Uşaq
hüquqlarının qorunması üçün cəmiyyətin
maariflənməsinə ehtiyac var
Hər bir cəmiyyətin gələcəyini təmin
edən başlıca ünsür yeni nəsildir. Ona görə
də yeni nəslin yetişməsi, gələcəyimiz olan
uşaqların tərbiyə olunması, şəxsiyyət
kimi formalaşması və onların müxtəlif proseslərdə
iştirakının təmin olunması kimi məsələlər
cəmiyyətin borcudur.
Uşaq
hüquqlarının pozulmasına nə səbəb olur?
Uşaq hüquqları insan hüquqlarının tərkib
hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və
müdafiəyə ehtiyacı var. Məhz bu prinsipləri nəzərə
alaraq uşaq hüquqlarının müdafiəsi sahəsində
beynəlxalq sənədlər qəbul edilib. Belə ki,
1959-cu ildə BMT-nin Uşaq Hüquqları Bəyannaməsi,
1989-cu ildə Uşaq Hüquqları Konvensiyası qəbul
edilib. Uşaq Hüquqları
Konvensiyası insan hüquqlarının mülki, mədəni,
iqtisadi, siyasi və sosial da daxil olmaqla bütün növlərini
özündə birləşdirən və ölkələri
öhdəliklərlə bağlayan ilk hüquqi sənəddir.
Uşaqların hüquqlarının müdafiəsi
sahəsində Azərbaycan bir sıra müqavilələrə,
o cümlədən 1992-ci ildə Uşaq Hüquqları
Konvensiyasına qoşulub. Respublikamızın
Konstitusiyasında da uşaqların hüquq və mənafeyi
müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən
təminat verilir. Milli qanunvericilik sistemində
bir sıra hüquqi islahatlar keçirilib. 1998-ci ildə “Uşaq hüquqları haqqında”
qanun qəbul edilib. Bu qanun ölkəmizdə
uşaqların hüquq və azadlıqlarını,
uşaqlar barəsində dövlət siyasətinin əsas
prinsiplərini, onların müdafiəsi sahəsində
dövlət orqanlarının, digər hüquqi və fiziki
şəxslərin vəzifələrini müəyyən
edir. Ölkədə fəaliyyət
göstərən İnsan Hüquqları üzrə Müvəkkilin
(Ombudsman) fəaliyyətinin əsas istiqamətlərindən
biri də məhz uşaq hüquqlarının təmin edilməsi
vəziyyətinin öyrənilməsi və müdafiəsi,
pozulmuş hüquqların bərpasından ibarətdir.
BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan
hökumətinə təqdim etdiyi tövsiyəni nəzərə
alaraq 2006-cı ildə Müvəkkil yanında Uşaq
Hüquqları Mərkəzi yaradılıb. Ölkə
başçısının sərəncamı ilə 2009-cu
il ölkəmizdə “Uşaq ili” elan
edilib. O cümlədən ölkədə 30-dan artıq
xüsusi dövlət proqramı reallaşdırılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə uşaqlarla bağlı
xüsusi tədbirlər həyata keçirilib və bu istiqamətdə
işlər davam etdirilir. Belə ki, Mehriban
Əliyevanın təşəbbüsü ilə nəinki
uşaqların təhsili, eləcə də onların
sağlamlığı istiqamətində də bir çox
işlər görülür. Buna misal
olaraq uşaqlar üçün Talassemiya Mərkəzinin
açılması, diabetlə bağlı keçirilən
tədbirləri göstərmək olar. Lakin
onu da qeyd edək ki, Uşaq Hüquqları
Konvensiyasını təxminən hər ölkənin
imzalamasına baxmayaraq dünyada heç bir ölkə
konvensiyanın bütün maddələrinin tələblərini
tam şəkildə həyata keçirdiyini iddia edə bilməz.
Bu gün bir çox ölkələrdə
uşaqların müdafiəsi üçün qanunlar
mövcuddur, lakin reallıq budur ki, bir çox ölkələr
hətta özlərinin təyin etdiyi standartları belə həyata
keçirmirlər. Bundan əlavə
qaçqın və immiqrant olan bir çox uşaq öz
dövlətinin vətəndaşlığından bəhrələnə
bilmir. Uşaqlar yoxsulluqdan, sui-istifadə,
istismar, kimsəsizlikdən və xəstəliklərdən əziyyət
çəkirlər. Uşaq hüquqlarının
pozulmasına yüksək ölüm səviyyəsi, tibbi
xidmətin çatışmazlığı, uşaq əməyi
və təhlükəli iş şəraiti, uşaq
qaçaqmalçılığı, pornoqrafiya, təhsil
almaq imkanlarının məhdud olması, uşaqların əsas
ehtiyaclarını tanımayan uşaq təcridxanaları və
məhkəmə sistemləri səbəb olur. Hətta
bəzi ölkələrdə uşaqlar həmçinin əsgər
kimi müharibələrə cəlb edilirlər və
silahlı münaqişələrin qurbanlarına
çevrilirlər. Ölkəmizdə də
uşaqların hüquqlarının qorunması istiqamətində
tədbirlər həyata keçirilməsinə baxmayaraq bu
gün bir sıra problemlər qalmaqdadır. İlk olaraq mövcud problemlərdən biri odur ki,
bu gün bir çox dünya ölkələrində, o
cümlədən ölkəmizdə də uşaqların
hüquqları onlar dünyaya gəlmədən öncə
pozulur ki, bu da onların ana bətnindən xaric edilməsidir.
Bu ilk növbədə valideyn tərəfindən
törədilən hüquq pozuntusudur. Arzu
olunmayan uşaqların dünyaya gəlməsi isə sonradan
onun küçə uşağına çevrilməsi ilə
nəticələnir. Digər problemlərdən
biri odur ki, bir çox uşaqlar bağça həyatı
keçmədən kollektiv içinə çıxdıqda
çətinliklərlə üzləşirlər. Hazırda ölkə üzrə məktəbəqədər
müəssisələrə uşaqların cəlb edilməsi
qabaqcıl ölkələrlə müqayisədə xeyli
aşağıdır. 2009-cu ildə
Bakı üzrə bağçalardan 7680 uşaq ümumtəhsil
məktəblərinə gedib. Məktəbə
gedən uşaqların 75 faizi bağçadan getməyib ki,
bu da uşaqların məktəbə uyğunlaşmasında
çətinliklər yaradır. Sağlamlıq
imkanı məhdud olan məktəbəqədər
yaşlı uşaqların müvafiq xüsusi müəssisələrə
cəlb olunması daha aşağı vəziyyətdədir. Belə uşaqların sayı 6 mindən artıq
olsa da, onların yalnız 500 nəfəri məktəbəqədər
xüsusi təhsillə əhatə olunub. Uşaqların hüquqlarının ailə tərəfindən
pozulması faktlarından biri onların tərbiyə
olunmasında fiziki cəzanın tətbiq olunması halları
ilə bağlıdır. Bəzən ailələrdə
tərbiyə üçün güc tətbiq edilməsinə
üstünlük verilir ki, bu da uşağın yalnız
sağlamlığına zərər yetirmir, həm də gələcəkdə
sağlam ailə başçısı kimi
formalaşmasına mənfi təsir edir. Bundan
başqa qız uşaqları məhz ailə tərəfindən
məktəbdən kənarlaşdırılaraq erkən
nikaha cəlb edilir ki, bununla onların hüququ pozulur və təhsillərini
davam etdirə bilmirlər. Konstitusiyamızın
34-cü maddəsində hər kəsin nəzərdə
tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun
olduğu qeyd edilir. Həmçinin
uşaqlar ailə tərəfindən erkən
yaşlarından bazarlarda, özəl müəssisələrdə,
küçələrdə əməyə cəlb olunurlar.
Bu isə onların vaxtından əvvəl
uşaqlıqdan məhrum olmasına, əqli inkişafına,
təhsil almasına, fiziki inkişafına zərbə vurur.
Bundan başqa bu gün hələ də
dövlət uşaq müəssisələrində
yaşayan uşaqlar var ki, onlar bu müəssisələrə
əsasən valideynlərinin rəhmətə getməsi,
boşanması, ailənin maddi imkanının zəif
olması, mənzilin olmaması, valideynin cəzaçəkmə
müəssisəsində olması, nikahdankənar
doğulmaları ilə bağlı düşürlər.
Ölkədə bu istiqamətdə “Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı” Dövlət
Proqramı (2006-2015-ci illər) həyata keçirilsə də,
hələ də bu həyatı yaşayan uşaqlar var. Bu
problemin yaranmaması üçün tədbirlər həyata
keçirilsə də, ilk olaraq əhalinin ailə
planlaşdırılması ilə bağlı maariflənməyə
ehtiyacı var. Azərbaycanda ilk dəfədir ki,
uşaqların cəmiyyətin tam hüquqlu subyektinə
çevrildiyini deyən ombudsman Elmira Süleymanovanın
sözlərinə görə, əgər ölkədə
yoxsulluğun səviyyəsi aşağı düşürsə,
işsizlik azalırsa, uşaqların vəziyyəti daha da
yaxşılaşır: “Lakin yenə də risk vəziyyəti
yaşayan uşaqlar var. Məsələn, uşaq alveri,
ağır əməyə uşaqların cəlb edilməsi
hallarını göstərmək olar. Bir
vaxtlar bəzi uşaqlar yanacaqdoldurma məntəqələrində
çalışırdılar. Yaxud
narkotik istifadəçisi olan ailədə uşağın
böyüməsi problemdir. Eləcə də
QİÇS-li doğulan uşaqlar var.
Zorakılığın müxtəlif növləri nəticəsində
uşaqlar psixoloji stresslər keçirirlər”. Bu da bir faktdır ki, ölkəmizdəki
qaçqın və məcburi köçkünlərin təkcə
300 min nəfəri uşaqlardır. Ombudsmanın
sözlərinə görə, BMT-nin Təhlükəsizlik
Şurasında və YUNİSEF-in sənədlərində
uşaqlar fövqəladə hallarda, müharibə mövzusu
öz əksini tapıb və bununla bağlı qətnamələr
qəbul edilsə də, bu gün qaçqın həyatı
yaşayaraq hüquqları pozulan uşaqlar var.
“Uşaqlara qarşı ən
böyük zorakılıq televiziyalar tərəfindən
olunur”
Millət vəkili Gülər Əhmədovanın
sözlərinə görə, bu gün bütün
dünyada uşaqların həm tərbiyələri, həm
də sağlamlıqları ilə bağlı narahatedici məqamlardan
biri onların internetdən, pornoqrafik saytlardan istifadə etməsidir:
“Bununla bağlı Avropa Şurasının uşaqlara
qarşı seksual zorakılıq və seksual xarakterli hərəkətlərlə
bağlı konvensiyası var. Adıçəkilən məsələlərin
həllində televiziyaların rolu mənfi də olur. Uşaq
hüquqlarına gəldikdə isə axşam saat 9-a kimi
açıq erotik səhnəli filmlərin yayımlanması
məsələsi uzunmüddətli müzakirə obyektidir.
Bu həm parlamentdə müzakirə olundu, həm də
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində
ictimaiyyətə çatdırıldı. Lakin buna baxmayaraq
hələ də saat 20-dək bu cür səhnələr
olan filmlər
göstərilir. Xarici ölkələr, o cümlədən
Rusiya, Türkiyə televiziyalarında olduğu kimi, bizdə də
intellektual səviyyəli uşaq verilişlərinə ehtiyac
var. Bu bir faktdır ki, uşaqlara qarşı ən
böyük zorakılıq televiziyalar tərəfindən
olunur. Bunun qarşısını nə valideyn, nə müəllim
ala bilmir. Digər bir fakt isə odur ki, bu gün çoxlu
sayda uşaq ədəbiyyatı, jurnal çap olunsa da,
onların təbliğatı qənaətbəxş deyil.
Xüsusilə də onlar orta məktəblərə
buraxılmır. Bundan başqa Bakıda uşaqların bəzi
kitabları əldə etmək imkanı olsa da, bölgələrdə
bu sahədə problemlər mövcuddur. Ancaq televiziya bu sahədə
mühüm önəm kəsb edir. Bu gün uşaqlar
üçün kompyuterdə çoxsaylı oyunlar
hazırlansa da, onlar üçün “Koroğlu” dastanı səhnələşdirilərək
disklərə köçürülüb məktəblərə
paylansa, daha yaxşı olar”.
Bu gün ölkədə uşaqlarla bağlı yuvenal
ədliyyə sisteminə böyük ehtiyac var. Uşaq Hüquqları üzrə QHT Alyansı və
“Ümidli Gələcək” Gənclər Təşkilatı
Azərbaycan hökuməti ilə əməkdaşlıqda DİN,
YUNİSEF, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarlığı, ATƏT-in Bakı Ofisi, Birləşmiş
Krallığın ölkəmizdəki səfirliyinin dəstəyilə
artıq 4 ilə yaxındır ki yuvenal ədliyyə
sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər
planı həyata keçirir. Bu istiqamətdə
artıq bəzi inkişaf və irəliləyişin nəzərə
çarpdığını deyən Uşaq Hüquqları
Klinikasının (UHK) direktoru Nazir Quliyev deyir ki, hələ
bu istiqamətdə bir sıra görülməli işlər
var: “2007-ci ildən UHK, Uşaq və Gənclərin
Sosial Reabilitasiya Mərkəzi yaradılıb. Bu gün ən
vacib amillərdən biri də odur ki, uşaqlarla bağlı
müdafiə sisteminin gücləndirilməsinə ehtiyac var.
Araşdırmalar göstərir ki, vahid mexanizm halında bir
sistem qurulmalıdır. Polis uşaq inspektorları, rayon icra
hakimiyyəti komissiyaları, tibbi-pedaqoji-psixoloji
komissiyaları vahid bir qurum halında birləşməlidirlər.
Eyni zamanda vahid departament, idarə olmalıdır. TN-də
Uşaqların Müdafiəsi İdarəsi yaradılıb.
Bu strukturun daha geniş yayılması vacibdir. Onlar yalnız
uşaqlarla bağlı qərarlar verməklə kifayətlənməməlidirlər,
həm də xidmətlər göstərməlidirlər.
Polislər profilaktik tədbirlər keçirməkdən əlavə
həm də burada qərarverici qurum olmalıdır. Həmin
sahədə yaradılacaq idarədə sosial iş institutu
gücləndirilməlidir. Müasir təcrübə göstərir
ki, sosial işçilərin statusu, sosial iş institutu
gücləndirilmədən daha effektli nəticə əldə
etmək mümkün deyil. Hüquqi analiz uşaqlarla
bağlı qanunlarda boşluq olduğunu göstərir. Bu sahədə
valideyn himayəsindən məhrum olan uşaqların taleyi
daha narahatedicidir”. Direktorun sözlərinə görə,
1999-cu ildə valideyn himayəsindən məhrum olan
uşaqlarla bağlı qanun qəbul olunub və bu qanunun
işləməsində problemlər mövcuddur. Məsələn,
həmin qanunda göstərilir ki, uşaqlara torpaq sahəsi
verilməlidir, qaytarılmayan ssuda verilməlidir, mənzil təminatı
olmalıdır. Bu olmadıqda uşaqlar küçə həyat
tərzi keçirir, sonra isə cinayət edirlər”. Vacib amillərdən
biri də uşaqların mobil telefondan və internetdən
istifadəsidir. Araşdırmalar
göstərir ki, uşaqların mobil telefondan və internetdən
səmərəsiz və məqsədsiz istifadəsi
onları cinayətlərə sürükləyir. Məsələn,
terrorçuluqla bağlı yalan məlumat vermələri,
internetdən pornoqrafik məlumatların götürülərək
yayılması və s. cinayət məsuliyyəti yaradır.
Eləcə də son zamanlar boşanmaların sayı artır ki, bu
zaman uşaqlar əziyyət çəkir. Burada
mövcud çətinliklərdən biri də alimentin ödənilməsi
ilə bağlıdır. Bəzən məhkəmələrdə
uşaq üçün cüzi miqdarda, 9-10 manat məbləğində
aliment təyin olunmaqla yanaşı alimentin ödənilməsi
ilə bağlı çətinliklər yaranır. Beləliklə, cəmiyyətdə olan bir sıra
problemlər uşaqlıq dövründən başlayaraq
onlarda aşılanmayan vərdişlərin yaranmasına gətirib
çıxarır. Bu bir faktdır ki, əgər
çatışmazlıqlar varsa, uşaq şəxsiyyət kimi
formalaşa bilmir. Usaqlarla qurulan münasibət
nə qədər zəngin olursa, bu, onun şəxsiyyət
kimi formalaşmasında da özünü büruzə verir.
Cəmiyyətdə nə qədər şəxsiyyət
olarsa, o cəmiyyət bir o qədər də inkişaf edər.
Nəhayət, bu gün hələ də dünyaya gəlməzdən
öncə ana bətnindən kənarlaşdırılan,
yaxud valideyn tərəfindən imtina edilərək
küçə uşaqlarına çevrilən, internat məktəblərinin
pəncərələrindən baxaraq həsrətlə
valideynlərinin yolunu gözləyən hüquqları pozulan
uşaqlar var. Unutmayaq ki, A.P.Çexovun sözləri ilə
desək, “Biz hamımız uşaqlıq adlı bir məmləkətdən
gəlmişik”. Məqalə
Ombudsman Aparatı tərəfindən elan edilən
“Hüquqlar - hamı üçün!” mövzusunda jurnalist
yazı müsabiqəsinə təqdim edilir.
Nigar Abdullayeva
Palitra.- 2010.- 26 noyabr.- S. 7.