Hüquqların
hamı üçün əlçatan
olmasını təmin edən kriteriyalar
Azərbaycanda uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu “hüquqlar hamı üçün” devizinin ölkəmizdə gerçəkləşmə imkanını real olaraq nümayiş etdirir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması dövlət quruculuğu sahəsində ən əsas prioritetlər sırasına daxil edilib. Bu sahədə qəbul edilmiş qərarlar və eləcə də Konstitusiyamızda əksini tapmış müddəalar hüquqların hamı üçün əlçatan olmasının təmin olunmasına hesablanıb.
Qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qanunvericilik o zaman daha effektiv şəkildə həyata keçirilir ki, onlarda - bu sahədə elan edilmiş hüquqlarda konkretlik olur. Yəni bu hüquqlar indiyə qədər ümumbəşəri dəyərlərə söykənən hüquqlar olmalıdır və eyni zamanda beynəlxalq konvensiyalarda elan edilmiş hüquqlarla identiklik təşkil etməlidir. Beləliklə, Azərbaycanda bu sahədə elan edilmiş hüquqların göstərilən kriteriyalara hansı səviyyədə cavab verdiyi barədə bir daha əminlik yaratmaq üçün ekspertə müraciət etdik. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev məsələ ilə bağlı belə düşünür: “Azərbaycanda hüquqların hamı üçün mövcud olması prinsipi baxımından yuxarıda göstərilən kriteriyalar mövcuddur. Azərbaycanda 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın insan hüquq və azadlıqları ilə bağlı bölməsində maddələrin çoxnövlülüyü, çoxçeşidlilyi və gerçək icra edilə biləcək məsələlərin hamısı öz əksini tapıb. Həm də bu hüquq və azadlıqlar beynəlxalq konvensiyalarda, insan hüquqları haqqında bəyannamədə, siyasi-mülki hüquqlar haqqında sənəddə, eyni zamanda Avropa İnsan Hüquqları Haqqında Konvensiyada və bir sıra müxtəlif konvensiyalarda mövcud olan hüquqlardır ki, Azərbaycan Konstitusiyasına gətirilib. Hətta bir çox hallarda daha çox Konstitusiya qanunları qəbul edilməklə bu hüquqların məzmunu daha da zənginləşdirilib”. Qeyd etmək lazımdır ki, digər tərəfdən bu hüquqların həm də real təminatları prosesi nəzərə alınmalıdır. Bu barədə ekspert belə bildirir: “Real təminatlar isə ilk növbədə ölkənin inkişaf səviyyəsi ilə bağlıdır. Bu sahədə olan dəyərlərə münasibətlə bağlı məqam önəmli rol oynayır. Dəyərlərin həyata keçirilməsində siyasi iradənin olması məsələsi də Azərbaycanda mövcuddur. Azərbaycan Prezdentinin son illərdə təsdiq etdiyi insan hüquq və azadlıqları ilə bağlı proqramlar da ortadadır - 1998-ci və 2006-cı illərdə qəbul edilmiş proqramlardan söhbət gedir. Bu da siyasi iradənin davamlılıq göstəricilərindəndir ki, Azərbaycanda da insan hüquq və azadlıqları Azərbaycan dövləti və cəmiyyəti üçün ən prioritet istiqamətlərdəndir. Dövlət və hakimiyyət orqanları ilə vətəndaş institutları və cəmiyyəti arasında əlaqə və münasibətlərin gücləndirilməsi istiqamətində konkret tapşırıqlar qoyulub. Hər il də mütəmadi olaraq həmin fəaliyyət planından irəli gələn hüquq və azadlıqlarla bağlı məsələlərin həyata keçirilməsinin nəticələri yoxlanılır. Eyni zamanda vacib məqamlardan biri də odur ki, bununla bağlı koordinator - İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman müəyyənləşdirilib. Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə Ombudsman Aparatı tərəfindən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüquqları ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə ictimai dinləmələr keçirilir. Digər tərəfdən Azərbaycanda insan hüquq və azadlıqlarının aid olduğu institusional təsisatlar da mövcuddur. Bu institusional təsisatlar haradadır? Birincisi, dövlət və hakimiyyət orqanlarının rolunu qeyd etmək lazımdır. Bundan başqa, Ombudsman Aparatını qeyd etmək lazımdır. Eyni zamanda bir çox institusional qurumlar yaranıb. Məsələn, birləşmək azadlığının daha dolğun surətdə təmin edilməsi və bu azadlığın hüdudlarının daha da genişləndirilməsi və gerçəkliyə çevrilməsi ilə bağlı qanunvericiliklə yanaşı, eyni zamanda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasını da qeyd etmək lazımdır. Yaxud söz və mətbuat azadlığı üçün real şəraitin daha da yaxşı təmin edilməsinə görə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını bildirmək olar. Yəni ayrı-ayrı institutlar səviyyəsində də bu proses - hüquqların hamı üçün mövcudluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının daha dərin qatlarda qorunması prosesi baş verir”. Başqa bir məsələ pozulmuş hüquq və azadlıqların təmin edilməsi istiqamətində məhkəmə hakimiyyətinin rolu ilə bağlıdır. Bu məsələdə sonuncu instansiya kimi məhkəmə institutu fəaliyyət göstərir. Ekspert bildirir ki, artıq bu gün məhkəmələrin modernləşdirilməsi ilə bağlı Prezident fərmanı, eyni zamanda hakim korpusunun seçilməsi zamanı Avropa Banqalor prinsiplərinin təsdiqi məsələsi bu kontekstdə vurğulanmalıdır: “Daha sonra insan hüquq və azadlıqları ilə bağlı Avropa Konvensiyasının qəbulu və Avropa Məhkəməsinin yurisdiksiyasına daxiledilmə məsələsi çox önəm daşıyır. Ən əsası isə insan hüquq və azadlıqlarının təmin edilməsinin 12-ci maddəyə əsasən dövlətin ali mənafeyini təşkil etməsi faktıdır. Bütün bunlar, elan edilmiş hüquqların məzmunu və təminatı əlbəttə ki, ölkədə hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması və müdafiəsinə aid əsas şərtlərdəndir”.Əlbəttə, bu sahədə bir sıra ciddi problemlər də mövcuddur. Bu problemlər isə digər ölkələrdə də rast gəlinən problemlər tiplidir: “İnsan hüquq və azadlıqlarının qorunmasında hər zaman müəyyən problemlər ola bilir. Bu, həm peşəkarlıqla bağlıdır, həm də məmurların hansısa məsələdə üzərlərinə düşən vəzifələri sona qədər icra etməməsi nəticəsində yaranır. Digər tərəfdən, hüquqi nihilizm faktı da mövcuddur - hüquqlardan xəbərsizlik, onların məzmunu barədə anlayışsızlıq halları var. Bu da bir çox hallarda insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Amma əsas məsələ orasındadır ki, bütün hallarda insan hüquq və azadlıqlarının qorunmasını başlıca məqsəd elan etmiş dövlət bu istiqamətdə addımlar atmaqda davam edir və bu istiqamətdə proseslər getdikcə daha çox təkmilləşməkdədir”. Ekspert bildirir ki, bu, sözügedən sahədə vəziyyətin qənaətbəxş olması üçün əsas şərtlərdən biridir.
Sosial hüquqların qorunması önəmlidir
Sözügedən sahədə sosial hüquqların qorunması məsələsi də böyük önəm kəsb edir. 2009-cu ildə keçirilmiş referendum nəticəsində baş vermiş son Konstitusiya islahatları və ləyaqətli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı normanın Konstitusiyaya gətirilməsi insanların sosial haqlarının qorunması ilə bağlı ən vacib şərtlərdən hesab olunmalıdır. Bu məsələyə münasibət bildirən ekspert deyir: “Hər şeydən öncə insan hüquq və azadlıqları o zaman müəyyən edilmiş nəticələrlə ölçülür və real məzmuna malik olur ki, bu, sosial və iqtisadi sahədə insanın ləyaqətli həyatını təmin edə bilsin. Bununla da vətəndaşın sosial baxımdan xoşbəxtliyi təmin edilmiş olur. Hər bir insan xoşbəxt olmağa layiqdir, sadəcə olaraq onun bu imkanı dövlət tərəfindən təmin edilməlidir. Bu, birinci növbədə yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Yoxsulluğun azaldılması, regionların inkişafı, minimum yaşayış həddinin artırılması, əmək haqlarının artırılması ilə bağlı qərarların qəbul edilməsi, məşğulluq probleminin aradan qaldırılması tədbirləri, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi ilə bağlı olan məsələlər bu sahədə görülən işlər sırasında sadalana bilər. Bundan başqa, uşaqların hüquq və azadlıqlarının qorunmasına diqqət, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına, insan alverinə qarşı mübarizə, pensiya islahatları, sosial sığorta sisteminin yaradılması və sair məsələlər sosial hüquqların daha dolğun qorunmasına yönəlib və Azərbaycanın davamlı inkişaf strategiyasının əsas komponentləri sırasına aiddir. Neft və qaz strategiyası Azərbaycanda xalqın mənafeyinin, onun sosial hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlib. Son illərdə ölkədə ümumdaxili məhsulun, adambaşına düşən gəlirlərin artması, yeni iş yerlərinin açılması sosial hüquqların daha dolğun şəkildə qorunmasına şamil edilməlidir. Dövlətin iqtisadi gücü artdıqca sosial hüquqların qorunmasının təmin edilməsi daha yüksək səviyyədə reallaşmış olur. Azərbaycan Prezidenti belə bir fikir söyləmişdi ki, indi əsas məqsədimiz - sosial-iqtisadi islahatların və inkişafın əsas məqsədi ona yönəlir ki, məhz vətəndaşların sosial müdafiəsi daha da gücləndirilsin. Burada bütün təbəqələrin sosial müdafiəsindən söhbət gedir. Burada yoxsulluq həddinin daha da azaldılması da ciddi önəm daşıyır. Son göstəricilərə görə, ölkədə yoxsulluq həddi artıq 11 faizə enib. Dövlət bu göstəricinin daha minimum səviyyəyə enməsi üçün yeni proqramlar həyata keçirmək əzmindədir. İstənilən ölkədə nisbətən kasıb yaşayan əhali hər zaman olur, burada kasıblıq göstəricisinin minimuma endirilməsindən söhbət gedir. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də sosial hüquqların daha dolğun şəkildə təmin edilməsinə yönələn tədbirlərdəndir”. Qeyd etmək lazımdır ki, eyni zamanda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə yanaşı cəmiyyətin informasiyalaşdırılması prosesinin gücləndirilməsi də insanların sosial hüquqlarının keyfiyyətli qorunmasına yönəlib.
İlkin Ağayev
Yazı Ombudsman
Aparatının Beynəlxalq İnsan
Hüquqları Günü və Avropa İnsan Hüquqları
Konvensiyasının 60 illiyinə həsr olunmuş
ənənəvi jurnalist yazıları
müsabiqəsinə təqdim edilmək üçündür.
Palitra.- 2010.- 30 noyabr.- S. 8.