etdirməyib, nəticədə media da empirik sosial tədqiqatlar
və onların nəticələrini təhrif olunmuş
formada cəmiyyətə təqdim edib. Əhalinin bu cür tədqiqatlara
cəlb edilməsi də arzuedilən səviyyədə deyil.
Çünki insanlar əksər hallarda belə tədqiqatlarda,
o cümlədən sosioloji sorğularda iştirak etməkdən
ehtiyatlanırlar. Bu isə birinci növbədə onların
bu sahədə məlumatsızlığından irəli gəlir”.Sosioloq
qeyd edir ki, sosial institutların formalaşması və
inkişafı baxımından cəmiyyətin qeydedilən məsələlərlə
bağlı ətraflı məlumatlanması və maariflənməsi
olduqca aktualdır. Problemi aktuallaşdıran məsələlərdən
biri isə odur ki, sosial-siyasi sferada indiyə qədər
fundamental, empirik tədqiqatlar bir çox hallarda demək olar
ki, lazımi səviyyədə aparılmayıb.
Sözügedən sahədə problem təkcə bununla
bitmir. Empirik sosial tədqiqat aparan yerli QHT-lər də bu sahədə
təcrübəsizlik nümayiş etdirirlər. Eyni zamanda
onlar metodoloji qeyri-dəqiqliklərə,
yanlışlıqlara yol verirlər. Məsələn, siyasi
və qrup maraqlarının təsiri sosioloji sorğuların
nəticələrinə şübhəsiz ki, təsir
edir.Bütün bunların nəticəsində, əksər
sorğuların etibarlılıq dərəcəsi
aşağı düşür: “Məsələn, bu
yaxınlarda ABŞ Dövlət Departamentinin narkotiklərlə
bağlı hesabatında Azərbaycandakı tələbələrin
31 faizinin “narkoman olduğu” iddia edilmişdi. Bu hesabatda ilk
növbədə Azərbaycanda sorğu aparan yerli QHT-lərə
istinad edildiyi bildirilmişdi. Məlum olduğu kimi, bu rəqəm
şişirdilmiş və reallığı qətiyyən əks
etdirməyən bir göstərici idi. Ona görə də
son anda ABŞ Dövlət Departamenti bununla bağlı rəyini
dəyişməyə məcbur oldu və təkzib verdi”. Sosioloq deyir ki, belə məsələlərdə
xüsusilə metodoloji problemlər qabarıq formada
özünü büruzə verir. Belə ki, empirik sosioloji tədqiqat
hesab olunan sosioloji sorğunun sosial faktların və
informasiyanın sadə toplanması prosesi olmadığı əksər
hallarda nəzərdən qaçırılır. Bu,
özündə informasiya toplanması üçün
xüsusi elmi prosedura malik, xüsusi sosioloji texnologiyaların
istifadə olunduğu bir tədqiqat növüdür: “Beləliklə,
xüsusi sosioloji təhsili olmayan və yaxud ən azı
sosioloji təfəkkürə malik olmayan, eyni zamanda sosioloji
sorğuların hazırlanması və tətbiqi sahəsində
xüsusi elmi hazırlığı, təcrübəsi
olmayan şəxslər və təşkilatlar tərəfindən
aparılan sorğuların nəticələri qeyri-elmi
prinsiplərə söykəndiyi üçün etibarlılıq
dərəcəsi aşağı olur. Eyni zamanda əldə
olunan statistik nəticələrin düzgün təhlili də
informasiyanın toplanması qədər əhəmiyyətlidir.
Burada artıq konkret olaraq sosioloji bilik və təfəkkür
tələb olunur. Bu keyfiyyətlərə sahib olmayanlar, sosioloji
sorğu bütün tələb olunan şərtlərə əməl
olunaraq keçirilmiş olsa belə, sorğunun nəticələrini
düzgün qiymətləndirə bilməməkdədirlər”.
Empirik sosial tədqiqatlarla bağlı qeyd edilən ikinci məqam
göstərir ki, bu sahədə kadr problemi də
mövcuddur: “Özünü sosioloq adlandıranlar arasında
müxtəlif peşə sahiblərinə və elmin digər
sahələrinə aid insanlara rast gəlmək olar. Bu səbəbdən
də sözügedən sahədə mövcud metodoloji
yanaşma prinsiplərində pərakəndəlik
müşahidə olunur və bu da nəticədə mediada
empirik sosial tədqiqatlar, o cümlədən sosioloji
sorğuların məzmun və forma etibarilə elə onu
keçirənlər tərəfindən çox vaxt təhrif
olunmasına gətirib çıxarır. Bütün qeyd
edilənlər Azərbaycan ictimaiyyətinin empirik sosial tədqiqatlarla
bağlı ciddi və professional şəkildə maarifləndirilməsinə,
eləcə də bu sahədə ixtisaslaşmış QHT-lərin
metodoloji məlumatlandırılması və maarifləndirilməsinə
ehtiyacı olduğunu nümayiş etdirir və təqdim
olunan layihəni aktuallşdırır. Bu sırada gənc
kadrların hazırlanması məsələlərinə
xüsusilə ciddi diqqət yetirmək lazımdır. Bunun
üçün isə həmin sahə üzrə
ixtisaslaşan gənclərin stimullaşdırılmasına
ehtiyac var. Mən xüsusilə qeyd etmək istəyirəm
ki, gənc alimlərin sosial sahəsində problemləri var.
Bu gün elmlə məşğul olan gənclərin sayı
da azdır. Amma onların aldıqları maaş ən
elementar problemlərini qarşılamağa imkan vermir. Orta əməkhaqqı
akademiyada 160 manat civarındadır. Hər hansı bir gənc
alimin başqa yerdən dolanışığı yoxdursa,
onun maaşla özünü dolandıracağı da
inandırıcı görünmür. Bu baxımdan gənclər
məcbur olub digər işlərlə məşğul
olurlar, bu isə onları elm sahəsindən
yayındırır”. Sosioloq gənc tədqiqatçıların
stimullaşdırılmasında lazım gələn məsələlərdən
biri kimi mənzil problemini görür: “Xüsusilə aktual
olan problemlərdən biri gənc alimlərin mənzil
problemidir. Regionlardan gəlmiş gənc alimlərin adi
yataqxana ilə təmin olunma imkanları yoxdur. Buna görə
də gənc alimlərin bir çoxu bəzən təhsillərini
yarımçıq qoyurlar, yaxud digər işlərdə
çalışmalı olurlar ki, bu da onların vaxtında müdafiə
etmələrinə mane olur. Mənzil məsələsinin
bütün alimlər üçün həllini tapması
çox yaxşı olardı”. Gənc tədqiqatçıların
sosial problemləri barədə danışan sosioloq belə
deyir: “Akademiyada əməkhaqqının azlığı səbəbindən
gənc alimlər ipoteka güzəştlərindən istifadə
edə bilmirlər. Digər tərəfdən institutların
maddi-texniki bazasının zəif olması da gənc alimlərin
formalaşmasında maneədir. Çox arzu edərdik ki, bu
problemlər qarşıdakı illərdə həllini
tapsın. Gənclərlə bağlı çoxlu sayda
qanunlar, proqramlar qəbul olunub, hüquqi baza formalaşıb.
Amma məhz gənc alimləri əhatə edəcək
proqramlar hazırlansa və bu proqramların icra mexanizmi təmin
edilsə, təbii ki, bu problemlər aradan qaldırılacaq və
o cümlədən sosiologiya sahəsində də kifayət
sayda yaxşı mütəxəssislər yetişəcək”.
Ə.Süleymanovun fikrincə, Azərbaycanda gənclərin
elmə axınının aşağı səviyyədən
yüksəlməsi də bu məsələlər həllini
tapandan sonra təmin ediləcək. Halbuki hazırda Azərbaycan
üçün çox prioritet sayılan sahələrə
belə gənclərimiz gələ bilmirlər. Təbii ki,
bütün bu məsələlər hamısı alimlərin
maddi vəziyyətlərinin, sosial şəraitinin çətin
olmasından irəli gəlir. Sosioloq onu da qeyd edir ki, sosial
elmlər, eləcə də digər elm sahələri ilə
bağlı strateji yanaşma tələb olunur, ona görə
də bu sahənin inkişaf etdirilməsi cəmiyyətimizin
rəqabətli dünyada sürətli inkişafının
ayrılmaz və zəruri hissəsi kimi götürülməlidir.
Həmçinin bu sahə ilə bağlı gənc
kadrların işlə təmin olunmalarının, karyera
seçimlərinin elmi-sosioloji baxımdan
araşdırılması, bu sahədə rast gəlinən
aktual məqamları üzə çıxarmaq və
müvafiq qurumlara bu səpkili problemlərlə bağlı
mesajlar, təkliflər vermək də bu gün qarşıda
duran vacib məsələlərdəndir. Elə bu məsələyə
də elmi-sosioloji mövqedən yanaşmaq lazımdır.
Çünki bu cür elmi-sosioloji təhlillər gənc
kadrların meyilləndikləri, karyera qurmaq istədikləri
sahələrin üzə çıxarılmasına və
ölkənin kadr potensialının formalaşma mənzərəsinin
təsvir edilməsinə, bu sahədə problemlərin üzə
çıxarılmasına və onların həllinə
yardım edilməsinə hesablanıb.
İlkin
Palitra.- 2010.- 23 noyabr.- S. 7.