Romantik duyğuların mahir ifadəçisi

 

Respublikanın Əməkdar rəssamı, tanınmış rəngkar Rafael Abasov  çağdaş Azərbaycan təsviri sənətinin çətin mənəvi yükünü çiynində şərəflə daşıyan və öz yaradıcılıq axtarışları ilə milli rəssamlığımızın beynəlxalq miqyasda qazandığı nüfuzu qoruyan sənətkarlardandır. Doğma Bakıda əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1960-1965), sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1968-1974) ixtisas təhsili alan Rafael Abasov bir qərinədən çoxdur ki, yaradıcılıqla məşğuldur...

Hələ ötən əsrin ortalarında keçmiş SSRİ məkanında geniş yayılan “sərt üslub”un bədii prinsiplərinə tapınan rəssam bütün janrlarda eyni uğurla fəaliyyət göstərməkdədir. Elə ilk yaradıcılıq nümunələri ilə sənətinə başqalarında inam yaratmağa nail olan Rafael Abasov haqlı olaraq rəngkarlıq məkanında imzası axtarılan müəlliflərdən birinə çevrilib. Onun əsərlərini klassik “sərt görüm” tərzinə bir qədər də duyğulandırıcı lirik - romantik ruh - ovqat qatması şərtləndirir, desək, həqiqəti ifadə etmiş olarıq. Bunu onun həm məntiqli məna - məzmun yükü və kompozisiya bütövlüyü ilə seçilən süjetli tablolarında, özündə zəngin psixoloji yaşantıları gerçəkləşdirən portretlərində, maddi - mədəniyyət nümunələrini qürurdoğurucu qaynağa çevirən natürmortlarında, tamaşaçını ovqat bolluğuna qərq edən gözoxşayan mənzərələrində müşahidə etmək mümkündür...

Rəssamın çoxsaylı portretlərində onun insan psixologiyasına nüfuzetmə bacarığı xüsusilə qabarıq duyulur. Bu mənada rəssamın “Düşüncə. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti”, “Rəssam Nadir Qasımov”, “Akademik Məzahir Abasov”, “Oğlum Rəşadın portreti”, “Hüquqşünas Səfa Mirzəyevin portreti, “Kəndli oğlan” və s. əsərləri özündə dəyişgən psixoloji yaşantıları hifz edən portretlər hesab etmək olar. Çox məşhur şəxsiyyətlər haqqında insanlarda əvvəlcədən yaranmış kifayət qədər məlumat və təəssürat olduğundan onların fərqli obrazlarını yaratmaq nisbətən çətin olur. Bu baxımdan rəssama uzun illər respublikaya başçılıq etmiş Heydər Əliyevin portretini yaratmaq heç də asan başa gəlməyib. Məkan və geyim seçiminin bu cür portretin yaradılması prosesində aparıcı və həlledici olduğunu etiraf etməli olsaq, demək olar ki, Rafael Abasov tanınmış siyasi xadimin obrazının yaddaqalanlığını əldə etmək üçün çox uğurlu kompozisiya həlli tapa bilmişdir. Əsərin həm də “Düşüncə” adlandırılması əslində elə rəssamın başlıca niyyətinin açımına yönəlsə də, o, bunu reallaşdırmaq üçün təsirli bədii vasitələr axtarmalı olmuşdur. Bunun üçün dəbdəbəli, rəsmi təqdimatdan imtina edən rəssam Heydər Əliyevi ev şəraitində - baxışlarını naməlum istiqamətə yönəltmiş və düşüncələrə bələnmiş vəziyyətdə təsvir etmişdir. Geyimin və pozanın sadəliyi, obrazı əhatələyən azsaylı detallar, yığcam və nüfuzedici rəng həlli obrazın səmimiliyini şərtləndirmişdir...

 İkinci Cahan savaşında şücaətlər göstərmiş məşhur təyyarəçi Məzahir Abasovun həyatına bir - neçə dəfə müraciət edən rəssam hər dəfə onun fərqli obrazını yaratmağa nail olmuşdur. Belə portret - kompozisiyaların birində müharibədən sonra tarix elmi sahəsinə xidmətlərinə görə akademik fəxri adına layiq görülmüş Məzahir Abasov öz təzadlı xatirə - düşüncələrinin əhatəsində təsvir olunmuşdur. Bəyaz saçlı müharibə veteranının xəyallarla baş - başa qalan obrazı portretlər üçün gözoxşayıcı, yumşaq bir məkan əvəzinə çox həyəcanlı bir müharibə səhnəsi qarşısında təqdim edilmişdir... Rəssamın “Kəndli oğlan” əsərini  bir çox bədii - estetik məziyyətlərinə görə ötən əsrin sonuncu qərinəsində Azərbaycan portret janrında yaradılan ən uğurlu nümunələrdən biri hesab etmək olar. Bir-birinə söykənmiş kənd evlərinin fonunda qayğısız baxışlarını tamaşaçıya zilləmiş qırmızı köynəkli oğlanın obrazı ilk növbədə cizgilərinin səmimiliyinə görə yadda qalır.  Əsərə görə rəssamın Şri-Lankada keçirilən beynəlxalq sərgidə diploma layiq görülməsi də onun sənətkarlığına verilən qiymətin göstəricisidir...

Təsviri sənətimizdə özünəməxsus dəst-xətti ilə tanınan görkəmli fırça ustası Nadir Qasımovun obrazını yaradan rəssamın mahir dəniz sənayesi mənzərələri ustasının elə mavi suların fonunda öz işləmə manerasına uyğun bədii şərhdə təqdimatını uğurlu seçim hesab etmək olar. Bütünlükdə portret yaradıcılığında psixoloji yaşantıların ifadəsinə üstünlük verən Rafael Abasov bu əsərində də yaşlı həmkarının yaradıcı duyğularını bədii görüntüyə çevirə bilmişdir, desək, yanılmarıq...

Rəssamın süjetli kompozisiyalarına xas olan reallığın səmimiliyi onun istedadlı ifadəsi ilə yaddaqalandır. Onun bilavasitə fərdi təəssüratı əsasında çəkdiyi “Lahıc misgəri”, “Şəki bazarı”, “Təmirçilər”, “Nehrəm qocaları” və s. tabloları bu qəbildəndir. Rafael Abasovun “Nehrəm qocaları” əsərini köhnə kişilərin ağlı - qaralı yaşantılar toplusunun ifadəsi hesab etmək olar. Kənd mənzərəsi fonunda üçü doqqazın yanındakı kürsülükdə, ikisi isə yerdə bardaş quraraq oturmuş ağsaqqalların həm tamaşaçıya zillənmiş, həm də ondan qaçırılan baxışlarında kifayət qədər hiss-duyğu yaşanır. “Lahıc misgəri” tablosunda qədim el sənəti ənənələrinin qorunduğu məkanı - misgər emalatxanasını həm də ənənəvi peşə estafetinin nəsildən - nəsilə ötürülməsi kimi təqdimatı duyulan və təqdir olunandır...

Vaxt axarında onun məşhur “sərt üslub”dan qaynaqlanaraq lirik - romantik biçim alan özünəməxsus dəst-xətti özünü mənzərə janrında çəkdiyi əsərlərdə daha qabarıq göstərib. Rəssamın müşahidələrinə real-analitik yanaşması, təzadlı ovqat yarada biləcək bədii ümumiləşdirmələr aparması onu neçə-neçə ruhları duyğulandıran mənzərələr yaratmağa imkan vermişdir. Belə tablolarda fərdi rəssam meyarı ilə təqdim olunan həyat həqiqətləri kifayət qədər lakonik dillə təqdim olunsa da tamaşaçını duyğulandıracaq ovqatda, forma biçimdədir. Rəssamın Azərbaycanın müxtəlif güşələrinə yaradıcılıq səfərlərindən sonra yaranan mənzərələri duyulası dərəcədə özünəməxsus məziyyətlərə malikdir. Bu lövhələrdə günün və fəsillərin dəyişgənliyi, dağların möhtəşəmliyi, bağların füsünkarlığı, dənizin şıltaqlığı elə sənətkarlıqla ifadə olunub ki, tamaşaçı onların qarşısında istər-istəməz ovqat bolluğuna düşdüyünü güman edir. “Şirvanşahlar sarayı”, “Meşə mənzərəsi”, “Payız”, “Dəniz sahili”, “Abşeronda”, “İsmayıllı mənzərəsi”, “Qala kəndində axşam çağı”, “Lerik motivi” və s. mənzərələri zəngin bədii dəyərləri özündə yaşadan  tablolardır. Əsərlərini Tanrının canlı möcüzələrindən sayıla biləcək Azərbaycan təbiətinin tanınmasına və tanıdılmasına yönəlidir, desək, yanılmarıq. Bu və adlarını çəkmədiyimiz neçə-neçə mənzərələrində rəssam hamının gördüyü yerlərdə gözəlliklə yanaşı bunun yaranmasını şərtləndirə biləcək səbəblərə də yaradıcı insan münasibətini təqdim edir, həm də ilk baxışda gözəlliyin işartıları belə görünməyən guşələrdəki həmin bu qeyri-adi məziyyətləri bizə də aşkarlamağa çalışır. Onun üçün önəmlisi heyrətləndiyi məqamlardakı duyğuları qanadlandırmaq gücünə malik olan rəngli dünyanı başqalarına da aşkarlamaqdır. Bu istəyin nəticəsidir ki, biz Abşeronun sərt olduğu qədər də lirik olan təbiətinə xas olan çalarları, bu torpağın qədim kəndlərinin özünəməxsus arxitektonikasını, Şirvanşahlar sarayının timsalında abidələrin tarixə şahidlik etmək gücünü, işartısı sərt qayalarda yaşanan əzəməti - möhtəşəmliyi, dənizin rəngdən-rəngə düşən dalğalarından qaynaqlanan “Xəzri”nin ruhunu duya bilirik. Adətən çoxrəngliliyə meyillənməyən rəssam eyni uğurla İsmayıllı meşələrinə, Şirvan və Muğan çöllərinə, Quba bağlarına xas olan bərəkətli zümrüdü-qızılı ovqatı ifadə edə bilmişdir... Natürmorta  münasibətdə ənənə şəklini almış klassik təqdimatdan uzaqlaşmaq nə qədər çətin olsa da, Rafael Abasov bu janra fərdi yanaşmasını nümayiş etdirməyə çalışmışdır.  Bu da ilk növbədə kompozisiyalara daxil edilmiş ən müxtəlif əşyaların duyulası dərəcədə reallığa yaxınlaşdırılmasında, fakturasının belə, hiss etdirilməsində ifadə olunur. Qədim mis və saxsı qablara, şamdanlara, güllərə, meyvələrə və parçalara xas olan təbii canlılığa nail olan rəssam əslində onların qərar tutduğu məkanda insan nəfəsinin, hərarətinin mövcudluğuna tamaşaçını inandıra bilir. Odur ki, canlılığı duyulan bu atributlar da seyrçini keçmişdən daha çox bu günə, çağdaş duruma qaytarır...

Rafael Abasov  sənətinin şöhrəti çoxdan ölkənin sərhədlərini aşıb. Bunu ilk növbədə onun bir çox xarici dövlətlərdə, o cümlədən də ABŞ, Avstriya, Almaniya, Türkiyə və İranda təşkil olunmuş fərdi sərgiləri şərtləndirmişdir. Bu gün Yaponiya, İran, Türkiyə, Meksika, Kipr, Ukrayna, Litva, Özbəkistan, ABŞ, Avstriya və s. ölkələrdəki nüfuzlu şəxsi kolleksiyaları onun əsərləri bəzəyir. Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsmlər Qalereyasında, eləcə də Sumqayıt, Şirvan, Masallı, Neftçala, Lerik rəsm qalereyalarında onun əsərlərinin nümayiş etdirilməsi də ölkə daxilində onun yaradıcılığının dəyərləndirilməsinin göstəricisidir. 2006 - cı ildə ölkə Prezidenti İlham Əliyevin  sərəncamı ilə Rafael Abasova “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adının verilməsi də onun milli təsviri sənətimizin inkişafına xidmətinə verilən qiymətin ifadəsidir....

Çox vaxt əsərləri rəssamın daxili aləmindən baş alıb gələn işıq selinə bənzədirlər. Bu selin gücü onun hikmət və insanlara təsiretmə sehri ilə ölçülür. Bir həqiqətdir ki, çağdaş Azərbaycan rəngkarlığında qırx ildən çox müddətdə özünəməxsus dəst-xətti ilə seçilən Rafael Abasovun yaradıcılığında belə məziyyətli əsərlər kifayət qədərdir. Lakin həyatdan və onun gözəlliklərindən heyrətlənməkdən usanmayan rəssam indi də yeni əsərlər yaratmaq istəyində, yaradıcılıq axtarışındadır. Onun səmti əvvəl yaradılanlara müəyyən “inamsızlığa” kökləndiyindən belə duyğulandırıcı əsərlərin hələ bundan sonra da çox olacağına inanırıq...

 

 

Ziyadxan Əliyev,

Əməkdar incəsənət xadimi

 

Palitra.- 2010.- 26 noyabr.- S. 11.